AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kişilər qadın rolu oynaya bilməzmi?

Kişilər qadın rolu oynaya bilməzmi?

Mədəniyyət
10 Dekabr 2012, 13:26 2957
Millət vəkili Fazil Mustafa bu gün Hacıbala Abutalıbova hazırladığı məktubu ünvanına yola salıb. Bu barədə bizimlə söhbətində F.Qəzənfəroğlu bildirdi. Millət vəkili yazdığı məktubun nəticə verəcəyinə inandığını dedi: «Hacıbala Abutalıbov kifayət qədər ziyalı adamdır. Özü də məsələnin mahiyyətini başa düşəcək ki, bu, olmaz».

Qeyd edək ki, dünən F.Qəzənfəroğlu «facebook» səhifəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktub göndərəcəyini və məktubun məzmunu ilə sosial şəbəkədə olan insanlarımızın tanış olmasını məqsədəuyğun hesab etdiyini yazmışdı. Məktubda deyilir ki, son vaxtlar Bakı şəhərinin əksər ictimai yerlərindəki reklam lövhələrində “Azərsell” Şirkətinin fəaliyyətini təbliğ edən reklam çarxından götürülmüş müxtəlif afişalar yerləşdirilmişdir: “Bu afişalarda yer alan şəkillər Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri arasında ciddi müzakirə mövzusuna çevrilmişdir. Belə ki, konkret bir reklama aid afişalarda qadın geyimi geymiş bəzi kişi cinsinə mənsub aktyorların gülümsəyərək şirkətin təbliğatını həyata keçirməsi cəmiyyətimizin mənəvi mühitinin korlanmasına rəvac vermişdir. İnsanlar bir tərəfdə Olimpiya çempionlarının reklam çarxları ilə qürur duyur, digər tərəfdən isə qadın paltarı geymiş kişilərə baxıb xəcalət hissi keçirirlər. Onsuz da şəhərimizdəki nəqliyyat tıxaclarından təngə gəlmiş vətəndaşlarımızın üstəlik bu cür bədnam reklam afişalarından da psixoloji sarsıntılar yaşamasına yol vermək olmaz. Bakıya gələn xarici qonaqların da Azərbaycan kişilərinin qadın geyimində şəkillərini görüb ölkəmiz haqqında başqa cür düşünə biləcəklərini də diqqətə alaraq, cəmiyyətimizə hörmətsizlik gətirən bu afişaların dərhal yığışdırılması üçün tərəfinizdən tədbirlər görüləcəyinə ümid edirəm”.
Qeyd edək ki, 3 gün əvvəl də Fazil Mustafa sözügedən məsələ ilə bağlı “facebook” səhifəsində status yazmışdı. O, hacı titulu daşıyan aktyorların reklam çəkilişləri üçün qadın paltarı geyinməsinin doğru olmadığını və bu hərəkətlərin onları hörmətdən saldığını bildirib.

"Bu Şəhərdə”nin prodüseri Müşviq Abbasov da öz “facebook” səhifəsində Fazil Mustafanın məlum narazılığına münasibətini bildirib: “Statusuna hörmət etdiyim, Fazil müəllim, nəzərinizə çatdırıram ki, Raykindən, Xazanovdan və Zadornovdan istedadına görə heç də geri qalmayan Dastin Xoffman, Toni Körtis, Cek Lemmon, Vladimir Vinokur, Ilya Oleynikov, Yuriy Stoyanov, Rafael Dadaşov, rəhmətlik Yaşar Nuri, rəhmətlik Əhməd Ağdamski və digər qadın obrazları yaradan sənətkarlar olub və var. Mən çox şadam ki "Bu Şəhərdə"nin iştirakı ilə olan konsertlərə və reklam çarxlarına xalqın müxtəlif təbəqələri (fəhlələr, evdar qadınlar, polislər, taksistlər, həkimlər, bankirlər, jurnalistlər, deputatlar və s. ) nəinki baxır, həm də müzakirə edir. Bu, bizim reytinqdən və baxımlı olmağımızdan xəbər verir”.

M.Abbasov bu səbəbdən Heydər Əliyev adına Saraya ən çox - rekord sayda tamaşaçı toplayanın məhz onlar olduğunu bildirib. Fazil Mustafaya müraciətlə prodüser bildirib ki, sizin məntiqlə, əgər həcc ziyarətində olan aktyorlar alkoqolik ya narkoman obrazını yaratsa, dönüb özləri “alkoqolik” ya narkoman ola bilər: “Bu isə müsəlmana günahdır, elə həmin məntiqlə bu aktyorlara rüşvətxor insan və ya seçicilərinə yalan vədlər verən millət vəkili obrazlarını da yaratmaq günahdır, çünki dönüb onlardan biri ola bilərlər. Sizin məntiqin ardı olaraq eləcə də bu aktyorlar qadın (qayınana, gəlin, baldız və s.) obrazları yarada bilməz, çünki bu kişi aktyor birdən dönüb olar qadın bu da günahdır. Statusuna hörmət etdiyim Fazil müəllim, mus-mus deyənəcən Mustafa deyim - səhnədəki aktyorun əynindəki libas ya parik o, aktyorun daxilinin göstəricisi yox, onun obrazını tamamlayan bir rekvizitdir. Əsas odur ki "Bu Şəhərdə"nin obrazları cinsindən asılı olmayaraq kişi kimi sözün düzünü deyir, yalan danışmır - cəmiyyətimizdəki kişi paltarında olan bəzi insanlar kimi”.

M.Abbasov İslamda zarafatın bir halda haram buyurulduğunu yazıb: “O da əgər o, zarafatda yalan varsa. Peyğəmbər demişdir: "Vay o kəsin halına ki, insanları güldürmək üçün yalan danışır. Vay onun halına!" Əbu Davud.
Onu da deyək ki, Rafael İsgəndərov kluis.az-a açıqlamasında bildirib ki, millət vəkilinin rəyi onlar üçün əsas deyil: “O adam deputat kimi təmsil etdiyi rayonun əhalisi adından danışa bilər, amma bütün millət adından yox. İkincisi, məgər onun seçildiyi Sabunçu rayonunun problemləri qurtarıb ki, Fazil Mustafa iki aktyorun hansı rolda çıxış edib edə bilməməyi ilə bağlı məsələ qaldırır? Üçüncüsü, bizim prodüsser Müşfiqlə onun sosial şəbəkədə mübahisələri olub, indi deputatın belə danışmasının kökündə də həmin mübahisədən yaranan qərəz durur”.

Bizim konsertlərdə olan zarafatlar hansısa məqamlarda gülməli olmaya bilər, amma bu zarafatda heç vaxt yalan ola bilməz”.

Məsələ ilə bağlı “Azercell” Telekom MMC ilə də əlaqə saxladıq ki, niyə sözügedən aktyorların məhz qadın geyimində şirkəti reklam etmələrinə üstünlük verdiklərini öyrənək. Qeyd edək ki, bu il “Bakcell”in reklam çarxlarında komediya aktyoru Dilarə Əliyeva çəkilmişdi.

“Azercell”in mətbuat xidmətinin rəhbəri Anar Cahangirli məsələyə münasibət bildirməyəcəyini dedi: “Bu, reklam çəkən şirkətin öz işidir ki, hansı formada necə reklam çəkib”.

Reklamı hansı şirkətin çəkdiyinə gəlincə, A.Cahangirli şirkətin adını deməkdən imtina etdi.

Qafqaz Müsəlmanlar İdarəsinin şöbə müdiri Hacı Mirəziz Seyidzadə də modern.az saytına açıqlamasında məsələyə münasibət bildirib. O, deyib ki, məşhur parodiya ustaları Rafael və Coşqunun qadın paltarında səhnəyə çıxması Məkkə ziyarətində olmuş hacılar kimi adlarına heç bir zərər gətirmir. QMİ-nin şöbə müdiri onu da əlavə edib ki, Həcc ziyarətindən qayıdanlar əslində öz davranışlarında müəyyən dəyişikliklər aparmalıdırlar: “Amma adını çəkdiyiniz məşhur parodiya ustaları Rəfael və Coşqunun qadın paltarı geyinib reklama çəkilməsi, yaxud da hər hansı qadın obrazında rol oynamalarının hacılığa heç bir təsiri yoxdur. Bunlar artistdirlər və öz sənətini, işini yerinə yetirirlər”. Mirəziz Seyidzadə qeyd edib ki, bir ruhani kimi burada pis heç nə görmür. “Aktyorun rolda qadın paltarı geyməsi o demək deyil ki, o qadındır”.

Onu da deyək ki, Fazil Mustafanın sözügedən məsələdən yazması “facebook” sosial şəbəkəsinin gündəmini alıb. Bu məsələdə millət vəkilini qınayanlar da, onun fikirlərini bölüşənlər də var.
Lalə Musaqızı