• cümə axşamı, 25 aprel, 04:30
  • Baku Bakı 19°C

Kim Çen In səbirlə ABŞ sanksiyalarının yumşalmasını gözləyəcək

13.04.19 16:15 447
Kim Çen In səbirlə ABŞ sanksiyalarının yumşalmasını gözləyəcək
KXDR lideri Kim Çen In Vaşinqton tərəfindən ədalətli və qarşılıqlı qəbul oluna biləcək təkliflər səslənsə, ABŞ Prezidenti Donald Trampla üçüncü dəfə görüşə bilər.
AZƏRTACbu barədə Interfax informasiya agentliyinə istinadla xəbər verir.
"Əgər Vaşinqton düzgün metod və yanaşma əsasında üçüncü KXDR-ABŞ sammitini təklif etsə, biz daha bir dəfə görüşməyə razı olarıq”, - deyə Kim Çen In bildirib.
"KXDR və ABŞ-ın maraqlarına uyğun gələn ədalətli və qarşılıqlı şəkildə məqbul olan sazişi tərəddüdsüz imzalamağa hazıram. Bu, Birləşmiş Ştatların hansı münasibətlə və nəyə əsaslanaraq çıxış etməsindən tam asılı olacaq”, - deyə Şimali Koreya lideri sözlərinə əlavə edib.
Kim Çen Inın sözlərinə görə, KXDR yalnız sanksiyaların yumşalması naminə sammit keçirilməsində israr etməyəcək və ilin sonunadək səbirlə Vaşinqtonun cəsarətli qərarını gözləyəcək.
Bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Cənubi Koreya lideri Mun Ce-inlə görüşü zamanı Kim Çen Inla üçüncü görüşə hazır olduğunu bildirmişdi.
Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit 2018-ci il iyulun 12-də Sinqapurda baş tutmuşdu. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə buna cavab olaraq KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi.
2019-cu il fevralın 27-28-də Vyetnamın Hanoy şəhərində keçirilən ikinci ABŞ-KXDR sammitinin gedişində isə tərəflər sazişə nail ola bilməmişdi. Pxenyan və Vaşinqton müştərək sənədi imzalamaqdan imtina etsələr də, dialoqu davam etdirmək barədə razılığa gəlmişdilər.

banner

Oxşar Xəbərlər