AZE | RUS | ENG |

Kinoteatrlar filmləri hansı şərtlərlə qəbul edirlər?

Kinoteatrlar filmləri hansı şərtlərlə qəbul edirlər?
Yetər ki, Mədəniyyət Nazirliyindən lisenziyası olsun, bir də DCP formatında təqdim olunsun

Yerli filmlərimiz kino bazarında "at oynadır”. Əslində, yerli filmlərimizin inkişafı baxımından bu, yaxşı haldır. Filmin keyfiyyəti, tamaşaçıya ötürdüyü mesaj isə bir başqa mövzudur. Kinoteatrlarımıza daha çox komediya filmlərinin ayaq açdığının və kifayət qədər tamaşaçı topladığının şahidi oluruq. İllər ötdükcə, onlar püxtələşir, hər dəfə daha maraqlı film çəkməyə çalışırlar. Belə olduğu halda, tamaşaçı da kinoteatra gəlir, aktyorları, rejissorları tanıyır. Təbii ki, bu, tamaşaçının qazancıdır. Burda maddi cəhətdən qazanan əsas tərəf isə kinoteatrlardır. Kinoteatrlarımızda bu gün yerli filmlərə tələbat daha çoxdur. Ancaq çəkilən hər bir film kinoteatrlara yol tapırmı? Kinoteatrlarımız hansı filmlərin nümayişinə qadağa qoyur? Hansı filmlər kinoteatrlarda tamaşaçılara təqdim oluna bilməz? Məsələ ilə bağlı kinoteatrlara müraciət etdik.
 
"Filmi nümayişdən çıxarmamışıq, ancaq...”
 
Nizami Kino Mərkəzinin kino işləri üzrə direktor müavini Arzu Əhədovabizimlə söhbətində bildirdi ki, onlar film seçərkən daha aktual, maraqlı mövzulardan bəhs edənlərə üstünlük verirlər: "Nizami Kino Mərkəzinə təqdim olunan filmlərin hansı bizə uyğundursa, bizim meyarlara cavab verirsə, biz də tamaşaçılarımızın marağını nəzərə alıb, onları qəbul edirik. Yeni film çəkən rejissorlar çalışırlar ki, istehsal etdikləri məhsulu müasir standartlara uyğun olan avadanlıqlarla hazırlasınlar. Sevindirici haldır ki, buna da nail olurlar. Məhz bu səbəbdən həmin filmlərin kinoteatrda nümayişi ilə bağlı hər hansı çətinlik çəkmirik. Rejissorlar da bilir ki, biz filmləri DCP formatında götürürük. Ona görə də bizə filmlər bu şəkildə təqdim olunur. Digər tərəfdən isə, film bizə gəlib çatana qədər bir çox mərhələlərdən keçir. Belə ki, ilk növbədə hazırlanan film Mədəniyyət Nazirliyinə təqdim olunur, orda müzakirə edildikdən sonra lisenziya alır. Mədəniyyət Nazirliyi tərəfindən lisenziya almış film bizim kinoteatrımızda nümayiş olunur”.

A.Əhədova qeyd edir ki, onlar filmi qəbul edərkən daha çox tamaşaçı kütləsinin marağını nəzərə alırlar: "Çox nadir hallarda bizə təqdim olunan film kinoteatrımızda göstərilmir. Misal üçün, hansısa filmə baxanda, orada şiddətə həddindən artıq yer verildiyinin şahidi olmuşuq. Biz də həmin filmi nümayişdən çıxarmamışıq, ancaq onu uzun müddət nümayişdə də saxlamamışıq. Nizami Kino Mərkəzi olaraq film istehsal edən prodakşınlara, rejissorlara heç bir qadağalarımız yoxdur”. 
 
"Tək şərtimiz DCP formatıdır”
 
ParkCinema kinoteatrlar şəbəkəsinin PR meneceri Rüstəm Fətəliyev bizimlə söhbətində onlara təqdim olunan filmlərlə yalnız premyeralarda tanış olduqlarını dedi: "Hər hansı film ParkCinemada göstərilirsə, demək ki, onun nümayiş etdirilməsi ilə bağlı razılığımız var. Filmlər müxtəlif prodakşınlar, film istehsal edən qurumlar tərəfindən bizə təqdim olunur. Təqdim olunan filmlərin bizim kinoteatrda nümayiş olunması üçün onlara yalnız DCP formatı tələbi qoymuşuq. Yayım formatı olaraq DCP çox önəmlidir. Tamaşaçılar bizim kinoteatrda istənilən filmə baxmaq imkanı əldə edə bilir. Filmi kinoteatrda izləməyin zövqü tamam başqadır. Tamaşaçı burada film izləyərkən o zövqü alır, özünü filmdə gedən proseslərin içində hiss edir”.

R.Fətəliyev onlara təqdim olunan filmlərin geri qaytarılmadığını, film istehsal edən şirkətlərə hər hansı qadağaların qoyulmadığını bildirdi. Onun burada çalışdığı müddətdə belə hadisənin yaşanmadığını dedi: "Filmləri qəbul edərkən onların mövzusu və ssenarisi ilə maraqlanmırıq. Bizim filmlə tanışlığımız onun təqdimatı zamanı baş tutur. Biz hər hansı bir filmi göstəririksə, demək, Azərbaycanda yayım üçün bu filmə icazə verilib. Hansısa filmi öz xoşumuza görə icazəsiz göstərə bilmərik. Şəxsən mən özüm filmin nümayişindən qabaq orada nədən bəhs olunduğundan belə xəbərsiz oluram. Filmi qapalı premyeralarda 3-4 saat qabaq alırıq. Hamı ilə birgə nümayiş etdirdiyimiz filmə baxırıq. Mənə görə, bu daha maraqlıdır, nəinki filmlə öncədən tanış olmaq”.
 
"Kinoteatrlarımızda A kateqoriyalı filmlər nümayiş olunur”
 
CinemaPlus kinoteatrlar şəbəkəsinin PR meneceri Nərmin Həsənova deyir ki, kinoteatrda müxtəlif janrda filmlər nümayiş olunur və bu filmlər nəzarət altındadır: "Əvvəla qeyd edim ki, CinemaPlus kinoteatrlar şəbəkəsində filmlərin seçimi zamanı, əlbəttə ki, onların keyfiyyəti hər zaman böyük rol oynayır. Daha çox keyfiyyətli və maraqlı filmlərə üstünlük veririk. CinemaPlus olaraq doğma kino dilimizin inkişafını hər zaman dəstəkləyirik və xarici filmləri, animasiyaları  Azərbaycan dilində peşəkar dublyajla nümayiş etdiririk. İki ildən artıqdır ki, "Cinemazadeh” studiyası ilə birgə filmləri doğma dilimizdə nümayiş etdirməkdən böyük qürur hissi duyuruq. Kinoteatrlarımızda A kateqoriyalı filmlər nümayiş olunur. Filmlər DCP formatında bizə təqdim olunur”.

Nərmin Həsənova bildirir ki, CinemaPlus kinoteatrlarında filmlər ancaq Mədəniyyət Nazirliyi tərəfindən yayım vəsiqəsi aldığı halda göstərilir. Filmin kateqoriyası da məhz Mədəniyyət Nazirliyi tərəfindən təyin olunur. 
 
"Bizdə kino mədəniyyəti tam olaraq formalaşmayıb”
  
Məsələ ilə bağlı kinoteatrlarda kifayət qədər tamaşaçı marağına səbəb olan "Qızqaçırtma-2” filminin rejissoru Rüfət Şahbazovla da danışdıq. Müsahibimiz deyir ki, Azərbaycanda komediya janrında çəkilən filmlərin tamaşaçısı çoxdur: "Tamaşaçılar nəinki yerli dram və aksion filmlərimizə, heç Avropa, hətta Hollivudun ən məşhur dram filmlərinə belə baxmaq istəmirlər. Daha çox animasiya, uşaq filmləri və komediya janrında olan filmlər tamaşaçıları cəlb edir. Komediyadan başqa janrda olan, mükəmməl səviyyədə hazırlanan filmlərə baxmaq istəmirlər. Bunun bir səbəbi də kinoteatrlarımızın sayının azlığıdır. Tamaşaçı kinoteatrlara əyləncə kimi baxır. Belə ki, moll-lara, ticarət mərkəzlərinə əylənmək və alış-veriş etmək üçün gedirlər. Özünə əylənmək üçün ayırdığı vaxtda düşündürücü, kriminal və başqa janrda olan filmlərə baxmaq istəmirlər. Çünki bu filmlərin tamaşaçıya ötürdüyü yük ağır olur. Əylənmək üçün üz tutduğu məkanda kiminsə problemini izləmək tamaşaçıya yaxşı ab-hava vermir. Ona görə komediyaya baxıb gülmək istəyirlər. Kinoteatrlarda ən çox izlənən filmin 150-200 min tamaşaçısı var. Bizdə kino mədəniyyəti tam olaraq formalaşmayıb. Misal üçün, Türkiyədə 800 kinoteatr var. Tamaşaçı evdən məhz kinoya getmək üçün çıxır. Bizdə isə alış-veriş edəndə başımızı qataq deyə baxırlar. Düşündürücü filmlərə baxmaq üçün isə evdə oturub seriallarla kifayətlənirlər”. 

R.Şahbazov kommersiya filmlərinin kinoteatrlara asan şəkildə yol tapdığını vurğulayır: "Kinoteatrlar bizneslə məşğuldur. Təbii ki, hər filmi də nümayiş etdirmirlər. Kinoteatra gedən hər bir film Mədəniyyət Nazirliyindən lisenziya almalıdır. Filmdə nədən bəhs edilir, verilən mesaj nədir - bu kinoteatrlar üçün o qədər də maraqlı deyil. Hansı məhsulu rahat şəkildə sata biləcəkləri haqda düşünürlər. Hansı filmlərə daha çox tələbat varsa, onları nümayiş etdirirlər.  Təsəvvür edin ki, siz bir market açmısınız, orda nə satarsınız? Təbii ki, tələbat olan məhsulları.  Tələb olmayan dünyanın ən keyfiyyətli məhsulunu da satmaq istəməzsiniz”.
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056