Kişilərə aid olmayan sərgi - Reportaj
Bu gün biz xanımların bayramıdır. Qadınların
kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin simvoludu 8 Mart. Nədənsə,
son zamanlar sosial şəbəkələrdə 8 Martı kişilərin kabusu kimi də təqdim
edirlər.
Lakin bu xoş gündə xanımları bir araya gətirən
tədbirlər, layihələr həyata keçirilməkdədir. Onlardan biri də evdə ailə
qayğıları ilə qovrulan, övladları, həyat yoldaşları, məişət problemləri ilə
məşğul olan xanımlarımızın əl işlərinin nümayiş olunduğu sərgidir. Bakıda
təşkil olunan sərgidə evdar xanımlarımız asudə vaxtlarında sevərək hazırladıqları
əl əməyi, göz nuru məhsullarını satışa çıxarıblar. "Sanama collection”
tərəfindən keçirilən sərginin adı isə özünə layiq - "Zərif Toxunuş” adlanır.
Evdar xanımlarının üstünlük təşkil etdiyi bu
sərgidə evlərdəki isti ab-havanı duymaq mümkündür. Sərgidə parça üzərində bədii
tikmə sənəti, xəttatlıq, toxuculuq, rəngkarlıq, "handmade” adlanan sancaq,
bəzək aksesuarları, ev dekorasiya əşyaları, penye çantalar, uşaqlar üçün oyun
kitabları, gildən hazırlanmış əşyalar nümayiş olunur. Sərginin keçirilməsində
əsas məqsəd evdar xanımlara dəstək nümayiş etdirməkdir.
"Qədim tikmə sənətimiz ölməsin”
Sərginin təşkilatçısı, "Sanama collection”-ın
rəhbəri Sonaxanım Əzizova deyir ki, burada 40-a yaxın xanımın əl işi sərgilənir:
"Saat 11-dən 17-ə qədər xanımlarımız əl işlərinin satışını gerçəkləşdirəcək. "Zərif
Toxunuş” adlı sərgimizdə hər bir xanımın ən azı 10 işi nümayiş olunur. 50-yə yaxın əl işini təqdim edən xanımlarımız
da var. Sərginin ziyarətçiləri də xanımlardır. Yerimiz bir az məhdud olduğu
üçün daha az xanımı iştirakçı kimi dəvət edə bildik. Qeydiyyat zamanı yerimiz
dolduğundan, müraciətləri dayandırmalı olduq. Biz burada xanımların əl əməyi,
göz nuru ilə hazırladığı ən qədim sənət növlərinə aid məhsulları satışa
çıxarmışıq. Misal üçün, elə qədim sənət nümunələriniz var ki, bu gün unudulma
təhlükəsi ilə üz-üzədir. Mənim məşğul olduğum "Sanama” tikmə sənəti artıq haradasa
unudulmuşdu. "Sanama” Azərbaycan tikmə sənəti növlərindən biridir. "Sanama”
tikmə növünün adıdır, saymaq mənasını verir. Parçanın damalarını sayaraq ilmə
keçiririk. Bu adı ona görə vermişəm ki, "A” hərfi daha çoxdur. Bir gün
Azərbaycanda və başqa ölkələrdə tanınsa, daha rahat oxunsun. Təəssüf hissi ilə qeyd edim ki, hazırda yaşıdlarım,
gənclər bu sənətdən xəbərdar deyillər. Mən "sanama” ilə məşğul olur və bu kimi
sərgilərlə onun təbliğatını aparıram. Məqsədim isə odur ki, qoy gənc
xanımlarımız bu tikmə növünü öyrənsinlər və biz bunu gələcəyə daşıyaq. Çünki
tikmə sənəti dünyanın bir çox ölkələrində mövcuddur. Ancaq bu sənətin
Azərbaycana aid növləri də var ki, mən əl işlərimdə onu xüsusən vurğulayıram və
bizim kimi gənc xanımlara təqdim edirəm. "Sanama” ilə bərabər, xəttatlıq sənəti
ilə də məşğulam. Bu çox incəlik, dəqiqlik və həssaslıq tələb edir”.
Sərgidə iştirak edən gənc xanımların
bir çoxu başqa ixtisaslarda təhsil alır, bəziləri evdar, bəziləri tələbə,
bizləri isə ailədaxili təzyiqlər nəticəsində təhsili yarımçıq buraxmağa məcbur olmuş
xanımlardır. Onlar nümayiş etdirdikləri əl işləri ilə sadəcə olaraq hobbi kimi
məşğul olurlar. İştirakçı xanımlarımızdan 2 nəfər bölgə, qalanları isə paytaxt
sakinləridir. Onlarla söhbətimizdən öyrənirik ki, hobbi kimi yanaşdıqları bu əl
işləri sənətlərini sosial şəbəkələrdə sərgiləyir, sifariş qəbul edirlər.
Əl əməyi, göz nuru
Psixologiya
ixtisasında təhsil alan Çilənay Məmmədli sərgidə dekor üçün
qabaltılar nümayiş etdirir. Deyir ki, "amerikan servisi” adlanan bu qabaltılar
xüsusi ipdən hazırlanıb. Onun birinin hazırlanma prosesi isə 3-4 saata başa
gəlir. 6 dəstdən ibarət olan məhsulun birinin qiyməti 10 manatdır.
Toxuma işləri ilə
sərgidə iştirak edən Ülviyyə Kərimova deyir ki, toxuma
sənətiylə çoxdandır məşğuldur: "Sərgiyə bir çox əl işlərimlə qatılmışam. Ən
bahalı əl işim 50 manata - toxuma ilə sintez olunan dəri çantadır. Ən ucuz əl işim
isə 5 manata olan toxunma corablardır. 50 manatlıq çantanın üzərində 3-4 gün
işləmişəm. 5 manatlıq toxunma coraba isə bir neçə saat vaxt sərf etmişəm. Məhz
çəkdiyim əziyyətə görə məhsulların qiymətləndirilməsini apardım”.
Sərgidə paxlalı
bitkilərdən hazırlanmış əsərləri ilə xüsusi diqqət çəkən Əmrahova Gülxanım sərgi
haqqında son gün xəbər tutduğunu, onun üçün əlində olan tabloları ilə müraciət
etdiyini dedi: "Daha çox balıqqulağı və boyanmış düyü ilə rəsmlər çəkmişəm. Sifarişə
uyğun mənzərə rəsmləri çəkirəm və onların üzərində paxlalı bitkilərlə
işləyirəm. Buğda, düyü, lobya və bu kimi paxlalı bitkilərdən hazırlanan tablolar
insanların daha çox diqqətini cəlb edir. Bu əsərlər divarda yaşayan canlı
təsviri yaradır. Yəni siz ona baxanda, şəkil effekti yaratmadığını görürsünüz.
Qeyd edim ki, bu tabloların müştəriləri hər zaman çox olur”.
Sərgidə gənc
xanımların ən çox toplaşdığı və şəkillər çəkdirdiyi guşə isə Lamiyə Hacıyevanın
muncuqlardan hazırladığı bəzək əşyaları və sərginin ən böyük gül dekoru olan
hissəsi idi. Lamiyə xanım təbii daşlardan daha çox istifadə edir: "Aksesuar
hazırlayarkən muncuq və "svarovski” qaşlardan istifadə edirəm. Gördüyünüz bu
gülləri isə parçalardan, atlas lentlərdən hazırlayıram. Guşəmdə dekorasiya üçün
hazırlanmış bu böyük gülün qiyməti 250 manatdır. Kağızdan hazırlanan bu gül
dekor Piona adlanır. Bu dekordan toylarda, xınayaxdılarda fotosessiya üçün
istifadə edirlər. Pionanı 3-4 günə hazırlamışam. Bunlar Azərbaycanda yenidir və
o qədər də məşhur deyil. Ən ucuz məhsul süni bəzək sancaqlarıdır ki, qiyməti 15
manatdır. Sadə materialdan hazırlandığı üçün qiyməti ucuzdur, ən bahalı aksesuarım
isə 60 manatdır. Ancaq qeyd edim ki, ikisinin də əziyyəti eynidir. Mənim "İnstagram”
səhifəm var, əl işlərimi oradan satıram. Misal üçün, bu gün 8 Mart qadınlar bayramdır,
daha çox içərisi şokoladlarla bəzədilmiş dekorativ güllər alınır”.
Muncuqlardan güllərə, bəzək aksesuarlarından toxuma sənətinə...
Sərgidə ən bahalı
məhsul isə Nura Əzimin guşəsində idi. O, muncuqlar üzərində hazırlanmış
paltarları, bəzək əşyalarını satışa çıxarmışdı. Deyir ki, onlar "jilka” ilə
toxunub: "Bu sənəti uşaq ikən, 12 yaşımda bacım öyrətmişdi. Alıcıları az deyil.
Muncuq işi çox əziyyətli işdir. Paltarın birini 1 ilə, digərini 5 aya
toxumuşam. Naxışları çox olanda daha çox əziyyət tələb olunur. Bir naxışı səhv
getsə, paltar özü də xarab olur. Ona görə səliqə ilə 1 il üzərində çalışmışam.
Ən bahalı geyim 1000 manatdır. Ən ucuzu 10 manata olan boyunbağıdır. Xırda
muncuqlarla toxuduğum ən ucuz paltarın qiyməti isə 500 manatdır”.
Əlbəttə ki, sərgidə təkcə xanımlar üçün əl işləri
nümayiş olunmur. Burada xanımların hazırladıqları gözmuncuqları, boyunbağılar,
toxuduqları geyimlərlə bərabər, uşaqlar üçün də bəzək əşyaları və əl işləri
sərgilənmişdi. Amma bu sərgidə kişilər nəzərə alınmayıb. Yəni, kişilər üçün
məhsulun olmadığı bir sərgidir.
Analar üçün nəzərdə
tutulan guşələrdən birində Əliyeva Səadət adlı xanımın əl
işləri sərgilənirdi. Səadət xanım qavrama qabiliyyəti zəif olan uşaqlar üçün keçədən
hazırlanan kitablar nümayiş etdirirdi. Kitabın səhifələri keçədən hazırlanmış
interaktiv oyunlarla bəzədilmişdi. S.Əmirova deyir ki, kitabın adı keçədən
hazırlanmış oyun, aktivitedir: "Bu kitab uşaqlarda toplama, çıxma, sayma kimi
vərdişlər yaradır. Belə kitabları 2 həftəyə hazırlayıram. Belə ki, keçədən
kəsir, tikir, printerdən çıxarırıq. Bu kitabdan Azərbaycanda çox azdır, o qədər
də tanınmır. Çünki keçədən belə interaktiv kitablar hazırlayan yoxdur. Uşaqlar
üçün çox faydalı kitabdır. Oyun kitabından daha çox bağçalarda, uşaqların
dərsləri ilə məşğul olan kurslarda, əqli inkişaf mərkəzlərində istifadə edirlər.
Bu kitabların qiyməti 50 manatdır”.
Azərbaycan qadını bütün dövrlərdə öz istedadı,
zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub-saxlanmasında,
yaşadılmasında müstəsna xidmətlər göstərib. Bu gün də həmin fəaliyyəti göst
ərir.
Qonaq olduğum sərgidə bir daha bunun şahidinə çevrildim.
Xəyalə Rəis