AZE | RUS | ENG |

Kinomuzun Dədə Qorqudu...

Kinomuzun Dədə Qorqudu...
Bu gün görkəmli aktyor, Xalq artisti Həsən Məmmədovun anadan olmasından 80 il ötür

O, milli kinomuzda Mirzə Səfər, Dədə Qorqud, Bəxtiyar, Qəmərlinski və başqa neçə-neçə unudulmaz obrazlar yaradıb. "Böyük dayaq” filmində çəkildiyi ilk rolu - Qaraş obrazı ilə kino aktyoru kimi özünün böyük potensialı olduğunu sübut edib. Yaratdığı rolların xarakterik xüsusiyyətləri həm də həmin obrazların qəhrəmanlardan ibarət olması idi...

AZƏRTAC xəbər verir ki, bu gün kino sənətimizin inkişafında böyük xidmətləri olan, Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Məmmədovun anadan olmasından 80 il ötür. Bununla əlaqədar Prezident İlham Əliyevin bu ilin iyulun 30-da imzaladığı Sərəncamla ölkəmizdə ölməz sənətkarın yubileyi silsilə tədbirlərlə qeyd edilir.

Sərəncamda deyilir: "Həsən Məmmədov Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmlərdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı surətlərlə ölkənin mədəniyyət xəzinəsini zənginləşdirmişdir. Fitri istedadlı sənətkarın böyük yaradıcılıq potensialını təcəssüm etdirən rəngarəng obrazlar qalereyası kinematoqrafiyamızın və teatr salnaməmizin mühüm nailiyyətlərindən olub yüksək əxlaqi keyfiyyətlər aşılayır və gənc nəslin milli-mənəvi irsə ehtiram ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır”.

Görkəmli aktyor Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Burada 2 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib. 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda diktor işləyib, 1962-ci ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Həmin ildən başlayaraq on il ərzində kino çəkilişlər ilə əlaqədar fasilələrlə burada çalışıb.

Kino aktyoru kimi ildən-ilə məşhurlaşan Həsən Məmmədov 1972-ci il fevralın 2-də "Azərbaycanfilm” kinostudiyasına işə qəbul edilib. O, 1989-cu ildə Cəmil Əlibəyovun "Gülüstanda qətl” dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. O, Akademik Teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvəti ilə 1992-ci ildən ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.

Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.

Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, "Böyük dayaq” (Qaraş), "Arşın mal alan” (Əsgər), "Gün keçdi” (Oqtay), "Arxadan vurulan zərbə” (Qəmərlinski), "Bizi bağışlayın” (Nəriman), "Birisi gün gecə yarısı” (Baba Əliyev), "İstintaq” (Murad), "Dədə Qorqud” (Dədə Qorqud), "Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski), "Sevil” (Balaş), "Yeddi oğul istərəm” (Bəxtiyar), "Bir cənub şəhərində” (Murad), "Qızıl qaz” (Fərman), "Bakıda küləklər əsir” (General), "Alma almaya bənzər” (Qurban), "Səmt küləyi” (Əlibala), "İstintaq davam edir” (Əzimov), "Şahid qız” (Polkovnik), "Qəm pəncərəsi” (Məmmədhəsən əmi), "Papaq” (Mirzə Səfər), "Həm ziyarət, həm ticarət” (Əlimurad), "Zirvə” (Kamil) filmlərində yaddaqalan rollar yaradıb.

Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. "İstintaq” bədii filmindəki Murad roluna görə 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazına görə isə Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib.

Görkəmli aktyor 2003-cü ildə vəfat edib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219