• şənbə, 20 Aprel, 16:02
  • Baku Bakı 23°C

“Kişilər həyat yoldaşlarını mənə əmanət edir” – Sadə peşə adamı

04.08.14 09:12 1863
“Kişilər həyat yoldaşlarını mənə əmanət edir” – Sadə peşə adamı
Bu günə qədər istər kişi, istərsə də qadın sürücülərlə çox qarşılamışdıq. Amma çörəyini sürücülükdən çıxaran qadın görməmişdik. Ötən günlərdən birində Nizami metrosunun yanından keçərkən dayanacaqda sərnişin gözləyən gənc sürücü diqqətimizi çəkdi. Onunla söhbətləşmək imkanı əldə etmək və iş prosesini izləmək üçün taksisinə yaxınlaşdıq.
Kişi xarakterli qadın
Çörəyini sürücülükdən çıxaran müsahibimiz Gülər Zamanova 1981-ci ildə Masallı rayonunda anadan olub. Daha sonra Bakıya köçüb İdman İnstitutunda təhsil alıb. Gülərlə söhbət edərkən kişi xarakterli qadın olduğu diqqətimizdən yayınmır. Onun geyim tərzi belə, sərbəst və peşəsinə uyğundur. Həmsöhbətimiz deyir ki, qadın hər bir işdə, xüsusilə də maşın sürməkdə möhkəm olmalıdır: “Taksi sürücüsü həqiqətən kişi işidir. Üstəlik, bu, mənim gördüyüm ilk kişi işi deyil. Uzun müddət güləşlə, boksla məşğul olmuşam. Sonra mühafizə xidmətində işləmişəm. Gördüyüm işlərin hamısı loru dildə desək, “bəy” işləridir. Bu səbəbdən kişilik xarakterimə də təsir edib”.
“Qadın hara, taksi sürmək hara?”
Söhbət əsnasında məlum oldu ki, Gülər 4 ildir ki, professional şəkildə taksi sürücüsü işləyir. Gənc müsahibimiz deyir ki, uşaqlıqdan maşın sürməkdən zövq alıb. Sonra bu hobbisi onun çörək ağacına çevrilib: “Ailəm taksi sürücüsü olmağımı qətiyyən istəmirdi. Onlar narahat olduqlarını, qorxduqlarını bildirərək deyirdilər ki, “qadın hara, taksi sürmək hara?”, “sənin taksi sürməyin bizim cəmiyyətd, ümumiyyətlə, razılıq vermirik”.
Ailəmə təkidinə baxmayaraq, bu sənətin ardınca getdim və çörəyimi bundan çıxarıram. Maşın sürmək mənə həm zövq verir, həm də ailəmi maddi cəhətdən təmin edirəm”.
Gülər deyir ki, maşın sürməyi tək başına öyrənib. Onun sözlərinə görə, hər qadın sürücü işləyə bilməz: “Maşın sürməyi özüm öyrənmişəm. Bu sənəti öyrənməyimdə heç kimin köməyi və dəstəyi olmayıb. İlk maşınım “VAZ 2107” olub. Daha sonra “Nissan Sani” markalı maşın sürmüşəm. Yaxşı sürücü olmaq üçün həm də dözümlü olmaq lazımdır. Yay, qış sükan arxasındayıq. Adamlarla ünsiyyət qurmaq və danışıq qabiliyyəti, səliqə-səhman olmalıdır ki, müştəri də bir dəfə oturduğu maşına bir də yaxınlaşsın. İşimiz olduqca çətindir. Xüsusilə tıxaclarda maşın sürmək asan məsələ deyil. Gərək kişi kimi güclü olasan ki, bu işin öhdəsindən gələ biləsən”.
Xanım sürücülər naşıdır?
Demək olar, bütün günü sükan arxasında olan həmsöhbətimiz deyir ki, gün ərzində nə qədər maşın sürsə də, bu peşədən heç vaxt bezməyib: “Ümumiyyətlə, nə iş olursa olsun, insan onu sevərək edirsə, heç vaxt yorulmur. İşimdən zövq almasaydım, maşınların və naşı sürücülərin bu qədər çox olduğu bir vaxtda qadın başıma bu işi görə bilməzdim”.
Gənc sürücü bizimlə söhbətində naşı sürücülərdən, xüsusilə də qadınlardan şikayətləndi. Onun sözlərinə görə, yollarda ən çox problem yaradan qadın sürücülərdir: “Maşın sürmək də insandan xüsusi bacarıq və diqqət tələb edir. Adətən yollarda 30 maşından 20-sinin sürücüsü xam olur. Yollarda ən çox problem yaradan sürücülərin əksəriyyəti xanımlardır. Çox zaman maşını diqqətli sürə bilmirlər və bu da problem yaradır”.
18 saatlıq iş rejimi
Gülərin sözlərinə görə, o qədər çox işləyir ki, ailəsinə ayırmağa çox az vaxtı qalır. Onun sözlərinə görə, 18 saat sükan arxasında qalır: “Bir oğlum var, ona çox vaxt ayıra bilmirəm. Bu səbəbdən də oğluma anam baxır. 18 saat, yəni, gecə saatlarına kimi sükan arxasında oluram”.
Gün ərzində orta hesabla 40-50 manat qazandığını söyləyən müsahibimiz deyir ki, bu sənətdə onun çıxarı gəlirindən az olur: “Qazancımın bir hissəsini gündəlik plana, qalanını da yanacağa verirəm. Benzin alıram, hər gün 5 manat verib maşını yuduzdururam”.
“Kişilər qadınlarını mənə əmanət edir”

Qadın olmasına baxmayaraq həmsöhbətimizin maşın təmirindən də başı çıxır. O deyir ki, bu işin incəliklərini o qədər yaxşı bilir ki, bəzən maşın ustaları belə, onun bu məharətinə təəccüblənirlər: “Bəzən müştərilər özləri sual verir ki, bəs maşınızda problem olduqda, yolda qaldıqda neynirsiz? Amma bu, mənim üçün problem deyil. Bu işi bir çox ustalardan yaxşı bilirəm. Maşın sürməyi o qədər çox sevirəm ki, onun hər bir detalı haqqında məlumatım var. Həyatım boyu heç vaxt heç kimə möhtac olmamışam”.
Gülər deyir ki, bəzən kişilər qadın taksi sürücülərinin çox olmasının tərəfdarıdır. Onun sözlərinə görə, qadın olduğu üçün həmcinsləri rahatlıqla onun maşınına minə bilirlər: “Elə qadın müştərilər olur ki, taksiylə istədikləri ünvana getməkdən çəkinirlər. Amma məni görən kimi sanki o qadınlarda güvən hissi yaranır və mən də onları istədikləri ünvana çatdırıram. Bəzən kişi sürücülər maşında əyləşən zaman qadın sürücüsü olduğumu bilir və təəcüblənirlər. Mənə hörmətlə yanaşırlar. Hətta kişilər qadın taksi sürücülərinin çox olmasını istəyirlər. Məhz mənim həyat yoldaşlarını ünvanlarına çatdırmağımı istəyirlər və bu zaman arxayın olduqlarını bildirirlər”.
“Polislər mənə hörmət edir”

Gənc sürücünün sözlərinə görə, yol polisləri ona çox hörmət edirlər: “Hər zaman çalışıram ki, yol hərəkət qaydalarına riayət edim. Bu günə qədər qəza törətməmişəm. Sürəti də sevirəm, risk etməyi də bacarıram, amma sürətlə sürmək nəyə lazımdır? Sürət həddini aşmaq həyat üçün təhlükəlidir. Avtomobil qəzalarının 90 faizi sürət həddini aşmağa görə baş verir. Mən tək olmuram, maşında həmişə şərnişin olur. Onların da həyatını düşünmək lazımdır. Ən yüksək halda saatda 180 km sürətlə sürmüşəm. Bu da, rayona gedərkən düz yolda olub. İşlədiyim vaxtdan demək olar ki, hələ qorxulu hadisələrlə üzləşməmişəm, istər gündüz, istərsə də gecə olsun, rahat şəkildə maşını idarə edə bilirəm”.
“Sizə borcum yoxdur”
Gülər deyir ki, xoşu gəlməyən müştərilərə maşın saxlamır. O, insanın simasına baxan kimi hansı xarakterdə olduğunu başa düşür: “Xoşum gəlmədiyi adamlara heç vaxt maşın saxlamıram. Uzun müddətdir maşın sürdüyüm üçün insanları tanımağı öyrənmişəm. İnsanın üzünə baxan kimi onun niyyətini başa düşürəm. Bəzən olub ki, müştərinin danışıöından xoşum gəlməyib, hətta onu maşınımdan belə qovmuşam”.
Gənc taksist yolda başına gələn əhvalatlardan da danışdı. Onun sözlərinə görə, taksiyə oturduğu zaman müştəridən heç vaxt əvvəlcədən pul almır: “O qədər olub ki, bəzi insanlar maşına minir, bütün şəhəri bizə gəzdirirlər, lakin yol haqqını ödəmədən qaçıb gedirlər. Başıma belə hadisələr çox gəlib. Amma bir hadisə var ki, o heç zaman yadımdan çıxmır. Bir müştəri taksiyə oturdu və pulunu axırda verəcəyini dedi. 3 gün Bakıda sürdükdən sonra Masallıda istirahət mərkəzlərindən birinə apardım. Bu müştərini 3 gün də Masallıda gəzdirdim. Amma sonda yol haqqını ödəmədi. Cavabında isə “çox təəssüf sizə heç bir borcum yoxdur” dedi. O qədər əsəbiləşdim ki, hər dəfə o hadisə yadıma düşəndə kədərlənirəm”.
Gülərlə söhbət etdiyimiz zaman taksiyə bir müştəri yaxınlaşır. Gənc sürücünü müştərisi ilə baş-başa qoyub oradan ayrılırıq.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər