AZE | RUS | ENG |


“Kişilər qadınlara dəstək olmağa başlayıblar”

“Kişilər qadınlara dəstək olmağa başlayıblar”
Zemfira Ağayeva: “Qadının potensialı ilə yanaşı, sözünü demək bacarığı da olmalıdır”

Əvvəllər cəmiyyətdə "qadından rəhbər olmaz” düşüncəsi hakim olub. Amma o düşüncənin əksini sübuta yetirəcək kifayət qədər nümunələr də olub Bu gün də xanımların rəhbər vəzifələrdə olduğunu və bu tendensiyanın artdığını müşahidə edirik. Eləcə də, sahibkarlığa meyl edən qadınlarımızın sayı artmaqdadır. Bu sahədə hazırkı vəziyyətlə bağlı "Sahibkar Qadınlar" İctimai Birliyinin sədri Zemfira Agayeva ilə söhbətləşdik.

- Qadınların sahibkarlıqla məşğul olması üçün real durum necədir? 
- Qadın sahibkarların dəstəklənməsi, ailədə, cəmiyyətdə qəbul olunması əvvəllər çətin idi. Son vaxtlar qadının işinə həm ailə, həm də cəmiyyət tərəfdən yüksək qiymət verilir. Amma qismən də olsa cəmiyyətin qəbul etməməsi, ailədə problemlərin yaranması halları da var. 6-7 il əvvəl sahibkar qadınların sayı heç 5 faiz deyildi, amma indi bu rəqəm 29-a çatıb.

- Sahibkarların iştirak etdiyi tədbirlərdə də demək olar ki, kişilər olur. O 29 faiz niyə gözə görünmür?
- Gözə elə görünür. Biri var özəlləşdirmə proqramında iştirak edənlər, bu o deməkdir ki, onların xüsusi şəhadətnamələri, əmlakları olur. Bir də var adi sahibkarlar. Adi sahibkarların çoxu icarəyə götürməklə, iş qururlar. Gəlirinin da çoxunu icarəyə verir. Bunların arasında müqayisə apardıqda, onda say az çıxır. Əmlak bazarında iştirak edənlər sahibkar sayılır. Amma icarə əsasında işləyənlər o siyahıya daxil olmur. Mən bir neçə dəfə bununla bağlı məsələ qaldırmışam. Əslində qadın sahibkarlar az deyil. Mən deyərdim 29 yox, 31 faizdir. Yaxınlarda Qırğızıstanda Beynəlxalq Əmək Təşkilatının tədbirində iştirak edirdim. Orada Azərbaycanda 2.5 faiz sahibkar qadın olduğu qeyd edildi. O məlumatı haradan aldıqlarını soruşdum. Dedilər ki, Azərbaycandan göndəriblər. Onlara verilən məlumatın yanlış olduğunu dedim, sayımızı olduğu kimi göstərə bildim. Amma qayıdıb gələndə məsələni araşdırdım və statistikanın düz ötürülmədiyi məlum oldu.

- Belə başa düşdüm ki, özəlləşdirmə proqramlarında iştirak edən, xüsusi əmlak sahibi olanlar daha çox kişilərdir. Qadınlar isə əsasən icarə hesabına sahibkar kimi fəaliyyət göstərirlər. Bu istiqamətdə kişi və qadın sahibkarların arasında fərq var?
- Yox elə bir fərq yoxdur. SSRİ vaxtı mövcud olan nazirliklər ləğv edilərkən və ya strukturu dəyişdirilərkən, özəlləşdirməyə öncə Məişət Nazirliyinin tabeliyində olan obyektlər çıxarıldı. O zaman bu nazirlikdə işləyənlərin çoxu qadınlar idi. Qadınların hər biri  rəhbərlik etdiyi obyekti özəlləşdirdi. Mən də o insanlardan biriyəm. O vaxt Gəncə Modalar Evinin rəhbəri idim. Böyük bir ərazimiz var idi. Dedilər ki, siz özəlləşməyə getməlisiniz. Obyekt özəlləşdirildi və sahibkar olduq. Həmin ərəfədə mənim kimi bir çox qadınlar da sahibkarlıq fəaliyyətinə başladı. Qadın sahibkarlığı da o zamandan inkişaf etməyə başladı.

- İndi özəlləşdirmə prosesi davam edir - hərraclar keçirilir. Ancaq bu hərraclarda da qadınlar demək olar ki, iştirak etmirlər... 
 - Bir çox hallarda qadınlar elə yerlərdə iştirak etməkdən çəkinirlər. Əslində biz hansı qadınla söhbət ediriksə, o bu söhbətdən bəhrələnib özünü daha güclü hiss edir. Keçən dəfə layihə çərçivəsində 80 gənc sahibkar qadın hazırladıq. Layihədən əvvəl ad, soyadlarını deməklə kifayətlənirdilər, hansı fəaliyyət növü ilə məşğul olduqları haqda açıq məlumat verə bilmirdilər. Layihə başa çatanda onlara yenə söz verdik. Elə gözəl danışmağa başladılar ki. Həm özlərini təqdim etmək, hüquqlarını müdafiə etmək və eyni zamanda, hansı sahədə daha güclü olduqlarını bilmələri üçün qadınlara mütləq dəstək lazımdır.

- Qadınlar hansı sahibkarlıq sahələri istiqamətində çoxluq təşkil edirlər? Belə bir bölgü varmı?
- Bəli, var. Bütün sahələr üzrə sahibkar xanımlarımız var. Amma ən çox xidmət və ticarətə üstünlük verirlər. Son vaxtlar səhiyyə, təhsil, istehsal sahələrinə də maraq artıb.
 
- Adətən, ticarətlə kişilər məşğul olurlar axı...
- Hansı kişi ticarətçidirsə, xanımı da o istiqamətə meyl edir. Adətən, sahibkarlıq fəaliyyətini qadının adına rəsmiləşdirir, amma bu işlə kişilər özləri məşğul olurlar.
 
- Belə çıxır ki, qadınların 29 faizində kişilərin də payı var?
- Yəqin ki.
 
- Qadın sahibkarların üzləşdikləri problemlər hansılardır?
- Əsas problem bölgələrdə fəaliyyət göstərən  qadınlarla bağlıdır. Rayonlarda sahibkarlıqla məşğul olanların su problemləri var, emal sexləri yoxdur. Əvvəllər onlar istehsal etdikləri məhsulları harasa təqdim edirdilər. Emal sexləri də məhsulu qəbul edirdi.  Fermer təsərrüfatları üçün emal sexlərinin olması vacibdir. İki il öncə xaricilər emal fabriki açmışdılar, ağartı və ət məhsullarını qəbul edirdilər. Südçülüklə məşğul olan qadınlar çox rahat işləyirdilər. Südü, qatığı gətirib emal sexinə verirdilər. Ət də olurdu, verib pulunu alırdılar. İstehsal olunan məhsulun satış problemi olmurdu, fermer bazar axtarmırdı. Rayonlarda tədarük müəssisələrinin açılmasına ehtiyac var.
 
- Əslində, bu problemlərlə kişi sahibkarlar da üzləşirlər... 
- Ümumiyyətlə, sahibkarların ən böyük problemi tədarüklə bağlıdır. Özləri bazar axtarırlar. Hər il fevral ayında ölkə başçısı ilə sahibkarların görüşü olur. Orda da qeyd olundu ki, Azərbaycandan məhsulun kənara çıxarılması üçün mütləq xarici bir "əl” olmalıdır. Məsələn, Azərbaycanda qablaşdırma yoxdur. Məhsul mənimdir, amma qabı Türkiyədən, Rusiyadan gətirirlər.
 
- Bakıda və regionlarda qadınların sahibkarlığa cəlb olunması istiqamətində fərq varmı?
- Şəhərdə yaşayan qadınların sahibkarlıqla məşğul olmaları üçün əsas problemləri vəsaitlə bağlı olur. Amma bölgələrimizdə olan xanımların vəsaitlə yanaşı, mənəvi problemləri də var.
 
- Bu baryer tam aşılmayıb?
- Yox, hələ ki bu istiqamətdə işlər gedir. Biz görüşlər, təlimlər keçiririk, xaricdə keçirilən sərgilərə dəvət edirik. Məsələn, 10 nəfər qadından biri gedir, gəlib digərlərini də maarifləndirir. Yəni, bir nəfərin də getməsinin böyük əhəmiyyəti var. 10 il bundan əvvəlki sahibkarlarla, indikilərin arasında böyük fərq var. Get-gedə maariflənirlər, öz hüquqlarını bilirlər, idarəçilikdən anlayışları olur.
 
- Deyirlər ki, qadınlar idarəetmədə çətinlik çəkirlər. Sahibkarlıq fəaliyyətində necədir?
- Bu yanaşmanı doğru hesab etmirəm. Qadınlar daha çox söz sahibidirlər, dedikləri sözü tuta, fikirlərini yerində çatdıra bilirlər. Mən sahibkaram, əvvəllər bəlkə çətinlik çəkmişəm. Amma indi təhsillə məşğulam, 250-dən artıq işçim var. İndi yeni sahədə istehsal açmışıq. Amma əsas işim təhsildir. Təhsildə inkişaf etdirdiyimiz gənclər idarəçiliyi beş il əvvəl fəaliyyətə başlayanlardan yaxşı bilirlər. Bu işdə gənclərimizin hazırlanması əsas rol oynayır. 

- Hansı yaş qrup xanımlar sahibkarlığa daha çox maraq göstərir?
- Gənclər. 

- Uğurları olurmu?
- Bəli uğurları olur. Bizim təşkilatla işləyən gənclərə peşə öyrədirik, sonra isə sahibkarlığa cəlb edirik. Öz sahələri üzrə sözlərini deyə bilirlər. Sahibkarlıqla məşğul olmaq istəyən insan istənilən sahəni seçməməlidir. O, bacarığını göstərə biləcəyi, səriştəsi olan sahəni seçməlidir. İnsan səriştəsi olan sahədə sahibkarlıq fəaliyyəti göstərəndə uğur qazanır.

- Gənc qadınların sahibkarlıqla məşğul olmaları üçün dövlət tərəfindən dəstək göstərilirmi?
- Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi olur. Əgər xanımın bacarığı və kiçik emalatxanası varsa, o zaman onun yerinin genişləndirilməsinə Sahibkarlığa Kömək Milli Fondu kömək edir. Yox, əgər heç nəyi yoxdursa, fondun verdiyi pulla iş qurmaq istəyirsə, bu real bir iş deyil, mən bunun tərəfdarı deyiləm. Onun nəyisə olmalıdır ki, dəstək verilsin. Çox hallarda gənclər müraciət edib deyirlər ki, pulum olsaydı bunu edərdim. Deyirəm ki, yox, qızım, sən bunu edə bilməzsən. Sən birinci evində balaca bir şərait yarat. Şirniyyatçısansa, müəyyən qədər sifarişlərin olsun. Əgər sifarişin getdikcə artırsa, onda emalatxana götürə bilərsən. Emalatxanada da sifarişin çoxdursa, istehsal etdiyin mala tələbat varsa, onda dövlətə müraciət edirsən ki, mən bu qədər iş görmüşəm bu qədər də siz kömək edin. Yoxsa, "mənə pul ver, filan işi edim” yanaşması doğru deyil.

- Həyat yoldaşları xanımların sahibkar olmaq istəklərini necə qarşılayırlar?
- Əvvəllər dəstək olmurdular, əksinə mane olmağa çalışırdılar. Amma son vaxtlar kişilər qadınlara dəstək olmağa başlayıblar. Elə qadın var ki, həyat yoldaşını razı sala bilir, deyir ki, gücüm, potensialım var, mənə kömək elə. Bir də var ki, xanım öz fikrini çatdıra bilmir, həyat yoldaşı onu dinləmir. Bu zaman problemlə üzləşirlər. Heç bir kişi istəmir ki xanımı ondan güclü olsun. Kişilərin qısqanclığı özündən güclü qadın görəndə yaranır. Amma elə qadın da var ki, nə qədər güclü olsa da, bunu ailədə hiss etdirmir. Bu çox önəmlidir. Bəzən qadınlar bir az yüksələn kimi gözləri heç nə görmür. Kişiləri qorxudan da bu kimi hallardır. Amma deyərdim ki, qadının potensialı ilə yanaşı, sözünü demək bacarığı da olmalıdır. Qadın hansısa bir işi görməyə gücünün yetdiyini sübut etməlidir. 

- Bəs qayınanalar?
- Qayınanalar bu cəhətdən gəlinləri dəstəkləyirlər.

Aygün Asimqızı
 
 
 
 
 
 
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6793
GBP 1 İngilis funt sterlinqi 2.1725
TRY 1 Türk lirəsi 0.4843
KWD 1 Küveyt dinarı 5.7229
SEK 1 İsveç kronu 0.1929
EUR 1 Avro 1.8505
CHF 1 İsveçrə frankı 1.7335
USD 1 ABŞ dolları 1.7475