• cümə, 19 Aprel, 18:52
  • Baku Bakı 24°C

Kişilərlə qadınlar bərabərdirmi? - Polemika

23.12.14 12:33 2066
Kişilərlə qadınlar bərabərdirmi? - Polemika
Kişi, qadın bərabərliyi bütün dünyada aktual problemlərdən biridir. Ölkəmizdə bu məsələ ilə bağlı müzakirələrə tez-tez rast gəlirik. Bir çox hallarda da bu müzakirələr qadının təkcə zərif yox, həm də zəif cins olması barədə qənaətlərlə yekunlaşır. Bəs gənclərimiz bu barədə nə düşünür? Qadınlarla kişilər bərabərdirmi?
“Xanım güclü olanda cəmiyyət də güclü olur”
Xəzər Həmzəyev, rejissor
Xəzər qadınlarla kişilərin bərabər hüquqlara malik olmasının tərəfdarıdır. O, düşünür ki, hər bir ölkədə qadınlarla kişilərə eyni hüquqlar verilməlidir: “Qadın və kişi. Adları və cinsləri fərqli olsa da, onların əsas bir ortaq cəhəti var: hər ikisi insandır. Bu iki fərd arasında fərq qoymaq düzgün deyil. Bu da bir həqiqətdir ki, dünyada nə qadınlar kişilər olmadan, nə də kişilər qadınlar olmadan var ola bilər. Əslində qadın və kişi hər ikisi bir-birini tamamlayır. Onların həyatdakı rolları da bir-birinə bərabərdir. Bəzən düşünürlər ki, kişilər qadınlarda fiziki cəhətdən güclüdür. Ancaq qadının da elə yönləri var ki, bunu heç bir kişi bacara bilməz. Buna görə qadın və kişinin həyatda rolları eyni olduğu kimi, cəmiyyətdə də buna riayət edilməlidir. Normal cəmiyyətin formalaşması üçün bu, çox vacibdir”.
Həmsöhbətimiz deyir ki, dünyanın bir çox ölkələrində qadınların hüquqları tapdalandığı halda, Azərbaycanda vəziyyət o qədər də acınacaqlı deyil. Onun sözlərinə görə, ölkəmizdə qadınlarla kişilər bərabərdir: “Cəmiyyətdə qadın kişi bərbərliyinə riayət olunması çox vacibdir. Necə ki, ailə qurduqda kişi və qadın arasında qarşılıqlı hörmət olduqdan sonra o ailə möhkəm olur, cəmiyyət də eynilə belədir. Qadın cəmiyyətdə özünə layiqli yer tutduqda möhkəm cəmiyyət qurulur. Hazırda dünyanın bir çox ölkələrində qadınların hüquqları tapdalanır, xüsusilə ərəb ölkələrində qadına kölə kimi davranılır. Belə ölkələr inkişaf cəhətdən geri qalan ölkələrdir. Çünki burada cəmiyyəti yalnız kişilər formalaşdırır. Qərb ölkələrinin inkişaf etməsinin əsas səbəbi qadın kişi bərabərliyinin təmin olunmasıdır. Ölkəmizdə isə qadınlarla kişilərin haqları eyni dərəcədə qorunur. Biz də kişilər olaraq həmişə çalışmalıyıq ki, qadınlara həyatımızda xüsusi yer verək. Çünki Azərbaycan xanımı güclü olanda Azərbaycan cəmiyyəti də güclü olacaq”.
“Kişi də qadını xanım kimi yaşatmalıdır”
Nərminə Abbasova, kinoşünas
Nərminə “qadın və kişi” bərabərdir fikri ilə razı deyil. O düşünür ki, kişi qadına elə davranmalıdır ki, o özünü xanım kimi hiss etsin: “Bir çox məsələlərdə artıq qadınlar da kişilərlə bərabər addımlayır və kişilərin əksəriyyəti bunu qəbul edir. İndi qadınlarımız kişilərlə bərabər səhər tezdən evdən çıxıb işə yollanır, axşam kişi ilə bərabər evə qayıdırlar. Amma mən bu vəziyyətlə razı deyiləm. Şübhəsiz ki, “hər güclü kişinin arxasında bir qadın dayanır” fikri danılmazdır. Amma bunu bərabərliyə gətirib çıxarmaq düzgün deyil. Çünki qadın özünü xanım kimi hiss etməli, kişi də qadını bəy kimi yaşatmalıdır. İndi hər şey bir-birinə qarışıb. Yaxşı olardı ki, qadın və kişi öz öhdəliyinə düşən işlərlə məşğul olsun”.
Nərminə deyir ki, kişi ilə qadının bəzi məqamlarda eyni hüquqa malik olması onların bərabərliyinə gətirib çıxarmır. Həmsöhbətimizin sözlərinə görə, kişi kişidir, qadın da qadın. Bu çərçivədən kənara çıxmaq olmaz: “Düzdür, müasir dövrlə ayaqlaşmalıyıq, amma müəyyən çərçivə daxilində. Bu bərabərliyi ifrat dərəcəyə çatdırmaq olmaz. Bərabərlik o demək deyil ki, kişi işini qadın, qadın işini kişi görsün. Müasir dövrdə ailə quran cütlüklər arasında tez-tez belə problemlər yaşanır və bu, ailələrin dağılmasına gətirib çıxarır. Qadın əgər həm ailəli, həm də çalışan qadındırsa, ailəsinə xüsusi diqqət yetirməli, özünü xanım kimi aparmalıdır”.
“Kişi işi qadına zülm olar”
Elcan Məmmədov, tələbə
Elcan da qadın-kişi bərabərliyinin tərəfdarı deyil. O, düşünür ki, əgər kişilərə aid olan vəzifələr və öhdəliklər qadınlara şamil edilərsə bu, qadına zülm olar: “Ümumiyyətlə, bərabərlikdən danışmazdan əvvəl gəlin bərabərlik sözünün özünün hərfi mənasını araşdıraq. Bərabərlik -heç bir fərqi olmayan, ölçüsü, çəkisi, qiyməti, xüsusiyyətləri eyni olan deməkdir. Mənim fikrimcə qadın və kişi heç vaxt bərabər ola bilməz. Çünki hər birinin yaradılışı fərqlidir və bir-birilərindən psixoloji və fiziki baxımdan kəskin şəkildə fərqlənirlər. Məsələn, kişilər fiziki cəhətsən daha güclü, səsləri qadınlara nisbətdə daha qalın olur və s. Qadınlar isə kişilərə nisbətən daha kövrək, sinələri daha qabarıq, səsləri daha incə olur və s. Yeri gəlmişkən, bunu da qeyd edim ki, qadınların bu cür yaradılışı onları çarəsiz və xor görülməsi üçün əsas vermir. Kişi və qadın yaradılışda bir olmadığı kimi, idarəçilik və vəzifə bölgüsündə də eyni ola bilməz. Kişilərə aid olan vəzifələr və öhdəliklər qadınlara şamil edilərsə, bu, qadına zülm olar”.
Müsahibimiz düşünür ki, qadın-kişi bərabərliyini ayrı-ayrılıqda deyil, öz səlahiyyətləri və vəzifələri daxilində yanaşıb dəyərləndirsək, daha yaxşı olar: “Kişilərin qadınlara nisbətən daha güclü və qüvvətli olması danılmazdır. Məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq, qadının kişinin icra etdiyi vəzifəni yerinə yetirməsi çox çətindir. Ancaq etiraf etmək lazımdır ki, bəzi məsələlərdə kişilər qadınlarla yarışa bilməz. Qadınlar kişilərə nisbətdə daha mərhəmətli, şəfqətli və düşüncəldir. Hər nəslin yetişməsində, hər bir insanın sağlam fərd kimi böyüməsində qadının rolu danılmazdır. Uşaqlar analarımızın şəfqətli qollarında böyüyür, tərbiyələnir. Yəni, qısaca, qadın kişi bərabərliyini ayrı ayrılıqda deyil, öz səlahiyyətləri və vəzifələri daxilində yanaşıb dəyərləndirsək, daha yaxşı olar. Qadın da, kişi də bir-birini tamamlayan fərdlərdir. Qadınlar olmadan kişilər, kişilər olmadan qadınlar ola bilməz”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər