• şənbə, 20 Aprel, 11:35
  • Baku Bakı 14°C

“Kişi çöllük, qadın evlikdir” – Ailə

13.06.15 11:06 2649
“Kişi çöllük, qadın evlikdir” – Ailə
Amid Quliyev: “Güləyə görə 9 ildir şəhər həyatını kənd həyatına dəyişmişəm”
Gülnənə Quliyeva: “Kənd qızlarını inandıra bilmədim ki, oğlanın üzünə də baxmamışam”

Heç vaxt heç kimə ailələrində baş verənlərə müdaxilə etməyə imkan verməyiblər. Düşünürlər ki, ailədə baş verənlərə müdaxilə etmək icazəsini ən çox sevdiyin insanlara belə verməməlisən. Rubrikamızın bu dəfəki qonaqları Şabran rayonunun Zeyvə kəndində bir-birinə könül verən cütlükdür. Amid Quliyev Şabran rayon Şahmurad Nuriyev adına Zeyvə kənd tam orta məktəbində tarix fənnini tədris edir. Gülnənə (Gülə deyə çağırılır - L.M.) Quliyeva isə evdar qadındır. İki övladları var. Ömər 4, Zəhra isə 1 yaşındadır. Əvvəlcə tanışlıqlarından başlayaq…
Ürəyini açmağa cəsarət etmir
Amid 2006-cı ildə təyinatla Zeyvə kənd məktəbində tarix fənnindən dərs deməyə gedir. Kirayənişin kimi Gülənin məktəb direktoru olan xalasının evində qalır. Elə Güləni də ilk dəfə orada görür. Amidlə yanaşı, 16 yaşlı Gülə də evi təmir olunan xalasına köməyə gedir. Bütün günü səhərdən axşama qədər evin rənglənməsində və digər işlərdə Amidlə birgə iştirak etsə də, bircə dəfə də başını qaldırıb onun üzünə baxmır. Axşam Gülə evlərinə qayıdanda kəndin qızları onu dairəyə alıb xalasıgildəki müəllim oğlan barədə suallar verməyə başlayırlar: “Gün boyunca başımı aşağı salıb işimi gördüyümə, oğlanın üzünün nə rəngdə olduğunu belə görmədiyimə onları inandıra bilmədim”.
Amid isə elə ilk görüşdən Güləyə vurulur: “İlk dəfə Güləni xalasıgildə gördüm. Mən Qubadlıdanam və biz tərəfdə belə bir adət var ki, hansı evdə yaşayırsansa, o evin xanımlarına kəmgöz baxmaq olmaz, ürəyindən nəsə keçsə, onu ifadə edə bilməzsən. Bunları nəzərə alıb təxminən 5 aydan sonra qərara gəldim ki, Gülənin xalasının evindən başqa evə kirayə çıxım. Elə də etdim”.
Amma başqa evə köçməsi də Amidə kömək etmir. Cəsarət edib ürəyini Güləyə aça bilmir. Çox götür-qoydan sonra belə qərara gəlir ki, məsələni Gülənin xalasına açsın: “Düşündüm ki, xalası həm dərs dediyim məktəbin direktoru, həm də müəllim yoldaşımdır, məni anlayar. Sonra anası ilə danışdım. Razılıq olduğunu görüb bizimkilərə xəbər verdim. Beləcə, münasibətlərimiz yaxınlaşdı”.
Gülənin fikrini soruşmağa gəlincə, Amid deyir ki, Gülənin də fikrini təxmini bilirmiş: “Bilirdim ki, Gulənin xəbəri var. Anası razıdırsa, deməli, qızıyla danışıb. Sonra Gülə ilə də ünsiyyətə girdim”.
“Altı ildə bir dəfə də üzündən təbəssüm itməyib”

Qeyd edək ki, Amid əslən Qubadlıdan olsa da, Sumqayıtda böyüyüb. Yüksək balla Bakı Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub. Sonra ixtisasını artırmaq üçün iki il müddətində Türkiyədə təhsil alıb. Vətənə qayıtdıqdan sonra iş üçün Təhsil Nazirliyinə müraciət edib. Ona iki iş təklif olunub. İşlərdən biri xarici ölkədə olduğundan valideynləri, xüsusilə də anası razılıq verməyib. Sonda təyinatla Zeyvəyə gedib. Amma kənddə uzun müddət qalmamaq şərtilə…
Gülə ilə tanışlığı isə onun kənddə nə az, nə də çox, 9-cu ildir qalmasına gətirib çıxarıb. Hələ də Şahmurad Nuriyev adına Zeyvə kənd tam orta məktəbində müəllimlik fəaliyyətini davam etdirir.
Amid Güləni seçməsinin səbəblərindən də danışdı: “Bizim ailə ziyalı ailədəir. Amma daim insanlarda savadla bərabər, mərdliyə, xeyirxahlığa, təmizliyə, saflığa qiymət vermişik. Gülə orta təhsillidir. Amma bu, onun insanlığına təsir etmir. İnsan olaraq mənəvi keyfiyyətləri çox yüksəkdir. Gülərüzdür, safdır, dürüstdür, ailəsinə bağlıdır, ailəsini qorumaq üçün hər şeyi qurban verməyi bacarır. Ailədə mehribançılığın olması, söz-söhbətin olmaması üçün çox çalışır. Altı ildir ailə qurmuşuq. Evimiz həmişə qonaq-qaralı olub. Altı ildə bircə dəfə də Gülənin üzündən təbəssümün getdiyini müşahidə etməmişəm. Çox mehribandır. Fikrim var ki, bu il onun təhsil problemini də həll edək, sənədlərini heç olmasa kollecə versin”.
Gülə isə nə üçün Amidə “hə” dediyini bilmir. Deyir ki, hələ də bunun səbəbini tapmayıb: “Sadəcə, ondan xoşum gəlirdi. Niyəsini isə bilmirəm”.
Ailə məsələlərinə heç kim qarışa bilməz
Bütün ailələrdəki kimi onların da ailəsində irili-xırdalı narazılıqlar olur. Ailə problemlərini necə həll etmələrinə gəlincə, Amid deyir ki, bütün məsələlərin həlli yolunu qarşılıqlı şəkildə tapırlar: “Heç vaxt heç kimi ailəmizin daxilində baş verənlərə yaxın buraxmamışıq. İstər mənim, istərsə də onun valideynlərinin bizim ailə problemlərimizə qarışmasına imkan verməmişik. Bu, bizim hər şeyi bir-birimizdən öyrənməyimizə kömək edib və bir-birimizə bağlılıq yaradıb. Həyatda elə bir varlıq yoxdur ki, onu anamla dəyişə bilim. Anama çox bağlıyam. Seçim qarşısında qalsam, övladımı da anama qurban edərəm. Amma ailə problemi elə bir məsələdir ki, orada ən çox sevdiyin insanları belə, kənarda tutmalısan. Deyirlər, bir məsələni 5 baş fikirləşəndə tez həll olunur. Mənsə düşünürəm ki, 5 ağıl o məsələni 5 istiqamətə yönəldə bilər. Buna görə də ailə məsələlərinə başqalarının qarışmamasının tərəfdarıyam”.
“Yemək bişirməyi qayınanam öyrədib”
Onu da deyək ki, ailə qurduqdan sonra Amid bir il Zeyvədə, Gülə isə Sumqayıtda həyat yoldaşının valideynləri ilə qalıb: “19 yaşımda ailə qurdum. Anam məni və bacımı heç vaxt biş-düş işinə yaxın buraxmadığına görə qayğanağı belə bişirə bilmirdim. Hamısını Amidin anası səbirlə mənə öyrətdi. Orada olduğum bir il müddətində bir dəfə də xətrimə dəymədi”.
Azərbaycanın regionlarındakı adət-ənənələr, hətta bəzi sözlər fərqli olduğundan, Gülə qayınatasıgildə bir sıra çətinliklər də yaşayır: “Qayınanamın bəzi sözlərini başa düşmürdüm. Bir dəfə mətbəxdə yemək bişirəndə mənə dedi ki, “jaronnik”i (tava – L.M.) gətirim. Mən də “jaronnik”in nə olduğunu bilmirəm. Soruşmağa da utanıram. Qayınanam bir neçə dəfə “jaronniki” istədikcə, mən nə edəcəyimi bilmədiyimdən hər dəfə gedib o biri otaqlarda yır-yığış aparırdım ki, nədirsə, özü götürsün. Təbii ki, sonda məndən cavab almayınca özü tavanı götürdü, mən də bildim ki, nəymiş. Bir dəfə də hamamda əl-üzünü yuduqdan sonra məndən məhrəba (Qarabağ zonasının bir çox yerlərində əl-üz dəsmalına məhrəba deyilir – L.M) istədi. Mən də otaqlarda var-gəl edir, məhrəbanın nə olduğunu bilməsəm də, məhrəba axtarırdım. Fikirləşirdim ki, adam hamamda dəsmal işlədər, bəs görəsən, məhrəba nədir. Qayınanam bir neçə dəfə məhrəba istəyəndən sonra məndən səs-soraq gəlmədiyini gördü və axırda özü götürdü”.
Kənd və şəhər ailələrinin fərqi
Amid kənddə və şəhərdə yaşayan ailələr arasındakı fərqlərdən də danışdı: “Mən şəhərə nisbətdə kənddə ailə dəyərlərinin möhkəm olduğu fikri ilə razılaşmıram. Şəhərdə psixologiya başqa cürdür, ailənin idarə olunması qaydaları fərqlidir. Şəhərdə ailə ilə münasibət qurmaq, ailənin dünyagörüşünü artırmaq, cəmiyyət içində formalaşmasını təmin etmək daha rahatdır. Amma kənd mühitində bu, dar çərçivədədir. Kənddə çəkilmiş sərhəddən kənara çıxa bilmirsən. Amma şəhərin mühiti də, cəmiyyəti də daha genişdir. Mənə görə, kənd mühiti daha xoşdur. Amma Gülə düşünür ki, şəhər daha yaxşıdır. Buna görə ortaq nöqtəyə gəlməliyik. Gülənin istəyilə 3-5 ilə Sumqayıta köçməyi düşünürük”.
“Uşağa heç vaxt “yox” demirəm, amma…”

Müsahiblərimiz övladlarını tərbiyə metodundan da danışdılar. Məlum oldu ki, Gülədən fərqli olaraq, Amid uşağa heç vaxt “olmaz” ifadəsini demir, uşağı vurmağı xoşlamır: “Uşağa nəyinsə səhv olduğunu səs tonumu qaldırmaqla başa salıram. Oğlum böyük olduğundan ən çox onunla ünsiyyətdə oluram və nəsə istəyəndə onu edəcəyimizi, amma hələ vaxtı olmadığını başa salıram. Nə isə istəyəndə əgər imkan yoxdursa, yaxud zamanı deyilsə, başa salıram ki, birinci bu biri işi görmək, pul xərcləmək lazımdır, sonra digər məsələləri edərik. Oğlum da həmişə mənimlə razılaşır. Övladlarımı çox sıxmıram. Uşağa çox pul verməyi də xoşlamıram. Düşünürəm ki, çox pul uşağın tərbiyəsində ən böyük nöqsandır. Nəsə alanda da mağazaya bir yerdə gedirik. Uşaq da cüzi bir şeylə kifayətlənməyi bacarır. Çünki elə böyüməsə, gələcəkdə heç nəyin qədrini bilməz. Məsələn, mən dəfələrlə şahidi olmuşam ki, mağazada kiminsə uşağı ayaqlarını dirəyib valideynlərindən nəsə almağı tələb edib. Həmişə Allaha yalvarımşam ki, mənə belə övlad qismət etməsin. Övlad valideyni ilə razılaşmalıdır. Bəzən deyirlər ki, uşaq başa düşmür. Elə deyil. Uşağı körpəlikdən tərbiyə etsən, uşaq hər şeyi başa düşəcək”.
“Kişi çöllük, qadın evlikdir”
Həmsöhbətlərimiz düşünürlər ki, ailənin möhkəm olmasında əsas yük kişinin üzərinə düşür: “Amma ailədə tərbiyənin formalaşmasında, qorunmasında ən böyük yük qadının çiyinlərindədir. Bu ikisindən biri qoparsa, iki zəncirdən biri ayrılarsa, ailəni ayaqda tutmaq mümkün deyil. Ağsaqqallar həmişə deyirdi ki, kişi çöllük, qadın evlikdir. Yəni çöllə evin vəhdətini təşkil etməsən, ailə dağılar. Biz çalışmışıq ki, birimiz çölü həll edək, digərimiz içərini. Ailə tərbiyəsi, uşaqların formalaşması, ümumiyyətlə, uşaqlarla bağlı bütün problemlərdə yük Gülənin üzərindədir. Mən, sadəcə, son qərarlarda ortada oluram”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər