• cümə, 29 Mart, 10:31
  • Baku Bakı 5°C

“Kişi xarakterli bir qadınam” – Müsahibə

08.11.14 11:35 1922
“Kişi xarakterli bir qadınam” – Müsahibə
Son həftələrdə kinoteatrlara axın güclənib. Səbəb isə Türkiyə istehsalı olan filmlərin kinoteatrlarımıza daxil olmasıdır. Türkiyədə istehsal olunan “İncir Reçeli 2” filmi qardaş ölkədə böyük reytinq qazandı. Artıq iki həftədir ki, Azərbaycan kinoteatrlarında nümayiş olunan filmə bilet demək olar ki, tapılmır. Kassa işçiləri biletlərin bir neçə gün öncədən satıldığını deyir. Sosial şəbəkələrdə filmi izləyənlərin müzakirələri bitib-tükənmək bilmir. Məşhur filmdə rol alan yeni sima - Şafak Pekdemir ilk dəfədir ki, belə böyük bir layihədə iştirak edib. Məhz bu film sayəsində aktrisa qısa bir zamanda məşhurluq qazanıb. Türkiyə mətbuatına danışan aktrisa hazırda özünü göylərdə hiss etdiyini deyir.
- Sizdən əvvəl reytinq qazanmış bir filmə sonradan daxil olmaq aktrisa üçün böyük bir risk deyilmi?

- Əlbəttə, bu çox böyük bir riskdir. “İncir Reçeli” filminin ilk bölümünü izləyib, çox bəyənmişdim. Bu, mənim ilk film təcrübəmdir. Mənə ilk dəfə belə bir filmdə iştirak etmək təklifi gəldikdə, çox həyəcanlanmışdım. Ssenarini oxuduğum zaman izlədiyim ilk film ilə bunu heç bir əlaqəsinin olmadığını gördüm. Filmin ikinci bölümü birincisindən tamamilə fərqlənir. Tamaşaçıların filmə olan münasibətləri də mənə maraqlı idi. Onlar “Birinci bölümdən əsər-əlamət yoxdur” kimi sözlər işlədirlər. Əslində bu çox yaxşıdır.
- Canlandırdığınız obraz kimi sanki siz də bir az dəlisovsunuz, yoxsa biz yanılırıq?

- Bir az elədir. Yaratdığım obraz dəlisov və öz bildiyini edən bir qadındır. Mən özüm də elə də nərmənazik, nazlı-qəmzəli bir xanım deyiləm. Kişi xarakterli bir qadınam. Ona görə də canlandırdığım obrazı özümə çox yaxın hiss edirəm. Ancaq qəbul edirəm ki, bu xarakterim mənə çox zərər gətirir.
- Filmin bu qədər sarsıdıcı təsir göstərəcəyini təxmin edirdinizmi?

- Filmə çəkilərkən onun bu qədər reytinq qazanacağını və seviləcəyini təxmin etmirdim. Filmi canlandırarkən “görəsən izləniləcəkmi” deyə düşünmədim də. Bu film mənim ilk işim olduğu üçün çox həyəcanlı idim və düşünürdüm ki, görəsən insanlar məni sevə biləcəklərmi? Film nümayiş olunduqdan sonra insanların obrazıma olan münasibətini gördükdə, gözlərimə inanmadım. Hazırda ayaqlarımı yerdə hiss etmirəm, sanki göylərdəyəm.
- Maraqlıdır, siz necə bir ailədə doğulmusunuz?

- Çərkəzik. Biz yalnız bir mədəniyyətə sahib deyilik. Müsbət enerjili, komik bir anam var. Onunla dost kimiyik. 18 yaşında qardaşım var. O mənim həyatımın eşqidir. Onu hər kəsdən çox istəyirəm.
- Ən çox bəyəndiyiniz film hansıdır?

- Film izləməyi çox sevirəm. Ən çox bəyəndiyim film isə “500 Days of Summer”-dir.
- Sizcə, “İncir Reçeli”ndəki musiqilər filmin sevilməsinə əsas yaratdımı?

- Filmi yayımlanmamışdan öncə musiqisiz formada izlədim. Həmin film ilə qala gecəsində izlədiyim film arasında dünyalar qədər fərq var idi. Müslüm Gursesin mahnısı ola biləcək ən yaxşı musiqi olmuşdu. Hesab edirəm ki, filmin bu qədər reytinq qazanmasının əsas səbəblərindən bir də orada səslənən musiqidir. Filmi izlədikdən sonra anladım ki, eşq təktərəfli bir şey deyil. Özü eyni olsa da, forması çox şey dəyişir. Filmdəki qadın çox sərtdir. Ona görə də özünü təqdim etmək forması da çox dəyişikdir. Bu, musiqi ilə sintez olduqda, ortaya gözəl bir film ərsəyə gəlib.
- Filmdə sizə təsir edən cümlə nə oldu?

- Filmdəki ana cümləm “Biri olmaq lazım, ən azından biri üçün”dür.
- Həyatda ilham aldığınız nələr var?

- İnsanla bəslənirəm. Tək qalmağı çox bacarmıram. Tək qalanda vahimələnirəm. Çox əsəbi olanda saatlarla yeriyərək əsəbimi sakitləşdirirəm. O, bütün enerjimi təmizləyir. Yeriməyə halım yoxdursa, o zaman bir yerə gedib canlı və gözəl musiqi dinləyirəm. Qadınlar əsəbi olduqda alış-veriş edirlər. Ancaq mən alış-veriş etdikdə, depressiyaya düşürəm.
- Eşq üçün etdiyiniz ən çılğın şey nədir?

- Eşqlə bağlı acı bir hekayəm yoxdur. Yəqin ki, olmaz da. Hazırda çox gözəl bir münasibətim var. Eşqin çox xoşbəxt bir yerindəyəm. Mən eşqin xoşbəxt tərəfindən yararlanıram. Heç zaman eşqlə bağlı pis xatirələrim olmayıb.
- Komik qadınsınız. Sizdən belə dramatik bir obrazın çıxacağını təxmin edə bilirdinizmi?

- Çəkildiyim filmi dörd dəfə izlədim. Yenə də izləməyə davam edəcəm. Hesab edirəm ki, mənim ifamda gözəl bir xarakter ortaya çıxıb. “Gözlədiyimiz qədər ağlatmadınız” deyənlər də oldu. Bu da çox yaxşı bir haldır.
- Seçdiyiniz ssenaridə axtardığınız özəlliklər nələrdir?

- Mənə təklif olunan ssenarilərdə ilk olaraq oynamaqdan həzz ala biləcəyim xarakteri görmək istəyirəm. İnsanları səfeh yerinə qoymayacağım işlər görmək istəyirəm.
- Aktrisalıq sənətinə gəlməkdə məqsədiniz nədir?

- Uşaqlığımdan bəri məndə hər kəs ola bilmə həvəsi var. Aktrisa olduqda istənilən adamı canlandıra bilirsən. İstəsən həkim, istəsən vəkil, ya da başqa bir sahənin insanını canlandıra bilərsən. Aktrisalıq sənəti geniş bir sahədir. Nəzərinizə çatdırım ki, aktrisalıqdan əvvəl natiqlik və musiqi dərsləri aldım. Onların heç birinə özümü bu qədər yaxın hiss etmədim. Çəkiliş məkanına isə gülərək, oynayaraq gedirdim.
- Bir filmdə rol almaq sizin dünyagörüşünüzdə nələri dəyişdirdi?

- Bir filmdə rol almaqla özümə və öz qabiliyyətimə inandım. Nələrsə edə biləcəyimi gördüm. Özümlə bağlı bütün problemlərimi həll etdim. Bu film demək olar ki, həyatımı dəyişdi. Türkiyədəki qala gecəsində o qədər həyəcanlı idim ki, nə yediyimi, nə içdiyimi, kiminlə danışdığımı anlamadım. Filmi salonda izlədik və çıxdıq. Salonda filmə baxanda elə hesab etdim ki, sanki burda mən oynamamışam.
- Halil Sezai ilə münasibətiniz necədir? Onunla tərəf müqabili olmaq necə bir hissdir?

- Tərəf müqabili mənim çox narahat olduğum bir şeydir. Əvvəllər narahatlıq keçirirdim ki, görəsən necə olacaq, Halil bəylə yola gedə biləcəyikmi? Ancaq bəxtim gətirdi ki, onun kimi biri ilə rastlaşdım. H.Sezai ilk filmdə bərabər işləmək mümkün olan ən yaxşı aktyorlardan biridir. Hərdən öz-özümə “Mən bu işi bacarmayacağam” deyəndə, o mənə dəstək oldu. Buna görə ona minnətdaram. O sakit, gözəl bir dəniz kimidir. Mən isə həyəcanlı çılğın biriyəm. Həm də mənim üçün bu böyük layihə olduğuna görə özümü bir yerdə tuta bilmirdim.
- Gizəm obrazına hazırlaşdığınız ərəfələr maraqlı olub yəqin ki. Filmdə Gizəm döyməli, rəngli saç forması ilə insanların diqqətini çəkmişdi.

- Bəli, döymələri çətinliklə çəkdik. Orada bu məsələyə görə bir az da problem yaşadıq. Gün ərzində əgər çəkilişlər 9-da başlayırdısa, mən oraya 5-dən gedirdim. Döymələr edilirdi, əlavə saçlar taxılırdı və bu da mənim xeyli zamanımı alırdı.
- Yaratdığınız Gizəm obrazı ilə sizin oxşar tərəfləriniz varmı?

- Gizəm çox güclü qadındır. Mən onun qədər güclü biri deyiləm. O çox böyük acı yaşayıb və yaşadığı acının öhdəsindən mərdliklə gəlib. Gizəmin çox az bir hissəsi mənə bənzəyir. Çox əsəbiləşəndə mən də sərt və onun kimi oluram. Təbii ki, bu günə qədər heç kimə kəllə atmamışam (gülür). Mən də əsəbiləşəndə kiminləsə saatlarla danışaram. Onun özünü ifadə etmək halı mənə çox bənzəyir.
- “Güzgüyə bax, sən aşiq olmadan əvvəlki sənə bənzəyirsənmi?” sualı filmin ən çox bəyənilən hissəsidir. Maraqlıdır, siz aşiq olanda güzgüyə baxarkən nələr görürsünüz?
- Mən aşiq olanda böyük enerjiyə sahib oluram. Həyatımda önəmli biri olanda, o gözəllik bütün həyatıma təsir edir.
- Aktrisa olmağa necə qərar verdiniz?
- Məktəbə başlayana qədər həyatımda hər zaman voleybol var idi. Ancaq hiss edirdim ki, xoşbəxt deyiləm. Düşünürdüm ki, həyatımı rəngləndirmək üçün bir şey etməliyəm. Daha sonra gitara dərsləri aldım. Ancaq yenə də gördüm ki, bu mən deyiləm. Bir gün anama qərarımı dəyişdiyimi, “Artıq aktrisa olacam” - dedim. O da mənə aktrisalığı boş verməyimi, natiqlik dərsləri almağımı məsləhət gördü. Valideynlərim istəyirdi ki, mən dünyaya açılmayım. Onların istəyi ilə belə dərslər aldım. Onlar mənim evdə başımı qatmaq üçün bir işə sahib olmağımı istəyirdirlər. Sonra musiqi dərsi aldım. Hiss etdim ki, valideynlərim mənim diqqətimi dağıtmağa çalışır. Mən isə böyük həvəslə aktrisalığa hazırlaşırdım. Valideynlərimə bu fikrimdə ciddi olduğumu, bunun ötəri hiss olmadığını israrla bildirdim. Onlar da fikrimin ciddi olduğunu görüb, mənə dəstək oldular. Yaxşı ki, o zaman fikrimi dəyişmədim.
- Xarizmatik bir səsiniz var. Bununla bağlı sosial şəbəkələrdə müzakirələr də gedir.
- Əslində səsimlə bağlı maraqlı hadisələr baş verir. Məni tanımayan biri ilə telefonla danışarkən mənə “Yaxşı qardaş”, “ Olar bəy əfəndi” kimi cavablar verirlər. Mən də heç qadın olduğumu büruzə vermirəm. Səsimin bu qalınlığını sevirəm.
Xəyalə Məmmədova
banner

Oxşar Xəbərlər