Kipr probleminin həlli Qarabağ üçün açar ola bilərmi?
40 ildən
artıqdır həllini tapmayan Kipr problemi çözülə bilər. Bu istiqamətdə danışıqlar
gedir və BMT-nin baş katibi Antonio Guterres danışıqları "tarixi məqam”
adlandırıb.Bəs bu cür gedişat Azərbaycanın işğal olunmuş torpaqlarının
azad edilməsi üçün zəmin yarada bilərmi? BMT bu münaqişədə də aktivlik nümayiş
etdirib öz qəbul etdiyi qətnamələrin icrası ilə məşğul ola bilərmi?
Politoloq Elxan Şahinoğlu "Kaspi”yə açıqlamasında dedi ki, müxtəlif
vaxtlarda iki dəfə Şimali Kipr Türk Cümhuriyyətində olub və bu problemlə
yaxından maraqlanıb: "Eynilə Dağlıq Qarabağda olduğu kimi, Kiprdə də 1960 və
1970-ci illərdə adanın yunan hissəsi silahlanaraq adada etnik təmizləmə həyata
keçirməyə çalışıb, Xocalı soyqırımına bənzər qırğınlar törədib. Türkiyə məcbur olub
adaya ordusunu yeridib və bu yolla qətliamların qarşısını alıb. Bundan sonra
Kipr probleminin həlli istiqamətində danışıqlar başlayıb. Ancaq bu danışıqlar
da illər uzunu Dağlıq Qarabağ danışıqları kimi nəticəsiz qalıb. Yalnız 2005-ci
ildə BMT-nin keçmiş baş katibi Koffi Annan bir plan irəli sürdü və həmin plan
adanın hər iki hissəsində referenduma çıxarıldı. Qüsurlarına rəğmən, adadakı
türklər həmin plana "hə” dedi, yunanlar isə əleyhinə çıxdı. Avropa İttifaqı
yunanları qınamaq əvəzinə, onları birliyə üzv qəbul etdi. Bu, ədalətsizlik idi.
Üstündən illər keçdikdən sonra danışıqlar yenidən intensivləşib. Hesab edirəm
ki, tərəflər bu dəfə ortaq məxrəcə gəlməyə daha yaxındırlar. Kipr probleminin həlli
hamının xeyrinədir. Kipr probleminin həllində başlıca rol BMT-yə məxsusdur.
Çünki problem yarandığı gündən adada BMT-nin sülhməramlıları var, üstəgəl, təşkilatın
baş katibinin bu məsələylə bağlı daim müşavirləri olur”.
Politoloq
təəssüflə bildirdi ki, eyni sözləri Dağlıq Qarabağ münaqişəsinə aid etmək
mümkün deyil. BMT-nin münaqişənin həlliylə bağlı 4 qətnaməsi var və təşkilat həmin
qətnamələrin yerinə yetirilməsini təmin etməlidir. Ancaq təşkilat münaqişənin həllinə
görə bütün yükü ATƏT-ə ötürüb. Onlar isə 25 ildən çoxdur ki, mənasız
danışıqları uzatmaqla məşğuldurlar: "Əlbəttə, Kipr probleminin həlli
perspektivi bizi sevindirir, çünki adadakı türklərin də haqları tanınmalıdır. Bundan
sonra biz istərdik ki, BMT Dağlıq Qarabağdakı azərbaycanlıların haqlarının
tanınması üçün də fəaliyyət göstərsin. Amma mənim şəxsi fikrim belədir ki,
Dağlıq Qarabağ münaqişəsinin həllini nə BMT, nə də ATƏT sürətləndirəcək. Təşəbbüsü
öz əlimizə almalıyıq. Misal üçün, erməni saytlarından biri Ermənistanın cəbhə
bölgəsindəki itkiləri ilə bağlı maraqlı statistika açıqlayıb. Deməli, 2016-cı
ildə Ermənistanın Dağlıq Qarabağda və Azərbaycanla sərhəddə itkilərinin sayı
166 nəfərdir. Bunlardan 147 nəfəri hərbi xidmətdə olanlar, 18 nəfəri isə
könüllüdür. 109 nəfər döyüşdə, 57 hərbçi isə qeyri-döyüş şəraitində öldürülüb.
Bu statistikanı yayan erməni saytı iki maraqlı müqayisə də aparıb. Birincisi,
2015-ci ildə Ermənistanın itkiləri 76 nəfər idi, yəni özlərinin yazdığına görə
itkiləri iki dəfə artıb. İkincisi, saytın yazdığına görə, 1994-cü ildən bu yana
ilk dəfədir, Ermənistan cəbhə bölgəsində könüllülərini itirir. Əslində, Ermənistanın
2016-cı ildəki itkiləri bundan dəfələrlə çoxdur, gizlətməyə çalışırlar, tək elə
aprel ayındakı döyüşlərdə yazdıqlarından ən azı, 3-4 dəfə çox itki veriblər.
Ancaq tutalım ki, erməni saytının yazdığı doğrudur, itkiləri elə yazılan
kimidir. İqtisadiyyatı və əhalisi ilbəil kiçilən Ermənistan üçün 166 gənci
itirmək faciədir. Çünki əhali artmır, olan-qalan gənclər isə ya döyüşlərdə
ölür, ya da ölkəni tərk etmək barədə düşünürlər. Aprel döyüşləri bu prosesi
daha da sürətləndirib. Bu statistika bir daha ondan xəbər verir ki, işğalçıya
qarşı hərbi təzyiq ən doğru yoldur”.
Politoloq Natiq Miri də təəssüflə Dağlıq Qarabağ münaqişəsinin həllinin
digər məsələlərdən asılı vəziyyətə düşdüyünü qeyd etdi. Bildirdi ki, bu gün
dünya güclərinin gündəmi Suriya və Ukraynadakı hadisələrlə bağlıdır: "Ötən ilin
aprelində Qarabağ cəbhəsində Ermənistanla Azərbaycan arasında müharibə yaşandı.
Ancaq gördüyünüz kimi, bu məsələ dünya güclərinin gündəmində uzun müddət qala
bilmədi. Bu savaşlardan sonra müəyyən danışıqlar aparıldığı görüntüsü
yaradıldı. Bu müddətdə isə Rusiya müttəfiqi Ermənistanı silahlandırdı. Hərbi
balansı qorumağa çalışdı. Rusiyanın bu hərəkətlərinin nəticəsidir ki, bu gün
Qarabağ cəbhəsində yenidən hərbi aktivliyə keçmək ərəfəsi yaşanır. Bu, birbaşa
Rusiyanın vicdanına bağlı olan məsələdir. Onu da nəzərə almaq lazımdır ki, bu
gün Dağlıq Qarabağ münaqişəsi prioritet olmadığı üçün dünyada gedən proseslərdən
asılıdır. Əgər Suriyada regional və qlobal güclər uzlaşa və orada sülhü bərqərar
edə biləcəklərsə, bundan sonra proseslər digər regionlarda da dəyişə bilər.
Çünki Suriyadakı uzlaşma Ukraynada da müəyyən uzlaşmaya gətirəcək. Ukraynada da
uzlaşma olarsa, Qərbin Rusiyaya yönəlik iqtisadi sanksiyaları tədricən aradan
qalxacaq. Belə olarsa, Dağlıq Qarabağ problemi gündəmə gələcək. Çünki bu cəbhədə
vəziyyət çox təhlükəlidir. Orada yeni bir savaş yaranarsa, Ermənistan və Azərbaycan
çərçivəsindən çıxaraq regional, bəlkə də gələcəkdə qlobal olacaq savaşa çevrilər”.
N.Mirinin
fikrincə, hazırda məsələləri proqnozlaşdırmaq çətindir. Çünki bir neçə gündən
sonra ABŞ-da Tramp dönəmi başlayır. Onun nələrə üstünlük verəcəyi isə hələ ki məlum
deyil: "Münaqişə bölgələrində və terrora qarşı mübarizədə səmimi olacaqsa,
qlobal səviyyədə sülhdən danışmaq mümkün olacaq. Bu, Dağlıq Qarabağa da müəyyən
mənada təsir edəcək. Tramp əksinə, qarşıdurma siyasəti yürüdəcəksə, ABŞ özü
oyundan kənar vəziyyətə düşə bilər. Bu, regional formatların aktivləşməsinə şərait
yaradacaq. Məlumdur ki, ATƏT-in Minsk qrupu fəaliyyətsiz bir qurumdur, Dağlıq
Qarabağ problemini həll etmək imkanında deyil. Rusiya, İran, Türkiyə üçlüyü
Suriyada uğurlu olacaqsa, Dağlıq Qarabağ məsələsinin həllində də öz
ağırlıqlarını ortaya qoya bilərlər”.
Şəfa
Tapdıq