• cümə, 19 Aprel, 08:24
  • Baku Bakı 13°C

“Kimlər ki bizi tənqid edir, onlar gərək öz problemlərinə də nəzər salsınlar”

28.07.15 11:20 2965
“Kimlər ki bizi tənqid edir, onlar gərək öz problemlərinə də nəzər salsınlar”
Səfir Pərviz Şahbazov alman mətbuatının Avropa Oyunları kontekstində ölkəmizə qarşı apardığı kampaniyanı ifşa etdiklərini düşünür
“Bu gün Azərbaycan regionumuzda aparıcı dövlətdir. Almaniya da Avropa İttifaqında aparıcı dövlətlərdən biridir. Sözsüz ki, Azərbaycan həm Almaniya ilə ikitərəfli münasibətlərdə, həm də Avropa İttifaqının mühüm üzvü kimi bu ölkə ilə əlaqələrin inkişafında maraqlıdır”. Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazovun “Kaspi” qəzetinə müsahibəsində səsləndirdiyi bu fikirlər Almaniya ilə Azərbaycan arasında siyasi, mədəni və iqtisadi sahələrdə əməkdaşlığın hazırkı durumuna və gələcək taleyinə aydınlıq gətirib.
Kimlər ki, bizi tənqid edir...
- Cənab səfir, Bakıda keçirilən ilk Avropa Oyunları artıq başa çatıb. Oyunlar zamanı Bakı Avropadan necə görünürdü?
- İlk Avropa Oyunları çox möhtəşəm keçirildi. Azərbaycan bu oyunlarla həqiqətən bütün səviyyələrdə beynəlxalq tədbirlər keçirmək iqtidarında olduğunu bir daha nümayiş etdirdi. Sözsüz ki, təkcə Avropadan deyil, həm də bütün dünyadan bu oyunları maraqla izləyirdilər. Bu oyunlar ilk növbədə Avropa qitəsinin ilk oyunları idi. Miqyasına görə Avropa Oyunlarını Yay Olimpiya Oyunları ilə müqayisə edirlər. 24 yaşı olan bir dövlətin bu cür əhəmiyyətli tədbiri qısa zaman kəsiyində bu qədər yüksək peşəkarlıqla hazırlaması və həyata keçirməsi hətta təəccüblə qarşılandı. Üstəlik bizim idmançıların yarışlarda yüksək göstəricilər nümayiş etdirməsi xüsusi qürur hissi doğurdu.
- Hazırkı Azərbaycan-Almaniya əlaqələrini necə dəyərləndirirsiniz?
- Azərbaycan və Almaniya əlaqələri çox geniş spektri əhatə edir. Demək olar ki, bu iki ölkə arasında elə bir sahə yoxdur ki, orada əməkdaşlıq olmasın. İstər siyasi, istər iqtisadi, istər mədəniyyət sahəsində, istərsə də nazirliklər, təşkilatlar, QHT-lər və təhsil ocaqları arasında münasibətlər çox genişdir. Əlbəttə, bu münasibətlər bir gündə qurulmayıb və müəyyən tarixi köklərə söykənir. Tarixə nəzər salsaq görərik ki, hələ təxminən 200 il əvvəl Napoleonun qırıcı müharibələri nəticəsində üzlərini Şərqə tutmuş bir qrup alman ailələri Azərbaycana gələrək burada məskunlaşmışlar. Onlar Azərbaycanda özləri üçün yeni vətən tapmış, burada uzun illər fəaliyyət göstərib, yaşayıb-yaratmışlar. Düzdür, 2-ci Dünya müharibəsi zamanı o vaxtkı Sovet hakimiyyəti Azərbaycanda yaşayan almanları uzaq Sibirə və Qazaxıstana sürgün etmişdir. Sonralar imkan yarandıqda almanların bir hissəsi yenidən Azərbaycana qayıdıb, məhz bizim ölkədə öz yaşayışlarını davam etdiriblər.
Bu gün Azərbaycan regionumuzda aparıcı dövlətdir. Almaniya da Avropa İttifaqında aparıcı dövlətlərdən biridir. Sözsüz ki, Azərbaycan həm Almaniya ilə ikitərəfli münasibətlərdə, həm də Avropa İttifaqının mühüm üzvü kimi bu ölkə ilə əlaqələrin inkişafında maraqlıdır. Eyni zamanda, Almaniya üçün Azərbaycan regionun aparıcı siyasi və iqtisadi qüvvəsi olduğundan bu dövlət bizimlə yaxından əməkdaşlıq etməyə can atır. Almaniya Azərbaycanın məlum beynəlxalq və regional enerji layihələrinə çox böyük önəm verir. Bu da ilk növbədə Azərbaycanı Almaniya üçün maraqlı tərəfdaş edir. Üstəlik Azərbaycanın dinamik inkişaf edən iqtisadiyyatı da Almaniya üçün cəlbedicidir. Almaniya iqtisadi sahədə başqa ölkələrlə intensiv əməkdaşlıq edən ölkədir. İxracat üzrə də uzun illərdir ki dünya üzrə ən yüksək göstəricilərə malikdir. Bu baxımdan, Almaniya böyük potensiala malik olan, dinamik inkişaf edən iqtisadiyyatlarla daha yaxından əməkdaşlıq etməkdə maraqlıdır. Məhz bu cür yanaşmadan çıxış edərək, Almaniya bütün MDB məkanında özünün Rusiyadan sonra ikinci xarici ticarət palatasını məhz Azərbaycanda təsis edib.
- Son vaxtlar Almaniya mətbuatında Azərbaycan əleyhinə yazılar çoxalıb və antiazərbaycan çağırışlar eşidilir. Xüsusən, bu münasibət Avropa Oyunları ərəfəsində daha qabarıq üzə çıxdı. Sizcə, bu münasibətlər haradan qaynaqlanır? Ölkə rəsmləri ilə bu barədə müzakirələriniz olubmu?
- Əfsuslar olsun ki, özünü “azad mətbuat” adlandıran bir sıra alman KİV-ləri əslində kənar faktorların təsiri altında fəaliyyət göstərirlər ki, bu da obyektiv jurnalistika ilə bir araya gəlmir. Biz Səfirlik olaraq alman mətbuatının Avropa Oyunları kontekstində ölkəmizə dair yaydığı qərəzli məlumatlara qarşı bəyanatla çıxış etmiş və bu çirkli piar kampaniyasını ifşa etmişik. Bu bir reallıqdır ki, gənc, dinamik inkişafa malik olan, müstəqil siyasətini quran, öz maraqlarına cavab verən beynəlxalq və regional layihələri həyata keçirən, işğalçı Ermənistandan başqa bütün qonşuları ilə mehriban qonşuluq münasibətləri qura bilən və yalnız Azərbaycan xalqının maraqlarına xidmət edən dövlətimizi istəməyən siyasi dairələr mövcuddur. Əlbəttə, bunun ayrılmaz bir hissəsi Azərbaycan əleyhinə daim fəaliyyət göstərən erməni diasporu və onların havadarlarıdır ki, onlar bütün dünyada, o cümlədən Almaniyada da fəaldırlar. Bundan əlavə, bu cür əsassız ittihamlar, Azərbaycanın imicinə zərər vurmaq məqsədi daşıyan qara piar fəaliyyəti ölkəmizə qarşı bir təzyiq vasitəsi kimi istifadə olunur. Biz onların nə qədər qərəzli, heç bir əsası olmayan məlumatlara söykənən ittihamlar səsləndirdiklərini görürük. Biz bu ittihamları qətiyyətlə rədd edirik və bu haqda da açıq-aşkar öz bəyanatımızda bildirmişik, həmçinin bəzi siyasi dairələrin də nəzərinə çatdırmışıq. Almaniya mətbuatını qərəzli adlandırdığımıza görə Bundestaqda Səfirliyimizi kəskin tənqidə məruz qoyublar. Maraqlısı budur ki, onlar bizi əsassız tənqid edəndə, bunu mətbuatın azadlığı kimi təqdim edirlər. Biz olanlara münasibət bildirdikdə isə, bunu mətbuata hücum kimi qələmə verməyə çalışırlar. Beləliklə də Almaniyada bəzi söz azadlığı “müdafiəçiləri” əslində bizim müstəqil fikir ifadə etmək azadlığımıza qarşı çıxmış olurlar.
Biz də öz münasibətimizi boş yerə bildirmirik, bunun üçün əsasımız var. Bundan sonra da öz mövqeyimizi eyni dərəcədə nümayiş etdirəcəyik. Bilirsinizmi, bütün ölkələri tənqid etmək olar. Almaniyada uşaq yoxsulluğu, sosial-təhsil sisteminin problemləri var. Miqrantlarla rəftar, polisin nümayişçilərlə sərt davranış problemləri mövcuddur. Kimlər ki, bizi tənqid edir, onlar ilk növbədə gərək öz problemlərinə də nəzər salsınlar.
- Bütün bu əlaqələrin və münasibətlərin fonunda bir diplomat kimi alman-Azərbaycan əlaqələrinin gələcəyini necə görürsünüz?
- Mən bir diplomat kimi nikbinəm. Bir tərəfdən iki ölkə arasında əlaqələrin inkişafına mane olmaq istəyən müxtəlif qüvvələrin olduğunu etiraf etməliyik. Eyni zamanda, bu iki dövlətin qarşılıqlı maraqları var. Bu gün də dünya təcrübəsi onu göstərir ki, dövlətlər öz siyasətlərində daha çox praqmatizmə üz tuturlar. Bu praqmatizm isə onu diqtə edir ki, bu iki dövlət öz münasibətlərini mövcud kəsişən maraqlar üzərində qursunlar. Bunu bizim ötən illər ərzində yaşadığımız təcrübə də göstərir. 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsi Azərbaycanda keçiriləndə də Almaniya mətbuatında eyni cür qarayaxma kampaniyası keçirilirdi. Buna baxmayaraq, ondan sonra həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə əlaqələr bərpa olundu və irəli getdi.
Keçən ilin oktyabrında Almaniyanın Xarici İşlər Naziri Frank-Valter Ştaynmayer Azərbaycana səfər etdi. Daha sonra Almaniya tərəfinin dəvəti ilə Prezident İlham Əliyev bu ilin əvvəlində bu ölkəyə iki səfər gerçəkləşdirdi. AFR Kansleri Anqela Merkelin dəvəti ilə gerçəkləşən səfər zamanı iki ölkə arasında ikitərəfli münasibətlər geniş müzakirə olundu, gələcək perspektivlər müəyyənləşdirildi. Digər səfər isə Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı ilə əlaqədar oldu. Bu konfrans çərçivəsində ilk dəfə olaraq Avropadakı digər münaqişələrlə yanaşı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğu sessiya keçirildi. Cənab Prezident həmin sessiyada Ermənistanın işğalı haqqında geniş məlumat verdi və Azərbaycanın münaqişənin həllinə dair mövqeyini açıqladı.
İkitərəfli səfərlər yenə də gözlənilir. Düzdür, Almaniya Bundestaqı Avropa Oyunları ilə bağlı Azərbaycanı əsassız ittiham edən qərəzli qətnaməni qəbul etməklə bir növ ölkəmizə arxadan zərbə vurdu və münasibətləri bir qədər gərginləşdirdi. Ancaq bu məsuliyyət Almaniya tərəfinin, daha doğrusu, həmin qətnaməni qəbul edən təxminən 35 nəfər siyasətçinin üzərinə düşür ki, onların da ölkəmizə qarşı mövqeyindən xəbərdarıq. Lakin keçmiş təcrübə onu göstərir ki, biz bu cür çətin mərhələləri keçib yenə də münasibətlərin inkişafına nail ola bilərik. Ümidvaram ki, Almaniya tərəfi buna nail olmaq üçün konstruktiv mövqe nümayiş etdirəcək.
Mədəniyyətlərarası körpü
- Sözsüz ki, ölkələr arasında münasibətlərin formalaşmasında mədəni əlaqələr həmişə mühüm rol oynayır. Bu baxımdan, iki ölkə arasında bu tip əlaqələr haqqında nə deyərdiniz?
- Mədəniyyət sahəsində əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edir. İlk dəfə olaraq Avropada Azərbaycan Mədəniyyət İli məhz 2008-ci ildə Almaniyada keçirilmişdir. Bir il ərzində Almaniyanın 8 federal torpağında 90-dan çox mədəniyyət tədbiri təşkil olundu. Almaniya da Azərbaycanın bu təşəbbüsünə bir cavab olaraq 2009-cu ildə Azərbaycanda Alman Mədəniyyət Həftələri keçirdi. Heydər Əliyev Fondunun təşkilatçılığı və Səfirliyimizin dəstəyilə artıq üçüncü ildir ki, Almaniyanın əksər federal torpaqlarını əhatə etməklə önəmli mədəniyyət tədbirləri keçiririk. Bu tədbirlər ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və himayəsi ilə təşkil olunur. Eyni zamanda, Fondun təşəbbüsü ilə Azərbaycan incəsənətini, mədəniyyətini və ədəbiyyatını təbliğ edən materiallar yüksək səviyyəli tərtibatla alman dilinə tərcümə olunub. Həmin materiallar Almaniyada geniş şəkildə yayılır.
- Berlin-Bakı Qalereyasında olarkən səfirlik tərəfindən də onlara dəstək göstərildiyi qeyd olundu. Həmin qalereyanın iki ölkə arasındakı rolunu necə dəyərləndirirsiniz?
- Bu Qalereyanın doğrudan da Almaniya və Azərbaycanın mədəni və siyasi münasibətlərinin inkişafında müəyyən bir rolu var. Artıq 7 ildir ki, Berlin-Bakı Qalereyası bu münasibətlərin inkişafına xidmət edir, iki ölkə arasında mədəniyyət körpüsü yaradır. Qalereya həm Azərbaycan rəssamlarının, həm də Azərbaycan və alman rəssamlarının birgə sərgilərini keçirir, bəzi hallarda isə digər ölkələrin rəssamlarını cəlb etməklə beynəlxalq layihələr reallaşdırır. Qalereya həmçinin, Bakıda Rəssamlıq Akademiyasında müsabiqələr keçirərək qalibləri mükafat olaraq Almaniyaya gətirib onlar üçün ustad dərsləri təşkil edir. Bu, bir növ Azərbaycanın incəsənət tələbələrinin təhsilinə töhfədir.
Qürurverici fakt
- Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız arasında əlaqələrin zəif olduğu, ümumiyyətlə ölkəmizin təbliği baxımından onların işlərinin qənaətbəxş olmadığı bildirilir. Bu fikirlərdə nə qədər həqiqət var?
- Sizinlə təxminən razıyam. Belə çətinliklər əvvəllər olurdu. İndi də bəzən olur, amma kifayət qədər azalıb. Çünki koordinasiya məsələləri müəyyən qədər həllini tapıb. Təxminən 7 il əvvəl biz Almaniyadakı Azərbaycan diaspor fəalları ilə bir araya gəldik və Berlin şəhərində Almaniyada yaşayan Azərbaycanlıların Koordinasiya Mərkəzini qurduq. Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri sırasından Mərkəzin Rəyasət Heyətinin üzvləri seçildi. Bu Mərkəz heç də ayrı-ayrılıqda fəaliyyət göstərən cəmiyyətlərin üst təşkilatı deyil, sadəcə, onların arasında əlaqələndirməni təmin edən, münasibətləri yaradan və onların yaxşılaşmasına dəstək verən baza oldu. Bu təşkilat qısa müddətdə özünü doğrultdu.
Bundan əlavə, hər ilin sonunda bütün Almaniya boyu fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri ilə Səfirlikdə geniş tərkibdə görüş keçirilir. Bizim diasporumuz son illər xeyli fəallaşıb. Sözsüz ki, Azərbaycanın dövlət başçısının xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına göstərdiyi diqqət və qayğı, ölkəmizin beynəlxalq aləmdə gün-gündən yüksələn imici və mövqeyi həmin təşkilatları da ölkəmizə daha çox bağlayır və fəallıqlarını artırır.
- Həmişə deyirik ki hər birimiz Vətən üçün nəsə etməliyik. Bu baxımdan gənc nəslin üzərinə böyük məsuliyyət düşür. Siz gənc bir səfir kimi gənclərin öz vətənlərinə töhfə vermələri üçün nə tövsiyə edərdiniz?
- Biz bütövlükdə Almaniyadakı azərbaycanlı gənclərin fəaliyyətindən razıyıq. Bura Azərbaycanın müvafiq dövlət proqramı ilə və ya öz hesablarına yol tapıb oxumağa gələn tələbələrimiz ölkəmizin ən fəal təmsilçilərindəndirlər. Onlar özlərini hər zaman həm savad və intellekt, həm də vətənpərvərlik nöqteyi-nəzərindən ən müsbət tərəfdən göstərmişlər. Onların ölkəmizin və xalqımızın maraqlarını qorumağa hər zaman hazır olmaları qürurverici faktdır. Yüksək savada malik olan, alman dilini mükəmməl bilən, müasir informasiya məkanın nəbzini hiss edən tələbə və gənclərimizin xaricdə fəallığını önəmli hesab edirəm. Bu ona görə önəmlidir ki, onlar Azərbaycan haqqında həqiqətləri bu ölkədə geniş yaymaq imkanına malikdirlər və oxuduqları ali məktəblərdə onların yaydığı məlumatlar minlərlə alman gəncinə yetişmiş olur.
Təranə Məhərrəmova
Berlin-Bakı

banner

Oxşar Xəbərlər