• cümə axşamı, 28 mart, 17:41
  • Baku Bakı 16°C

Kinoteatrlarımızda yerli film qıtlığı

18.02.14 10:40 1926
Kinoteatrlarımızda yerli film qıtlığı
Ötən həftə türkiyəli bir rəfiqəm Azərbaycana qonaq gəlmişdi. Bilirdim ki, Bakı şəhərini gəzmək və maraqlı yerlərini görmək istəyir. Ona görə də fürsət düşmüşkən, onu şəhərimizin müxtəlif yerlərinə apardım. Ən adi yerlərdən belə, ağız dolusu danışdım ki, şəhərimiz, tariximiz və mədəniyyətimiz haqqında müsbət təəssüratı yaransın. Türkiyəyə qayıtdıqda isə, bizim haqqımızda ürək dolusu ilə danışsın. Bu minvalla o mövzu qalmadı ki, onunla haqqında danışmayaq. Söhbətimiz kino aləminədək gəlib çıxdı. Məşhur aktyorlarımızdan, köhnə filmlərimizdən, film sahəsində əldə etdiyimiz nailiyyətlərdən söz açdım. Özü də necə təriflədimsə kinoteatra gedib, yerli filmlərimizə baxmaq istədi. Amma nə qədər çalışsam da, onu bu fikrindən yayındıra bilmədim.
Rəfiqəmi əvvəlcə “28 Mall”da olan kinoteatra apardım. Oranın dizaynına və müasir şəraitinə heyran olan dostum indi də maraqlı bir Azərbaycan filminə baxmaq istədi. Di gəl ki, kino repertuarını nə qədər ələk-vələk etsəm də, bir dənə də olsun yerli filmlərimizdən tapıb göstərə bilmədim. Kinoteatrın əməkdaşları da bu barədə bir şey deyə bilmədilər. Üzgün-üzgün internetlə kinoteatrlarımızın repertuarına nəzər yetirdim. Əksəriyyəti türk filmləri idi. Ona o boyda yolu gəlib “öz filminizə baxaq” da deyə bilməzdim. Ona görə də çıxılmaz bir vəziyyətdə qalmışdım. Açığı, birinci dəfə idi ki, belə bir durumla qarşı-qaşıya idim. Özlüyümdə düşündüm, görəsən kinoteatrlarda niyə Azərbaycan filmləri qəhətə çıxıb?
Maraqlıdır, hər gün televiziyada, mətbuatda kino sahəsi inkişaf edir, yeni filmlər çəkilir - deyən mütəxəssislərimiz məgər bunumu nəzərdə tutur? Əgər kino sahəsi inkişaf edirsə, nəyə görə kinoteatrlarda bu inkişafı görə bilmirik? Nəyə görə kinoteatrların repertuarını daha çox türk və xarici filmlər təşkil edir? Hələ yeni çəkilən türk filmlərinin qəhrəmanlarına külli miqdarda pul verib Bakıya dəvət edənləri demirəm.
Nə başınızı ağrıdım, dostumu “yalan-dolanla” yola salandan sonra bu sahə üzrə mütəxəssislər arasında sorğu apardım.
Tamaşaçılar yerli filmlərimizi izləmir

Kinorejissor Əli İsa Cabbarov bizimlə söhbətində özəl kinoteatrlara yerli filmləri göstərməsini heç kimin məcbur edə bilməcəyini dedi: “Çünki onlar kommersiya şirkətləridir və şəxsi mülkiyyət hesab olunur. Əgər xarici filmlər kinoteatrlara daha çox gəlir gətirirsə, təbii ki, onlar həmin filmlərin nümayişində daha çox maraqlı olacaqlar. Həmin şirkətləri yerli filmlərin nümayişinə sövq etmək üçün ilk növbədə onlara Mədəniyyət və Turizm Nazirliyi vergi məsələsində güzəştlər etməlidir. Onlar Azərbaycan filmlərini nümayiş etdirəndə vergidən müəyyən qədər azad olsalar, o zaman çox da ziyana düşməzlər. Ancaq Nizami Kino Mərkəzi dövlət mülkiyyətidir, biz onlara əminliklə deyə bilərik ki, yerli kinolarımızı nə üçün az göstərirsiniz. Yəni uman yerdən küsərlər. Ancaq bildiyim qədəri ilə, Nizami Kino Mərkəzində həftəlik olaraq filmlər nümayiş olunur. Yenə də buna baxmayaraq, tamaşaçılar yerli filmlərimizi izləməyə gəlmirlər. Düşünürəm ki, bunun da əsas səbəbi xəbərsizlikdən, tamaşaçıların məlumatsızlığından irəli gəlir. Kinoteatrlar filmlərin təbliğatına vəsait ayırmalıdır. Bu sistem bütün dünyada belədir, yəni film istehsal olunanda filmin istehsalı ilə reklamına eyni xərclər çəkilir. Belə ki, 50 milyon filmə vəsait ayrılırsa, 50 milyon da reklama yönəldilir”.
Rejissor Azərbaycan filmlərinin nümayişi zamanı zalın yarı hissəsinin boş olduğunu, yerli filmlərimizin reklama ehtiyac duyduğunu bildirdi: “Düşünürəm ki, filmlərin təbliğatına əlavə vəsait ayrılmalıdır. Çox vaxt tamaşaçılar məlumatsızlıqdan kinolara baxmağa gəlmirlər. Təbliğat filmin inkişafı üçün əsas meyar olmalıdır. Mətbuat bar-bar bağırmalıdır ki, bu gün yerli filmimiz göstəriləcək. Bundan əlavə, biletlərin qiyməti də çox ucuz olmalıdır. Yerli filmlərin qiyməti iki manat olsa, yəqin ki, tamaşaçı kinoteatra yetərincə gələr. Bunun üçün də televiziyalarda kifayət qədər verilişlər hazırlanmır. Azərbaycan televiziyasında yerli kinolarımız haqqında verilişlər yox dərəcəsindədir. Saytlarda kino ilə bağlı rubrikalar demək olar ki, yoxdur. Azərbaycan kinosunu sevdirmək üçün onu təbliğ etmək lazımdır. Hazırda Azərbaycanda biri-birindən maraqlı filmlər çəkilib. Sadəcə onların təbliğata ehtiyacı var. Tutaq ki, tamaşaçı türk kanalına baxır və Özcan Dənizin mahnılarını dinləyir. Biləndə ki, onun filmi Bakıya gəlib, tamaşaçıda maraq oyanır”.
Nümayiş etdiririk, amma...

Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova bizimlə söhbətində məsələyə belə aydınlıq gətirdi: “Biz hər həftə yerli filmlərimizdən birini nümayiş etdiririk. Filmlərimizin nümayişi ilə bağlı mətbuata bu barədə xəbərlər də göndəririk. Əslində tamaşaçıların yerli filmlərə gəlib-gəmləməsinin bizə o qədər də aidiyyatı yoxdur. Yerli filmlərə bəzən çox, bəzən az tamaşaçı gəlir. Ola bilər ki, filmin nümayişi zamanı bütün zal dolmasın, ancaq az olsa da tamaşaçımız olur. Ən azından, əlimizdən nə gəlirsə onu da edirik. Misal üçün, artıq 2 həftədir ki, “Dərvişin qeydləri” filmi bizim kinoteatrda nümayiş olunur. Həmin film repertuarda da yer alıb. Bu gün (fevralın 18-də) Oqtay Mirqasımovun “Qisas almadan ölmə” filminin təqdimatı keçiriləcək. Bundan başqa, biz yanvarın 20-də repertuarda olan filmləri çıxarıb, gün ərzində iki saatdan bir “Fəryad” filminin nümayiş etdirmişik. Xocalı faciəsi günü də kinoteatrımız elə bir iş sistemi ilə işləyəcək. Həmin gün də öz filmlərimizin pulsuz nümayişi nəzərdə tutulub”.
“28 Cinema” kinoteatrının mətbuat xidmətindən “Kaspi”yə verilən məlumata görə, son illərAzərbaycanda tamaşaçıların kinoteatrlara marağı artıb: “Burada filmlərlə yanaşı, kinoteatrların da çox böyük rolu var. “28 Cinema” kinoteatrı yarandığı gündən etibarən ən son film premyeralarını nümayiş etdirir, tamaşaçılarına rəngarəng repertuar və müxtəlif zövqə uyğun janrlarda filmlər təqdim edir. Bundan başqa, biz müxtəlif filmlər üçün qala-gecələr keçiririk ki, bu da filmlərə olan marağı artırır. Yerli filmlərə gəldikdə isə, ümumilikdə hələ ki maraq azdır. Lakin buna baxmayaraq, biz Azərbaycan istehsalı olan kinoları da nümayiş etdiririk. Misal olaraq “28 Cinema” Müslüm Moqamayev haqqında filmi, məşhur rejissorumuz Vaqif Mustafayevin filmlərini və s. kinoteatrın ekranlarında nümayiş etdirib. Bundan başqa, “Yeni öyrənənlər üçün türk dili” xarici filmini Azərbaycan dilinə dublyaj edib tamaşaçılarımıza təqdim etmişik. Türk dilində filmləri də ilk dəfə olaraq məhz “28 Cinema” göstərməyə başlayıb və bu sadaladıqlarımız son deyil. Gələcəkdə yerli filmlərin nümayişlərini daha da artırmaq niyyətimiz var və bununla da hazırda olan marağı daha da yüksəltməyə çalışırıq”.
Çəkiləcək də, nümayiş olunacaq da

“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov söhbətimiz zamanı yaxın gələcəkdə gənclərin marağını təmin edəcək filmlərimizin nümayiş olunacağını dedi: “Biz tamaşaçıların zövqünü oxşamaq üçün xarici ölkələrlə müştərək şəkildə işləyirik. Misal üçün, ötən il “Mahmud və Məryəm” filmini türklərlə birlikdə çəkdik. O filmin sayəsində kinoteatra çox sayda tamaşaçı cəlb edə bildik. On günə yaxındır ki, Eldar Quliyevin “Dərvişin qeydləri” filmi Nizami Kino Mərkəzində davamlı olaraq göstərilir. Bu filmin televiziyalara reklamını verib, şəhərdə afişalarını vurmuşuq. Biz əvvəllər tarixi mövzulu filmlərə daha çox diqqət yetirirdik. Təcrübələrimiz nəticəsində bizə aydın oldu ki, gənc nəsil müasir mövzulu, melodrama və ya komediya janrlı filimlərə baxmaqda daha çox maraqlıdır. Biz də bu cür filmlərin çəkilişinə start verəcəyik. Həmin filmlərin təqdimatından sonra onlar kinoteatrlarımıza üz tutacaq və yerli filmlərimiz ən çox izlənilən filmlər sırasında yer alacaq. Yaxın zamanlarda Prodüserlər Gildiyasında bu məsələ müzakirə olunacaq, rejissorlarla bu barədə söhbət aparacağıq və ən yaxşı, ən çox sevilən aktyor və aktrisalar həmin filmlərdə rol alacaqlar”.
M.Hətəmov “Azərbaycanfilm” kinostudiyasının ildə dörd və ya beş film çəkdiyini, bunun da normal göstərici olduğunu qeyd etdi: “Ancaq kinoteatrda ildə ən aşağısı 500-dən çox film nümayiş olunur. Bu tək bizdə belə deyil. Türkiyədə, xaricdə, ümumiyyətlə bütün ölkələrdə bu sistem belə işləyir. Rusiyada kinoteatrlarda 80%-dən çox xarici filmlər nümayiş olunur. Onu da qeyd edim ki, son dövrlər çəkilən filmlərin hamısı kinoteatrlarda göstəriləcək. Bunun özü bir prosesdir və biz bunun üzərində işləyirik. Özəl studiyalar da bu işlə məşğuldur. Əsas tamaşaçıların zövqünü oxşamaqdır ki, biz də bunu nəzərə almışıq. Bizim bir çox yeni layihələrimiz var ki, bu il siz onların şahidi olacaqsınız”.
Aldığımız məlumatlardan xoşhal olduq. Ümid edirik ki, vətənimizə təşrif buyuran növbəti qonağımızın yanında üzüqara olmayacağıq.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər