• cümə axşamı, 18 aprel, 15:27
  • Baku Bakı 22°C

Kino musiqilərimiz niyə diqqəti cəlb etmir?

21.02.14 09:15 2237
Kino musiqilərimiz niyə diqqəti cəlb etmir?
Musiqi filmin ən mühüm komponentlərindən biridir. Personajların, hadisələrin zaman və məkan xüsusiyyətlərini səciyyələndirmək, əsərin ideyasını ifadə etmək kimi funksiyaları yerinə yetirir. Musiqiyə tələbat kinonun yarandığı ilk illərdə meydana gəlib. Bəzən filmləri məhz onların musiqisinə görə xatırlayırıq. Bu gün kinolarda istifadə olunan musiqilər çox zaman hansısa müğənninin repertuarından götürülür. Filmlərimizdə daha çox gənc bəstəkarların əməyinin qıtlığı hiss olunur.
Bəs görəsən bu gün film sahəsində çalışan bəstəkarlar yetişirmi, varsa, indi onlar nə işlə məşğuldurlar? Biz də bu sahə üzrə ixtisaslaşmış sənətkarlardan münasibət öyrəndik.
“Gənc bəstəkarları tanımıram”

Gənc kinoşünas Aygün Aslanlı bizimlə söhbətində gənc bəstəkarlardan yalnız Firudin Allahverdiyevi tanıdığını, başqalarının ismini eşitmədiyini dedi: “Gənc bəstəkarlardan daha çox F.Allahverdiyevin adına rast gəlmişəm. Başqa gənc bəstəkar tanımıram. Hər hansı filmi izləyərkən orada musiqi diqqətimi cəlb etmirsə, musiqi filmdə əriməyibsə, o zaman filmin bəstəkarının adı ilə heç maraqlanmıram. Çünki filmdə musiqi də, montaj da kompleks şəkildə olduğuna və hamısı bir-birinin içində əriyib orqanik bir əsər ortaya çıxardığına görə vahidlik təşkil edir. Musiqi kompozisiyaya daxil olmursa, orada artıq qalırsa, o zaman mən bəstəkarın adına baxmıram. Film mənim diqqətimi çəkdiyi anda onun bəstəkarının adına baxıram. Akif Rüstəmovun qısametrajlı filmi olan “Arxası qülləyə” filmində musiqi diqqətimi daha çox cəlb etdi. Bundan başqa, Emin Əfəndiyevin “Yuva” filminin də musiqisi çox maraqlıdır. Filmdə hər şey yalnız bir məqsədə – filmin ideyasına xidmət etməlidir. İndi siz demək istəyirsiniz ki, nə üçün Polad Bülbüloğlunun, Rəşid Behbudovun filmlərindəki kimi mahnılar yoxdur? Əslində onlar da film musiqisi kimi yaxşı deyillər. Onlar mahnıdır, film dayanır, hind filmlərindəki kimi mahnı səslənir. O tamam başqa sahədir. Bu, filmə aid olan bir şey deyil. Bu, filmin ortasında konsertə bənzəyir, siz də başlayırsınız konsertə qulaq asmağa. Polad Bülbüloğlu, Tofiq Quliyev, Rafiq Babayevin musiqisi hind kinosunun estetikasına uyğun olaraq, filmin ortasına salınmış konsertdir. Ona görə hətta onlar da kino musiqisi deyil. Yaxşı ki, indi Azərbaycan kinosu üçün elə mahnılar bəstələnmir. Bu mənim subyektiv fikrimdir ki, elə mahnıların kinoya aidiyyəti yoxdur”.
İndi gənc bəstəkarların əksəriyyəti heç notu da bilmir

Kinoşünas Ayaz Salayev gənc bəstəkarların heç birini tanımadığını, Azərbaycan kinosunun bəstəkardan daha vacib problemləri olduğunu qeyd etdi: “Kino üçün bəstəkar yetişdirmək indi mühüm məsələ deyil. Ondan əvvəl kino sahəsində o qədər problemlər var ki, onları həll etdik, qaldı kino üçün mahnı bəstələyən gənc bəstəkarlar. İndi daha çox kino sahəsində əsas kadrları yetişdirmək lazımdır. Hələ bəstəkarlara çox var”.
Kinorejissor Rövşən İsax bizimlə söhbətində gənc bəsətəkarların bu sahəyə daha çox təcrübə toplayaraq gələ biləcəklərini dedi: “Bəstəkar mahnı, simfoniya yazır. Bədii film üçün mahnı yazmaq onun üçün asan olmalıdır. Filmdə ən böyük öhdəlik rejissora həvalə olunmalıdır. Rejissor nə istədiyini və onu hansı formada gördüyünü bəstəkara izah etməlidir ki, ondan istədiyini ala bilsin, bəstəkar da rejissorun istəyinə uyğun filmin ssenarisinin ruhuna xas olan musiqi yaza bilsin. Ondan sonra filmin texniki parametrləri başlayır. O səhnə üçün musiqi teması və aksent hissəsi gəlir. Mənə elə gəlir ki, film musiqisi yazan gənc bəstəkar kifayət qədərdir. Yaxşı bəstəkarların hamısından film musiqisi almaq olar. Yetər ki, rejissor nə istədiyini desin. İndi gənc bəstəkarların əksəriyyəti heç notu da bilmir. Aranjemançılardan eşitmişəm ki, onlar dodağının altında nəsə mızıldanır, sonra gedib onun əvvəlini-axırını bəzəyib-düzəyir və mahnıları bu şəkildə bəstələyirlər. Ancaq Konservatoriyanı bitirən gənc bəstəkarlar var ki, onlar teatrlar üçün yaxşı mahnılar bəstələyirlər. “Tez evlən qardaşım, at subaylığın daşın” - bu tip mahnılar bəstələyən gənc bəstəkarları nəzərdə tutmuram. Onlar heç zaman kinoya musiqi bəstələyə bilməzlər. Ancaq ali savadlı gənc bəstəkarlar film üçün mahnı bəstələyə bilərlər. Belələri bu gün Azərbaycan səhnəsində var. Mən özüm filmimi gənc bəstəkara həvalə etmişəm və ondan da istədiyimi almışam”.
Onlar bizi tanımırlar

Gənc bəstəkar Ayaz Qəmbərli əgər ona maraqlı mövzular təklif olunarsa, bu işə böyük məmnuniyyətlə razılaşacağını deyir: “Deməzdim ki, rejissorlar gənc bəstəkarlara etibar etmirlər. Məncə, rejissorların bir qismi gənc bəstəkarları sadəcə olaraq tanımırlar. Təəssüf hissi ilə qeyd edim ki, hər il keçirilən gənc bəstəkarların konsertlərində incəsənətin digər sahələrində çalışan mütəxəssislərə çox az hallarda rast gəlinir. Amma sizi tam əmin edə bilərəm ki, Azərbaycan kinosuna böyük töhfələr verə biləcək, adları bir çox dünya şöhrətli beynəlxalq müsabiqə və festivallarda hallanan Said Qəni, Tahir İbişov, Türkər Qasımzadə kimi professional bəstəkarlarımız var. Şəxsən mənim kino sahəsi üzrə təcrübəm çox kiçikdir. Bu günə qədər bir neçə filmə musiqi yazmışam”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər