• çərşənbə, 24 Aprel, 07:32
  • Baku Bakı 13°C

“Kim ən çox kitab oxuyar” yarışına qoşulduq”- Məktəb illəri

03.03.18 12:30 1331
“Kim ən çox kitab oxuyar” yarışına qoşulduq”- Məktəb illəri
Məktəb illəri hər birimizin həyatında ən gözəl, qayğısız, problemlərdən uzaq bir dövrdür. Hansı ki, həmin dövrdə yeganə narahatlığımız yaxşı qiymət almaq olur. Həyatın çətinliklərindən xəbərsiz olaraq, hər gün dərsimizi oxuyub, bəzən də oxumayıb məktəbə gedirik. Həmin illərdən bizə yadigar qalanlar xatirələrimizdir. Hansı ki, indi də onları yada salanda gülüb, "eh necə də şirin illərmiş” deyirik. Bu dəfə "Məktəb illəri” rubrikasında təhsil eksperti Nadir İsrafilov o illərdən bir xatirəsini bizimlə bölüşdü. Müsahibimiz sözə F.M.Dostoyevskinin bir sitatı ilə başladı: "İstər şirin, istərsə acı olsun, xatirə insana əzab verir”. Orta məktəbin 5-ci sinfində oxuyurduq. Bir gün növbəti dərslərin birində bizə Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyən müəllim sinfə daxil olaraq, sanki salam verməyi unutmuş kimi, yazı lövhəsinin qarşısına keçdi. Ara-sıra fasilələr verməklə, müəyyən şeylər yazıb-pozub, yenidən yazmaqla 5 qrafadan ibarət bir cədvəli nəhayət, tamamladı. Üzünü bizə tutub, hər birimizə 44 vərəqli ümumi dəftər alıb, həmin cədvəli dəftərə köçürməyi, oxuduğumuz və bundan sonra oxuyacağımız kitabları müvafiq qayda üzrə bölmələrə doldurmağı və ilin sonunda bunu qiymətləndirəcəyini tapşırdı. Sıradan olan bir rayon müəlliminin adi və sadə görünən bir "taktiki gedişi” bizi böyük ”strateji hədəflərə” meyl etməyə sövq etdi. Birinciliyi qazanmaq üçün "Kim ən çox kitab oxuyar” yarışına qoşulduq. Məktəb kitabxanasında oxumadığımız kitab qalmadı. Rayondakı böyük konserv zavodunun kitabxanasına üz tutduq, mərkəzi şəhər kitabxanasına üzv yazıldıq. Valideynlərimizin böyük tənəffüslərdə bulka və limonad almaq üçün verdikləri 20-30 qəpiyə qənaət edərək, bu qəpik-quruşu kitaba verdik. O vaxtlar ən ucuz qiymətə məhz kitablar satılırdı. Elə bir ev olmazdı ki, orda o zamanlar "etajerka” adlanan kitab rəfi olmasın. Qrim qardaşları və Andersenin nağılları ilə başlayıb, Fyodor Dostoyevski və Teodor Drayzerin klassik ədəbi irsi ilə tanışlıqla, 11-ci sinfi bitirdik. Məzun olduğumuz dövrdə Azərbaycan ədəbiyyatı öz yerində, artıq Viktor Hüqonu və Aleksandr Dümanı, hətta Onore de Balzakı, Şarlotta Bronteni, Gi de Mopassanı belə oxumuşduq. Orta məktəbdən xatirə kimi, doldurulmuş üç 44 vərəqlik dəftər bu gün də durur. Gərək bir gün boş vaxt tapıb, oxuduğum kitabların dəqiq sayını hesablayım”.
Günel Azadə
banner

Oxşar Xəbərlər