• çərşənbə axşamı, 23 aprel, 15:20
  • Baku Bakı 24°C

Kişilər də hüquqlarından şikayətçidir

19.11.14 10:48 1210
Kişilər də hüquqlarından şikayətçidir
Beynəlxalq Kişilər Günü – hər il noyabr ayının 19-da qeyd olunan beynəlxalq tədbirdir. İlk olaraq 1999-cu ildə Trinidad və Tobago adasında (Karib dənizi adaları) yaranmış və Avstraliya, Karib dənizi ölkələri, Şimali Amerika, Asiya, Avropa və Afrika ölkələrində də qeyd olunmağa başlanılıb. Hazırda dünyanın 60-dan çox ölkəsində qeyd olunur. Beynəlxalq Kişilər Gününün qeyd olunmasında məqsəd kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək və müsbət kişi rolu modelini vurğulamaqdır. Bu, kişilərə qarşı olan ayrı-seçkiliyi nəzərə çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və nailiyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Təməl məqsəd isə insani dəyərləri önə çəkməkdir.
Kişilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Yusif Bəkirov bizim ölkəmizdə də bu tədbirin hər il qeyd edilməsinin tərəfdarıdır. Belə ki, KHMT rəhbəri noyabrın 18-də keçirdiyi mətbuat konfransında dünyanın hər yerində kişilərin hüquqlarının pozulduğunu, onların qadınlardan daha çox zorakılığa məruz qaldığını qeyd edərək 8 Mart Beynəlxalq Qadınlar Günündən fərqli olaraq bu günün heç də hər yerdə təntənəli surətdə qeyd olunmadığını bildirdi: “Məqsədə nəzər saldıqda kişilərin sağlamlıq məsələlərinə köklənmək, genderlərarası münasibəti təkmilləşdirmək, gender bərabərliyinə yardım etmək olduğu halda bizim ölkədə gender bərabərliyi sahəsində böyük irəliləyişlər olmasına baxmayaraq, məhz bu günün qeyd olunması arxa planda qalıb. Qadın və kişilər arasında qanunvericilikdə bəzi pozitiv diskriminasiyaya rast gəlinir. Bunlardan biri məhz qadınların abort etdirməsi ilə bağlıdır ki, bu halda qadına tam azadlıq verilib və qadın kişinin razılığı olmadan belə abort etdirə bilər. Halbuki qadının abort etdirdiyi uşaq həmçinin kişinin də uşağıdır ki, bu barədə qarşılıqlı razılığın olması vacib şərtdir. Bundan başqa bildiyiniz kimi, cinayət törətmiş qadınlara ana olduqları nəzərə alınaraq yüngülləşdirici hallar tətbiq edilir ki, kişilərə gəldikdə bu cür yüngülləşdirici hallar nəzərdə tutulmayıb”.
Y.Bəkirov həmçinin kişilərin səhiyyə və yoxsulluqla bağlı problemlərinin olduğunu da bildirdi. Belə ki, hər il dünyada 30 minə yaxın kişi ürək-damar xəstəliyindən vəfat edir. “Kişilər qadınlara nisbətən daha tez həyatdan köçürlər. Bundan əlavə, AİDS xəstəliyinə kişilər daha çox tutulur. Səhiyyə sahəsində çoxlu proqramlar həyata keçirilir. Ancaq bu proqramlar düzgün aparılmadığından xəstəliklər yayılır. Həmçinin narkomanların çoxu kişilərdir”.
Y.Bəkirov hərbi xidmət keçilməsi ilə bağlı məcburi hüquqi normaların yalnız kişilərə tətbiq edildiyini bildirərək qadınların hərbi xidmət keçməkdən azad olduqlarını xatırlatdı: “Hətta pensiya yaşı ilə bağlı məsələlərdə də bildiyimiz kimi qadın və kişi bərabərliyi pozulur. Hal-hazırda Avropa İttifaqının üzvü olmayan Azərbaycanda pensiyaya çıxma yaşı 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçün 59 yaş yarımdır”. Y.Bəkirov bundan başqa, ölkəmizdə 2010-cu ilin 1 yanvarından «Əmək pensiyaları haqqında» qanuna əlavə və dəyişikliklərin qüvvəyə mindiyini qeyd edərək həmin dəyişikliklərə görə, 2015-ci il 1 yanvar tarixindən etibarən qadınların təqaüdə çıxma yaşının 60 yaş olacağını bildirdi. “Gündəmdə kişilərin pensiya yaşının 65-ə çatdırılması məsələsi qaldırılıb”.
Təşkilat rəhbərinin bildirdiyinə görə, artıq bir çox ölkələrdə pensiya yaşının artırılması tendensiyası davam edir. Belə ki, hazırda dünyanın bir çox ölkələrində pensiya yaşı 65 yaş təşkil edir. “Avropa və ABŞ-da pensiya yaşını kişi və qadınlar üçün 70 yaşa qaldırmaq niyyətindədirlər. Almaniya isə bu addımı yaxın gələcəkdə atmaq barədə düşünür. Qonşu Rusiyada isə qadınların pensiya dövrü 55, kişilərdə isə 60 yaşında başlayır. Xatırladaq ki, bu yaş qrupu 1932-ci ildən dəyişməz olaraq qalır. Hökumət isə pensiya yaşını qadınlarda 60, kişilərdə 65 yaşına qədər artırılmasını təklif edib”.
KHMT rəhbərinin sözlərinə görə, hər bir dövlət orta yaş həddinə uyğun olaraq pensiya həddini də mərhələli şəkildə artırır. Məsələn, 2040-cı ilə qədər Avropa ölkələrinin pensiya yaş həddi 70-ə qədər qaldırılacaq. Bu zaman həmin ölkələrdə orta yaş həddi 95-dən daha yüksək olması proqnozlaşdırılır. Hazırda bu ölkələrdə orta yaş həddi 80-83 civarındadır: “Azərbaycanda isə, əksinə, ölüm hələ ki, «cavandır». Məsələn, BMT-nin insan inkişafı Proqramının 2012-ci ilə dair hesabatında orta yaş həddinə görə keçmiş SSRİ ölkələrinin heç biri bu reytinqin ilk 50-liyinə belə daxil ola bilməyib. BMT bu rəqəmləri adıçəkilən dövlətlərin müvafiq statistik komitələrindən əldə edib. Əlbəttə, keçmiş SSRİ ölkələrində sovet psixologiyasından irəli gələn əsas xüsusiyyətlərdən biri rəqəmləri olduğundan da çox, ya da az göstərməkdir. “Buna əsasən deyə bilərik ki, həmin dövlətlərdə orta yaş həddi bundan daha aşağıdır. Orta yaş həddini daha yüksək göstərməkdə əsas məqsədlərdən biri pensiya yaşını qaldırmaqdır. Bununla təqaüd alanların sayını azaltmaqla dövlət büdcəsini əlavə yükdən azad etmək məqsədi qoyulub”. Y.Bəkirov hesab edir ki, keçmiş sovet ölkələri yaş həddini beynəlxalq normalara uyğunlaşdırmağa çalışsalar da, insanların ömürlərini nəzərə almırlar. Məsələn, Azərbaycanda orta yaş həddi ilə pensiya yaşı arasında fərq 10 il belə etmir. Amma inkişaf etmiş ölkələrdə bu fərq 15-20 yaşa qədərdir. “Avropa ölkələrində 2040-cı ilə kimi yaşa görə təqaüdə çıxma həddinin 70-ə qaldırılması başadüşüləndir. Çünki bu ölkədə gənc və orta yaş azaldığına görə sığorta ödəyicilərin də sayı kəskin şəkildə aşağı düşür. Hökumətlər vəziyyəti «sığortalamaq» üçün özəl pensiya fondlarının fəaliyyətini genişləndirirlər, yəni şəxs nə qədər vəsait ödəyəcəksə, o qədər də pensiya alacaq”.
Y.Bəkirov hesab edir ki, Azərbaycanda real statistika olsa, qadınların pensiyaya çıxma yaşı 50, kişilərdə 55 müəyyən olunması daha ədalətli olar: «Çünki Azərbaycanda orta ömür həddi statistikadan aşağıdır”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər