AZE | RUS | ENG |

“Kim psixoloq işləyə bilər” sualına cavab verəcək qanun

“Kim psixoloq işləyə bilər” sualına cavab verəcək qanun
Millət vəkili deyir ki, qanunun əsas mahiyyəti ölkəmizdə psixoloji yardımın hüquqi bazasının yaradılmasıdır

Azərbaycanda psixoloji yardım göstərən şəxslər üçün yeni tələblər qoyulacaq. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu tələblər Milli Məclisə birinci oxunuş üçün təqdim edilən "Psixoloji yardım haqqında” qanun layihəsində öz əksini tapıb. Yeni layihəyə əsasən, psixoloji yardım göstərən şəxslər dövrü olaraq 5 ildə bir dəfə Azərbaycan Psixoloqlar Şurasının müəyyən etdiyi qaydada tədrisə cəlb ediləcəklər.

Azərbaycan Psixoloqlar Şurası psixoloji xidmət göstərən mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsi, onların peşə hüquqlarının qorunması, təcrübə mübadiləsinin aparılması və təbliği, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, əhalinin keyfiyyətli psixoloji xidmətlə təmini, psixoloji xidmət sahəsində elmi tədqiqatların aparılmasına yardım göstərilməsi, psixoloji yardım standartlarının və etika normalarının işlənib hazırlanması məqsədilə yaradılacaq. İctimai əsaslarla fəaliyyət göstərəcək Şura yüksək ixtisaslı psixoloqlardan, müxtəlif sahələrdə psixoloji yardım göstərən dövlət orqanlarının nümayəndələrindən daxil olmaqla, 7 üzvdən ibarət olacaq.

Bununla yanaşı, klinik psixoloqlar peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə, dövrü olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb ediləcəklər. Mülkiyyət növündən asılı olmayaraq, səhiyyə müəssisəsində psixoloji yardımın göstərilməsi ilə təhsili, klinik psixologiya üzrə magistr dərəcəsindən aşağı olmayan mütəxəssislər (klinik psixoloqlar) məşğul ola bilərlər.

Layihəyə görə, klinik psixoloqlar klinik psixologiya üzrə magistr dərəcəsi almış və səhiyyə sistemində psixoloji yardım göstərmək icazəsi olan mütəxəssis-psixoloqlardır.

Qeyd edək ki, "Psixoloji yardım haqqında” qanun layihəsi Milli Məclisin oktyabrın 30-da keçiriləcək plenar sessiyasında müzakirəyə çıxarılacaq.  
Psixologiya sahəsində atılan bu addımın hansı üstünlüklərinin olacağını, bu sahədə başqa hansı məsələlərin öz həllini tapmalı olduğunu mütəxəssislərlə müzakirə etdik.

Millət vəkili Musa Quliyev qeyd etdi ki, qanunun qəbul edilməsindən sonra ölkəmizdə psixoloji yardımın göstərilməsi sistemli hala gətiriləcək: "Səhiyyə komitəsi 3 ilə yaxındır ki, qanun üzərində işləyir. Qanunun əsas mahiyyəti ölkəmizdə psixoloji yardımın hüquqi bazasının yaradılmasıdır. Azərbaycanda həm özəl, həm də dövlət sektorunda çalışan çoxsaylı psixoloqlar var. Bu psixoloqların fəaliyyətinin tənzimlənməsi üçün indiyə qədər normativ hüquqi baza qanun səviyyəsində yox idi. Bu da bir sıra problemlərin ortaya çıxmasına, o cümlədən özəl sektorda qeyri-peşəkarların, psixoloq təhsili olmayanların işləməsinə gətirib çıxarırdı. Amma bu qanun "Kim psixoloq işləyə bilər” sualına cavab verəcək. Yəni bu sahədə ən azı bakalavr təhsili olanlar yardım göstərə biləcəklər. Klinik psixologiya ilə məşğul olmaq üçün isə magistr dərəcəsi və ya tibb universitetinin rezidentura səviyyəsində təhsil əsas şərt hesab olunacaq. Həmçinin kimlərə pulsuz psixoloji yardım göstərilməsi də qanunda öz əksini  tapıb. Yaradılacaq şuranın nizamnaməsini Nazirlər Kabineti təsdiqləyəcək. Bütövlükdə qanunun qəbul edilməsindən sonra ölkəmizdə psixoloji yardımın göstərilməsi sistemli hala gətiriləcək”.

Psixoloq Könül Telmanqızı psixologiya sahəsində tətbiq ediləcək tələbləri yüksək qiymətləndirdiyini və bundan sonra peşəkarların daha çox öndə olacağını dedi: "Belə bir addımın atılması çox ürəkaçan haldır. Çünki son zamanlar bu sahəyə uyğun olmayan adamlar psixoloq kimi fəaliyyət göstərirlər. Bəzən elə olur ki, əvvəllər başqa peşədə çalışan şəxsin qəfildən psixologiya sahəsinə gəldiyini eşidirik. Anlamaq olmur ki, bu adam necə psixoloq işləyə bilir? Həmin şəxslər bu sahədə ali təhsil almadan, təcrübə keçmədən, reklam məqsədi güdən hər hansı bir kurslara gedir və oradan aldıqları sertifikatla işləməyə başlayırlar. Bu zaman həmin "psixoloqun” müalicə etdiyi şəxslərdə də nəticələr yanlış olur. Çünki onlar bu sahəni peşəkar səviyyədə bilmirlər. Bu peşəyə illərini verib oxuyan, təcrübə keçən psixoloqla, adi psixologiya kursunu bitirmiş şəxsin müalicə üsulu arasında böyük fərq olur. Adi kursu bitirmiş şəxs həyatda yaşadıqlarından, gördüklərindən nəticə çıxararaq insanları müalicə edirsə, əsl psixoloq işinə peşəkar səviyyədə yanaşaraq, elmi səviyyədə fəaliyyət göstərir. Qeyri peşəkar psixoloqların yarıtmaz işinə görə, cəmiyyətdə ümumi olaraq bütün psixoloqlara inamsızlıq hissi yaranıb. Nəticə etibarilə, bu cür psixoloqları görənlər işini bilən mütəxəssislərə də müraciət etmək istəmirlər. Düşünün, bu insanlar onsuz da psixoloji baxımdan yardıma ehtiyac duyduqları üçün psixoloqa müraciət edirlər. Onlar belə uğursuzluqlara düçar olanda, daha böyük stress yaşayırlar. Ona görə də hesab edirəm ki, bu qanunla diplomu olmayan, işini peşəkar səviyyədə icra edə bilməyənlərin sayı azalacaq və professional, işini bilən psixoloqlar daha çox ön planda olacaqlar”.

Uşaq psixoloqu Nərgiz Süleymanlı hər şeyin şəffaf şəkildə həyata keçiriləcəyi təqdirdə, bunun çox yaxşı addım olduğunu bildirdi: "Hazırda təhsil səviyyəsi məlum olmayan, vətəndaşa xidmət göstərməyə yararlı sayılmayan kifayət qədər "psixoloqlar” var. Əslində fikir versəniz, görərsiniz ki, son vaxtlar nə qədər psixoloji mərkəzlər açılıb. Həmin yerlərin bir çoxunda psixoloq adı altında fəaliyyət göstərənlərin, bəlkə də, heç diplomları yoxdur. Bir neçə aylıq kursu bitirib özlərini psixoloq kimi qələmə verirlər. Amma psixoloq olmaq, bu elmin dərinliklərinə bələd olmaq bu qədər asan deyil. Şəxsən, yanlış terapiya ilə vəziyyəti pisləşən nə qədər adam tanıyıram. Çünki tanımadan, bilmədən psixoloqun yanına gedib, o da yanlış müalicə edib. Beləcə, vəziyyət daha da pisləşib. Əslində psixologiya çox ciddi sahədir. Necə ki, həkimə gedəndə onun müalicə üsulunu, özünü araşdırıb gedirik, məsləhət görərdim ki, psixoloqu da araşdırıb, sonra müraciət edək. Xüsusilə də uşaq psixoloqlarına diqqət etmək lazımdır. Bu məsələdə əsas iş valideynlərin üzərinə düşür. Uşaqlarını əmanət edəcəkləri psixoloqa yaxından bələd olsunlar”.  
 
Nərgiz xanım düşünür ki, bu sahədə əsas diqqət məktəb psixoloqlarına ayrılmalıdır: "Hazırda məktəblərdə uşaqlarla işləyəcək təhsil psixoloquna böyük ehtiyac var. Amma təəssüflər olsun ki, onların maaşı az olduğundan heç kim gedib təhsil ocaqlarında işləmək istəmir. Halbuki, psixoloqların şagirdlərlə iş aparması daha vacib məsələlərdəndir. Şərait baxımdan da vəziyyət ürəkaçan deyil. Onların şagirdlərlə söhbət aparacaqları, görüşlər keçirəcəkləri otaqları olmalıdır. Sırf bu kimi nüanslara görə, şəxsən mən məktəb psixoloqu işləmək istəmirəm. Uşaqların şəxsiyyətinin formalaşdığı əsas dövr məktəb illəridir. Həmin zaman çərçivəsində onlara psixoloq nəzarəti mütləqdir. Valideyn evdə övladına nə qədər nəzarət etsə də, uşaq, vaxtının böyük hissəsini məktəbdə keçirir. Ona görə də, bu məsələyə ciddi diqqət ayrılmalıdır”. 

Onu da qeyd edək ki, yeni hazırlanan "Psixoloji yardım haqqında” qanun layihəsinə əsasən, Azərbaycanda təhsil müəssisələrində psixoloji müayinələrin aparılması qaydası müəyyən edilib. 

Qanuna əsasən, təhsil müəssisələrində psixoloji müayinə təhsilalanın ehtiyaclarını müəyyənləşdirmək məqsədilə aparılır və onun maraqları ilə ziddiyyət təşkil edə bilməz.

Psixoloji müayinə təhlükəsizliyi və konfidensiallığı təmin edən şəraitdə həyata keçirilməlidir.

Təhsil müəssisələrində aparılan psixoloji müayinələrin nəticələri müayinə olunan şəxsin özünə və ya onun qanuni nümayəndəsinə verilir. 14 yaşına çatmayanlar barəsində müayinənin nəticələri yalnız qanuni nümayəndənin razılığı olduqda, 14 yaşı tamam olmuş şəxslər barəsində isə yalnız qanuni nümayəndənin, yaxud özünün razılığı olduqda bilavasitə tədrisi həyata keçirən müəllimə, təhsil müəssisəsinin rəhbərinə təqdim edilir.
Psixoloji müayinələrin nəticələri təhsilalanın valideynləri (və ya digər qanuni nümayəndələri) ilə müzakirə olunmalı və sonrakı tədbirlər üçün onlardan icazə alınmalıdır.
 
Qeyd edək ki, "Psixoloji yardım haqqında” qanun layihəsi Milli Məclisin oktyabrın 30-da keçiriləcək plenar sessiyasında birinci oxunuş üçün müzakirəyə çıxarılacaq. 

Günel Azadə
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9377
GEL 1 1 Gürcüstan larisi 0.6286
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1803
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1885
CHF 1 1 İsveçrə frankı 1.6992
KWD 1 1 Küveyt dinarı 5.5919
TRY 1 1 Türkiyə lirəsi 0.3178