Kimdir  Afiq Bərdəli?

Kimdir Afiq Bərdəli?

Cəmiyyət
29 Noyabr 2012, 14:34 9759
1962-ci ildə Azərbaycanın Bərdə rayonunda anadan olmuşdur. 1999-cu ildə Türkiyə vətəndaşlığına qəbulu ilə Bərdəli soyadını almışdır. 1979-1985-ci illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil almış, sonra Moskva şəhərində Rusiya Səhiyyə Nazirliyinin Uşaq xəstəlikləri İnstitutunda həkimlik təcrübəsi keçmişdir. Türkiyə Respublikasında 28 yaşında tibb elmləri doktoru adına yiyələnmışdir.

Professor Afiq Bərdəli Türkiyənin İzmir şəhərində “Şəfa Özəl Xəstəxanalar” şəbəkəsinin Genetik Diaqnostika Mərkəzini qurmuş və rəhbəri olmuşdur. O eyni zamanda Egey Universitetində Kök Hüceyrəsi kafedrasının qurucusu və professordur, Türkiyə Egey Universiteti tibb fakültəsində Molekulyar Tibb laboratoriyasının müdiridir. Beynəlxalq dərəcəli tibbi nəşrlərdə dərc olunmuş 25 elmi və araşdırma istiqamətində olan 129 məqalənin müəllifidir. Tibb sahəsində fəaliyyətinə və tədqiqatlarına görə onlarca sertifikata və 23 medala layiq görülmüşdür.
İngiliscə, italyanca, rusça mükəmməl bilir. Evlidir, 2 övladı var.


Haqqında ilk dəfə “Ankara” tibb mərkəzinin baş həkimi Zülfüqar Yusifovdan eşitmişdim, Zülfüqar həkim onun təkcə elmindən yox, həm də qardaş Türkiyədə azərbaycanlılarırın böyük bir himəyadarı olduğunu söyləmişdi. İzmirin elitar mühitində, elmi mərkəzlərində onun yaxşı tanınması məni də sevindirirdi. Bircə cumlədən ibarət olan təqdimat da bu alimin kimliyini söyləməyə imkan verir: tibb elmləri doktoru, professor Afiq Bərdəlinin (Huseynov) yaratdığı Molyekulyar Tibbi Laboratoriya bütün Türkiyədə ilk və tək, dünyada 3 elmi mərkəzdən biridir! Digər tərəfdən onu tanıyanların hər biri üçün “kimdir Afiq Bərdəli?” sualının olduqca müxtəlif cavabları var. Qısaca onu söyləmək olar ki, Afiq Bərdəli hələ çox gənc yaşlarından qürbət ellərdə, əvvəlcə Rusiyada calışmış, sonra isə Türkiyədə-28 yaşında elmlər doktoru adına yiyələnmış, tibb elminin çox mühüm və modern bir sahəsinə öz möhurunu vurmuş bir ziyalıdır.
Mən onunla Türkiyənin ən böyük universitetlərindən olan- 55 min nəfərə qədər tələbəsi olan Egey Universitetinin Tibb fakültəsinin dəhlizləri ilə addımladıqca, burada çalışanların-həkimlərin və tibb bacılarının ona necə bir ehtiram və duyğu ilə yanaşaraq ehtiram göstərdiklərinin əyani şahidiyəm. Onun xarakterindəki ilahi səmimiyyət, münasibətlərindəki sadəlik, təmiz və çılğın uşaq təbəssümü ilə dolu qayğı və davranışı, aurasındakı müsbət enerji işindən-gucundən, vəzifə və tutduğu mövqeyindən asılı olmayaraq onu hər kəsə sevdirir.

Egey Universitetinin Uşaq xəstəxanasının 2-ci mərtəbəsində, sağ tərəfdəki qapının üstündə “Afiq Bərdəli” yarlığını görəndə “baş qərargaha” (onun kabinetini belə adlandırırlar) çatdığımızı anladım. Qapıda qələbəlik idi. Növbə ilə sıralanmış adamlara həkimin gəlişi əvəzsiz bir sevinc gətirmişdi. Otaqda divarlardan asılmış sertifikat və diplomları gözucu saymağa başladım. Heç 10-na çatmamışdım ki, fikrimi başa düşən professor- özunü yorma,- dedi, burada onların sayı yüzdən çoxdur. Mənə “bir azərbaycan cayı iç, özunə gəl.” söyləyən Molyekulyar Tibb Laboratoriyasının qurucusu prof.Afiq Bərdəli "Avropada çox yüksək bir bal alaraq akkreditə olmağa haqq qazandıq. Bu bir molekulyar tibb laboratoriyası üçün böyük bir uğurdur",- deyə danışdı. O, qeyd etdi ki, Türkiyədəki bütün universitet və dövlət xəstəxanalarından xəstə qəbul edən laboratoriyamız "Genetik böyrək narahatlıqlarının diaqnozu”nu qoyan yeganə mərkəzdir. Ayrıca olaraq tiroid xərçənginin molekulyar erkən diaqnozunu ilk qoyan mərkəz də bizik,-deyə sözünə davam etdi.
Professor Afiq Bərdəli azərbaycanlı iş adamı Adil Pənahov üçün, onun ailəsi və doğmaları üçün allahın onların evlərinə göndərdiyi xilaskar və xeyirxahlardan ən böyüyüdür. Adil belə deyir və davam edir:

- Məni, eləcə də bütün ailəmizi onunla taleyin çox amansız bir hökmü tanış edib və dostlaşdırıb. Daha doğrusu bu tanışlıq qızım Səbinənin ağır xəstəliyə düçar olması və müalicəsi üçün hər yerdən əlimiz-əlacımız kəsiləndən sonra ona müraciət etməyimizlə başladı. Ağırlığı və amansızlığı sözlə ifadə edilə bilməyən ağır günlərimizin iztirabına son qoyan bu insan indi bizim ailənin ən əziz bir adamıdır. Hərdən fikirləşəndə onun bu əvəzsiz xidməti önündə həmişə özümüzü borclu bilirik. Bu insan haqqında söhbət düşəndə Şəmkirdə yaşayan bütün nəslimizin-atam Şəmistan kişinin, anamın, qardaş-başılarımın üzünə xoş bir təbəssüm gəlir. Mənim nəzərimdə professor Afiq Bərdəli kimi həkim və insanın varlıgı, təkcə Azərbaycan xalqı və türk dünyası üçün yox, həm də bütün bəşəriyyət üçün bir ərmağandır. Allah onu qorusun!

Adil Pənahovun bu fikriləri ilə şərik olanları axtarası olsaydıq, bu insanlarının sayının onlarca yox, yüzlərcə olduğunun şahidi olardıq. İndi Azərbaycanda, İranda, İraqda, Suriyada, Misirdə, eləcə də Türkiyənin hər bir məkanında professor Afiq Bərdəlini talelərinin və yaradanın onlara tuş etdiyi bir xilaskar kimi dəyərləndirən insanlar yaşayırlar. Egey Universitetinin Uşaq xəstəxanasında yaradılan bu laboratoriya bütün Türkiyənin səhiyyə sistemində barmaqla göstərilən və istinad edilən bir elm mərkəzidir. Bu günə qədər 30 mindən çox xəstə burada müayinədən keçmişdir.

Bərdəlilər isə professor Afiq Bərdəlini ilk növbədə Tapdıq kişinin oğlu kimi, öz soykökünə görə tanıyırlar. Bərdənin Arabaçılar kəndində yurd-yuva qurmuş atası Tapdıq kişi bütün həyatını el-obasına həsr etmişdi. Kənddə onu zəhmətkeş, xeyirxah bir kənd müəllimi, hər kəsin hörmətlə yanaşdığı ailəcanlı bir insan olduğunu söyləyirlər. Arabaçılar kəndində dünyaya göz açan balaca Afiq 8-ci sinfə kimi doğma kəndlərində, sonra isə Bakıdakı 5 saylı kimya-bialogiya təmayüllü məktəbdə oxuyub. Atası Tapdıq kişini erkən vaxtlarında itirib. Bu itki uzun illər onun yaddaşında silinməz və ağrılı izlər buraxsa da yeniyetmə Afiqin öyrənmək, yaratmaq eşqini söndürə bilməyib. Bəlkə də bu itki ona həyatın vəfasız və amansızlığını göstərməklə yanaşı, həm də onun mübarizə və olduqca mənalı olduğunu da anlada bilib.

-Ailənin ortancıl uşağı olan Afiq digər dörd qardaşından və bacısından daha ciddiliyi ilə fərqlənib, deyə anası Göyçək xala bildirir. Az danışardı, amma danışdıqları ilə hər kəsin diqqətini cəlb edərdi. Müəllimləri də, qonşular da həmişə deyərdilər ki, bu uşaqdan nəsə çıxacaq. İş elə gətirdi ki, orta məktəbin birinci sinfinə də tez getdi. Sonra özünün istəyi ilə Bakıya getdi, orada da orta məktəbi bitirdi. Tibb İnstitutuna daxil olmaq xəbərini çox sevinclə qarşıladıq, özü isə bu uğurunu həyatının növbəti bir addımı kimi dəyərləndirdi və söylədi ki, ana, mən daha böyük kəşfimlə səni sevindirəcəyəm. Universiteti fərqlənmə ilə bitirib ali təhsilli həkim diplomu aldı, professor oldu, ailə qurdu, indi şükürlər olsun ki, gül kimi 2 övladı da var. Amma yenə söyləyir ki, hələ böyük işlərim qabaqdadır. Mən bir ana kimi onu sağlam, gümrah görmək arzusundayam, kəndimizin havası da ona elə düşür ki. Deyirəm, ay bala, heç olmasa bircə həftə qal. Amma uşaqlıq illərində olduğu kimi fikir-xəyal içərisində, sanki haralar üçünsə darıxdığını aşkarca hiss edirəm. Uzağı 3-cə gündən sonra gedir. Allah telefon, bir də o şəkilli danışıgı çıxardanların atasına rəhmət etsin, tez-tez danışırıq. Dünyanın harasında olur-olsun, o həftə olmur ki, mənimlə danışmasın...

Bərdəyə Arabaçılar kəndinə-professorun ata-baba evlərinə axşamdan xeyli keçmiş çatmışdıq. Evə çatanda söylədilər ki, Afiq müəllim yatıb. Birgə getdiyimiz “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu və “Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quliyevlə bir-birimizə baxdıq, amma heç iki dəqiqə keçməmiş biz əyləşən otağa keçən professorun, anasının dizləri üstündə neçə bir ləzzətlə yüz ilin yuxusunu yatdığını söyləyəndə sanki yenidən doğulmuş kimi onu qucaqladım. Elə bil çox uzun bir ayrılıqdan sonra görüşürdük, amma deməyə sözüm yox idi, həm də onu bu cür xoşbəxt görməmişdim son aylarda.

Doğmalarının əhatəsində də o, təkcə dünya şöhrətli bir alim deyil, həm də bu ocaqda yaşayıb, onun işığını sönməyə qoymayanlar üçün yenilməz, güvənilən qardaşdır, əmi, dayı, oğuldur, qonşudur, uşaqlıq dostudur. Hər kəsin nə problemi varsa, onun həllinin dəva-dərmanını professor Afiq Bərdəlidə axtarırlar. O, isə qəribə bir duyğu ilə əziz və doğma bildiyi bu adamların hər bir istəyini dəyərləndirir, işləri başından aşsa da onların xahişlərini çox mühüm bir tapşırıq kimi yerinə yetirməyə çalışır. Sabahkı planını soruşanda bildirdi ki, Gəncədə alman həkimlərlə keçiriləcək konfransda iştirak edəcək...

Azərbaycanda “Afgen” Genetik Diaqnoz Mərkəzini yaradan professor Afiq Bərdəli deyir ki, Ümummilli liderimiz Heydər Əliyev Türkiyə Respublikasında səfəri zamanı bu şəhərdə yaşayan azərbaycanlılarla görüşməyə vaxt ayırdı. Ümummilli liderimiz bizlərə belə söylədi: “Bu çətin günlərdə fərqli yerlərdə ola bilərsiniz, ancaq harada olursunuz olun bir azərbaycanlı olduğunuzu unutmayın, bu ada layiq olun”. Bu sözlər məni o illərdə çox təsirləndirdi. O, illərdə dünyada genetika sahəsində ağla sığmaz məlumatlara yol açan bir layihədən ciddi söhbətlər gedirdi. Bu 21-ci əsrin ən əhəmiyyətli müvəffəqiyyəti olaraq qəbul edilən və bu gün dünyaya açıqlanan İnsan Gen Layihəsi idi. Belə əhəmiyyətli təklifi həyata keçirmək, genetika sahədə insanlığa bir xidmət vermək qərarına gəldim. 2000-ci ildə dünya lider ölkələri tərəfindən bütün dünyaya elan olunan bu layihə 2003-ci ildə tamamlandı və insanın DNT-genetik şifrəsi həll edilmiş oldu. 3.250 000 000 000 hərfdən ibarət (nukletit) bu şifrə 30.000 gendən meydana gəlməklə və təxminən 50 000 zülal kodlamkala qəbul edilməkdədir. Genetikanın 21-ci əsrin fərqli bir elm sahəsi olduğunu hər kəs qəbul edir. Bu layihənin nəticələri digər biyotexnolok sahələr ilə yanaşı tibb sahəsində də yeni diaqnoz və müalicə imkanları ortaya qoymuşdur.
Genetikanın ən böyük nailiyyətlərindən biri, ölkə və cəmiyyətlər üçün sağlam bir nəsil formalaşdırmaqdır,-deyən professor Bərdəlinin Azərbaycanda yaratdığı genetik diaqnoz mərkəz ən son texnologiya ilə təchiz edilmiş və bu sahədə çox təcrübəli personalı ilə xidmət verməkdədir. Mərkəz Azərbaycanda çox və nadir rast gəlinən xəstəliklərin doğum əvvəli və sonrası genetik diaqnozunu qoymaqla önəmli bir missiyanı uğurla həyata keçirir. Mərkəzdə hər hansı bir genetik testin edilməsi və ya genetik məsləhət istəyənlərə ətraflı genetik məsləhətlərin verilməsi xidməti də vardır.

