• çərşənbə axşamı, 16 aprel, 15:42
  • Baku Bakı 19°C

Kimdir xəyanətkar: AXCP, yoxsa Müsavat?

16.01.14 08:57 1519
Kimdir xəyanətkar: AXCP, yoxsa Müsavat?
Milli Şuranın dağılması, Müsavat Partiyasının bu qurumun sıralarını tərk etməsi və s. məsələlər ətrafında gedən söz-söhbətlər nəinki səngimir, hətta baş verənlər kulminasiya mərhələsini yaşayır. Müsavat da, AXCP də arqumentlərini ortaya qoymaqla qarşı tərəfin günahkar, xəyanətkar olduğunu sübut etməyə, bu savaşdan qalib çıxmağa çalışır. Bu yazımızda münaqişədə iştirak edənlərin arqumentlərini təqdim etmək qərarına gəldik.
Müsavat Partiyasının arqumentləri

Milli Şura prezident seçkiləri ilə əlaqədar yaradılmış qurumdur, prezident seçkiləri arxada qaldığından Milli Şura artıq missiyasını başa çatdırıb.
Azərbaycanda mandat alverinin əsasını cəbhəçilər qoyub. Onlar həm 1995-ci , 2000-ci ilin parlament seçkilərində müsavatşıları aldadıblar.
Əli Kərimlinin dəstəsi Azərbaycanın fəlakəti hesab olunan bir şərçi, zombi dəstəsidir. Müsavat niyə bu dəstənin iqtidar olması üçün savaşmalıdır? Niyə? Azərbaycan yazıq deyilmi?
Əli Kərimli, sağ ikən özünü, öləndən sonra ruhunu incitdiyiniz Elçibəyi öz çirkin oyununuza alət etməyin.
Rauf Arifoğlu Elçibəyin qurduğu və yönəltdiyi gizli təşkilatın üzvü olduğunu iddia edir. Buna şahid kimi Arzu Səmədbəyli və Arif Rəhimovu göstərir: “Qoy bu adamlar desinlər, mən Bəy üçün kim olmuşam və nələr etmişəm. Bəyin mənə Kələki illərindəki tapşırıqlarından biri də mətbuat vasitəsi ilə AXC və onun Bakıdakı liderlərinin “cızığından kənara çıxmasına imkan verməmək” olub. Xüsusi ilə də Əli Kərimlinin. İndi belə birisi Elçibəydən sitat gətirib, ondan mənə qarşı “ifadə alır”. Bu murdarçılığı edən hər kəsə Bəyin əməyi haram olsun”.
Milli Şuranı zorla saxlamaq, vaxtaşırı toplaşaraq 20 ildən bəri milyon dəfə təkrarlanan çıxışları davam etdirmək mümkün idi, amma bu, faydalı olacaqdımı? Xeyr.
Əli Kərimlinin yanındakı adamlar dəstə-dəstə dəyişir, amma bu güruhun kursu, mübarizə üsulları, rəqiblərini terrorizə etmək vərdişləri dəyişmir. Demək, güruhun körükçüsü məhz o özüdür.
Partiyanın ruporuna çevrilmiş “Azadlıq” qəzetinin başlıca kursu Əli Kərimlinin “böyüklüyü”nü qəbul edənlərə informasiya dəstəyi vermək, etməyənləri, müsavatçıları, konkret olaraq İsa Qəmbəri vurmaqdır və bu ənənə uzun illərdir ki, dəyişmir.
Bu məmləkətdə mitinqlərdə ondan çox demokratiyadan danışan, sosial şəbəkələrdə ondan çox status yazan, qəzet və saytlara onun qədər müsahibə verən ikinci bir siyasətçi yoxdur. Demokratiya onun dilinin əzbəridir. Bəs görək AXCP sədrində demokratik təfəkkürün “D”-si varmı?
Son illərdə AXCP sanki dini sektaya çevrilib. Sədr ilahiləşdirilmiş təriqət mürşidi, yerdə qalanlar isə onun müridləridir. Mürşid nə desə, odur, müridlər qeyd-şərtsiz onun iradəsini yerinə yetirəcəklər.
Vaxtilə Müsavatı “İranın agenti” adlandıran Ə.Kərimli İctimai Palata rəhbərliyinin keçirdiyi brifinqdə belə bir fikir dilə gətirdi: "Azərbaycan hakimiyyətinə yaxın bir qrup şəxsin İranda xeyli sayda insanın özünə dini lider hesab etdiyi şəxsi yaraşmayan formada təhqir etməsinin səhv olduğu etiraf olunmalı və bu kampaniya dayandırılmalıdır".
AXCP nəyin bahasına olursa-olsun hakimiyyət əldə etmək istəyən, bu yolda hər bir qüvvə (daxili, xarici - fərqi yoxdur) ilə əməkdaşlığa hazır olan təriqətdir.
AXCP-nin arqumentləri

Müsavat Partiyası konstruktiv müxalifət olmaq qərarı verib. İndi bu partiya 2003-cü ildəki partiya deyil. Bunu müsavatçılar bilir, cəmiyyətin də bilməsinə ehtiyac var.
İsa Qəmbər yaşlanıb, partiyasının yerli təşkilatlarının əksəriyyəti dağılıb. Buna görə də indi ömrünün siyasətdən sonrakı dövrləri üçün özünə "gün ağlamaq" qayğıları ilə yaşayır.
Müsavat, 2005-ci ildə müxalifətin “Azadlıq” Blokunu da indi Milli Şuranı tərk etdiyi kimi tərk edib müxalifəti çətin durumda qoyub.
İş üstündə yaxalanıblar. Düşünürdülər ki, biz onların istefalarına siyasi etika xatirinə hələ bir “yaxşı yol” arzulayacağıq. Biz bu olaya münasibət soruşulan ilk andan bütün planları açıb-tökdük.
Bu proses başlayandan Müsavat başqanı İsa Qəmbər susur, baş verənlərə münasibət bildirmir. Guya reputasiyasını təmiz saxlamağa çalışır. Ancaq bu, mümkün deyil, İsa bəy!
İsa Qəmbər 2003-cü ildə sadə müsavatçıları meydanda başsız qoyub 40 gün evinizdən çölə çıxmadı, 2005-ci ildə mitinqçiləri, Əli Kərimlini, Lalə Şövkəti meydanda qoyub, arxa tərəfdən qaçdı.
İsa Qəmbəri müdafiə edən “Yeni Müsavat” qəzeti müxalif mövqedən çıxış etmir.
Müsavatçılar AXCP-yə yönəltdikləri tənqidlərdə səmimi deyillər. Məsələn, Rauf Arifoğlu “Demokratiya məhbəsdə” kitabında Ə.Kərimlini kifayət qədər tərifləyib.
Rauf Arifoğlu Əli Kərimlinin hakimiyyətə gəlməyindən çox İlham Əliyevin hakimiyyətdə qalmağın istəyir.
2003-cü ildən sonra Müsavat Partiyası bir neçə dəfə ağır böhranla üzləşib. Hər dəfə də onların çətin zamanlarında AXCP onlara əl uzadıb, böhrandan çıxmalarına kömək edib.
Özünü Elçibəyin gizli əsgəri elan edən Rauf Arifoğlu 1999-cu ildə yazıb ki, Elçibəy dərhal növbəti şansı İsa Qəmbərə buraxmalıdır. Yoxsa ölkə bir-birinə dəyəcək.
İsa Qəmbər Cəmil Həsənlini qoyub gedib, yoxsa Əli Kərimlini?

Beləliklə, sönmüş odun külü ilə oynayanlar açıq-aşkar bir-birilərini xəyanətkar adlandırırlar. Biz bu davada kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək istəmirik. Bəs siz kimin xəyanətkar olduğunu ayırd edə bildinizmi? Bizcə, bu arqumentlərlə tanış olub kimin xəyanətkar olduğunu müəyyənləşdirmək çətin deyil...
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər