• şənbə, 20 Aprel, 11:59
  • Baku Bakı 14°C

Kirayə bazarında durğunluqdur

25.07.19 10:30 21331
Kirayə bazarında durğunluqdur
Azərbaycanda aztəminatlı gənc ailələrin ən böyük problemlərindən biri də məhz mənzil problemidir. Bu gün ev almağa imkanı çatmayan xeyli sayda gənc ailə var. Düzdür, son illər bu istiqamətdə müəyyən işlər görülür. Gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması üçün bəzi addımlar atılır. Amma hələ də problem böyük mənada öz həllini gözləyir. Bəs görəsən mənzil bazarındakı ümumi vəziyyət necədir?
Əvvəlcə kirayə bazarındakı qiymətlərlə maraqlandıq. Bu işlə məşğul olan bir neçə şirkətlə əlaqə saxladıq. Əvvəlcə qeyd edim ki, kirayə mənzilin qiyməti harada yerləşməsindən asılı olaraq dəyişir. Yəni belə demək olarsa, mərkəzdə iki otaqlı təmirsiz evin bir aylıq kirayəsi, nisbətən qıraq ərazilərdə yerləşən üçotaqlı evin qiymətindən daha bahadır. Şəhərin mərkəzində orta təmirli iki-üç otaqlı mənzilin bir aylıq qiyməti təqribən 400-500 manat təşkil edir. Nisbətən kənar ərazilərdə yerləşən mənzillərin aylıq kirayə qiyməti isə təqribən 300-350 manat təşkil edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı"Kaspi”yə açıqlamasında bildirdi ki, mənzil bazarında vəziyyət stabil xarakter daşıyır: "Hələlik kəskin qiymət artımları, yaxud qiymət enmələri müşahidə olunmur. Digər göstəricilər üzrə də artım və ya azalma yoxdur. Əsas problemlərdən biri tələb və təklif strukturu arasında ciddi fərqin olmasıdır. Bu isə bazardakı ümumi vəziyyətə mənfi təsir göstərir. Həm təkrar bazarda, həm də yeni mənzillərdə vəziyyət təqribən oxşardır.Yay mövsümündə adətən mənzil bazarında passivlik müşahidə edilir. Həmçinin, bu aylarda adətən nağd alışlarda və ipoteka kreditlərinin həcmində də azalma olur. Buna görə də tələbin səviyyəsi aşağı düşür. Nəticədə mənzillərin qiyməti cüzi də olsa nisbətən aşağı enir. Kirayə mənzil bazarında isə yay aylarında durğunluq müşahidə olunur. Bir və ikimərtəbəli fərdi yaşayış evlərindən ibarət yaşayış massivlərində olan kirayə evlərin qiyməti bu dövrdə 10-15 faizə qədər azalır. Çünki tədris mövsümü yekunlaşdıqdan sonra yayda tələbələr paytaxtdan regionlara axın edir. Ona görə də isti aylarda kirayə mənzil bazarında qiymətlər bir qədər aşağı düşür. Amma bu müvəqqəti xarakter daşıyır. Sentyabr ayında qiymətlər yenidən bahalanacağı istisna edilmir. Çünki təklif portfelinin həcmi genişləndikcə qiymətlər artır. Ümumilikdə mənzil bazarını xarakterizə etsək deyə bilərik ki, dinamika istənilən səviyyədə deyil. Alğı-satqı əməliyyatları xeyli azalır”.
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, mənzil bazarında satılan mənzillərin təklif olunan qiymətləri ilə real qiyməti arasında fərq var: "Mənzil bazarı üzrə aparılan araşdırmalar onu göstərir ki, bazarda tələb istənilən səviyyədə deyil. Hələlik, ciddi qiymət azalmaları müşahidə edilməsə də, qiymət monitorinqləri və rəsmi statistika onu deməyə əsas verir ki, vəziyyət qaneedici deyil. Əslində mənzil bazarında iki növ yəni, təklif olunan və real qiymətlər var. Təklif olunan qiymətlər hər zaman yüksək olub. Adətən mənzillər yüksək qiymətə təklif olunur, alğı-satqı zamanı tərəflər daha aşağı qiymətə razılığa gəlir və mənzil satılır. 2018-ci ildən bazarda təklif tələbi üstələməyə başladı. Pilot layihələrin istifadəyə verilməsi, inşaat sektorunda təklifin artması müşahidə olundu ki, bu da mənzillərin sayında artıma gətirib çıxardı. Proseslərin fonunda isə qiymətlər nisbətən azalmağa başladı. Kirayə bazarına gəlincə isə burada vəziyyət bir qədər fərqlidir. Əvvəlki illərə nisbətən bu il kirayə bazarında da durğunluq var. 2014-cü ildən başlayaraq kirayə mənzillərə tələb yüksəlmişdi. Ötən illərlə müqayisədə bu il kirayə bazarında tələbin azalması turist axınındakı azlıqla əlaqələndirilə bilər. Turistlərin böyük bir qismi isə bölgələrimizdə qalmağa üstünlük verirlər. Bu da paytaxtda kirayə evlərə olan tələbi aşağı salır. Həmçinin, tədris ili ilə əlaqədar olaraq tələbələrə rayonlara axın edir. Sentyabr ayından kirayə mənzillərə olan tələb yenidən artmağa başlayacaq. Bu da qiyməti nisbətən ucuz, ikiotaqlı kirayə mənzillərin qiymətinin artacağı proqnoz edilir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər