Kişilər elmi işdən niyə uzaqlaşır?
Elm nərdivanının pillələri arasındakı zaman uzun
olduğundan, kişilərin bu təhsili almağa, alarlarsa da, yekunlaşdırmağa vaxtları
yoxdur
Ali Attestasiya Komissiyasının hər il təqdim etdiyi "Fəlsəfə doktoru”
diplomu alanların siyahısında qadınlar üstünlük təşkil edir. Elmin bu
pilləsində qərarlaşan kişilərin də kifayət qədər olmasına baxmayaraq, statistik
göstəricilər elmin qadınları daha çox cəlb etdiyini göstərir. Belə ki, son 3 ildə sözügedən diplomu alanların siyahısı da faktı təsdiqləyir.
Belə ki, 2018-ci ildə 548 nəfər "Fəlsəfə doktoru” diplomu alıb. Onlardan 309
nəfəri qadın, 239 nəfəri isə kişidir. 2019-cu ildə 261 nəfər "Fəlsəfə doktoru”
diplomu alanlardan 173 nəfəri qadın, 88 nəfəri isə kişidir. 2020-cı ilin ilk 2
ayı ərzində 116 nəfər "Fəlsəfə doktoru” adını alanların siyahısında 68 nəfər
qadının, 48 nəfər kişinin adı yer alıb.
Ekspertlər kişilərin bu siyahıda sayca qadınlardan geri qalmasını bir
neçə səbəblə əlaqələndirirlər. Məsələn, elm
sahəsində gəlirlərin az olması kişilərin bu sahədən uzaqlaşmasının əsas səbəblərindən
biri kimi göstərilir. Bununla belə, kişiləri elm sahəsindən uzaqlaşdıran digər
səbəblər də var. Ekspertlərin qənaətinə inansaq, proses dərinləşməyə doğru
gedəcək.
Təhsil eksperti,
Əməkdar müəllim Almaz Həsrətin fikrincə, qadınların elmə daha çox meyl etmələri, kişilərin sayının bu
sahədə azlıq təşkil etməsi milli mentalitetimizə, ailə dəyərlərimizə uyğun
olaraq ailə başçısı olan kişilərin daha çox qazanc əldə etmək, ailə dolandırmaq
yollarını düşünmələri ilə əlaqədardır: "Çünki elm elə bir sahədir ki, kənar
işləri unutmaq və daha çox elmi mövzular üzərində araşdırmalara, tədqiqat
işlərinin aparılmasına yönəlik fəaliyyət tələb edir. Bu işdə də əksər kişilərin
səbri tab gətirmir. Onlar qadınlarla müqayisədə prosedur qaydaların vaxtlı-vaxtında
yerinə yetirilməsi üçün uzunmüddətli təhsil almalardan uzaqlaşmağa daha çox meyilli
olurlar. Qadınlar isə hər bir şeyə tab gətirməyi, səbirli olmağı bacaran
xüsusiyyətlərə malikdirlər. Onlar ev, dövlət və ya özəl işlə məşğul olmaqla
bərabər, elmi işlə də məşğul olurlar. Əgər açıqlamalara görə, elmi işlə məşğul
olanlar arasında kişi sayı azalıb, qadın sayı çoxalıbsa, bu, kişilərin uzun-uzadı
prosedurlara tab gətirə bilməməsinin göstəricisidir. Onlar uzun sürən prosedur
qaydalarını gözləməkdən vaz keçirlər. Ona görə də kişilərin əksəriyyəti elmi
fəaliyyətlə məşğul olmaqdan uzaqlaşır. Qadınların əksəriyyəti isə elmi
fəaliyyətə davam etməyə özlərində güc tapır. Qadınların bu sahədə sayca daha
çox üstünlük təşkil etməsinin səbəbi kişilərə nisbətən uzunmüddətli işin
nəticəsini gözləyəcək qədər səbirli olmalarıdır. Kişilərdə isə bu səbir yoxdur”.
Ekspert hesab edir ki, onlar Azərbaycanda
doktorantura təhsili almaq, elmi iş fəaliyyəti ilə məşğul olmaq üçün böyük
maneə ilə üzləşirlər. Yəni proses rahat şəkildə baş vermir: "Özümdən misal
gətirim: 2012-ci ildə doktorantura təhsilinə başlamışam. 4 illik doktorantura
təhsilimi bitirməyimə baxmayaraq, müəyyən uzun fasilələrin olması ucbatından
sanki insanın əli işdən soyuyur və artıq elmi iş fəaliyyəti ilə məşğul olmağa
meyl göstərmirsən. Çünki bəzən elmi işdə ərsəyə gətirdiyin nəticənin
reallaşdırılması üçün mühitin formalaşdırılmasına imkan yaradılmır. Mühitin
formalaşdırılması üçün müəyyən bir dəstək göstərilmir. Bunun nəticəsidir ki,
əksər kişilər elmdən uzaqlaşmağı üstün tutur. Kimin şansı gətirirsə, qısa
müddətdə elmi işini müdafiə edib bitirir, amma elə insanlar var ki, onların
vaxtlarını uzada-uzada bu işdən uzaqlaşmağa sövq edirlər”.
Əməkdar müəllimin fikrincə, elm elə bir sahədir ki,
əslində burda kişi və qadını ayırmaq doğru olmaz. Yəni elmlə məşğul olan insan
sırf cəmiyyət üçün xeyirli olan bir işi ərsəyə gətirir. Belə ki, kişi və qadın
olmasından asılı olmayaraq, kimsə cəmiyyətin gələcək inkişafı üçün səmərə verə
biləcək bir işi həyata keçirirsə, bu işlə məşğul olan insanların işlərini daha
rahat etmək lazımdır: "Ali Attestasiya Komissiyası tərəfindən rəhbərlik
yenilənəndə, yeni qaydalar tətbiq olunmuşdu. Bu qaydaları biz də
dəstəkləyirdik. Amma bu qaydalar tətbiq olunanda, hələ müdafiə etməyənlərə bu,
əlavə yük oldu. Yəni, qaydaların köhnədən elmlə məşğul olan doktorantlara
tətbiq olunması, mən də daxil olmaqla hamının ruhdan düşməsinə səbəb oldu. Yeni
qaydalar bizə şamil edilməməli, yeni qəbul olanlara aid olmalı idi. Biz bütün
işimizi köhnə qaydalara uyğun yerinə yetirmişdik. Bu qaydalar əsasında da son
olaraq bizlə bitirə bilərdilər. Çünki yeni qaydaları tətbiq etmək elmi işimizdə
müəyyən təkrar dəyişikliklər olunması, yeniliklərə uyğunlaşdırılması baxımından
əlavə vaxtın ayrılmasını tələb edirdi. Ona görə də bizdə ruh düşkünlüyü
yaranır. Açıq deyim ki, mən artıq müdafiə etməyi düşünmürəm. Əgər mən qadın
olaraq belə ruhdan düşürəmsə, uzunmüddətli mərhələni, növbəyə düşüb müdafiə
gününü gözləmək kimi amilləri nəzərə
alaraq, hər kəs, xüsusilə də kişilər düşünür ki, vaxtını daha səmərəli, daha
qısa müddətdə nəticə əldə edə biləcək işə sərf eləsin. Mən elmi işimdə sırf
bugünkü günlə əlaqədar olaraq məsafədən təhsil, elektron resursların
hazırlanması, informasiya cəmiyyətində informasiya mədəniyyətini formalaşdıra
biləcək şəxslər, onlayn etika, onlayn etiket qaydaları ilə bağlı mövzulara
toxunmuşdum ki, bu mövzular da hazırkı zamanda reallaşdırılır. Əgər 3 il bundan
öncə müdafiə etsəydim, artıq bəhrəsini görmüşdüm. İndi əmin oldum ki, müdafiə
etsəm də, etməsəm də mənim işim artıq reallaşıb. Yəni mənim elmi işim öz
bəhrəsini verir. Bu baxımdan, mənim elmi ad almağım önəmli deyil. Önəmlisi odur
ki, başladığımız hər hansı elmi işin cəmiyyətdə bəhrəsini, uğurunu görək. Təmiz,
səmərəli elmi işlə məşğul olan insanın kişi və ya qadın olması önəmli deyil”.
Təhsil eksperti
Qoşqar Məhərrəmov isə kişilərin elmi işə marağının azalmasını təhsilin feminizasiyası problemi ilə
əlaqələndirir. Bu artıq dünyada yayılan problemdir: "Dünyanın bütün təhsil
müəssisələrində gender bərabərsizliyi əmələ gəlib. Bu o deməkdir ki, qadınlar
müəllim olaraq təhsil sahəsində özünə daha çox yer tapır. Kişilərin müəllim
olaraq özünə peşə müəyyən etməsi statistikası daha aşağı düşür. Bu amil orta
məktəblərdə öz təsirini göstərdiyi kimi, ali məktəblərdə də göstərir. Doktoranturanı
keçən insanlar adətən ona görə bu pillədə oxuyurlar ki, ali məktəblərdə
işləsinlər. Bununla da özləri üçün akademik karyera təşkil etmək istəyirlər”.
Ekspertin fikrincə, başqa sahələrdə çalışanlar
doktorantura arxasınca getmirlər. O mənada ki, sənayedə, zavod və fabriklərdə, hətta dövlət
müəssisələrində işləyən insanlar üçün təcrübə doktorantura təhsili və ya "Fəlsəfə
doktoru” elmi dərəcəsini almaqdan daha asandır: "Belə bir zərurət olmadığı üçün
də doktorantura pilləsini ali məktəbdə işləyənlər və gələcəkdə işləmək
istəyənlər oxuyur. Ali məktəblərdə də məvacib yetərli olmadığı üçün hazırda ali
məktəbdəki müəllimlərin feminizasiyası ilə qarşı-qarşıyayıq. Ali məktəblərdə
işləyən qadınlar müəyyən qədər vaxtları olduğu, məvaciblərindən və bu
situasiyadan razı qaldıqları üçün doktorantura təhsili alırlar. Çünki adətən
Azərbaycan ailəsində ailənin maddi yükünü daha çox kişilər çəkir, qadınlar da elmi
karyeranı bir növ zövq, şəxsi təkmilləşmə, elmi inkişaf üçün edirlər. Onlar daxildən
gələn motivasiya ilə bu karyeralarını davam etdirirlər. Ancaq elmi işi yarıda qoyanların
da sayı çoxdur. Ümumiyyətlə, ali məktəblərdə işləyib doktoranturasını tamamlamayanların
da sayı kifayət qədərdir”.
Ekspert hesab edir ki, bunun səbəbi ali məktəbdə
işləyən elmi-pedaqoji kadrların sayının çoxluğudur. Belə ki, bir ali məktəbdə
dərs keçən müəllim, eyni zamanda başqa ali məktəblərdə də, kurslarda da dərs
keçir, üstəlik, şəxsi repetitorluq fəaliyyəti ilə də məşğul olur: "Ali
məktəblərdə kafedra müdiri olanlar, dosentlər belə, repetitorluq edirlər. Bunu,
əlbəttə ümumiləşdirmək olmaz, amma bu kimi hallarla tez-tez qarşılaşırıq.
Doktorantura təhsili pilləsini bitirənlərin əksəriyyəti qadın olacaq. Çünki
kişilərin bu təhsili almağa, alarlarsa da, yekunlaşdırmağa vaxtları yoxdur”.
Təranə Məhərrəmova