• cümə axşamı, 28 mart, 13:43
  • Baku Bakı 16°C

Kirayə ev biznesi inkişaf edir

18.05.17 11:30 2896
Kirayə ev biznesi inkişaf edir
Azərbaycanda şəxsi evlərin turistlərə kirayə verilməsi halları artıb. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib. Onun sözlərinə görə, belə hallar həm Bakının mərkəzində, həm də Bakıdan kənar ərazilərdə müşahidə edilir. Azərbaycanda hotellərin sayının az olduğunu deyən M.Ağakərimov qeyd edib ki, ölkədə yeni hotellər inşa edilməlidir.
AzTA rəsmisi qeyd edib ki, hotellərin inşası üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir: "Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Ona görə də hotellərə tələbat var”. M.Ağakərimovun sözlərinə görə, hazırda Azərbaycanda 535 hotel fəaliyyət göstərir. Həmin hotellərin 146-sı Bakı və Abşeron yarımadasında yerləşir.
Bəs görəsən evlərin turistlərə verilməsinin hansı müsbət və mənfi tərəfləri var? Ümumiyyətlə evlərin bir günlük qiyməti nə qədərdir?
"Millenium” turizm şirkətinin rəhbəri Ruslan Quliyev deyir ki, turistlərə evlərin kirayə verilməsi əslində müsbət hal kimi qiymətləndirilməlidir: "Aztəminatlı ailələr üçün belə bir şəraitin yaradılması təbii ki, yalnız alışlana bilər. Artıq nəinki paytaxt Bakı şəhərində, həmçinin bölgələrdə də turistlərə evlərin kirayə verilməsi məsələsi gündəmdədir. Bu özlüyündə həm də turizmin inkişafı və məşğulluğun artımı baxımından faydalıdır. Xüsusən də bölgələrdə yaşayan və gəliri aşağı olan insanların rifahını yaxşılaşdırmaq baxımından bu çox vacibdir. Təcrübə onu göstərir ki, kütləvi turizmin inkişafı üçün çalışırıqsa, mehmanxana və hotellərlə yanaşı, Bakı şəhərində və rayonlarda mənzillərin turistlərə kirayə verilməsi çox vacibdir. Kirayə verilən mənzillər həm də turistlərin yerləşdirilməsi probleminin aradan qaldırılmasına xeyli köməklik edir. Evlərini kirayə verən şəxslər əlavə xidmətlərin göstərilməsində də maraqlı ola bilərlər. Düşünürəm ki, bu addım həm də kənddən şəhərə olan axının qarşısının alınmasına səbəb ola bilər”.
Mövzu ilə bağlı Müzəffər Ağakərimovun da fikirlərini öyərndik: "Turizm inkişaf etdikcə, hotellərə və hotel tipli müəssisələrə olan tələbat da durmadan artır. Təəssüflər olsun ki, bizdə belə hotellərin sayı qənaətbəxş səviyyədə deyil. Bahalı və çoxulduzlu hotellərlə yanaşı, aztəminatlı turistlər üçün nəzərdə tutulan hotellər də olmalıdır. Azərbaycanda bu tipli hotellərin sayı çox az olduğuna görə, gələn turistlərin əksəriyyəti məcbur olub kirayə ev götürürlər. Təbii ki, bu, evini kirayəyə verən şəxslərin gəlirlərinin artması baxımından çox yaxşı haldır”.
M.Ağakərimov deyir ki, turistlərin sayı artdıqca, bu tələbatın artması normaldır: "Kirayədə əsasən təhlükəsizlik məsələləri, vergi ödənişləri və sanitar-gigiyenik qaydalara riayət məsələsi hostellərdən fərqlənir. Hostellərdə bu daha yüksək səviyyədə olur. Evini turistə kirayə vermək olar. Amma kirayə verən şəxs bu kimi nüanslara diqqət yetirməlidir ki, qaydalara uyğun olsun. Bu istiqamətdə Gürcüstan və Türkiyə təcrübəsindən yararlana bilərik. Xüsusən Gürcüstanda bu təcrübə daha yaxşı inkişaf edib”.
Turizm şirkətinin rəhbəri, hüquqşünas Rəhman Quliyev deyir ki,kirayə ev biznesinin inkişafı hotellərin dolu olması ilə bağlıdır: "Vətəndaşların öz evlərini turistlərə kirayə verməsi əlbəttə, müsbət məqamdır. Bu, ilk olaraq vətdaşların sosial rifahına müsbət təsir göstərir. Bununla yanaşı, kirayə biznesi həm də turizmin ikişafına faydalıdır. Lakin burada bəzi diqqət yetiriləsi məqamlar var. Belə ki, ilk növbədə turistlərin təhlükəsizliyini təmin etmək məqsədilə kirayə verilən evlər birmənalı şəkildə vergiyə cəlb edilməlidir. Ev yiyəsi bu haqda hüquq-mühafizə orqanlarına məlumat verməkdə maraqlı olmalıdır ki, neqativ hallara yol verilməsin. Qiymətlərə gəlincə isə, deyə bilərəm ki, bu, kirayəyə verilən evdən asılıdır. Şəhərin mərkəzində olan evlərin bir günlük qiyməti 80-100 manata, mərkəzdən kənar evlərin bir günlük haqqı isə 50 manatadək ola bilir. Əgər vətəndaş vergidən yayınmırsa və turistə normal şərait təmin edə bilərsə, burada qeyri-adi heç nə yoxdur. Dünyanın bir çox ölkələrində bu təcürbədən istifadə edilir. Lakin turistə verilən kirayə ev müqavilə əsasında olmalıdır. Çünki ev sahibi turistin təhülkəsizliyinə cavabdehlik daşıyır və turistin qiymətli əşyaları, yaxud nağd pulu ola bilər. Bu kimi detallar mütləq nəzərə alınmalıdır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər