• cümə, 26 Aprel, 11:27
  • Baku Bakı 12°C

“Kişi” işi görən Sevinc Sadıqova: “Acizlik qadına yaraşmır”

29.04.15 13:27 2977
“Kişi” işi görən Sevinc Sadıqova: “Acizlik qadına yaraşmır”
Qadın deyib keçmə... Qadın anadır, qadın mələkdir, qadın dünyaya nəfəs verən, can gətirəndir... Qadın bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir. Cəmiyyətdə bəzən qadınlar zəif məxluq kim tanınırlar. Qadın zəif deyil, zərif məxluqdur. Ola bilər ki, kişi kimi güclü olmasın amma onun ürəyi güclüdür. Azərbaycan qadınları tarix boyu mərdliyi, şücaiəti ilə kişilərdən geri qalmayıb. At çapıb, qılınc oynadıb, döyüşlərdə iştirak edib. Ailəsini, vətənini qorumaq üçün canından, qanından keçib, vətənə layiqli övladlar yetişdirib. Yeri gəldikdə isə, alnını təri ilə, heç kimə boyun əyməyərək kişilərlə çiyin-çiyinə, mərdi-mərdanə çalışandır Azərbaycan qadını...
Azərbaycan qadınlarının tarix boyu çox cəsur, mərd addımlar atdıqları, qadın işləri ilə bərabər kişi işlərinin də öhdəsindən məharətlə gəldikləri danılmaz faktdır. Bu gün də həmin cəsur, işgüzar qadınları cəmiyyətimizdə görmək mümkündür. Təbii ki, Azərbaycanda öz sözünü deyən, lider qadınlar kifayət qədərdir. Amma mən bu yazımda tanınmayan amma nümunəvi qadından danışacam. Bu qadının fəaliyyətini gördükdən sonra, onun haqqında yazmağı özümə borc bildim.
Müasir dövrdə kişilərin çalışdığı sahədə qadınların olması təəccüblü qarşılansa da, ölkəmizdə “kişi işi” sayılan sahədə çalışan qadınlar da az deyil. Belə qadınlardan biri də “kişi” işi görən zərif qəhrəman Sevinc Sadıqovadır. Zərif qəhrəman dediyimə baxmayın. O, ən çətin peşələrdən olan ustalıq sənətini bəzi kişi ustalardan daha yaxşı görməyi bacarır. Artıq işinin peşəkarına çevrilən Sevinc 12 ildir ki, tikintidə usta kimi kişilərlə birlikdə çiyin-çiyinə çalışır.
Sevincin 30 yaşı var. O, Şəkidə anadan olub, böyüyüb başa çatıb. Orta məktəbi bitirdikdən sonra ailə həyatı quran həmsöhbətimizin taleyi gətirməyib və həyatın çətinlikləri ilə gənc yaşında üzləşib. Bəzən çörək almağa pulu olmayıb, amma heç kimə əyilmədən, əxlaqını qoruyaraq tipik Azərbaycan qadını kimi yaşayıb: “Bu həyatda heç kim sığortalanmayıb və heç kim başına gələcəklərdən xəbərdar deyil. Buna görə qadın ayaqları üzərində durmağı bacarmalı, heç kimdən asılı olmamalı və hansısa peşənin ardınca getməlidir. Bəzi “kişilər” düşünür ki, qadın ancaq evinin qadını, uşaqlarının anası olmalıdır. Qadının bir vəzifəsi var doğmaq və baş əymək. Bu fikirləri dəfələrlə də eşitmişəm. Mən bu fikirlə razı deyiləm. Kişi qadından fiziki cəhətdən güclü ola bilər. Amma bu heç nəyi həll etmir. Çalışmaq , sənət öyrənmək elə qadına lazımdır ki, sabah tək qalanda heç kimdən asılı olmasın. Mən də ailə qurdum, evimin qadını, uşaqlarımın anası olmaq istəyirdim. Ağlıma gəlməzdi ki, nə vaxtsa çalışa bilərəm. Amma yoldaşım və qızım rəhmətə getdikdən sonra, həyatda tək qaldım. Düşündüm ki, həyat davam edir və mən yoldaşımın, qızımın adına layiq olmaq üçün əxlaqımla yaşamalı və alnımın təri ilə pul qazanmalıyam”.
