• cümə, 29 Mart, 08:52
  • Baku Bakı 5°C

“Kinoya getdiyim yerin rəhbəri olacağımı düşünməzdim” - Uğur hekayəsi

01.02.18 16:25 1990
“Kinoya getdiyim yerin rəhbəri olacağımı düşünməzdim” - Uğur hekayəsi
Bakı Musiqi Akademiyasında fortepiano üzrə təhsil alıb. Təhsil aldığı yer Nizami Kino Mərkəzinə yaxın olduğu üçün qrup yoldaşları ilə dərsdən sonra tez-tez kinoya gedirmişlər. Amma bu gün o, Nizami Kino Mərkəzinin rəhbəridir. Deyir ki, nə vaxtsa bu mərkəzdə çalışacağı, rəhbər olacağı heç ağlına gəlməyib. Müsahibimiz Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyevadır.

- Bakı Musiqi Akademiyasını bitirmisiniz. İxtisasınız nədir?
- Fortepiano üzrə oxumuşam. Sadəcə, işlər elə gətirib ki, heç vaxt o sahə üzrə çalışmamışam. Bitirəndən sonra "Kainat” Gənclik Mərkəzində layihələr üzrə koordinator işlədim. Sonra da elə başqa istiqamətlərdə davam etdim. Ümumilikdə, 5 ildir ki, Nizami Kino Mərkəzindəyəm. Ondan əvvəl isə 4 il başqa qurumlarda təcrübələrim var.


- Musiqi öz seçiminiz olub? Yoxsa uşaqlıqdan musiqiyə getmisiniz və buna görə ali təhsili də o sahədə almısınız?
- Birinci sinifdə oxuyandan məktəblə paralel olaraq konservatoriyanın nəzdində fəaliyyət göstərən studiyanın şagirdi olmuşam. 11 il orada fortepiano üzrə təhsil almışam. Məktəbi bitirəndə isə təhsilimi Bakı Musiqi Akademiyasında almağa qərar verdim. 11 il musiqiyə getməyimlə yanaşı, ali təhsil üçün bu istiqaməti seçməyimdə başqa faktorların da rolu oldu. Belə ki, bizim ailəmizdə musiqiçilər çoxdur. Anam fortepiano müəllimidir. O faktorlar da təbii ki müəyyən mənada təsirini göstərdi. İnsanın daxili aləminin inkişafı üçün incəsənət çox önəm daşıyır. Mən də elə düşünürəm ki, bir insan kimi daxili inkişafım üçün bu, böyük təkan oldu. Amma sırf peşə baxımından, mənə o qədər də uyğun olmadı.

- Tələbəlik illərində adətən, başqa sahəyə meyillənənlər öz sahəsi üzrə çalışmırlar. Tələbəlik illəriniz necə keçib? İşləmisiniz o dövrlərdə?
- Mən oxuduğum Bakı Musiqi Akademiyası Nizami Kino Mərkəzinə yaxındır. Dərsdən çıxıb qrup yoldaşlarımla bura kinoya gəlirdik. Amma heç vaxt kinoya getdiyim yerin gələcəkdə rəhbəri olacağımı düşünməzdim. Tələbəlik illərində çalışmamışam, amma dövlət imtahanı verən günün sabahı artıq iş həyatına atıldım.


- İdarəetmə, təşkilati işlərə meyil yəqin, daha çox olub...
- Əslində, həmişə təşkilati işlərə maraqlı olmuşam. Birinci çalışdığım iş yerində vəzifəm layihələr üzrə koordinator olub. O iş məni sırf təşkilatçılıq cəhətdən çox maraqlandırdı. Hansısa layihəni sıfırdan başlayıb hazırlayırsan, icra edirsən və yekunlaşdırırsan. Bu proses çox maraqlı gəlirdi. Hazırkı işim təkcə idarəçilik, rəhbərlik deyil, həm də təşkilatçılıq tərəfi var.

- Bundan öncə Nizami Kino Mərkəzində marketinq üzrə çalışmısınız. Bəs bu sahəyə yönəlməyiniz necə oldu?
- Marketinqi öyrənməyə xeyli vaxt sərf etmişdim. Bura gəlməmişdən 2 il öncə bir sıra kurslara getmişdim, təlimlərə qatılmışdım, bu sahədə müxtəlif kitablar oxuyurdum. Amma bunları öyrənərkən hardasa marketinq şöbəsində çalışacağımı heç düşünmürdüm, sadəcə, maraqlı sahə olduğu üçün öyrənirdim. Mənə bu sahə ilə bağlı təklif gələndə, içimdə bir az qorxu vardı, amma ümid edirəm ki, öhdəsindən gəldim. Ondan sonra artıq marketinq istiqamətində davam etdim.


