Kişi müəllimlərin sayı niyə azdır?
Müasir
dövrdə peşələr arasında gender bərabərsizliyi daha da dərinləşməkdədir.
Məsələn, bank sektorunda çalışan qadınların sayı kişilərlə nisbətdə xeyli azdır.
Təhsil sahəsində isə vəziyyət bir qədər fərqlidir. Son illər ərzində pedaqoji
sahəyə meyllənən kişilərin sayı xeyli azalıb. Bəs görəsən bunun əsas səbəbi
nədir? Problemi necə həll etmək olar?
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyir ki, son illər ərzində təhsil sahəsində kişi müəllimlərin sayı xeyli azalıb:
"Bununla bağlı müxtəlif işlər görülür. Görülən işlər artıq yavaş-yavaş öz
nəticəsini verməkdədir. Müəllimlərin işə qəbulu obyektivlik və şəffaflıq
əsasında aparılır. Məzunlar artıq yavaş-yavaş pedaqoji sahəyə cəlb olunur.
Əvvəlki illərə nisbətən son 3-4 il ərzində bu sahədə aktivlik müşahidə olunur.
Amma ümumilikdə məktəbdə kişi müəllimlərin sayı xeyli azdır. Elə məktəblər var
ki, 150 nəfərlik kollektivdə cəmi 3 nəfər kişi müəllim çalışır. Təəssüf ki, belə
məktəblərin sayı çoxdur. Orta məktəblərdə dərs deyən müəllimlərin böyük
əksəriyyəti qadınlardır. Bunun səbəbləri isə müxtəlifdir. Əsas məsələ əmək
haqlarının az olmasıdır. Müəllimlərin aldığı əmək haqqı ilə ailə dolandırmaq
çox çətin məsələdir. Kişi müəllimlərin əksəriyyəti fərqli sahələrdə çalışırlar.
Belə nümunələrin sayı həddən artıq çoxdur. Kişi müəllimlər taksi sürücüsü,
fəhlə və xidmət sektorlarına meyllənirlər. Bu isə öz növbəsində təlim-tərbiyə
məsələsinə ciddi şəkildə təsir göstərir. Kişilərin nüfuzu və təsir gücü
qadınlara nisbətən daha çoxdur. Heç kim bunu inkar edə bilməz. Kişi müəllimlərin
sayının az olması təlim-tərbiyə məsələsində uşaqların psixologiyasına da ciddi
təsir göstərir. Uşaqların və gənclərin şəxsiyyət kimi formalaşmasında kişi
müəllimlərin rolu danılmazdır. Sevindirici haldır ki, bu tendensiya artıq
dəyişməyə doğru gedir. Məzunlarımızın qazandıqları nəticədən asılı olaraq
təhsil sahəsinə meyllənməsinin şahidi oluruq”.
Sosioloq Lalə Mehralı söylədi ki, müəllim olmaq istəyən məzunların sayı azdır: "Biz məktəbdə oxuyarkən 4 fəndən dərs
deyən müəllimimiz kişi idi. Həmçinin hərbi hazırlıq və idman müəllimləri də
kişilər olurdu. İni isə məktəblərdə kişi müəllimlər yox dərəcəsindədir. Hətta
dəfələrlə idman dərslərinin də qadın müəllimlər tərəfindən tədris edildiyinin
şahidi olmuşuq. Qadın müəllimlərin dərsləri tədris etməsi oğlan uşaqlarının
psixologiyasına ciddi təsir edir. İndi atalar uşaqlarına daha az vaxt ayırır.
Dolayısı ilə oğlan uşaqları məktəblərdə müəllimlərin yanında daha çox olur. Ona
görə də gün ərzində ən azı iki fənn kişi müəllimlər tərəfindən tədris
edilməlidir. Qadın müəllimlərin çoxluğu oğlan uşaqlarının xarakterinə təsirsiz
ötüşmür. İndi oğlan uşaqlarının çoxu qızlar kimi davranır. Oğlanlarda kişi
xarakteri formalaşmır. Bu onların danışıq tərzindən tutmuş, jestlərinə qədər
özünü göstərir. Çünki uşaqların xarakteri məktəblərdə formalaşır. Aydın
məsələdir ki, uşaqların tərbiyəsində müəllimlərin təsiri valideynlərdən daha
çox olur. Çünki uşaq valideyndən çox müəllimi görür. Ona görə də pedaqoji
sahədə kişi müəllimlərinin sayının artırılması vacibdir. Kişi müəllimlərin
sayının az olma səbəbi kimi əməkhaqqının aşağı olması göstərilir. Amma indi müəllimlərin
əksəriyyəti öz gəlirini əsasən repetitorluqdan qazanır. Məsələ burasındadır ki,
gənclərin müəllim olmağa meyli aşağıdır. İndi oğlan uşaqları adətən informasiya-texnologiya
sahəsinə meyllənirlər. Müəllim olmaq istəyən şagirdlərin sayı çox azdır.
Halbuki əvvəllər uşaqlardan böyüyəndə nə olmaq istədiyini soruşanda,
əksəriyyətinin cavabı müəllim olurdu. Əməkhaqqı səbəblərdən sadəcə biridir. Problemin
həlli kimi imtiyazlar yaradıla bilər. Kişi müəllimlər daha çox dərs saatı ilə
təmin olunsa və imtiyazları olsa, müəllim işləməyə maraq artar”.
Psixoloq Hüseyn Həsənov qeyd
edir ki, məktəb uşağın istər intellektual, istərsə də psixoloji inkişafına
təsir edən əsas faktorlardan biridir: "Uşaqlarda təxminən 3 yaşlarında "mən” formalaşmağa
başlayır və uşaq öz cinsiyyətinin fərqinə varmağa başlayır. Cinsiyyətinin
xüsusiyyətlərini isə ətrafı müşahidə edərək öyrənir. Kişi müəllimlərin əksikliyi
istər-istəməz müəyyən fəsadlara səbəb olur. Nəzərə almaq lazımdır ki, şagirdlər
günün böyük bir hissəsini məktəbdə keçirirlər. Kişi müəllimlərin azlıq təşkil
etməsi bu mənada xoşagəlməz bir haldır. Məktəb özü də bir cəmiyyətdir. Elə
ailələr var ki, ata ilə ana yarılıb. Belə uşaqlar xeyli əziyyət çəkir. Çünki
onların rol modeli olmur. Kişi müəllimlərin çatışmazlığı onların psxiologiyasına
ciddi təsir göstərir. Həyatdakı ən vacib şeylərdən biri də hər bir mövzuda
balansı qoruya bilmək və qorumaqdır. Bu mənada "kişi, yoxsa qadın müəllimlərin
çoxluq təşkil etməsi yaxşı olar?” kimi bir qarşılaşdırma doğru olmazdı, mümkün
qədər eyni və ya yaxın sayı təmin etmək lazımdır”.
Şəbnəm Mehdizadə