Kino tariximizin gizlinləri FOTOLAR

Kino tariximizin gizlinləri FOTOLAR

Mədəniyyət
13 Oktyabr 2012, 11:31 1449
Yeni həyatla ayaqlaşmağa çalışan, “Qız qalası” filmindən sonra ünvanlarına söylənilən tənqidlərdən lazımi nəticə çıxaran kinematoqrafçılarımız üçün sosialist inqilabı əsas mövzulardan birinə çevrildi. Moskvanın təsiri ilə 28 aprel işğalına haqq qazandıran və beləliklə də Azərbaycanda güya sosialist inqilabı ilə nəticələnən fəhlə-kəndli «mübarizəsini» ehtiva edən ekran əsərləri meydana çıxdı. Hələ 1925-ci ildə 26 Bakı komissarı haqqında «qəhrəmanlıq» kinodastanı yaratmaq ideyası ortaya atıldı. Artıq 1926-cı ildə yazıçı P.Blyaxin “26 Bakı kommunarının qətli” adlı kinossenari yazdı. Ssenari AK(b)P Bakı Komitəsində müzakirə olunub bəyənildikdən sonra onun istehsalı “Azərdövlətkino” və “MejrabpomRus” studiyalarına tapşırıldı. Filmə quruluş vermək rejissor S.Eyzenşteynə həvalə olundu. Hətta həmin il “26-ların həlakının 5-ci ildönümü” adlı 96 metrlik bir xronikal – sənədli film də çəkildi. Lakin Almaniyaya uzun müddətli səfər etdiyinə görə S.Eyzenşteyn 26-lar haqqında bədii filmə quruluş verməkdən imtina etdi.

Mərkəzi Dövlət Foto-Kino müəssisəsi – “Qoskino” “Azərdövlətkino”ya 31 mart 1926-cı il tarixində bir məktub göndərir. Məktubda deyilirdi ki, Moskva “26 kommunar” filminin birgə çəkilişinə razıdır. Amma Bakı ilə razılaşdırmaq şərtilə bütün məsələləri Moskva diktə edəcək.

Bu dəfə rejissorluq Abram Rooma tapşırıldı. Hətta hazır filmin təhvil verilməsi tarixi də dəqiqləşdirildi: 15 sentyabr 1927-ci il. Amma bir qədərdən sonra, yəni 1927-ci il iyulun 12-də Moskvadan Bakıya yeni məktub göndərildi. Məktubda deyilirdi: “Filmi çəkmək üçün rejissor yoxdur. Room imtina edir. İş çox mürəkkəbdir, həm də quruluş çox bahadır. Ona görə də bu filmin istehsalından imtina edirik.”

Bundan sonra studiyanın rəhbərliyi 26-ların çəkilişi ilə bağlı rejissorlardan A.Beknazarov və Vs.Meyerxoldla danışıqlar aparmış, ssenarinin yazılması üçün əvvəlcə ssenarist N.Ağacanova-Şutkoya, sonra A.Rjeşevskiyə sifariş vermişdi. Hər dəfə də çəkiliş qrupu təşkil olunmuş, filmin istehsala buraxılma vaxtı təyin edilmişdi. Lakin müəyyən təşkilati işlərlə bağlı bu məsələ hər dəfə təxirə salınırdı.
Nəhayət 1931-ci ildə gürcü rejissoru N.Şengelaya filmin quruluşunu öz üzərinə götürür. “26 komissar” tarixi-inqilabi filmi Bakı komissarlarının həyat və inqilabi fəaliyyətlərindən, onların kommuna uğrunda apardıqları mübarizədən və kommunanın süqutundan bəhs edir. O vaxtlar sovet kino sənətinin əhəmiyyətli əsəri hesab olunan bu film ekranlara çıxandan sonra istər kino tənqidi, istərsə də kinematoqrafçılar tərəfindən birmənalı qarşılanmadı. Onlar rejissoru komissarların obrazlarını inandırıcı, filmi bütövlükdə kompozisiya cəhətdən dəqiq olmamasına, fraqmentar xarakter daşıdığına görə tənqid edirdilər. Hətta N.Lebedov “SSRİ kino tarixi oçerki” kitabında (Moskva, 1965) yazmışdır: “Qeyri-müəyyən, aydın olmayan, “emosional” ssenari üzrə, “intellektual kino” nəzəriyyəsinin birbaşa təsiri altında çəkilmiş, baş rolların “tipaj” ifaçılarının fərdi əlamətlərinə görə fərqlənməyən obrazlar-xarakterlər yaratdıqları film mücərrədliyə və sxematikliyə məruz qalmışdır. Buna görə də onu haqlı olaraq tənqid edirdilər. Lakin süjetin faciəli olması, kütləvi səhnələrin uğurlu rejissor həlli (şuranın iclası, komissarların güllələnmə səhnəsi), təsviri mədəniyyətin yüksək səviyyəsi (operator Y.Şneyder, rəssam V.Aden ) filmin nöqsanlarını müəyyən qədər kompensasiya etmişdir.”
Guya “işıqlı gələcək” naminə canlarını qurban vermiş 26-lar haqqında əfsanə uzun illər azərbaycanlıların beyninə yeridilmiş, onlara filmlərdən başqa poemalar, romanlar həsr olunmuş, abidələr qoyulmuşdur.
Çox-çox sonralar 26-ların əksəriyyətinin, başda erməni millətcisi Şaumyan olmaqla cinayətkar daşnak yığnağı olması faktı üzə çıxarılmasına baxmayaraq, Bakı kommunası mövzusuna Azərbaycan kinematoqrafçıları ikinci dəfə 1966-cı ildə müraciət etmiş və rejissor Ə.İbrahimov “İyirmialtılar” bədii filminə (“Azərbaycanfilm” – “Mosfilm”) quruluş vermişdir.
Hər iki film haqqında onu demək olar ki, bu filmlər yalnız kinematoqrafik məziyyətlərinə görə sənət baxımından diqqəti cəlb edir. Komissarların “cəngavər”, xalqımızın “xilaskarları” olmaları haqqında söz-söhbətlər isə cəfəngiyyatdan başqa bir şey deyildir.
Melodram janrında çəkilmiş “Sevil” bədii filmində (1929) ilk öncə məhəbbət üçbucağı ilə qarşılaşırıq: bankın müdiri təyin olunmuş Balaş, kölə qadın səviyyəsinə enmiş, sonradan öz azadlığı uğrunda mübarizəyə qalxan gözəl və gənc Sevil və gününü bahalı restoranlarda eyş-işrətdə keçirən Edel.
Filmdə məhəbbət üçbucağı ilə yanaşı tamaşaçı inqilab dalğasının Bakını da bürüdüyünü, azad yaşamaq uğrunda mübarizə aparan sevilləri öz qoynuna aldığını görür. Filmin ikinci hissəsinin hadisələri sovet dövründə cərəyan edir. Sevili artıq tanımaq olmur, o, yeni həyat qurucusuna çevrilmişdir.
1970-ci ildə çəkilmiş “Sevil” kinooperasından fərqli olaraq, C.Cabbarlının sağlığında və onun iştirakı ilə lentə alınmış “Sevil” filmi tarixi-inqilabi janrda yaradılmamışdır. Buna baxmayaraq film qəhrəmanın inqilabdan əvvəl və sonrakı həyat yolunu ekranda əks etdirir, ikinci planda da olsa Sevil bu inqilabi hadisələrin burulğanına düşür və sonra həmin hadisələrin önündə gedir.
Müharibəyə qədər Azərbaycan kino işçiləri tarixi-inqilabi mövzuda daha iki bədii film çəkib tamaşaçıların mühakiməsinə vermişlər.
“Bakılılar” adlı birinci film 1938-ci ildə yaradılmışdır. Filmin rejissoru V.Turin, baş operatoru L.Kosmatov, operatorları Əlisəttar Atakişiyev və Mirzə Mustafayevdir.
“Bakılılar” filmi kinoepopeyadır. Filmdə 1905-ci ildə Bakıda baş verən inqilabi hadisələrdən, Bakı proletariatının mütləqiyyəti devirmək uğrunda apardığı mübarizədən bəhs olunur. Burada sadə insanlarda inqilabi şüurun necə oyanması, inqilabi prosesdə inqilabçı obrazının açılması fəhlə Cəfərin simasında öz əksini tapmışdır. Filmin əvvəlində savadsız neftçi-fəhlə Cəfər Məmmədov Mixaylov, Lidiya Giorgiyevna və Zaxarıçla tanış olandan sonra o, məhz rus inqilabçılarının təsiri altında bolşevikə çevrilir.
Filmdə gənc neftçi-fəhlə Cəfər rolunda teatr aktyoru Rza Əfqanlı çəkilmiş və kinoda debütünü yaratmışdır. O dövrdə çəkilən filmlərdə olduğu kimi, burada da qəhrəman inqilabi işə qoşularkən tərəddüd etmir, onun qarşısında dilemma durmur. Çünki dövrün özü bunu tələb edirdi. Yəni müəlliflər məsələni bu cür həll etməyə məcbur idilər.
Azərbaycanda qanlı repressiyanın ən qızğın dövründə “Bakılılar” filminin çəkilişi ilə bağlı mətbuatda dərc edilmiş məqalələrin birində deyilir: “Azərfilm” studiyası bu filmin çəkilişini 1936-cı il iyunun 1-də başlamışdı. Lakin vaxtilə “Azərfilm” studiyasına soxulmuş trotskici-buxarinci, burjua-nasionalist köpəklər çalışırdılar ki, bu film nəticəsiz qalsın, bu revolyusion ideyalı film yararsız olsun. Bu məqsədlə də o quduzlaşmış köpəklər, filmin rejissor ssenarisi təsdiq edilmədən ikinci dərəcəli epizodları çəkməyə başlamışdılar. Beləliklə də, filmin çəkilişi yubandırılmışdır.
“Azərfilm” kinostudiyasının ən bacarıqlı kadrları və talantlı sənətkarları filmin çəkilişinə bolşevikcəsinə girişdilər və tez bir zamanda filmə bir sıra zərbələr çalmağa səy etmiş əclafların pozucu işlərini aradan qaldırdılar.”
Göründüyü kimi, Azərbaycan K(b)P MK-nın respublika kinematoqrafçıları qarşısında qoyduğu vəzifə-azərbaycanlı fəhlənin bolşeviklərə qoşulması, 1905-ci ildə Zaqafqaziyada inqilabi hadisələrdə kommunistlərin rolu “Bakılılar” filmində öz ideoloji həllini bu şəkildə tapdı. O vaxt mətbuatda yazıldığı kimi, “filmin yaradıcıları öhdələrinə düşən vəzifəni namusla yerinə yetirdilər.”
Lakin Azərbaycan müstəqillik əldə edəndən sonra bu qəbildən olan filmlərə bu günün prizmasından baxmaq, tarixi həqiqətləri olduğu kimi tamaşaçılara çatdırmaq vacibdir. Bununla belə “Bakılılar” filmi bəzi nöqsanlarına baxmayaraq, sənət nöqteyi-nəzərindən o dövrdə Azərbaycan kino sənətində əhəmiyyətli hadisəyə çevrildi.
Digər tarixi-inqilabi film – “Kəndlilər”i 1939-cu ildə Azərbaycanın ilk professional kinorejissoru Səməd Mərdanov çəkmişdir. Əvvəlki filmlərdə olduğu kimi, burada da mülkədar kəndlinin başına oyun açır. Qoca Təhməz kasıbçılığın daşını atmaq üçün çıxış yolunu qızı Ülfətin mülkədarın oğluna ərə getməsində görür. Ülfət isə aşıq Göydəmiri sevir. Bu dəfə də rus fəhləsi, bolşevik Petro kəndliləri inandırmağa çalışır ki, Müsavat hakimiyyəti devrildikdən sonra torpaq bəylərin, xanların əlindən alınıb kasıblar arasında bölüşdürüləcək, onlara heç kəs ağalıq etməyəcəkdir.
Filmdə göstərilir ki, kəndli hərəkatı genişlənəndən sonra Müsavat hökuməti kəndli qurultayını çağırır. Bolşeviklər bu qurultaydan öz məqsədləri üçün istifadə edirlər. Göydəmirin bu qurultayda odlu-alovlu çıxışından sonra qurultay dağılır. Qurultaydan sonra kəndlilər Bakı proletariatının ətrafında daha sıx birləşirlər.
Müsavatçıların hakimiyyəti dövründə xalqın “dilənçi vəziyyətinə düşməsi”, buna görə də Müsavatın ifşası, kəndlilərin üsyanı, onların partizan hərəkatına keçmələri filmin əsasını təşkil edir.
Filmin sonunda göstərilir ki, XI Qırmızı Ordu zirehli qatarla Azərbaycana gəlir. Öz “nicatını” və “xoş gələcəyini” bu ordunun gəlişində görən kəndlilər, süvari dəstələri ölkəmizin içərilərinə doğru sürətlə irəliləyən qırmızı bolşevik qatarını sevinclə müşayiət edirlər.
G.Mdivaninin ssenarisində mövcud olan bəzi nöqsanlara baxmayaraq, film yüksək profesional səviyyədə lentə alınmışdır. Ədəbi ssenarinin həcmcə nəzərdə tutulduğundan artıq olması, həm də SSRİ Kino komitəsinin səlahiyyətli əməkdaşları tərəfindən məcburi şəkildə bəzi epizodların dəyişdirilməsi və ixtisar olunması rejissor üçün xeyli çətinliklər yaratdı. Bu da son nəticədə filmin bədii keyfiyyətinə azca da olsa təsir göstərmiş oldu.
İş burasındadır ki, S.Mərdanov ilk müstəqil işi üçün heç də tarixi-inqilabi mövzu deyil, klassik əsər – “Ölülər”i seçmişdi. Lakin kinostudiyanın rəhbərliyi onu fikrindən daşındırmağa çalışmış, “Kəndlilər”i zorla onun boynuna qoymuşdur. Hətta S.Mərdanov iclasların birində bununla əlaqədar belə demişdi: “Ölülər”i çəkmək üçün mən mübarizə aparırdım. Mənə isə dedilər: “Ölülər”i bir il sonraya qoyun qalsın, Azərbaycan və ya Rusiya şəraitində XIX əsrin gənc adamlarının tarixcəsi ilə məşğul olmayın. 20 illik yubileyə (Sovet Azərbaycanı nəzərdə tutulur – A.K.) lazım olan film çəkin. Ona görə də mən “Kəndlilər”i çəkmək qərarına gəldim.”
Filmin başlanğıcı heç də bizim indi gördüyümüz şəkildə deyildi. Bunu sonradan Mərdanova məcbürən dəyişdirtdirib, bura “1919-cu il. Azərbaycan. Kasıb kəndlilər Müsavat hökumətinin əsarəti altında inləyir” sözlərini əlavə etmişlər.
Moskvanın kino rəhbərlərinin ssenari ilə bağlı yazdıqları rəydə belə bir fikrə rast gəlirik: “Biz bir daha ssenariçilərin diqqətini ssenarinin elə yerlərinə yönəldirik ki, həmin səhnələrdə partiya rəhbərləri – Lenin və Stalin haqqında söhbət getmiş olsun. “Kəndlilər”də ssenariçilər bu fikri ssenarinin süjet xəttilə üzvi şəkildə bağlaya bilməmişlər.”
“Kəndlilər”dən fərqli olaraq “Stepan Şaumyan” filminin ssenarisi yazılarkən, burada Moskva yox, özümüzkünlər elə qondarma fikirlər ortaya atırdılar ki, hətta Moskva ssenaristləri çaş-baş qalırdılar. Bizim kino işçilərimiz Şaumyan haqqında film yaratmaq ideyasını hələ 20-ci illərin ortalarından həyata keçirməyə çalışırdılar. Hər müzakirədən sonra ssenari şişib 81 səhifəyə çatdırılmışdı. 1940-cı il martın 27-də kinostudiyada Azərbaycan K(b)P MK-nın, yazıçılar ittifaqının, S.Şaumyan adına Tarix İnstitutunun keçirdikləri “Şaumyan” ssenarisinin müzakirəsi zamanı müxtəlif vəzifəli şəxslərin söylədikləri fikirlərlə tamaşaçıları tanış etmək istəyirəm:
– ...Ssenaridə Nərimanovun fiquru səhv verilmişdir. Kimdir Nərimanov? Burjua millətçisi, bizim düşmənimiz, xalqın düşməni. Ssenaridə isə biz hər zaman Nərimanovu Şaumyan və Əzizbəyovla yanaşı, hətta bəzən bir yerdə görürük. Şaumyan və Əzizbəyov Nərimanovla razılığa gələ bilmirlər. Nəticədə sovet hakimiyyəti süqut edir. Bu düzgün deyildir. Sovet hakimiyyətinin yıxılmasından başqa, daha ciddi səbəblər vardır. Bunları ssenaridə göstərmək lazım idi.
– Mübarizəni və qəhrəmanlıq işlərini təsvir etmək üçün düşməni də göstərmək lazımdır. Ssenaridə belə düşmən yoxdur. Şaumyanın fiqurası ilə yanaşı əsl, burjua millətçisinin obrazını vermək lazımdır. Yalnız belə halda Şaumyanın obrazını gücləndirmək olar. Belə bir düşmən Nərimanovu etmək lazımdır.
– Biz Bağırov yoldaşla söhbət edərkən o, bizə Nərimanovu ifşa etməyi tapşırmışdı. Biz qorxmuruq, Nərimanovu beləcə də göstərəcəyik.
– Bu obrazı bütün genişliyi ilə göstərmək lazımdır. Onu axıradək açmaq və tamaşaçıda ona qarşı elə nifrət oyatmaq lazımdır ki, Nərimanovun sifətinə tüpürmək istəsin...
Görkəmli rus kinodramaturqu, yazıçısı və kinoşünası V.Şklovski isə bütün bunlardan fərqli olaraq filmin ssenarisi barədə fikrini belə ifadə etmişdir: “Tarixi film yazmaq üçün epoxanın, dövrün fəlsəfəsini dərk etmək lazımdır.”
Ssenarini V.Şklovski və İ.Altman yazmışlar. M.Bleyman isə ssenariyə əl gəzdirməli olmuşdu. Erməni rejissoru A.Beknazarov olmalı idi.
Çox-çox sonralar məlum olur ki, daşnak-bolşevik Şaumyan haqqında filmin çəkilməməsinin səbəbkarı 1939-1941-ci illərdə Bakı kinostudiyasında direktor işləmiş Şəmsəddin Abbasov idi. Bu faktı rejissor A.Beknazarov da M.C.Bağırova yazdığı məktubda qeyd etmişdir.
O dövrdə Azərbaycan kinosunda tarixi-inqilabi mövzuya aludəçilik çox idi. Belə filmlərin yaranma prosesi bir neçə yoxlama mərhələsindən keçirdi. Göründüyü kimi, tarixi-inqilabi filmlər sovet ideologiyası baxımından köhnəlsələr də, bəziləri sənət əsəri kimi öz əhəmiyyətini bu gün də itirməmişdir.

Aydın Kazımzadə,
əməkdar incəsənət xadimiFOTOLAR"> FOTOLAR"> FOTOLAR">