Kişilər xanımların işləməyinə necə baxır? - Polemika
Təhsil
almaq, sosiallaşmaq, inkişaf etmək - bu günün ən əsas tələbləridir. Hər insan
da təhsil aldığı sahə üzrə çalışmaq istəyir. Xüsusilə də, xanımlar karyera
qurmağa, iş həyatına atılmağa daha çox həvəs göstərirlər. Amma bəzən bu
istəklər elə arzu olaraq qalır. Çünki ailə qurduqdan sonra bəzi kişilər
xanımlarının işləməyinə razı olmur, onların sadəcə, məişət işləri ilə məşğul
olmalarını münasib görürlər. Bu dəfə qarşı cinsdən xanımların işləməsinə
münasibətlərini öyrəndik.
Xanımın sevdiyi işlə məşğul olmasında problem
yoxdur
Elmar Allahverdiyev - direktor müavini
Elmar
deyir ki, savadlı xanım həm də savadlı ailə başçısıdır: "Məncə, xanımların çox
ağır iş şəraitində işləmələri düzgün deyil. Bu onların səhhətinə, həyat
tərzlərinə mənfi təsir edir. Çünki xanımlar nə qədər güclü olsalar da, bir o
qədər zərif və incədirlər. Amma yaxşı iş şəraitində niyə də işləməsinlər?
Xanımının işləməsi ilk olaraq kişinin özünə lazımdır. Ona görə ki, işləyən
xanımlar işləməyənlərə nisbətən daha savadlı, sosial, baxımlı, dünyagörüşlü,
intellektual olurlar. Savadlı xanım, həmçinin savadlı ailə başçısı və
tərbiyəçidir”.
Müsahibimiz
bildirir ki, xanımın sevdiyi işlə məşğul olmasında, faydalı sahədə özünü
sınamasında heç bir problem yoxdur: "İstənilən peşə sahəsində xanımlar var.
Amma daha çox elm, təhsil, səhiyyə sahəsində işləməyə üstünlük verirlər. Amma
yenə də bu balans pozulmalı deyil. Məsələn, son dövrlər bir tendensiya hökm
sürür. Məktəbdə xanım müəllimlərlə kişi müəllimlər arasında kəskin balans
pozulması var. Məncə, bu, mənfi haldır. Bütün məktəb xanımlardan ibarət ola
bilməz. Bu, yetişən gənc nəslin tərbiyəsində, dünyagörüşündə öz mənfi izini buraxır.
Məsələn, oğlan uşaqları kişi müəllimlərin də tərbiyəsini götürməlidirlər.
Unutmamalıyıq ki, uşaqlar müəllimlərini ideal olaraq seçirlər. Yəni, istənilən
peşə sahəsində həm qadın, həm də kişi işləyə bilər. Düşünürəm ki, xanım ailəni
saxlamaq üçün yox, maaşını özünə sərf etmək üçün qazanmalıdır”.
Təhsil alsın, amma işləmək olmaz
Elgün Abdullazadə - tələbə
Elgün
deyir ki, qadının işləməsinə müsbət baxmır: "Xanım gərək evdə oturub uşaqları
ilə məşğul olsun. Tutaq ki, həyat yoldaşım və mən səhər tezdən evdən çıxıb,
axşam qayıdırıq. Bəs uşaqlara kim baxacaq, evin yeməyini kim bişirəcək? İndiki
dövrdə onsuz da iş həyatı çox yorucudur. İşə gedib-gələn qadının o yorğunluqla
evdə məişət işləri ilə məşğul olmasını gözləmək insafsızlıq olar. Qadının ali
təhsil almağına pis baxmıram. Təhsil alsın, amma işləmək olmaz. İşləsə də,
bəlkə bir neçə ildən sonra olar. Və ya xanım hələ subaydırsa, ailə qayğısı
yoxdursa, işləyə bilər. Amma evli xanımın həm işləməsi, həm də ailənin
problemləri ilə məşğul olması çətin olur. Uşaq ananın tərbiyəsi ilə
böyüməlidir. Səhər gedib, axşam işdən gələn qadın uşaqlara çox vaxt ayıra
bilmir. Onlarla yetərincə zaman keçirmir. Bu isə uşaqların davranışına,
tərbiyəsinə, özlərini aparma qaydalarına mənfi təsir edir”.
Müsahibimiz
xanımının dərzi işləməsinin uyğun olduğunu deyir: "Əslində başa düşürəm,
qadınların da işləmək hüququ var. Onlar da ailə üçün nələrsə etmək istəyirlər.
Amma indiki dövr üçün şərtlər çətindir. Əgər işləmək istəyirsə, məsələn, dərzi
kimi çalışa bilər. Çünki bu işi evdən, heç yerə getmədən görə bilər. Həm ev
işləri ilə məşğul olar, həm də istədiyi işi görər. Həmçinin uşaqlar da
nəzarətsiz qalmaz”.
Həyat yoldaşımın işləməsinə icazə verə bilmərəm
Emin Nemətzadə -
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş mütəxəssisi
Emin
bildirir ki, statistika boşanmaların sayının artdığını göstərir və bir çox
boşanmaların səbəbi də qısqanclıqdır: "Bu gün cəmiyyət çox korlanıb, çətin
zamanda yaşayırıq. Belə bir şəraitdə həyat yoldaşımın işləməsinə icazə verə
bilmərəm. Bu məsələdə bir az da onun ixtisasının rolu böyükdür. Belə ki, əgər
müəllimə, uşaq həkimi olsaydı, işləyə bilərdi. Buna bir etirazım olmazdı. Amma
elə sahələr var ki, həmin sahədə işləməsinə razı olmaram. Çünki özüm də iş
adamıyam, indiki vəziyyətdən, iş mühitindən xəbərim var. Lap qısqanclığı qoyaq
bir kənara, bəs uşaqlar? Ailəli qadın uşağına baxsın. Həmcinslərim qadının
işləməyinə müsbət baxa bilər. Bəlkə də bir çoxu özlərini müasir düşüncəli
göstərmək üçün cəmiyyət içərisində elə deyir. Ancaq həqiqətdə başqa cür hərəkət
edirlər. Mənim həyat yoldaşım menecment üzrə ali təhsil alıb. Və bu da çox
yaxşı haldır. Uşaqların inkişafında ananın ali təhsilli olması vacibdir. Amma
təəssüf ki, yoldaşıma öz peşəsi üzrə işləməyə icazə vermirəm”.
Həmsöhbətimiz
bu məsələdə qadının peşəsinin böyük rol oynadığını deyir: "Xanım sənət seçimini
məntiqlə, düzgün etməlidir. Elə bir sahə seçməlidir ki, ona işləmək üçün qadağa
qoyulmasın. Həyat yoldaşı deməsin ki, işləmək olmaz. İşdə qadına münasibətlər
də başqa cür olur. Müəllimə olsaydı, özüm onun üçün hər cür şərait yaradırdım
ki, işləsin. Bizdə işdə xanımlar deyirlər ki, heyf deyil, evdə oturub ər çörəyi
yemək. Yəni, belə xanımlar da var”.
Günel
Azadə