• cümə axşamı, 28 mart, 19:54
  • Baku Bakı 13°C

Kim diktatordur, Paşinyan, yoxsa Koçaryan?

13.09.18 17:57 707
Kim diktatordur, Paşinyan, yoxsa Koçaryan?
Erməni liderlər arasında mübarizə, qarşılıqlı ittihamlar pik həddə çatıb. Məsələ ondadır ki, ölkənin ikinci prezidenti Robert Koçaryan Kremldən aldığı dəstək hesabına hazırkı hakimiyyəti ittiham etməkdə davam edir. İş o yerə çatıb ki, Ermənistanın sabiq prezidenti baş nazir Nikol Paşinyanı diktator adlandırıb. R.Koçaryan "Yerevan Today” nəşrinə müsahibəsində xüsusi xidmət orqanları rəhbərlərinin telefon söhbətini məhkəmə sisteminə təzyiq kimi qiymətləndirərək, barəsində qaldırılan cinayət işinin siyasi təqib olduğunu bildirib. Paşinyanın siyasi rezonans doğura biləcək həbslərə görə məsuliyyət daşıması barədə dediklərini xatırladan sabiq prezident, bu bəyanatı Paşinyanın diktator meyllərinin əlaməti hesab etdiyini vurğulayıb: "İndi mən Ermənistan xalqını yeni diktator qazanması münasibəti ilə təbrik etməliyəm? Böyük şübhələrim var. Xalq anlamalıdır ki, baş verənlərin nəticələri Ermənistana baha başa gələcək. Baş nazir həbslərə görə məsuliyyəti üzərinə götürür, halbuki konstitusiyaya əsasən buna hüququ yoxdur”. Koçaryanın fikrincə, 1 mart işi üzrə bütün proses baş nazir tərəfindən yönləndirilir. Koçaryan indiki halda MTX direktorunu azarkeş hesab edir, hansı ki, baş nazirin tapşırıqlarını məmnuniyyətlə yerinə yetirir. Xatırladaq ki, R.Koçaryan bundan əvvəl ona qarşı yeni siyasi təqibin başladığını bəyan etmişdi. Xalqa müraciət edən sabiq prezident Ermənistanın, diletantların idarə etdiyi və siyasi repressiyaların həyata keçirildiyi ölkəyə çevrilməsinə yol verməməyə çağırmışdı. Bildirmişdi ki, Nikol Paşinyan saxta ittihamlarla öz rəqiblərini və onunla eyni fikri bölüşməyənləri aradan götürən bolşevikdir. Koçaryan onu da deyib ki, bütün mümkün olan və olmayan hər şeyi etmişəm ki, 1999-cu il 27 oktyabr parlament teraktının araşdırılması ilə bağlı etimadsızlıq qalmasın. "Mediamaks” agentliyinə müsahibəsində Ermənistanın eks-prezidenti deyib ki, araşdırmanı aparan və güc strukturlarına rəhbərlik edən insanlara Vazgen Sarkisyanın ailəsinin tam etibarı var idi. Onun qardaşı baş nazir təyin edilmişdi. Mən Aram Sarkisyandan soruşdum ki, Baş Prokurorluqda onun 100% güvəndiyi şəxs varmı? O, uşaqlıq dostunun adını çəkdi və mən onun baş prokuror vəzifəsinə namizədliyini irəli sürdüm”, – deyə o bildirib. Koçaryan həmçinin terrorçularla danışıqları da özünün apardığını etiraf edib. Eks-prezident bu işi terrorçularla danışıqlar aparan şəxslərin həmin an vəzifələrini ataraq, qaçdıqlarına görə etdiyini bildirib. Məlum olur ki, baş nazir Nikol Paşinyan Kremlin təzyiqi altında KTMT-nın baş katib Yuri Xaçaturov barəsində qətimkan tədbirini təşkilata üzv dövlətlərin başçılarının xahişi ilə dəyişdirib. Bu barədə o, "Hökumət saatı”nın gedişində danışıb. Paşinyanın sözlərinə görə, KTMT ölkələrinin liderləri ondan, qurumun baş katibinin yazılı öhdəlik altında həbsdən azad edilməsi üçün lazımi tədbirlər görməsini rəsmən xahiş ediblər. "Nəzərə alaraq ki, mənə diplomatik kanallarla müraciət etdilər, mən Xüsusi İstintaq Xidmətinin rəhbərinə, əgər hüquqi baxımdan belə imkan varsa, bu xahişi yerinə yetirməyi tapşırdım", - Paşinyan deyib. O bildirib ki, Xaçaturovun girov müqabilində azad olunmasından sonra çoxları ona qarşı öz ifadələrindən, ayrı-ayrı insanlar isə ümumiyyətlə ifadə verməkdən imtina etdilər. Baş nazir qeyd edib ki, beləliklə, Xaçaturovun azad olunması, işin hərtərəfli araşdırılmasına mane oldu.
Xatırladaq ki, iyulun sonunda Yuri Xaçaturov Yerevana dindirilməyə çağırılmışdı. Xüsusi İstintaq Xidmətinin Xaçaturova qarşı irəli sürdüyü ittihamda deyilirdi ki, o, 2008-ci il martın 1-də Ermənistan silahlı qüvvələrinin Yerevan qarnizonunun komandanı olduğu vaxt konstitusiya quruluşunu pozub və etiraz aksiyası zamanı insanların qətlə yetirilməsinə rəhbərlik edib. KTMT-nın baş katibi həbs edildi, amma sonra girov müqabilində və istintaqla əməkdaşlıq etməsi şərti ilə azadlığa buraxıldı. Yaxın günlərdə Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsindən ayrılacaq. Bu barədə Ermənistanın "Jamanak” qəzeti yazıb. Qəzetin məlumatına görə, təşkilata üzv ölkələrin prezidentləri Ermənistan rəhbərliyinin Y.Xaçaturovu geri çağırmaq tələbinə razılıq veriblər. Qeyd olunur ki, çox güman, Ermənistanın bu vəzifəyə başqa namizəd irəli sürməsinə icazə verilməyəcək və KTMT-nin yeni baş katibi rotasiya üzrə sırada olan Belarusun nümayəndəsi olacaq. Xatırladaq ki, Y.Xaçaturov aprelin 14-də KTMT-nin baş katibi vəzifəsinə təyin edilib, mayın 2-də isə iki il müddətinə səlahiyyətlərinin icrasına başlayıb. Öz növbəsində Rusiyanın RBK nəşri Paşinyanın oliqarxlara qarşı reydlərini siyasi motivli adlandırıb. Sayta açıqlamasında Yerevan Siyasi və Hüquqi Tədqiqatlar Mərkəzinin direktoru Conni Melikyan bildirib ki, oliqarxların və məmurların mühafizəçilərini tərksilah etmək barədə tələbi, onun seçkiqabağı kampaniyasının tərkib hissəsidir. "Rusiyanın "Nezavisimaya qazeta” nəşri isə "Paşinyanqeyt” adını alan qalmaqallı səs yazısının kimlər tərəfindən edilə biləcəyini araşdırıb. "Özləri telefon dinləmələri həyata keçirən şəxslərin telefon danışıqlarını axı kim təşkil edə bilər? Axı onların özlərinin telefonları maksimal dərəcədə qorunmalıdır - məsələ açıq qalır. Bununla bağlı versiyalar çoxdur. Bu sırada Koçaryanın da adı hallanır. Xalq arasında populyar olmasa da, güc strukturlarında müəyyən əlaqələrə malikdir. Hər halda, nəticə odur ki, məxməri inqilabi heç də hamı Ermənistanda qəbul etməyib. İlk növbədə də əvvəlki hakimiyyət. Onun nümayəndələrinə qarşı aqressiv tədbirlər qarşıdurmanı gücləndirib”. Bütün bunlardan çıxış edərək bu nəticəyə gəlmək olar ki, Paşinyan Ermənistanda xaosa yol açmaq niyyətindədir. Xüsusən də qeyd edilməlidir ki, Paşinyan Qarabağa dair son bəyanatları ilə ölkəsini uçuruma aparır. Moskvadakı uğursuz və biabırçı çıxışı ilə erməni işğalçılığına bəraət qazandırdığını və barbarlığı təbliğ etdiyini açıq şəkildə sübut etdi. Bu isə o deməkdir ki, Paşinyan danışıqlara qarşı getmək siyasəti yürüdür. Görünür, Paşinyan indiyə qədər aparılmış danışıqlar prosesinin üstündən xətt çəkərək yeni qarşıdurmalar və Cənubi Qafqazda xaosa yol açmaq niyyətindədir. Sözsüz ki, Paşinyan diplomatiyasının uğursuzluğu və onun beynəlxalq münasibətlərdən xəbərsiz olması, Ermənistanda qarşıdurma və gərginliyə təkan vermiş olacaq.

Azər
banner

Oxşar Xəbərlər