• cümə, 19 Aprel, 02:02
  • Baku Bakı 18°C

“Kim desə gənclikdən doydum, inanma...” - Keçmişdəki mən

30.09.17 09:00 4110
“Kim desə gənclikdən doydum, inanma...” - Keçmişdəki mən
Ömrün hər yaşında aktiv həyat tərzi ilə yaşıdlarından seçilib. Onun üçün "çətin, mümkünsüz” deyə bir məfhum yoxdur. Vaxt azlığı belə, ona mane ola bilməyib. Zamanla yarışır və etmək istədiyini mütləq vaxtında həyata keçirir. Müsahibimiz aktyor, əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Əli Nurzadədir. Həmsöhbətimizlə onun uşaqlıq, məktəb və tələbəlik illərinə boylandıq...
"Bala Paris”dən başlayan həyat hekayəsi...
1948-ci ildə Ağsu rayonunun Bico kəndində anadan olub. Uşaqlığını keçirdiyi kənddən danışarkən kədərlənir: "Kəndimiz gözəlliyi, böyüklüyü, müasirliyi ilə seçilirdi. Bizim kəndə "Bala Paris” deyirdilər. Orada nəhəng ağaclar var idi. Mən həmişə o ağacların başına çıxırdım. Rayonda ilk böyük klub, ən böyük xəstəxana bizim kənddə tikilmişdi. İldə 5-6 dəfə klubda tamaşalar oynanırdı, konsertlər verilirdi. Sirk pəhləvanları, ölkənin məşhur aktyorları kəndə gəlib tamaşa göstərirdilər. Zal dolu olurdu, insanlar tamaşaya baxmaq üçün pəncərədən boylanırdılar”.
"İş heç vaxt bitmirdi”
9 uşaqlı ailədə böyüyən Əliyə nənəsi baxıb. Deyir ki, insanların işgüzarlığı, aclıq illərindəki dözümlülüyü xatirəsindən silinmir: "Uşaqlıq illərimdə insanlar çox işləyirdi. Camaat aclıq çəkirdi. İşləyib, bütün qazancını dövlətə verirdi. Şamaxı şəhərindən kəndə həftədə bir dəfə qara, iri çörək gətirirdilər. O çörəklər 15 -20 gün, bəzən də bir ay qalırdı. İnsanlar karvanla gəlib növbədə dayanırdılar. O çörəyi pendirlə yeyirdik, elə ləzzətli olurdu ki... İnsan əməyindən çox istifadə olunurdu. İnsanlar kombayn kimi işləyirdilər. İş heç vaxt bitmirdi. Çətinlik var idi, amma çox maraqlı idi. Şairlər bizim kəndə gəlirdilər. Uşaqdan böyüyə, hamı səfərbər olurdu. Mən də nənəmlə tək qaldığıma görə, səhər tezdən inəyi otlağa aparırdım. Buzovu bağlayır, qoyunları örüşə ötürürdüm. Və sonra dərs oxumağa gedirdim. Dərsdən gələndə sonra isə tövləni təmizləyirdim”.
"Xaş-xaş əkirdik”
Həmsöhbətimiz deyir ki, o vaxt göyərtilər, yaşıl bitkilər əkilirdi. Hətta indi xaş-xaş kimi tanınan narkotik bitki ətirli olsun deyə, o zamanlar çörəyin üstünə çəkilirmiş: "Biz bilmirdik ki, o narkotikdir, çörəyin üstünə vururduq. Üzüm bağımız var idi, onların dibini sulayırdıq. Həm oxuyurdum, həm də kömək edirdim. Bütün qış boyu meşədən odun gətirir, toyuq-cücəyə dən verirdim. Mən orta məktəbdə fəal idim, idmanla da məşğul olurdum. Səhər həyətdə idman edirdim, mənə qəribə baxırdılar ki, kolxozda işləmək elə idmandır da, bu niyə özünü yorur. Biz yuxu yatmırdıq. Hava işıqlanmamış dururduq ki, heyvan-qaranı sahmana salaq. Həyət-bacanın bütün təmizliyinə mən baxırdım. Aprel ayında bizim kəndin qırağında ucu bucağı görünməyən qızıl güllər olurdu. O gülləri sulayır, qoruyurduq”.
"Atam aktyor olmağıma razı deyildi”
Balaca Əlinin uşaqlıqdan mütaliəyə marağı olub. Bədii əsərləri, şerləri əzbər bilib və tədbirlərin aparıcılığını özü edib. Deyir ki, o qədər tamaşalara baxıb, şerlər deyib ki, artıq 7-ci sinifdə qərar verib ki, aktyor olacaq: "Atam aktyor olmağımı istəmirdi. Ömrünün sonuna qədər buna qarşı çıxdı. Lakin mən bu sənətin vurğunu idim. Hüseyn Cavid deyirdi ki, mən şair olmasaydım aktyor olardım. Şekspir dünyanı səhnəyə, insanları isə aktyorlara bənzədirdi. Aktyorluq uca, ülvi sənətdir”.
"Sənin ərin meymundan əmələ gəlib”
Məktəb illərində hazırcavablığına görə, ən sevdiyi müəllimlərlə belə problemləri olub: "Müəllim bir gün sinifdə dedi ki, insan meymundan əmələ gəlib. Mən etiraz etdim: xeyr insanı Allah yaradıb. Əlində açarla başıma vurdu. Başım yara oldu. Nənəm dedi başın niyə belədir? Mən hadisəni ona danışdım. Nənəm ağacı götürüb getdi məktəbə və müəllimə dedi ki, sənin uşaqların, ərin meymundan əmələ gəlib, mənim nəvəmlə işin yoxdur (Gülür-A.Ə) .
Daha sonra Əli tamaşalarda şerlər oxumağa başlayıb: "Fəal şagird idim. Dram dərnəklərində şerləri oxuyurdum. Məktəbin divar kağızını buraxırdım. Rəssamlıq qabiliyyətim olduğu üçün məktəb binasının divarlarına yağlı boya ilə şəkillər işləyirdim. Hamı elə bilirdi ki, rəssam olacağam. Amma tarixçi də ola bilərdim. Bütün fənləri mükəmməl bilirdim. Böyüklərlə, yaşlılarla oturub-dururdum. Ədəbiyyatı poeziyanı çox sevirdim”.
"Kəndin ən gözəl qızını sevirdim”
İlk sevgisi də məktəb illərində olub: "Məktəb vaxtında kəndin ən gözəl qızını sevirdim. Bizə Leyli-Məcnun deyirdilər. Qollarıma, sinəmə onun adını döydürmüşdüm. Qız mənə eşq elan etmişdi. Maraqlısı odur ki, mən heç bir qıza eşq elan etməmişəm. Həmişə mənə qızlar eşq elan edirdi. Amma alınmadı. Mən 10-cu sinifdə, o, 7-də oxuyurdu. O, təhsil almadı amma mən oxumalı idim. Bu səbəbdən mən Bakıya gəldim, o isə kənddə qalıb ailə qurdu”.
"Həm tələbə, həm müəllimim idim”
Həmsöhbətimiz orta məktəbi bitirən kimi universitetə sənəd vermək üçün Bakıya gəlib: "İncəsənət Universiteti o vaxt Teatr İnstitutu idi. Gəldim dedilər ki, gecikmisən. 1 il Neft-Kimya İnstitutunda oxuduqdan sonra, növbəti il İncəsənət Universitetinə qəbul oldum. Birinci dəfə idi ki, İncəsənət Universitetinin aktyorluq fakültəsinə 10 qız, 10 oğlan seçilmişdi. Universitetdə də fəal tələbə idim. İkinci kursda məni institutun komsomol təşkilatına katib seçdilər. Tədbirlərdə çıxışlar edirdim. Kursda həmişə baş rolları oynayırdım. Universitetdə səhnə danışığından birinci kurslara dərs deyirdim. Həm tələbə, həm də müəllim idim”.
Əli Nurzadə savadlılığı, mütaliəsi ilə həmyaşıdlarından seçilib. Deyir ki, məhz bu keyfiyyətinə görə, o, dostları arasında maraqlı həmsöhbət kimi tanınırdı: "Hamı yatanda gecələr araşdırmalar, mütaliələr edirdim. Hətta bir dəfə yasda mollanın səhvlərini düzəldirdim. Həsənağa Turabov dedi ki, sən niyə bu qədər bilirsən. Nəyinə lazımdır bu qədər bilmək? Əbülfəs Qarayev məni İskəndəriyyə kitabxanası adlandırırdı. Özümü tanıyandan kitabxanalardan çıxmayıb araşdırıb oxuyurdum. Qastrollara mənimlə gedəndə oxuduğum kitablardan, dahi insanların şəxsiyyətlərin çap olunmayan həyatlarından danışırdım. Bütün insanlar yatanda mən səhərə qədər mütaliə ilə məşğul olurdum”.

Müsahibimiz həm oxuyub, həm də fəhləlik edib pul qazanırmış. İlk maaşını isə dostları ilə birlikdə xərcləyiblər: "İşdən əlavə 48 manat təqaüd alırdım. Səhər dərsdə olur, axşam fəhləlik edirdim. Ceyhun Mirzəyev, Fuad Poladov, Yaşar Nuriylə, Səməndər Rzayevlə birlikdə yeyib-içirdik”.

"Bütün zal ağlayırdı”
Daha sonra həmsöhbətimiz Sumqayıt Teatrında işləməyə başlayıb. Deyir ki, tamaşalarda əsasən baş qəhrəmanları oynayıb: "1982-ci ildə biz Moskvada qastrolda olduq. O zaman Heydər Əliyev tamaşaya baxdı. Mən General Şıxlınskini oynayırdım. Heydər Əliyev qeyri-adi şəxsiyyət idi. Bütün kinonu, mədəniyyəti, teatrı bilirdi. 20 Yanvar ərəfəsində Qabilin mərsiyyəsini deyirdim bütün zal əlində dəsmal ağlayırdı. Hətta şerimi dedikdən sonra Heydər Əliyevin də gözündən yaş gəldiyini gördüm. Bu anı heç vaxt unutmuram”.
"Gənclik qaynar həyatdır”
Sonda gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, gənclik illəri ömrün ən gözəl çağıdır və onun hər saniyəsinin qədrini bilsinlər: "Həyat dedikləri baldan şirindir, Kim desə həyatdan doydum inanma. Gənclik özü hər vüsaldan şirindir. Gənclik ömrün baharıdır, günəşidir, həyatın ən qızğın çağıdır, insanın dəli dolu vaxtıdır. Gənclik mübarizədir. İstərdim ki, bütün gənclik Azərbaycanın müstəqilliyini qorusun. Gənclik elmdir, qaynar həyatdır. Mən qaynar həyatın önündə gəncləri görmək istəyirəm”.

Aygün ƏZİZ






banner

Oxşar Xəbərlər