Təkcə həyat bəxş etdiyi insanlar və iş yoldaşları yox, həm də dostları, həmkarları da onu çox sevir, haqqında doymadan danışırlar. Tibb elmləri doktoru, ümumi və laparoskopik cərrah Qurbanxan Müslümov professor Bərdəli haqqında deyir:

-Mən onu genetikanı öyrənən və bu sahədə böyük uğurlar qazanmış yenilikçi alim kimi tanımışam. Düzdü elə yaxın və işgüzar əlaqələrimiz olmayıb, amma hal-hazırda Azərbaycanın ən məşhur klinikalarında və səhiyyə ocaqlarında calışan, gərgin əmək və səyləri ilə yaxşı ad-san qazanan, Türkiyədə təhsil almış onlarca həkim tanıyıram ki, onların hər biri Afiq Bərdəli haqqında fəxrlə və ürək dolusu danışır. Onların hər biri üçün Afiq Bərdəli öz xeyirxahlığı ilə, dəyərli məsləhət və əməli köməyi ilə yaddaqalan bir insandır. Bu adam haqqında düşündükcə yadıma 15-20 il əvvəl-Almaniyaya təhsilə getdiyim günlər düşür. Hava limanında düşüb görüşəcəyim adama zəng etmək istəyəndə məlum oldu ki, zəng üçün avro lazımdır, o da yoxdur, ustumdəki pulu avro etmək də nabələd bir adam üçün çox çətin bir məsələ idi. Elə bu anda mənə bir nəfər yaxınlaşdı və taksafona iki avro salaraq lazımı yerlə danışmağa imkan yaratdı. Danışdığım şəxslə anlaşmamız bitməyəndə yenə iki avro əlavə edib danışığımızı kəsilməyə qoymadı. Mən onun pulunu qaytarmaq istəyəndə də o, qəbul etmədi və soylədi ki, hələ çox əvvəllər kim isə ona bu yaxşılığı edib, sadəcə olaraq böyük allah bu gün onun əvəzini qaytarmaq üçün bir şans yaratdı. Düzü tanımadığım bu adamın bu adi yaxşılığı bu gün də mənim yaddaşımdan silinmir. Hər dəfə tanışlarım, həkim dostlarım Afiq Bərdəli haqqında danışanda bu unikal hadisə yadıma düşür. O dəqiqə də beynimdən belə bir fikir keçir ki, tibb elminin modern bir sahəsi olan genetikani öyrənən və bu sahədə böyük uğurlar qazanan Afiq Bərdəliin etdiyi həyati xeyirxahlıqlar isə hər kəs üçün əvəzsiz və dəyəri olmayan bir fövqəlhadisədir. Təkcə bu xeyirxahlıqlarına görə o, çox böyük insandır, adamların ürəyində və həyatında illər boyu yaşamağa layiqdir.
Məşhur ürək-damar cərrahı Rəşad Mahmudov deyir:

- Professor Bərdəlinin tibb elmi sahəsində qazandığı böyük uğurlar bu elm sahəsində əvəzi olmayan bir xidmətdir. El arasında ”falçılıqla” muqayisə edilən bu sahə, tibb elminin modern bir qolu olmaqla bütün dünyanın diqqət mərkəzindədir. Böyük fəxrlə qeyd etmək istəyirəm ki, bu modern sahənin həm bütün dunyada, həm də elm və səhiyyənin tərəqqi etdiyi Türkiyədə inkişafı bizim hər birimizin müəllimi olan professor Bərdəlinin adı çox sıx bağlıdır.

İndi bu barədə danışdıqca yadıma Türkiyənin İzmir şəhərində təhsil aldığım günlər düşür. Keçən əsrin sonlarına təsadüf edən bu dövr təkcə çətinlikləri ilə yox, həm də böyük bir əzmkarlıq tarixi kimi yaddaşımızda yaşayır. İndi mənim bu dediklərim bu fikirlərlə tanış olanlar üçün ola bilsin ki, çox təəccüblü görünəçək, amma o dövrdə- 90-cı illərdə Azərbaycanı tanıyanlar heç barmaqlarımızın sayı qədər də deyildi. İnanın ki, onda eşitsəydik ki, Türkiyənin 3-cu böyük şəhəri olan İzmirə Azərbaycandan kimsə gəlib, bəlkə də şəhərin bu başından o başına payi-piyada getməyə hazır idik. Belə bir məqamda Türkiyənin ən ünlü universitetlərindən biri olan Egey Universitetində professor Afiq Hüseyinovun işlədiyini eşitmək dünyaya sahib çıxmaq kimi bir fakt idi. Dünyaca şöhrəti olan bu insanı tanıdıqca adam onun sadəliyinə, qayğıkeşliyinə, elminə, əqidə və əməllərinə vurulur, bu böyük insana və nəcib həkimə özünü borclu bilir.
İzmirdə yaşayan iş adamı, iqtisadçı alim Asif Qurbanov üçün də professor Afiq Bərdəli ən əziz adamlardan, həm də dostlardan biridir. O, deyir:
-Elə adamlar var ki, onlar haqqında düşünəndə insanın üzü gülür. Afiq müəllim məhz belələrindəndir, onun haqqında düşünəndə pozitif ışıq alırsan, onu şəxsən tanıyanlar bu xoş əhval-ruhiyyənin hiss edirlər. Neçə illər əvvəl-hələ İzmirdə tələbə olduğum vaxtlarda Afiq həkimi tanımışam. İlk ünsiyyətdə olduğum anlardan da onun istər böyük bir insan və vətənpərvər olduğunun şahidi olmuşam.

Afiq müəllimi istər mənə, istərsə də başqalarına sevdirən və dost edən onun səmimiyyəti, əqidəsidir, gördüyü işləridir... Dünyaya, həyata umidli, inamlı baxışlarıdır. Heç yadıma gəlmir ki, onunla tanış olduğum 20 ilə yaxın bir muddətdə Afiq Bərdəli öz şəxsi bir işi üçün kiməsə ağız açsın, ya da bir xahiş etsin. Amma hər bir İzmirə gələn Azərbaycanlı gənç üçün və ya xəstə üçün Afiq Bərdəli ərki çatıb-çatmasa da qapılar döyub, xahişlər edib...

Afiq Bərdəlinin məşğul olduğu elm sahəsi ilə tibb mutəxəssisi olmadığımdan yaxın tanışlığım yoxdur. Amma onun elmi axtarışları və əldə etdiyi uğurlar haqqında bütün Türkiyənin necə maraq və ehtizasla danışdığının dəfələrlə şahidi olmuşam. Həmişə yenilikçi alim kimi tanınan və bütün Türkiyədə, o cümlədən İzmirdə elmi uğurları ilə ad çıxaran professorun uğur və qələbəsi, təkcə Afiq müəllimin deyil, bütövlükdə Azərbaycan elminin uğuru kimi böyük bir dəyərə malikdir.

Bu gun Azərbaycanın ən ünlü klinikalarında calışan, ad-sanları və əməli fəaliyyətləri ilə səhiyyəmizin Avropa tibbinə inteqrasiyasına çalışan həkimlərimizin sayı onlacadır.Bu sırada Türkiyə, eləcə də İzmirin səhiyyə müəsisələrində böyük həyat yoluna və akademik təhsilə yiyələnmiş gənclərimis də az deyil. Onların hər birinin həyatında professor Afiq Bərdəlinin həm nəcib və xeyirxah bir insan kimi, həm də çox dəyərli bir müəllim və həkim kimi silinşəz izləri var. Həmişə bu cür nurlu, dəyərli olasan, Afiq hocam!

Namiq Qədimoğlu,
Əməkdar jurnalist
Bakı- İzmir-Bərdə -Bakı.