• çərşənbə axşamı, 23 aprel, 11:26
  • Baku Bakı 20°C

Kim yazmağı bilmirsə...

17.02.15 06:38 1248
Kim yazmağı bilmirsə...
“Azərbaycanda 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar var”. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin ölkədə təhsil sahəsindəki mövcud durumla bağlı səsləndirdiyi bu fikirlər bir sıra narahatlıqlara əsas verib. Belə ki, TQDK sədri imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxan konkret rəqəmlər səsləndirib: “11-ci sinif şagirdləri arasında 2, 9-cu sinif şagirdləri arasında isə 64 belə şagird var”. Vəziyyətin daha acınacaqlı olduğunu ehtimal edən M.Abbaszadə: “Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu və hətta 11-ci sinfə qədər gəlib çatması TQDK üçün müəmmalı olaraq qalır”- deyə səslənib.
Qeyd edilib ki, tədris proqramını mənimsəməyən və oxumaq-yazmağı bacarmayan şagirdlər Bakı da daxil olmaqla respublikanın müxtəlif bölgələrinin payına düşür. Belə ki, paytaxtla yanaşı, Cəlilabad və Yevlax, Ağcabədi və Masallı, Göygöl, Laçın, Sabirabad və Tovuz, Biləsuvar, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, İmişli, Quba, Şəmkir və Xaçmaz və s. rayonlarda bu cür acınacaqlı vəziyyətə rast gəlinir. M.Abbaszadə həmçinin qeyd edib ki, ölkədə qızlarla oğlanların bilik səviyyəsi təxminən eyni səviyyədədir.
Təhsil Nazirliyi isə TQDK sədrinin səsləndirdiyi fikirlərlə bağlı açıqlamasında əslində qurumun rəqəmlərinin təhsildə dinamikanın müsbətə doğru dəyişdiyini təsdiqlədiyi qənaətindədir: “Son 3 ildə ölkədəki ümumtəhsil məktəblərindəki ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilir. TQDK-nın verdiyi rəqəmlər ümumi təhsildə dinamikanın müsbətə doğru dəyişdiyini təsdiqləyir”. Belə ki, 2012-ci ildə 11-ci sinfi bitirərək müvəffəqiyyət qazanmış məzunların sayı 68,9 faiz idisə, 2013-cü ildə onların sayı 72,14, 2014-cü ildə isə 74,11 faizə qədər artıb.
Nazirlik qəbul imtahanlarında toplanan balların ümumtəhsil məktəblərində tətbiq edilən 5 ballıq sistemə (0 – 200 bal bərabərdir “2”-ə, 200 – 300 bal - “3”-ə, 300 – 500 bal - “4”-ə, 500 – 700 bal - “5”-ə) uyğunlaşdırılması əmsalının isə doğru olmadığını açıqlayıb: “Belə bir yanaşmanın elmi əsasları yoxdur. Bu cür müqayisənin hansı meyarlar əsasında aparılması da aydın deyil”.
Həm TQDK, həm də Təhsil Nazirliyinin mövqeyi arasında reallığı tapmaq üçün üz tutduğumuz ekspertlər vəziyyətin acınacaqlı olması ilə bərabər müəyyən ümid işartılarının olduğunu da bildirdilər. O mənada ki, Təhsil Nazirliyi rəhbərlik etdiyi sahədə irəliləyişlərə nail olmaq üçün yollar fikirləşir, addımlar atır. Təhsil sahəsində eyni problemlər isə hər il səslənir və hətta yeniləri ortaya çıxır. Səbəb nədir? Yeni təhsil metodlarından, proqramlardan yararlana bilməməyimizmi? Məktəblə valideyn arasındakı sərhədmi? İllərdən bəri tüğyan edən və qarşısı alınmayan repetitor bəlasımı? Naşı əllərdə yazılan dərsliklərmi? İslahatlara şüurlu baxımdan hazır olmamağımızmı? Suallar çoxdur..
Dərk olunmamış həqiqət?
Ölkə əhalisinin əsasən 30 faizini əhatə edən təhsil sahəsini böyük bir sistem hesab edən professor Şahlar Əsgərov TQDK sədrinin “9 və 11-ci siniflərin bəzi şagirdləri adlarını belə yaza bilmir” fikirlərinə şübhə ilə yanaşmır: “Digər tərəfdən, Təhsil Nazirliyi deyir ki, kifayət qədər irəliləyiş var. Bu fikirlərdə də həqiqət var. O yerdə ki TQDK qüsurları görür, həmin yerdə Təhsil Nazirliyinin uğurlarını görə bilmir. Görünür ki, Təhsil Nazirliyi də hələ gəlib o qüsurlara çıxmayıb. Nazirlik çalışır ki, təhsildə olan mövcud qüsurları aradan qaldırsın”.
Ş.Əsgərovun fikrincə, cəmiyyətdə təhsilə münasibət normal deyil: “Təhsil hələ bizim üçün dərk olunmamış həqiqətdir. Təhsil dərk olunmuş həqiqət olsaydı, Azərbaycanın varlı insanları əllərində olan böyük maddi imkanları məhz təhsilə xərcləməli idilər. Hər şeyə – bahalı maşınlara, əntiq əşyalara xərclənən pulu saxlayıb, təhsilə sərf etməli, xərcləməli idilər. Çünki təhsili düzəldəndən sonra o əşyaların da qiyməti olar”.
Funksional savadsızlığı dərinləşdirən amillər
Təhsil üzrə ekspert Etibar Əliyev hesab edir ki, təhsillə bağlı səslənən fikirləri son tədris ilinin ayağına yazmaq doğru deyil. Belə k, bunlar çoxdan gedən prosesin nəticəsidir: “Təxminən 10 ilə yaxın vaxtdır ki, bu fikirlər səslənir. Təhlillər də göstərir ki, məktəblilər proqramın 50 faizdən çoxunu mənimsəmir. Yazıb-oxumağı, hesabı bilməyən şagirdlərin sayı artır. Ancaq son iki ildə funksional savadsızlığın aradan qaldırılması üçün etiraf etməliyik ki, xeyli tədbirlər işlənib hazırlanıb. TQDK-nın statistik təhlili də onu göstərdi ki, az faiz də olsa, irəliyə doğru dəyişikliklər var”.
Ekspert hesab edir ki, qüsurlar təhsilin çoxşaxəli problemidir. Yəni şagirdlərin məktəbdə az olmaları, təhsil verənin səviyyəsinin aşağı olması, nəticədəki qüsurlar, məktəb mühitinin qənaətbəxş olmaması, idarəetmədə kobud səhvlərə yol verilməsi – bunlar funksional savadsızlığı dərinləşdirən amillərdir: “Burada artıq müəllim keyfiyyətinə diqqət yetirmək lazımdır. Yeni proqramlar işlənməli, müəllimlərin biliyinin diaqnostik qiymətləndirilməsi davam etməlidir ki, onlar öz üzərlərində məsuliyyət hiss etsinlər. Məktəblərdən daim hesabat tələb olunmalı, monitorinqlər aparılmalı, davamiyyət qaydasına düşməlidir”.
Ekspert digər bir problemə də toxunub: “Məktəb direktorlarının 70-80 faizindən çoxu yerində olmayan adamlardır. Onlar 20-30 ildən çoxdur ki, eyni vəzifədə çalışırlar və bu illər ərzində eyni təhsili göstəriblər”.
Test sisteminin tələbə qəbulu siyasəti olduğunu bildirən ekspert bu sahədə də bəzi qüsurların olduğu qənaətindədir: “Bu, artıq eyni dərəcədə sınanılmış qəbul prosesidir. Ümumilikdə əhalinin böyük kəsimi bu sistemi bəyənir və övladlarının biliklərinin yoxlanmasına razıdırlar. Yəni ictimai rəy testin tərəfindədir. İlbəil testin suallarının çətinləşdirilməsi, bilərəkdən müəyyən çətinlik xətrinə proseslərin aparılması isə doğru deyil. Sadəcə, proqramın böyük faizinin yerinə yetirilməməsi səbəbindən şagirdlərin böyük kəsimi aşağı bal toplayır. Yəni məktəb nə qədər güclü olsa, müsabiqə balları o qədər yüksək ola bilər”.
E.Əliyev hesab edir ki, təhsilin istənilən məsələsi ətrafında sosial, iqtisadi, siyasi və maliyyə məsələləri dayanır: “İstənilən qaldırılan məsələ təkcə vakuumda deyilən məsələ deyil. Bura monitorinqləri, tədqiqatları da aid etmək olar”. Ekspert problemlərlə bərabər təhsil sahəsində müəyyən irəliləyişin olduğunu da bildirir: “Bütün hallarda biz son illərdə müəyyən irəliləyişlərin olmasının şahidi oluruq”.
Ekspertlərin özlərinin də bəzən qarşısında aciz qaldıqları, amma sonadək ümidlərini itirmək istəmədikləri həqiqətlərin həlli isə şübhəsiz ki, zaman istəyir. Amma bu zamanın nə qədər sürəcəyini heç kəs bilmir...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər