• cümə, 29 Mart, 01:59
  • Baku Bakı 7°C

Kişinyovda koalisiya daxilində qarşıdurma başlayıb

16.08.19 18:35 13619
Kişinyovda koalisiya daxilində qarşıdurma başlayıb
Moldova baş naziri Mayya Sandu avqustun 23-ü tarixinin ölkədə matəm, faşizm və stalinizmlə mübarizə günü kimi qeyd edilməsi təklifi ilə çıxış edib. Məhz həmin tarixdə Moldovanın işğalını rəsmiləşdirən Ribbentrop-Molotov paktı imzalanıb. Baş nazirin belə bir təşəbbüslə çıxış etməsinin səbəbi də var. Belə ki, rusiyapərəst Sosialistlər Partiyası və prezidenti İqor Dodon avqustun 24-nü faşistlərdən azad edilmə günü kimi elan edilməsini irəli sürüblər. Sandu da dərhal analoji təşəbbüslə çıxış edib. Lakin ora sovet rejimi qurbanlarını da daxil edib. Bu isə koalision hökumətdə ikitirəlikdən xəbər verir. Bir tərəfdə sosialistlər və Dodon hər vəchlə Rusiya ilə yaxınlaşma tərəfdarı kimi çıxış edir və Kremlin himayəsi altında olan təşkilatlara inteqrasiyanı dəstəkləyir, digər tərəfdə isə Sandu və onun tərəfdarları avrointeqrasiya xəttini müdafiə edirlər.
Qeyd edək ki, ABŞ konqresmeni Mayk Kviqli ilə görüşdə Mayya Sandu Birləşmiş Ştatlarla strateji dialoqun yenidən qurulması və inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. Moldova baş naziri Buxarest nümunəsini əsas götürərək, onların yolu ilə getmək niyyətində olduqlarını bəyan edib. Xatırladaq ki, Rumıniya Avropa İttifaqı ilə inteqrasiyanı məhz ABŞ-a söykənməklə başlamışdı. Beləliklə, koalisiya daxilində qarşıdurma artıq başlayıb. 23 avqust tarixi də bu ziddiyyətin bir hissəsidir. Belə bir hal Rusiyaya qarşı çıxan postsovet ölkələrində də rast gəlinir. Qonşu Ukrayna, Gürcüstan və Baltikyanı ölkələr buna misaldır. Həmin dövlətlərdə faşizm sovet işğalı ilə bərabər tutulur ki, bu da özünü SSRİ-nin varisi elan edən Rusiyanın ideologiyasına uyğun gəlmir. Moldova Xalq-Sosialist Partiyasının sədri Viktor Stepanyukun qənaətincə, Sandunun təşəbbüsü prezident Dodonun təklifinə cavabdır. Sandu və bütövlükdə sağ partiyaların birləşdiyi ACUM bloku isə sosialistlərin mövqeyini bölüşmür. Onlar bildirilər ki, ölkənin faşistlərdən azad olunmasında rumın qoşunlarının da rolu olub. Sandunun Rumıniyaya qarşı mövqeyi yaxşıdır və hər iki xalqı bir hesab edir. Lakin Moldova dövlətinin rəhbəri olduğunu nəzərə alaraq, iki dövlətin referendum əsasında birləşməsini məqbul sayır. Viktor Stepanyuk "Nezavisimaya qazeta”ya müsahibəsində bildirib ki, Sandu ölkə əhalisinin 80 faizinin Rumıniya ilə birləşməsinə qarşı olduğunu yaxşı bilir. Düzdür, onun bu rəqəmi bir qədər şübhəli görünür və çox güman ki, statistikanı Rusiyanın himayəsi altında olan mərkəzlərdən alıb. Məsələ ondadır ki, bu məsələdə ziddiyyətlər var. Bir qisim, Avropa İttifaqı ilə inteqrasiyanın tərəfdarı, digər qisim isə bitərəf qalmanın tərəfdarıdır. Rusiya nəşrləri mütəmadi olaraq yazırlar ki, Moldova vətəndaşlarının böyük bir qismi Rusiyada çalışır. Və onların çıxarılması ciddi problemlərə yol aça bilər. Moldovalı siyasətçi hesab edir ki, Sandu unionistləri ("iki Rumıniya”nın birləşməsinin tərəfdarları) müdafiə etmək istəməyəcək. Sandu son günlərə kimi bildirirdi ki, ölkə əhalisinin geosiyasi orientasiyası nəzərə alınmalı, Aİ il yanaşı, Avrasiya İqtisadi İttifaqı, ilk növbədə Rusiya ilə münasibətləri genişləndirmək gərəkdir. Baş nazir sentyabr ayında Moskvaya səfər edəcəyini və orada ikitərəfli iqtisadi münasibətləri müzakirə edəcəyini də bildirib. Bütün bunlarla yanaşı, Avropa və amerikayönümlü siyasətçi kimi qalmaqda davam edir. O, ABŞ-da Beynəlxalq Valyuta Fondunda işləyib və bu ölkədə ona dəstək güclüdür.
Yuxarıda qeyd edildiyi kimi, o, amerikalı konqresmen Mayk Kviqli ilə görüşdə ABŞ-la strateji dialoqun bərpası və birgə işçi qrupların yeni formatının işə salınması məsələlərini müzakirə edib. ABŞ Konqresini Moldovanın siyasi dəstək qrupuna qoşulmağı təklif edib. Onun qənaətincə, bu, ikitərəfli dialoqun möhkəmlənməsinə gətirib çıxaracaq. "Biz ABŞ-ın Moldovada islahatların həyata keçirilməsinə verdiyi dəstəyi yüksək qiymətləndiririk. Vaşinqtonla bir sıra əhəmiyyətli məsələlərə - demokratiya və yaxşı idarəetmə, iqtisadi və maliyyə inkişafı, təhlükəsizlik sahəsində əməkdaşlığa böyük önəm veririk”, - deyə baş nazir bildirib. Eyni zamanda ona Moldovanın suverenliyi, təhlükəsizliyi, Dnestryanı münaqişənin nizamlanması və ərazi bütövlüyünün qorunmasında göstərdiyi dəstəyə görə təşəkkür edib. Maraqlıdır ki, amerikalı konqresmenlə Dodon da görüşüb. Prezident gələn ay Nyu-Yorka getməyi və Baş Assambleyanın iclasında çıxış etməyi planlaşdırır. Eləcə də, ABŞ administrasiyasında ikitərəfli görüşlər keçirəcək. Dodon amerikalı konqresmeni inandırmağa çalışıb ki, Aİ ilə imzalanan bütün beynəlxalq sazişlər qüvvədə qalacaq. Əlavə edib ki, Rusiya ilə də strateji münasibətlərin tam bərpasına nail olacaqlar. Belə baxanda, həm baş nazir, həm də prezident eyni mövqedən çıxış edirlər. Lakin yuxarıda qeyd etdiyimiz tarix məsələsi və buna bənzər hadisələr ziddiyyətlərin olacağından xəbər verir. O ki qaldı koalisiyanın qalıb-qalmayacağı məsələsinə, tərəflər anlayır ki, koalisiyanın qalması ölkəyə hava-su kimi lazımdır. Əks təqdirdə, ölkə uçurma gedəcək. İlk rəsmi səfərini Rumıniyaya edən Sandunun (onun müşavirləri Rumıniya vətəndaşlarıdır) bu ölkənin siyasi xəttini götürəcəyi ehtimalı güclüdür - Aİ-də qalmaq, lakin ABŞ-a xidmət etmək. Böyük ehtimalla, baş nazir Vaşinqtonla münasibətləri ilk plana keçirəcək. Brüssellə münasibətlər isə ikinci plana keçəcək. Moskvanın da mövqeyi çox güman nəzərə alınacaq. Ekspertlər hesab edir ki, ABŞ Moldovanın timsalında Avropa İttifaqı məkanında Polşa və Rumıniya ilə yanaşı, daha bir məkan – etibarlı tərəfdaş və müttəfiq əldə edir.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər