Kinoda inqilab edən film - Onun film seçimi
Yəqin
ki, siz də boş vaxtlarınızda film seyr etməyi sevirsiniz. Amma yaxşı filmi
tapmaq da elə asan iş deyil. İşinizi asanlaşdırmaq üçün bu rubrikada bir-birindən
maraqlı filmlərin adını sizlərə təqdim edirik. Rubrikamızın budəfəki qonağışair Aqşin Yeniseydir.
Həmsöhbətimizin
filmə marağının bərpa olunmasında Danimarka rejissoru Lars fon Trierin "Doqvil”
filminin xüsusi rolu olub. Deyir ki, bu filmi kinoşünaslar kinoda inqilab hesab
edirlər: "Mən Qərbin sovet imperiyasını, xüsusilə Berlin divarını yıxmaq üçün
uydurduğu, insan azadlığının sərhəd tanımadığı populyar kültür yalanlarının
post-sovet ölkələrində dəbə mindiyi bir dövrdə böyümüşəm və Hollivud filmləri
uzun müddət kino sənətinə qeyri-ciddi bir yaradıcılıq növü kimi baxmağıma səbəb
olub. Yalnız bir neçə kino mütəxəssisi ilə şəxsi tanışlıqdan sonra filmlərə
marağım bərpa olundu. Bu işdə Danimarka rejissoru Lars fon Trierin "Doqvil”
filminin xüsusi rolu olub. Bu filmi kinoşünaslar kinoda inqilab hesab edirlər.
Bütöv bir şəhəri asfalt üzərində tabaşirlə təsvir edən Trierin bu filmində həyatda
gördüyümüz heç bir şey yoxdur, amma həyatda yaşadığımız hər şey var. Bu film, mənə
görə, yaradıcı fantaziyanın nə qədər hüdudsuz olmasının təntənəsidir. Film
mövzu etibarilə ənənəvi kapitalist dünyasının təklənmiş insanı haqqında olsa
da, üslubunun, estetikasının qeyri-ənənəviliyi ilə yeni bir dünyanı ifadə edir.
Bu yeni dünyada nəinki mühasirəsində yaşadığımız saysız-hesabsız əşyalara, hətta
bütöv şəhərlərə belə ehtiyac yoxdur. Məncə, Trier bu fikri diqqət mərkəzində
saxlamaq üçün filmdə real şəhərdən, əşyalardan, havadan, sudan, dənizdən imtina
edir. İnsanın insandan başqa daha vacib olan bir ehtiyacı yoxdur və bu ehtiyac
ödənmədikdə, biz süni ehtiyaclar yaradır və onların əsirinə çevrilirik. İnsan
qıtlığı bizi əşya bolluğuna sığınmağa məcbur edir. Və Trier buna
üsyan edir, filmin sonunda asfalta tabaşirlə çəkdiyi bütün şəhəri
yandırır”.
Növbəti
pillədə Pyer Pazolininin "Sodomun 120 günü” filmi dayanır: "Bu filmə baxanda
özümdən şübhələnmişdim: mən bu gün, doğrudan da, həqiqi mənəmmi? Yəni tarixin
indiyədək uydurulmuş, tətbiq olunmuş müxtəlif dini, siyasi ideologiyalarının
heçmi təcavüzünə uğramamış bir kimliyim var? Ətrafımdakılar, doğrudanmı, özləridir?
Siz bu filmdən ayrılandan sonra bütün bəşəriyyətə deyil, sadəcə, öz
dostlarınıza Pazolininin kamerasının gözü ilə baxsanız, hər tərəfinizdə əsrlər
boyunca təhqir olunmuş və bu təhqirlərdən özlərinə mənəviyyat düzəltmiş
insanlar görəcəksiniz. Bu film məndə bəşər tarixinə, bu gün "mədəniyyət”
dediyimiz hər şeyə bir şübhə oyatdı. Bu filmə baxanda mən, sadəcə, tanrını
inkar edən bir atesit idim, filmdən sonra insan inkarçısına çevrildim. Tarixin,
mədəniyyətin ateisti oldum və bu, mənim mənəvi manifestimə çevrildi.
İnamsızlığın daha böyük ruhani azadlıq olduğunu kəşf etdim”.
Şairin ən
çox sevdiyi üçüncü film isə serb kinorejissoru Emir Kusturiçanın "Anderqraund”
filmidir: "Filmdə müharibə, insanlığın uydurduğu ən böyük yalan kimi təqdim
olunur. Kusturiça İkinci Dünya müharibəsi və onun davamı kimi lentə aldığı
Serbiya-Bosniya müharibəsinin timsalında müharibə anlayışını ələ salır, ancaq
bu ələsalma, ironiya müharibə dəhşətlərinin alt qatındadır, astar üzündədir.
Kusturiçanın "müharibələrində” qaliblər və məğlublar yoxdur. Qaliblər öz qələbələrinə,
məğlublar öz ambisiyalarına yenilib gülməli vəziyyətə düşürlər. Bu filmdə
müharibə və mübarizə aparanların hamısı ağılını itirmiş adamlardır. Ağılsızlıq
onları məsuliyyət hissindən azad edib. Kustruçaya görə, təcavüzkarlıq kimi, qəhrəmanlıq
da öz gücünü ağılsızlıqdan alır. Ağıl yoxa çıxanda, onun işini fiziki güc görür
və silah insanın ağlının yox, ağılsızlığının ixtirasıdır. Kusturiça bu filmdə
demək istəyir ki, mədəniyyətin insan üzərində heç bir ciddi təsiri yoxdur,
müharibə həm də mədəniyyəti ifşa edir. Sülh dövründə insanlığın öyündüyü bütün
mədəni-mənəvi keyfiyyətlər, müharibə zamanı insanların sağ qalmasına əngəl
olur. Sülh dövründə insanlığın özünə yaxın buraxmadığı bütün naqis keyfiyyətlər
isə insanın sağ qalması üçün qoruyucu mələklərə çevrilirlər. Bəs insan xoşbəxtliyi
nədir? Filmin sonunda ölüm əbədi xoşbəxtlik kimi təqdim olunur. Ən yaxşı insan,
ölmüş insandır – Kusturiça "Anderqraund” filmində bunu bizə sübut edir”.
Aygün
ƏZİZ