• cümə, 29 Mart, 19:03
  • Baku Bakı 14°C

Kinomuzun Həsən Məmmədov zirvəsi - Fotolar

01.08.18 09:00 6813
Kinomuzun Həsən Məmmədov zirvəsi - Fotolar
Milli kinomuzun ən maraqlı və yaddaqalan filmlərində onun adı yer alıb. "Böyük dayaq”da Qaraş, "Arşın mal alan”da Əsgər, "Gün keçdi”də Oqtay, "Arxadan vurulan zərbə”də Qəmərlinski, "Bizi bağışlayın”da Nəriman, "Birisi gün gecə yarısı”nda Baba Əliyev, "İstintaq”da Murad, "Dədə Qorqud”da Dədə Qorqud, "Axırıncı aşırım”da Abbasqulu ağa Şadlinski, "Yeddi oğul istərəm”də Bəxtiyar, "Bir cənub şəhərində” Murad… rolları ilə Azərbaycan kinosunun qızıl fondunu təşkil edən obrazlar qalereyası yaradıb. Xalq artisti Həsən Məmmədov "İstintaq” bədii filmindəki Murad roluna görə SSRİ Dövlət mükafatına, "Birisi gün gecə yarısı” ekran əsərindəki Baba Əliyev obrazına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Aktyor 1970-ci ildə respublika Lenin komsomolu mükafatı laureatı olub. Həsən Məmmədov ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində oynadığı surətlərlə ölkənin kino xəzinəsini zənginləşdirib.

Həsən Məmmədovun 80 illik yubileyinin noyabr ayında keçirilməsi ilə bağlı ölkə başçısının sərəncamı isə aktyorun sənətinə verilən növbəti yüksək dəyərdir.
Anadangəlmə istedad
Həsən Məmmədov atasının təkidi ilə sənədlərini Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə verib daxil olanda teatr və kinoya olan sevgisi qəlbini tərk etməmişdi. Elə həmin institutda təhsilini yarıda qoymağa onu məcbur edən də bu sevgi olur. 2-ci kursdan universitetdən çıxaraq bir müddət müxtəlif teatrların yardımçı heyətində aktyorluq edir. Sonra da "Mən aktyor olmaq istəyirəm” deyə 1958-ci ildə sənədlərini Teatr İnstitutuna verir. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi görkəmli sənətkarların qarşısında imtahan vermək asan olmasa da, gəncin çıxışı bəyənilir. Seçilən gənclərin sənət, rejissorluq, dramaturgiya, ümumiyyətlə teatr haqqında təsəvvürlərinin olub-olmaması yoxlanıldıqdan sonra onlar imtahana buraxılırdılar: "İmtahanda etüd göstərirdin, şeir, təmsil deyirdin, səsin varsa, oxuyurdun, musiqi alətində çala bilirdinsə, çalırdın, rəqs bilirsənsə, rəqs edirdin, yəni bütün bunları ordakı müəllimlərin profilindən çıxış edərək edirdin”- deyə aktyorun dostu və həmkarı Rafiq Əzimov xatırlayır: "Münsiflər heyəti kimi imtahanda olan müəllimlərin hər biri öz qiymətini verirdi. Həmin əsas imtahanlardan keçənlərin adları divara vurulurdu. Biz kimlərin adlarının çıxacağını böyük intizarla gözləyirdik. O vaxt bütün institutda cəmi 33 nəfər oxuyurdu. 22 nəfər də biz daxil olduq. Nəticədə cəmi 55 nəfər tələbə oldu. Rus Dram Teatrının baş rejissoru Məhərrəm Haşımov bizi öz kursuna qəbul etdi. Bizimlə imtahan verənlərdən demək olar ki, heç kimi tanımırdım. Qəbul olunandan sonra yavaş-yavaş bir-birimizi tanımağa başladıq. O cümlədən də Həsən Məmmədovu tanıdıq”. H.Məmmədovun bəxti onda gətirmişdi ki, sonradan Azırtbaycan teatr və kino sənətinin tanınmış və sevilən simalarına çevriləcək Eldəniz Zeynalov, Hacı Murad Yagizarov, Elmira Şabanova, Tofiq İsmayılov kimi gənclərlə birlikdə təhsil alırdı: "Eldəniz Zeynalov bizimlə imtahan verməmişdi, yuxarı kursda oxuyurdu. Arada hansısa şuluqluğu üzündən, yuxarı kurs əvəzinə bizimlə bərabər qurtardı. Eldəniz Zeynalov, Həsən Məmmədov və mənim təyinatımı Akademik Dram Teatrına verdilər”.

R.Əzimov sənət dostunun tələbəlik illərindən danışaraq onu xaraktercə qapalı adam kimi xatırlayır: "Həsənin çox qəribəlikləri vardı. Kənd uşağı olsa da, qapalı idi, dinib-danışmazdı. Məhərrəm Haşımovun rəğbətini qazanmaq üçün biz dəridın-qabqdan çıxırdıq. Yadımdadır ki, Həsən bizim kimi canfəşanlıq etməzdi. Müəllim hətta ona deyirdi ki, "ay Həsən, sən də uşaqlar kimi bir tərpən, qayna-qarış. Mən onlara bir etüd tapşırıram, 5 etüd göstərirlər”. Həsən isə aktiv deyildi. Birinci kursun sonunda Məhərrəm müəllimin qarşısında etüd göstərməli idik. "İlboyu bir dəfə də olsun etüd hazırlamayan Həsən görəsən, vəziyyətdən necə çıxacaq?” deyə narahatlıq keçirirdik. Onun imtahandan kəsiləcəyindən qorxurduq. Biz bir neçə etüd göstərdik, növbə Həsənə çatdı. Həsən o vaxt çox məşhur olan "Qəlp pul” adlı Amerika filmində Kor dilənçi obrazını təqdim etdi. O qədər gözəl oynadı ki, təəccübdən donub qaldıq. Həsən hazırlıqsız-filansız, anadangəlmə istedad idi”. R.Əzimov xatırlayır ki, tələbəlik illərində pul qazanmaq üçün tez-tez Həsən Məmmədovla "Azdrama”da kütləvi səhnələrə çıxıblar. Həm də özlərini bir aktyor kimi sınamaq istəyiblər: "Yadımdadır ki, hər çıxışımıza görə, bizə 80 qəpik qonorar ödəyirdilər. Tələbə təqaüdümüz də vardı. Həmin pula yaxşı dolanırdıq. Həsən Poluxin küçəsində kirayədə tək yaşayırdı. Tez-tez anası rayondan yanına gəlirdi. Biz də onlarda yığışırdıq. Maraqlı günlər idi...”
Qaraşın uğuru
Həsən Məmmədov hələ birinci kursda oxuyanda filmə çəkilməyə dəvət alır. Bu, hər aktyora nəsib olmayan xoşbəxtlik idi. İlk filmi isə "Böyük dayaq” olur. Filmin rejissoru Həsəni tamaşada görmüşdü: "Toy komediyası”nı "Azdrama”da oynayandan sonra televiziyadan dedilər ki, "gəlin, bu tamaşanı televiziyada canlı yayımda oynayın”. Rejissor Həbib İsmayılov o vaxtlar "Böyük dayaq” filminin çəkilişinə hazırlaşırdı, aktyor seçimləri edirdi. Evində oturub televiziyaya baxdığı vaxt birdən Həsənin cavan, maraqlı sifətini görür və axtardığını tapdığını düşünür. Həsəni kinostudiyaya filmin sınaq çəkilişlərinə dəvət edir. Həsəndən başqa bizim kursdan Murad Yagizarovu, Böyükağa Kazımovu, Sabir Əhmədovu da həmin filmə dəvət etdilər. Amma Həsəni seçdilər. Həsən Məmmədov baş rola təsdiq olundu. Film çox maraqla qarşılandı. "Böyük dayaq” filmindəki Qaraş rolundan sonra Həsən artıq tanınır və demək olar ki, hər il filmlərə dəvət alırdı. Həsən ona kinoda ilk uğur gətirdiyinə və ilk rolu olduğuna görə Qaraş rolunu çox sevirdi, Həm də özü kənddə böyüdüyündən Qaraş ona yaxın idi. Amma mən hesab edirəm ki, Həsənin oynadığı Abbasqulu ağa Şadlinski, Bəxtiyar və digər rolları da kinomuzda iz qoyan mükəmməl obrazlardır. Həsən həm daxili aləmi, həm də xarici görkəmi ilə əsil aktyor idi. Hündürboylu, həm də çox xarizmatik adam idi. Həm də təbii oynayırdı. Rejissorlar bilirdilər ki, hansı filmdə Həsən çəkiləcəksə, film uğur qazanacaq. Həsənin filmlərinin uğurlu alınmasının bir sirri də vardı. O, çəkilişlər başlayandan ta filmin axırına qədər rolun təsiri altında yaşayırdı. Bəxtiyarı oynayırdısa, Həsən adi həyatda da dönüb Bəxtiyar olurdu. Onunla zarafat etmək olmurdu, əsəbiləşirdi. Oynadığı rolların taleyini özününküləşdirməyi bacarırdı, bu adam rolu ilə yaşayırdı, nəfəs alırdı. Tarzən tarı kökləyən kimi o da özünü rola kökləyirdi”.

R.Əzimov Həsən Məmmədovla ilk dəfə 1970-ci ildə "Yeddi oğul istərəm” filminə çəkilir. Həsən Məmmədov filmdə Bəxtiyarı, R.Əzimov isə Şahsuvarı oynayır: "Daha sonra "Arxadan vurulan zərbə”də o, Qəmərlinski, mən müstəntiq Hüseynov, "Qızıl qaz”da mən Gündüz Eldarov, o, Fərman rolunda çəkildik."Allah qəni-qəni rəhmət etsin, "Yeddi oğul”dan 3 aktyor sağ qalmışıq: Ənvər Həsənov, Əbdül Mahmudov və mən. Təsəvvür edin ki, onlar bizdən uzaqlaşıb əbədiyyətə qovuşduqca, daha da böyüyürlər. Çünki xalq yaxşını pisdən seçə bilir. Tez-tez bizdən: "hanı o filmlər, niyə çəkilmir?” deyə soruşurlar.
Çətin günlərin dostu
Onlar təkcə kurs yoldaşı, səhnədə həmkar olmayıblar, həyatda da yaxın sirdaş olublar. Dərdlərini, sevinclərini bölüşüblər, bir-birlərinə həmdərd olublar: "Bir ara çox çətin illərimiz oldu, maaş az idi”- deyə R.Əzimov xatırlayır: " Həsən evlənəndən sonar maddi durumu o qədər də yaxşı deyildi. O vaxt Teatr İnstitutunun rektoru Rahib Hüseynov məni, Həsəni, Şahmar Ələkbərovu, Hamlet Xanızadəni dəvət etdi ki, gedək institutda dərs deyək. Bizim evdə oturduq, dərdləşdik ki, gedək ya getməyək. Yenə mən söhbətə qarışdım ki, "biz bu teatra təyinatla gəlmişik, sabah buradan çıxsaq, sonra təzədən bizi heç kim qəbul etməyəcək. Yaxşısı odur ki, institutda saat hesabı dərs deyək. Həm burada işləyək, həm orada”. Hamı razılaşdı. O vaxt həm də televiziya, radioda konkurs elan etmişdilər ki, kim konkursdan keçsə, onu dəvət edəcəkdilər diktor kimi işləsin. Həsən də bu müsabiqədən keçmişdi və sevinə-sevinə radioda diktor işləyirdi. İşin gecəsi gündüzü yox idi, xəbərlərdi, Həsən mütləq səhər 6-da ora getməli idi. Bir də görürsən ki, xəbər gəlir, Aydın Qaradağlı yoxdu, tutalım başqa növbədədir, Həsəni çağırırdılar. Çox məsuliyyətli iş idi”.

Sovetlər dağılandan sonra kinomuzda yaranan böhran Həsən Məmmədovu da işsiz qoyur. Bu vəziyyət aktyora pis təsir edir: "Biz Səttar Bəhlulzadə adına sərgidə idik. Polad Bülbüloğlu da sərgidə iştirak edirdi. Həmin dönəm Həsənin çox ağır illəri idi. Mən dedim, "Həsən, heç olmasa teatra gəl, teatrdır, tamaşalarda, məşqlərdə göz qabağında olacaqsan, kino kinodur da çəkiləcək, səni çağıracaqlar. Polad Bülbüloğlu da burdadır, get, ona denən ki, mən teatra qayıtmaq istəyirəm. Turabov Həsənağa da burdadır”.Dedi "mən necə deyim, belə demək ayıbdı”. Dedim "indi sən işləmirsən, gedib ona desən səni gülləməyəcəklər ki”. Çəkinə-çəkinə, sıxıla-sıxıla Polad Bülbüloğluna yaxınlaşdı. Nazir onun sözlü adama oxşadığını görüb "Nə məsələdir?” deyə maraqlandı. "Polad müəllim, çəkilmirəm, boş qalmışam, bəlkə mən teatra qayıdım”- deyincə Polad Bülbüloğlu: "Turabov, bura gəl, Həsənin teatra əmrini ver”- dedi. Beləcə Həsən teatra qayıtdı. Bir neçə rol da oynadı. Amma kinosuz yaşaya bilmirdi. Ürəyi kinoda qalmışdı...”

Rafiq Əzimov teatr və kino aləminin Həsən Məmmədov kimi aktyoru iturməsini ümumən incəsənətimiz üçün böyük itki sayır: "O, özü ilə kinonun ən yaxşı illərini, dadını-duzunu apardı. Həm də adam çox çətinlik çəkir ki, uzun illər Həsən Məmmədov kimi sənətkarla kinoda, teatrda bir yerdə işləyəsən, bir gün gözünü açasan ki, o, yoxdu. Bu itki ilə barışmaq bizim üçün ağırdı...”
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər