Kim “Milli Şura”da deyilsə, Əli Kərimlinin düşməni olur
Radikal müxalifət düşərgəsi zaman-zaman kənardan onlara dəstək verən
qrupların yanında yer alıb, onların sifarişi ilə Azərbaycan daxilində
sabitliyin pozmağa cəhd göstərib. Lakin onların bu niyyətləri hər zaman suya
düşüb. Maraqlı məqamlardan biri də odur ki, radikal müxalifət qanadında yer
alanlar özlərindən uzaqlaşanları həmişə "linç” ediblər. Bu praktika demək olar
ki, hər dəfə təkrarlanır. Uzun illərdən sonra Bakıya gələn Rüstəm İbrahimbəyov
nümunəsi də buna misaldır. Hələ 2013-cü ildə yaradılan "Milli Şura” adlı quruma
rəhbər seçdikləri və daha sonra prezident seçkilərində vahid namizəd etmək
istədikləri R.İbrahimbəyovu indi "söz atəşinə” tutublar. Çünki R.İbrahimbəyov
Bakıya səfəri zamanı "Milli Şura” rəhbərliyində olanları yubiley tədbirinə
dəvət etməyib. Bu isə radikal düşərgəni, o cümlədən "Milli Şuranı” xəyal
qırıqlığına uğradıb. R.İbrahimbəyovun bu addımını hələ ki, "Milli Şura”
rəhbərliyi susqunluqla qarşılasa da, qurumun sıravi üzvləri artıq "anti-İbrahimbəyov
kampaniyasına” start verib.
E.Musayev qeyd etdi ki, İbrahimbəyovun yubileyində müxalifətə aid
olmayan insanların olması, təbii ki, qaraguruhu qıcıqlandırıb: "Çünki
düşündülər ki, "maya”mız batdı, ikincisi də, sosial şəbəkələrdən ünvanladıqları
təbrik hayıf oldu. Eyni zamanda, radikal müxalifətə yaxınlaşan birinin bunlardan
qaçdığına görə peşman olurlar. İbrahimbəyovun bu addımları həm də onun
siyasətdən getməyinə bir eyham idi. Sosial şəbəkədəki qaraguruh isə ənənəsinə
uyğun olaraq, yenə də əks fikirdə olanı hədəfə aldı və təhqir etməyə başladı.
Ümumiyyətlə, kim bunların yanında deyilsə, eyni formada hədəfə alırlar, quldur
dəstələri vasitəsi ilə onu söydürməyə başlayırlar. Açığı, bunların hərəkətinə
təəccüblənmədim. Çünki kim "Milli Şura”nın, AXCP-nin üzvü deyilsə, Əli
Kərimlinin düşməni olur. Ona görə də, radikal müxalifət düşərgəsi bu gündədir”.
Bütöv Azərbaycan Xalq
Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli də bildirdi
ki, Əli Kərimlinin R.İbrahimbəyovla bağlı "sosial sifariş” fikrindəki yalnız
"sifariş” sözü dediklərinə uyğun gəlir: "Əlbəttə ki, bir neçə il əvvəl Rüstəm
İbrahimbəyovun müxalifətin vahid namizəd kimi irəli sürülməsi sosial sifariş
yox, xaricdən gələn sifariş idi. Buna uyğun olaraq, "Milli Şura” adlanan,
əslində anti-milli mahiyyətə malik olan o qrupun üzvləri Rüstəm İbrahimbəyovun
liderliyi ilə bəh-bəhlə razılaşdılar. Təbii ki, bu ənənəvi yanaşma tərzidir.
Əslində bu yanaşma 2013-cü ildə baş verən proseslərdə də qabarıq şəkildə nəzərə
çarpırdı. İlk dəfə deyil ki, bu radikal düşərgəyə ya kənardan transfer olunan,
ya da öz içərilərindən olan insanlara belə tənqidi münasibət bəslənilir.
Mütəmadi olaraq, o düşərgədə təmsil olunan insanların arasında qarşılıqlı
ittihamların şahidi oluruq. Ardıcıl şəkildə biri-birini bu və ya digər ölkənin
maraqlarına xidmət etməkdə, satqınlıqda, xəyanətdə və sair də ittiham edirlər.
Bu aspektdən onların yanaşma tərzinə təəccüblənmirəm”.
E.Mirzəbəyli qeyd etdi ki, yaxın gələcəkdə R.İbrahimbəyova qarşı daha
sərt fikirlərin səslənməsi də mümkündür: "İndiki şəraitdə onlar sadəcə olaraq,
odla su arasında qalıblar. Çünki izahını verməlidirlər ki, nə üçün vaxtında
Rüstəm İbrahimbəyovun arxasına, kölgəsinə düşüb gedirdilər? Nə üçün bu gün
İbrahimbəyov onları adam yerinə qoymur? Təbii ki, bütün bunların izahı
verilməlidir, səbəb göstərilməlidir. Amma gördüyünüz kimi manipulyasiya
xarakterli fikirlər səsləndirilir”.
AZAD