• şənbə, 20 Aprel, 14:51
  • Baku Bakı 23°C

Kişilərə aid olmayan sərgi - Reportaj

08.03.19 13:00 4792
Kişilərə aid olmayan sərgi - Reportaj
Bu gün biz xanımların bayramıdır. Qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin simvoludu 8 Mart. Nədənsə, son zamanlar sosial şəbəkələrdə 8 Martı kişilərin kabusu kimi də təqdim edirlər.

Lakin bu xoş gündə xanımları bir araya gətirən tədbirlər, layihələr həyata keçirilməkdədir. Onlardan biri də evdə ailə qayğıları ilə qovrulan, övladları, həyat yoldaşları, məişət problemləri ilə məşğul olan xanımlarımızın əl işlərinin nümayiş olunduğu sərgidir. Bakıda təşkil olunan sərgidə evdar xanımlarımız asudə vaxtlarında sevərək hazırladıqları əl əməyi, göz nuru məhsullarını satışa çıxarıblar. "Sanama collection” tərəfindən keçirilən sərginin adı isə özünə layiq - "Zərif Toxunuş” adlanır.

Evdar xanımlarının üstünlük təşkil etdiyi bu sərgidə evlərdəki isti ab-havanı duymaq mümkündür. Sərgidə parça üzərində bədii tikmə sənəti, xəttatlıq, toxuculuq, rəngkarlıq, "handmade” adlanan sancaq, bəzək aksesuarları, ev dekorasiya əşyaları, penye çantalar, uşaqlar üçün oyun kitabları, gildən hazırlanmış əşyalar nümayiş olunur. Sərginin keçirilməsində əsas məqsəd evdar xanımlara dəstək nümayiş etdirməkdir.

"Qədim tikmə sənətimiz ölməsin”
Sərginin təşkilatçısı, "Sanama collection”-ın rəhbəri Sonaxanım Əzizova deyir ki, burada 40-a yaxın xanımın əl işi sərgilənir: "Saat 11-dən 17-ə qədər xanımlarımız əl işlərinin satışını gerçəkləşdirəcək. "Zərif Toxunuş” adlı sərgimizdə hər bir xanımın ən azı 10 işi nümayiş olunur. 50-yə yaxın əl işini təqdim edən xanımlarımız da var. Sərginin ziyarətçiləri də xanımlardır. Yerimiz bir az məhdud olduğu üçün daha az xanımı iştirakçı kimi dəvət edə bildik. Qeydiyyat zamanı yerimiz dolduğundan, müraciətləri dayandırmalı olduq. Biz burada xanımların əl əməyi, göz nuru ilə hazırladığı ən qədim sənət növlərinə aid məhsulları satışa çıxarmışıq. Misal üçün, elə qədim sənət nümunələriniz var ki, bu gün unudulma təhlükəsi ilə üz-üzədir. Mənim məşğul olduğum "Sanama” tikmə sənəti artıq haradasa unudulmuşdu. "Sanama” Azərbaycan tikmə sənəti növlərindən biridir. "Sanama” tikmə növünün adıdır, saymaq mənasını verir. Parçanın damalarını sayaraq ilmə keçiririk. Bu adı ona görə vermişəm ki, "A” hərfi daha çoxdur. Bir gün Azərbaycanda və başqa ölkələrdə tanınsa, daha rahat oxunsun. Təəssüf hissi ilə qeyd edim ki, hazırda yaşıdlarım, gənclər bu sənətdən xəbərdar deyillər. Mən "sanama” ilə məşğul olur və bu kimi sərgilərlə onun təbliğatını aparıram. Məqsədim isə odur ki, qoy gənc xanımlarımız bu tikmə növünü öyrənsinlər və biz bunu gələcəyə daşıyaq. Çünki tikmə sənəti dünyanın bir çox ölkələrində mövcuddur. Ancaq bu sənətin Azərbaycana aid növləri də var ki, mən əl işlərimdə onu xüsusən vurğulayıram və bizim kimi gənc xanımlara təqdim edirəm. "Sanama” ilə bərabər, xəttatlıq sənəti ilə də məşğulam. Bu çox incəlik, dəqiqlik və həssaslıq tələb edir”.

Sərgidə iştirak edən gənc xanımların bir çoxu başqa ixtisaslarda təhsil alır, bəziləri evdar, bəziləri tələbə, bizləri isə ailədaxili təzyiqlər nəticəsində təhsili yarımçıq buraxmağa məcbur olmuş xanımlardır. Onlar nümayiş etdirdikləri əl işləri ilə sadəcə olaraq hobbi kimi məşğul olurlar. İştirakçı xanımlarımızdan 2 nəfər bölgə, qalanları isə paytaxt sakinləridir. Onlarla söhbətimizdən öyrənirik ki, hobbi kimi yanaşdıqları bu əl işləri sənətlərini sosial şəbəkələrdə sərgiləyir, sifariş qəbul edirlər.

Əl əməyi, göz nuru
Psixologiya ixtisasında təhsil alan Çilənay Məmmədli sərgidə dekor üçün qabaltılar nümayiş etdirir. Deyir ki, "amerikan servisi” adlanan bu qabaltılar xüsusi ipdən hazırlanıb. Onun birinin hazırlanma prosesi isə 3-4 saata başa gəlir. 6 dəstdən ibarət olan məhsulun birinin qiyməti 10 manatdır.
Toxuma işləri ilə sərgidə iştirak edən Ülviyyə Kərimova deyir ki, toxuma sənətiylə çoxdandır məşğuldur: "Sərgiyə bir çox əl işlərimlə qatılmışam. Ən bahalı əl işim 50 manata - toxuma ilə sintez olunan dəri çantadır. Ən ucuz əl işim isə 5 manata olan toxunma corablardır. 50 manatlıq çantanın üzərində 3-4 gün işləmişəm. 5 manatlıq toxunma coraba isə bir neçə saat vaxt sərf etmişəm. Məhz çəkdiyim əziyyətə görə məhsulların qiymətləndirilməsini apardım”.