- Rəhbər olaraq da marketinq lazım olur?
- Əlbəttə ki, rəhbərdə də marketinq bilgilərinin olması önəmlidir. Marketinq şöbəsi ilə bir yerdə işləyirəm. Düşünürəm ki, bütün qurumlarda marketinq və rəhbər bir şöbə kimi çalışmalıdır. Rəhbər marketinqin işini bilməlidir ki, fikir bildirsin, marketinq mütəxəssisinin etdiklərini qiymətləndirməyi bacarsın.

- "Bu kino ki var,bu, çox qəliz məsələdir”. Səməndər Rzayevin "Bəyin oğurlanması” filmində səsləndirdiyi bu fikir dillər əzbəridir. Siz də kino nümayişini təşkil edirsiniz. Bəs filmin bu tərəfi necə, qəlizdir?
- Bəli, çox qəliz məsələdir. Əslində, bu qədər qəliz olacağını heç düşünməzdim. Ən çətin məqam isə tamaşaçının zövqünü tutmaqdır. Tamaşaçının hansı filmə baxmaq istədiyini bilib işləməliyik. Artıq bunu çox yaxşı anlayırıq və tamaşaçıların istədikləri filmləri seçib nümayiş etdiririk. Bu gün Nizami Kino Mərkəzində izləyicilər müxtəlif janrlarda olan filmlər arasında seçim edə bilərlər. Və hər kəs onun üçün maraqlı olan filmi tapa bilər.


- Özünüz filmə baxansınız?
- Film izləməyi sevirəm, amma kinoteatrda izləməyə elə də vaxtım olmur. Əksər vaxtlarda kinoteatrda filmi izləyən ən son izləyici mən oluram. Amma filmə maraq göstərən adamam.

- İki ildir, direktor təyin olunmusunuz, amma o qədər də üzdə deyilsiniz...
- Hə, düzdür. Mən artıq 5 ildir burda çalışıram, ilk olaraq marketinq şöbəsinin müdiri kimi çalışmışdım. Ondan sonra direktor müavini oldum, 2 ildir ki, direktoram. Əslində, düşünürəm ki, mənim işimdə üzdə olmağa ehtiyac yoxdur. İşim məndən çox üzdə olmalıdır. Ümid edirəm ki, işimlə bunu doğrulda bilmişəm.

- Səhərdən gecə saatlarına qədər film nümayiş olunur. Bəs rəhbərin iş rejimi necədir?
- Kinoteatrın iş rejimi gündəlik 14 saatdır. Mənim də iş rejimim belədir. Çalışıram ki, iş gününün əsas hissəsini işdə olum. Təbii ki bizdə qeyri-standart iş rejimidir. Bəzən tez gəlirik, bəzən iş çox olanda 15-16 saat da işləyirik. İşdən asılıdır. Lakin sevdiyim və mənə çox maraqlı bir sahə olduğu üçün bu iş qrafiki ilə bağlı çətinlik hiss etmirəm.


- Bu, subay xanımın rejimidir...
- Bəli, bu iş qrafiki məhz subay adam üçün uyğundur. Ailəli olsam, bəlkə də bir az çətin olardı (Gülür).

- İşdə irəliləmək üçün işçi özünü mütləq göstərməlidir. Siz də çox da uzun olmayan bir müddətdə irəliləməyi bacarmısınız, demək ki, özünüzü göstərmisiniz...
- Direktor müavini təyin olunmağım mənim üçün çox böyük məsuliyyət idi. "Nizami” kinoteatrının 77 yaşı var və bu illər ərzində bir sıra adamlar direktor, direktor müavini kimi çalışıb və mərkəzin tarixinə nəzər salanda, adları çəkiləndə gördükləri işlər də bir növ xatırlanır. Hələ müavin kimi təyin olunanda düşündüm ki, mənim də adım o siyahıda olacaq və deyəcəklər ki, filan illərdə direktor müavini filankəs olub, filan işləri görüb. O məsuliyyəti dərk edirdim və əlimdən gələn qədər işimi mükəmməl görməyə çalışırdım. İndi o səylərimin nə dərəcədə gözəl nəticə verməsini demək mən tərəfdən çətindir. Ümid edirəm ki, özümü doğrulda bilmişəm.

- Əvvəllər cəmiyyətdə "qadından rəhbər olmaz” düşüncəsi var idi. Bunu bəlkə də, qadınların emosiyaları ilə davrandıqlarından dolayı deyiblər. Xanım rəhbər olaraq yanaşmanız maraqlıdır...
- Bu fikri o qədər də düzgün hesab etməzdim. Ola bilsin ki, emosional olmadığım üçün belə yanaşıram, mənim üçün idarəetmə o qədər də çətin deyil. Ümumiyyətlə, rəhbərlik xüsusiyyətinin cinsiyyətə görə bölünməsi məncə, o qədər də doğru yanaşma olmazdı. Tarixə baxsaq, kifayət qədər qadın rəhbərlər görərik ki, öz işlərinin öhdələrindən gözəl şəkildə gəliblər. Kişi də emosional ola bilər.


- Kompüter arxasında çox olursunuz, yoxsa işin içində olan rəhbərlərdənsiniz?
- Məni kompüter arxasında nadir hallarda görmək olar. Daim görüşlərdə, tədbirlərdə oluram. Tez-tez zallara baş çəkirəm. Düzdür, buna nəzarət edən işçilər ayrıdır, amma mən özüm də baxıram. Bu elə ictimai bir işdir ki, kompüter arxasında oturmaqla alınmaz.

- İşçilərlə münasibətdə əsas nələrə diqqət edirsiniz?
- Nizami Kino Mərkəzi bizim üçün iş yeri deyil, ikinci evimizdir. Burada məndən əvvəl direktor 3 il Vüqar Zeynalov olub. Kinoteatrımız 2012-ci ildə yenidən qurulanda bura rəhbər təyin olunmuşdu. O, bu mərkəzə ikinci nəfəs gətirdi, çox gözəl bir təməl qoydu. Mən bu gün onun işini davam etdirirəm. Burda ailə münasibəti var. Heç vaxt rəhbər-işçi bölüşməsi etmirik. Bəzən işlər çox olanda heç bir əməkdaşımız öz işini bitirməmiş evə getmir, çünki hər əməkdaşımız öz işinə böyük məsuliyyət və sevgi ilə yanaşır.

- Amma idarəetmə də elədir ki, təcrübə ilə təkmilləşir. Bu mənada ilk vaxtlarla indiki idarəetmə qabiliyyətinizi müqayisə etsək, təcrübə artdıqca nələri öyrəndiniz?
- İdarəetmə böyük məsuliyyətdir, çətindir. Direktor müavini keçəndə bu, mənə bir az qorxulu gəlirdi. Düşünürdüm ki, birdən yaxşı bacarmaram. Amma qarşımda gözəl nümunə var idi. Öncəki direktorumuzdan çox şey öyrənmişdim. Direktor olan andan çox yaxşı rəhbər olduğumu deyə bilmərəm, bəlkə də səhvlərim olub, amma çalışıram, öz üzərimdə işləyirəm. Rəhbərlərlə bağlı ədəbiyyatlar oxuyuram. İdarəetmə çox çətindir. Hər şey qədərində olmalıdır. Ciddilik, səmimiyyət, tələbkarlıq və s. hər şey normasında olmalı və heç birini həddindən artıq göstərməməlisən.


- Sizə görə, uğurun sirri nədir?
- Daim öz üzərində çalışmaq. Mən başqa bir sahədə təhsil alsam da, tamam başqa istiqamətdə fəaliyyət göstərirəm. Hər hansı vəzifəyə gəlirdimsə, o işin dərinliyini öyrənməyə çalışırdım. Xarici dil biliyi lazım olurdusa, onu tam öyrənmək üçün səy göstərirdim. İnsan üzərində işləməklə məqsədinə nail ola bilər. Mən buna inanıram, əminəm ki, belədir. Öz məqsədinə doğru getmək və öz üzərində işləmək.

- Maraqlıdır, əvvəldən rəhbər olmaqla bağlı məqsədiniz olub ki, indi direktorsunuz?
- (Gülür) Əslində, uşaq vaxtı deyirdim ki, 30 yaşımda rəhbər vəzifədə işləyəcəm. Konkret bu istiqamətə kökləndiyimi deyə bilmərəm, amma daxilən belə bir istəyim vardı. İşlər də elə gətirdi ki, artıq o istək reallaşdı.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər