• çərşənbə axşamı, 19 mart, 12:46
  • Baku Bakı 8°C

Kimin dostusunuz: “ayı”nın, yoxsa həqiqətin?

14.02.19 17:32 2814
Kimin dostusunuz: “ayı”nın, yoxsa həqiqətin?
"Baş düşmək olmur, sən ayının dostusan, yoxsa bizim?” Məşhur lətifədə verilən bu sualı bu gün fərqli tərzdə "başa düşmək olmur, siz kimin dostusunuz, ayının, yoxsa həqiqətin” kimi xarakterizə etmək olar. Uzun illərdir Azərbaycan jurnalistikasının üz qarası olan və mediadan yararlanaraq "reketliklə” məşğul olan şəxslərin bəzi "mətbuat hamiləri” tərəfindən müdafiəsinin şahidi oluruq. Onlar söz və mətbuat azadlığı, demokratiya və digər özlərinə sərf edən fikirləri hər addımda vurğulayaraq, guya bu dəyərlər müdafiə etdiklərini deyirlər. Amma onların həm də bu dəyərlərə "söykənərək” müdafiə etdikləri, jurnalistikadan sui-istifadə edir, "reket”liklə məşğul olurlarsa... Öncə işlərinə yarayan bu "reketlər”i cani-dildən müdafiə edənlər, onların əməlləri faş olduqda da şakərlərindən qalmırlar. Bu dəfə səhvlərini etiraf edib, haqqı demək əvəzinə, yenə də qərəzkarlıq edirlər. Söhbət, bu günlərdə hüquq-mühafizə orqanları tərəfindən ittiham irəli sürülərək həbs edilən "reallıq.info” saytının rəhbəri İkram Rəhimovun qanunsuz əməllərinə haqq qazandıranlardan gedir. İ.Rəhimovun törətdiyi əməllər Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda öz əksini tapıb. Bundan sonra onu müdafiə edənlərin bir qismi ayıblarına kor olaraq, susmağa üstünlük veriblər. Onları başa düşmək olar, həqiqət göz önündədir, onu etiraf etməsələr də, danmırlar da, sadəcə, susurlar. Ancaq bəziləri də var ki, bu aşkar həqiqəti də görmək istəmirlər.
Aşkar həqiqəti görmək istəməyənlərdən biri də "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıdır. Yəqin ki, Əvəz Zeynallı həqiqəti danma işində daha "cəsarətli” olduğun güman edir və İ.Rəhimovu "qorumaq” missiyasını davam etdirir. Ə.Zeynallı etiraf etməsə də, onun rəhbəri olduğu xural.com saytında 2018-ci ilin 30-31 dekabr tarixlərində İ.Rəhimovla bağlı informasiya yerləşdirilib. Özü də bu informasiyalar məhz İ.Rəhimovu müdafiə xarakterli olub.
Onu da qeyd edək ki, Bakı Media Klubunun digər həmtəsisçisi Mehman Əliyev də rəhbəri olduğu "Turan” İnformasiya Agentliyinin internet resursunda İ.Rəhimovu müdafiə edən, dəstəkləyən xəbərləri yayıb. Hətta Ə.Zeynallı İ.Rəhimovun Mətbuat Şurasına qarşı əsassız ittihamların yer aldığı informasiyanı "Turan”a istinadən yaydığını da etiraf edir. Belə olduğu halda, niyə Ə.Zeynallı DTX-nın İ.Rəhimovun əməlləri ilə bağlı yaydığı məlumatları öz saytında yaymır? Həqiqətin üzünə "kor göz”lə baxmağa onu nə vadar edir? Bu suallara cavabı elə onun öz dilindən eşidək - Ə.Zeynallı "istədiyim informasiyanı verə bilərəm” deməklə, peşə kodeksinin, söz azadlığının, qarşı tərəfin fikrini öyrənmək prinsipinin onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini nümayiş etdirir.
Ayrı-ayrı adamları təhdid, şantaj edərək rüşvət alan İ.Rəhimov haqqında "çoxlarından haqlıdır”, "Mətbua Şurası ilə savaşan hər kəs haqlıdır” kimi fikirlər səsləndirən Ə.Zeynallının "ayının”, yoxsa həqiqətin dostu olub-olmadığını müəyyənləşdirmək çətin deyil. Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında media eksperti Azər Həsrət bildirdi ki, əslində, Əvəz Zeynallı və digərlərinin yer aldığı şəbəkə öz iddialarında səmimi idilərsə, İkram Rəhimov kimi adamlarla məsafəli davranmalı idilər: "Amma təəssüflər olsun ki, bu adamlar "reket” dediyimiz, yaxud da jurnalistikadan sui-istifadə edən şəxsləri müdafiə etməklə məşğul idilər. Düzdür, açıq şəkildə bəyanat verərək müdafiə etmirdilər, sadəcə olaraq onlara tribuna verirdilər, yaxud da ki, müxtəlif toplantılarda bir araya gəlirdirlər. Biz də bunu təəccüblə qarşılayırdıq və onlara vaxtında da deyirdik ki, necə olur, siz bir tərəfdən demokratik dəyərlər uğrunda mübarizə apardığınızı iddia edirsiniz, digər yandan da reputasiyası bu cür kirli olan adamlarla bir masa arxasında oturursunuz? Bunu izah edə bilmirdilər”.
A.Həsrət vurğuladı ki, dünənədək İ.Rəhimov kimilərini müdafiə edənlər indi yaxalarını kənara çəkir və iddia edirlər ki, həmin adamları müdafiə etməyiblər: "Açığını deyim ki, "Müsavat TV”-də Əvəz Zeynallının dediklərindən təəccübləndim. Sosial şəbəkə üzərindən edilən bu canlı yayıma baxırdım və mütəmadi olaraq fikirlərimi də qeyd edirdim. Yəni həqiqətən təəccüblüdür. Əgər sən bunu edibsənsə, etiraf edəcəksən və nə üçün müdafiə etdiyini də deyəcəksən. Yox, əgər o etirafı edə bilmirsənsə, əvvəlcədən düşünməli və o cür adamlardan məsafəli davranmalı idin. Bax, bu yanaşma bir daha onu göstərir ki, həmin o qruplaşma və bu kəsimdən olan adamların əsl davası, heç də iddia etdikləri kimi, söz və mətbuat azadlığı, demokratik dəyərlər deyil. Sadəcə olaraq, özlərinin bizə bəlli olmayan hansısa məqsədləri üçün toplaşırlar”.
AZAD

banner

Oxşar Xəbərlər