Sərgidə paxlalı bitkilərdən hazırlanmış əsərləri ilə xüsusi diqqət çəkən Əmrahova Gülxanım sərgi haqqında son gün xəbər tutduğunu, onun üçün əlində olan tabloları ilə müraciət etdiyini dedi: "Daha çox balıqqulağı və boyanmış düyü ilə rəsmlər çəkmişəm. Sifarişə uyğun mənzərə rəsmləri çəkirəm və onların üzərində paxlalı bitkilərlə işləyirəm. Buğda, düyü, lobya və bu kimi paxlalı bitkilərdən hazırlanan tablolar insanların daha çox diqqətini cəlb edir. Bu əsərlər divarda yaşayan canlı təsviri yaradır. Yəni siz ona baxanda, şəkil effekti yaratmadığını görürsünüz. Qeyd edim ki, bu tabloların müştəriləri hər zaman çox olur”.

Sərgidə gənc xanımların ən çox toplaşdığı və şəkillər çəkdirdiyi guşə isə Lamiyə Hacıyevanın muncuqlardan hazırladığı bəzək əşyaları və sərginin ən böyük gül dekoru olan hissəsi idi. Lamiyə xanım təbii daşlardan daha çox istifadə edir: "Aksesuar hazırlayarkən muncuq və "svarovski” qaşlardan istifadə edirəm. Gördüyünüz bu gülləri isə parçalardan, atlas lentlərdən hazırlayıram. Guşəmdə dekorasiya üçün hazırlanmış bu böyük gülün qiyməti 250 manatdır. Kağızdan hazırlanan bu gül dekor Piona adlanır. Bu dekordan toylarda, xınayaxdılarda fotosessiya üçün istifadə edirlər. Pionanı 3-4 günə hazırlamışam. Bunlar Azərbaycanda yenidir və o qədər də məşhur deyil. Ən ucuz məhsul süni bəzək sancaqlarıdır ki, qiyməti 15 manatdır. Sadə materialdan hazırlandığı üçün qiyməti ucuzdur, ən bahalı aksesuarım isə 60 manatdır. Ancaq qeyd edim ki, ikisinin də əziyyəti eynidir. Mənim "İnstagram” səhifəm var, əl işlərimi oradan satıram. Misal üçün, bu gün 8 Mart qadınlar bayramdır, daha çox içərisi şokoladlarla bəzədilmiş dekorativ güllər alınır”.

Muncuqlardan güllərə, bəzək aksesuarlarından toxuma sənətinə...
Sərgidə ən bahalı məhsul isə Nura Əzimin guşəsində idi. O, muncuqlar üzərində hazırlanmış paltarları, bəzək əşyalarını satışa çıxarmışdı. Deyir ki, onlar "jilka” ilə toxunub: "Bu sənəti uşaq ikən, 12 yaşımda bacım öyrətmişdi. Alıcıları az deyil. Muncuq işi çox əziyyətli işdir. Paltarın birini 1 ilə, digərini 5 aya toxumuşam. Naxışları çox olanda daha çox əziyyət tələb olunur. Bir naxışı səhv getsə, paltar özü də xarab olur. Ona görə səliqə ilə 1 il üzərində çalışmışam. Ən bahalı geyim 1000 manatdır. Ən ucuzu 10 manata olan boyunbağıdır. Xırda muncuqlarla toxuduğum ən ucuz paltarın qiyməti isə 500 manatdır”.
Əlbəttə ki, sərgidə təkcə xanımlar üçün əl işləri nümayiş olunmur. Burada xanımların hazırladıqları gözmuncuqları, boyunbağılar, toxuduqları geyimlərlə bərabər, uşaqlar üçün də bəzək əşyaları və əl işləri sərgilənmişdi. Amma bu sərgidə kişilər nəzərə alınmayıb. Yəni, kişilər üçün məhsulun olmadığı bir sərgidir.
Analar üçün nəzərdə tutulan guşələrdən birində Əliyeva Səadət adlı xanımın əl işləri sərgilənirdi. Səadət xanım qavrama qabiliyyəti zəif olan uşaqlar üçün keçədən hazırlanan kitablar nümayiş etdirirdi. Kitabın səhifələri keçədən hazırlanmış interaktiv oyunlarla bəzədilmişdi. S.Əmirova deyir ki, kitabın adı keçədən hazırlanmış oyun, aktivitedir: "Bu kitab uşaqlarda toplama, çıxma, sayma kimi vərdişlər yaradır. Belə kitabları 2 həftəyə hazırlayıram. Belə ki, keçədən kəsir, tikir, printerdən çıxarırıq. Bu kitabdan Azərbaycanda çox azdır, o qədər də tanınmır. Çünki keçədən belə interaktiv kitablar hazırlayan yoxdur. Uşaqlar üçün çox faydalı kitabdır. Oyun kitabından daha çox bağçalarda, uşaqların dərsləri ilə məşğul olan kurslarda, əqli inkişaf mərkəzlərində istifadə edirlər. Bu kitabların qiyməti 50 manatdır”.

Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub-saxlanmasında, yaşadılmasında müstəsna xidmətlər göstərib. Bu gün də həmin fəaliyyəti göst
ərir. Qonaq olduğum sərgidə bir daha bunun şahidinə çevrildim.
Xəyalə Rəis









banner

Oxşar Xəbərlər