Sevinc özünün də dediyi kimi ailə qurana qədər heç bir sənətlə məşğul olmayıb. Kişi kimi geyinib və fəhləlik etməyə başlayıb. Kişilərlə birlikdə tikintidə işləyib, ustalığı öyrənib və fəhləliklə bərabər ev təmir etməyə başlayıb. O deyir ki, ilk günlər tikintidə hamı ona təəccüblə baxırmış: “İlk günlər tikintidə qadın görmək çoxlarına təəccüblü gəlsə də, işi bacardığımı görüb sonradan hamı alışdı. Əslində ev təmir etmək kişi deyil, məhz qadın işidir. Ev təmiri ustadan zəriflik, incəlik tələb edir. Bəzən bu iş kiməsə asan görünə bilər. Lakin insan əlinin bacarıqlarını divarda nümayiş etdirir. Ev təmir etmək o demək deyil ki, əlinə aləti götürüb boyanı divara necə gəldi sürtmək lazımdır. Əgər bir dəfə səliqəsiz etsən, onda bütün ev səliqəsiz görünəcək. Kişilər kobud olduğu üçün bu iş onlarda o qədər də yaxşı alınmır. Çünki kişilərin əl işi qadınlarda olduğu qədər səliqəli deyil. Onlar iş görərkən əlləri əsir. Amma qadın o qədər incəliklə işləyir ki, işinin haqqını verir. Məncə, təmir işləri qadınlara məxsusdur”.
Sevincin əl işləri bəyənildiyi üçün heç vaxt işsiz qalmayıb. Hətta o, səriştəli usta kimi ölkədə tanınmış simaların evlərini də təmir edib: “Kim deyirsə ki, iş tapa bilmirəm, bu, onun öz günahıdır. Əlinin zəhməti ilə çörək qazanmaq istəyənə hər vaxt iş var. Mən indiyə kimi çox yerdə işləmişəm. İşimi məsuliyyətlə gördüyüm üçün hər zaman işim bəyənilib. Tanınmış simaların da villalarında çalışmışam”.
Sənətinin incəliklərindən danışan həmsöhbətimiz düşünür ki, sənətin kişisi, qadın olmur. Onun sözlərinə görə, sənətkar işini bilirsə, sənətkardır: “Sənətin qadını, kişisi olmur. Sənətkar işini bacarırsa, cinsindən asılı olmayaraq o, işində uğur qazana bilər”.
Uzun illərdir kişilərlə birlikdə işləyən Sevinc deyir ki, bu, onu heç vaxt narahat etməyib. Onun sözlərinə görə, cəmiyyət içində necə ad qazanmaq qadının özündən asılıdır: “Qadın kişinin gördüyü hər işi bacara bilər. Elə kişi ustaları var ki, onlardan qat-qat güclü, həm də yaxşı iş görürəm. Adətən iş yoldaşlarım kişilər olduğu üçün bəzən pis baxanlar da olur. Amma hər şey qadının özündən asılıdır. Əgər qadının əxlaqı yerindədirsə, ona heç bir kişi yan baxa bilməz. Əxlaqı yerində olmayan qadını isə qapalı sandığa bağlasan da, o öz işini görəcək. Mən özüm kişilərlə işləməkdən özüm də kişi kimi olmuşam. Heç bir kişinin hünəri çatmaz ki, mənim otağıma ayağını qoysun və məni narahat etsin”.
Halal zəhmətilə çörək qazanan həmsöhbətimiz bəzi qadınların acizliyini qəbul edə bilmir. Onun sözlərinə görə, çalışmaq ayıb deyil: “Qadınlar var ki, oğurluq, əl-qolu olduğu halda dilənçilik edir. Təbii əxlaqsızlıq edənlər də az deyil. Əgər Allah mənə əl-qol, ağıl veribsə, nəyə görə işimi görüb pul qazanmayım? Həmişə demişəm ki, küçə süpür, kiminsə evində xidmətçi işlə, hansısa restoranda qab yu, bu, ayıb deyil. Əsas odur ki, halal zəhmətinlə pulunu qazan. Qadınların aciz olmasını götürə bilmirəm. Heç kəs işi ana bətnində öyrənmir. Əgər qadının ürəyində işləmək, halal zəhmətlə pul qazanmaq varsa, o pul qazanacaq. Mən heç bir işi özümə ayıb bilməmişəm. Bəzən olub ki, qonşunun həyətinə maşınla torpaq gəlib, gedib o torpağı həyətə daşıyıb zəhmətimin haqqını almışam. Pulu əziyyətlə qazanmaqdan zövq alıram. Çünki o zaman qazandığımın qədrini bilirəm”.
Müsahibimiz sonda vurğuladı ki, qadın zəif yox, zərif məxluqdur: “Yoldaşım rəhmətə getdikdən sonra evimin həm kişisi, həm də qadını oldum. Ondan sonra anladım ki, qadın zəif yox, zərif məxluqdur. Heç bir kişinin qadına zəif deməyə haqqı yoxdur. Çünki elə kişilər var ki, özləri qadın kölgəsində gəzirlər. Allah kişiyə də, qadına da iki əl, iki ayaq verib. Niyə biz aciz, kimdənsə asılı olmalıyıq?! Azərbaycan qadınları mərd, zəhmətkeş, qürurlu və halallığı sevəndirlər. Acizlik bizə yaraşmır”.
Qadın deyib keçməyin... Unutmayın, qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır.
Aygün ƏZİZ
Yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsinə təqdim edilir.

banner

Oxşar Xəbərlər