Kino rejissorlarının bir dərsi - Reportaj
Bu
gün Azərbaycan incəsənətində iri addımlarla irəliləyən sahələrdən biri də kinodur.
Elə bir dövrdəyik ki, artıq kinoteatrlarda xarici filmlərlə yanaşı, yerli
filmlərimiz də nümayiş olunur. Hətta biletlərin satış sayına görə onlarla
rəqabətə də girir. Kinonun nə qədər həssas və maraqlı bir sənət olduğu hər kəsə
bəllidir. Filmi ərsəyə gətirən əksər kadrları isə Azərbaycan Mədəniyyət və
İncəsənət Universiteti yetişdirir. Hansı ki, bu universitetdən hər il neçə-neçə
ixtisaslı aktyor, rejissor məzun olur. Biz də Azərbaycan kino sahəsi üzrə yetişən
gənclərin dərs zamanı fəaliyyətlərini izləmək üçün sözügedən universitetə yollandıq.
Bu
dəfə universitet gözümüzə tamam başqa bir görkəmdə göründü. Yeni təmirdən çıxan
mədəni təhsil ocağı göz oxşayırdı. Müasir avadanlıqlarla təmin olunmuş təhsil
müəssisəsi sanki muzeyi xatırlatdı. Zövqlə dekor edilmiş bəyaz divarlarda
rəssamların əl işləri ümumi ahəngə xüsusi bir rəng qatır. Universitetə dərs saatında
daxil olduğumuz üçün koridorlarda xüsusi bir sakitlik hökm sürürdü.
Eldar Quliyevin gənc rejissorları
Dəhlizdə
xalq artisti, tanınmış kinorejissor Eldar Quliyevlə rastlaşdıq. Asta bir templə
sinif otağına tərəf yol alan universitetin kino kafedrasının professoru
yavaş-yavaş gözdən itdi. Sonra qurumun mətbuatla əlaqələr şöbəsinin əməkdaşı
bizi mehribanlıqla qarşıladı. İstənilən dərs prosesində müşahidəçi qismində
otura biləcəyimizi söylədi. Elə az əvvəl koridorda qarşılaşdığımız Eldar
müəllimin dərsinə qonaq olmaq istədiyimizi bildirdik.
Əslində,
"Debüt” studiyasının ilk bədii rəhbəri olan Eldar müəllimin çox kaprizli xarakterə
sahib olduğunu və onun kiminləsə yaxından ünsiyyət qura biləcəyini düşünmürdüm.
Universitetin SABAH qrupundan
ibarət təşkil olunmuş "Resjissor sənəti” ixtisasının 4-cü kurs tələbələrinin
dərsində gördüklərimdən sonra bu fikirdən daşındım. Qrupun kurs rəhbəri olan
Eldar Quliyev onlara "Rejissor sənətinin əsasları” dərsini tədris edirdi.
Kiçik
qara pərdələrdən ibarət olan səhnəli otağın digər divarları da qara boya ilə
boyanmışdı. Müəllim-tələbə dialoqu, tədris üçün ən ideal bir sinif otağı idi.
Təmirdən sonra daha gözəl və səliqəli görünən bu otaqlar insanlara yenidən
çalışmaq əzmi verir...
Bu
kursun tələbələri Həsənov Şəfa, Şövkət Fikrətqızı, Həsənov Hüseyn, Həsənov Masər, Hüseynov Samir,
Aslanlı Nurlan da çəkəcəkləri filmlərdə hansı əsərlərdən yararlanacaqları və ya
gələn semestr təqdim edəcəkləri diplom işi üçün necə bir ssenari düşündükləri
haqqında diskussiya edirdilər. Tələbələr öz müxtəlif əl və üz hərəkətləri ilə
necə bir ssenari hazırlayacaqlarını və bu ssenarini hansı şəkildə həyata
keçirəcəklərini izah edirdilər.
Hər
bir tələbə seçdiyi əsərin ssenarisini danışandan sonra isə Eldar Quliyev onlara
eyni sualla müraciət edirdi: "Səni başa düşürəm, əsas odur ki, sən niyə bu
əsəri seçmisən? Bununla nə deməyə çalışırsan? Çəkəcəyin bu kadrla hansı mesajı
ötürmək istəyirsən. İstəyin və məqsədin nədir?”
Bu
suala öncədən hazırlıqlı olan tələbələr seçdikləri əsərlə bağlı müzakirələr aparır
və özlərinə məxsus izah verməyə çalışırdılar.
"Sabah”ın istedadlı tələbələri
Dərs
prosesi bitdikdən sonra tələbələrlə söhbət etmək və onların tələbəlik həyatı
ilə bağlı müzakirələr etmək imkanımız oldu. Bu qrupun tələbələrinin nə üçün
yığma və "Sabahın uşaqları” kimi adlandırması ilə maraqlandıq. Aydın oldu ki, SABAH
ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil
sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və
hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq
olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. ADMİU-nun SABAH
qruplarında iki ixtisas (aktyor sənəti və rejissor sənəti) və 3
ixtisaslaşma (kino rejissoru, televiziya rejissoru, musiqili teatr rejissoru)
üzrə 41 tələbə təhsil alır. Onlardan ilk qrup isə hazırda qonağı olduğumuz
"Rejissor sənəti” ixtisasıdır.
Şəfa deyir ki, bu qrupa daxil olmaq onlara heç də asan
başa gəlməyib. Belə ki, yalnız imtahanlardan yüksək nəticə göstərən tələblər bu
qrupda təhsil almaq imkanı qazana bilərdi: "Birinci kursda mən televiziya
rejissorluğuna daxil olmuşdum. Belə bir elanı gördükdə müraciət etdim. Bizi testlə
imtahandan keçirdilər. Sonra rejissorlarla təkbətək müsahibələr etdik. Bu
qrupda təhsil alan tələbə yoldaşlarım da başqa ixtisaslardan gəliblər”.
3
ildir ki, qrupa dərs deyən Eldar Quliyevi tələbələri çox sevir. Deyirlər ki,
onlar müəllimlərindən kinoya aid hər şeyi öyrəniblər. Filmə necə yaxınlaşmaqdan
tutmuş, onu necə ssenariləşdirmək və lentə almağa qədər. Tələbələr
müəllimlərinin diplom işinə görə onları yormadığını və rahat şəkildə çalışa
bildiklərini deyirlər. Müəllimləri onları diplom işlərinə görə çox dağa-daşa
salmır və asan yolla hər şeyin həllini göstərir. Tələbələr deyirlər ki,
müəllimləri məsləhət verəndə, həmişə belə deyir: "Mən rejissor yetişdirmirəm,
ilk olaraq ziyalı yetişdirirəm. Rejissor olmaq o deməkdir ki, beynində
təxəyyülün nəyisə yaradanda, arxasında durasan ki, buna görə etdim”. Tələbələr
digər müəllimlərinin də onlar üçün əllərindən gələn köməkliyi etdiklərini
bildirirlər.
Şəfa
Həsənova deyir ki, incəsənət universitetinin tələbələri xüsusi sərbəstliyə və
azadlığa sahibdirlər: "Müəllimlərimiz bizə azadlıq verir. Yaradıcı insan azad
olmalıdır ki, nəsə yarada bilsin. Təsəvvürümə də gətirə bilmərəm ki, mən başqa
bir universitetin tələbəsi ola bilərəm. Çünki rahatlığa, sərbəstliyə öyrəşmişəm.
Buradakı mühit çox yaxşıdır. Müəllim tələbəyə, tələbə də müəlliminə hörmət edir”.
Onu da bildirək
ki, qonağı olduğumuz qrupun iki nümayəndəsi ötən gün ölkəmizdə
keçirilən "Gənclərin IV Film Festivalı”nda mükafata layiq
görülüb.
Festival
çərçivəsində Azərbaycan, Avropa və Amerikanın bir çox filmlərinin təqdimatı,
ustad dərsləri, canlı musiqi nümunələri, eləcə də gənc Azərbaycan
filmoqraflarının 40-dan çox filmi nümayiş olunub. SABAH qrupunun IV kurs
tələbəsi Masər Həsənovun "Everest”, "Sevgi naminə” filmləri nümayiş olunub.
Hüseyn Həsənovun filmi isə 1-ci yerə layiq görülüb.
Xəyalə
Rəis