• cümə, 29 Mart, 09:22
  • Baku Bakı 5°C

KİÇİK YALANLAR

14.06.16 16:05 1242
KİÇİK YALANLAR
YARAT Müasir İncəsənət Məkanı David Klaerbout (David Claerbout) (Belçika) və Soren Tilo Funderin (Soren Thilo Funder) (Danimarka) video əsərlərindən ibarət Kiçik yalanlar(Little Lies) adlı sərgini təqdim edir.
Kiçik yalanlar(Little Lies) – xoş niyyətlər naminə işlədilən yalanlar, uydurma tarixçələr və məyusluq aləminə bir səyahətdir. Bu sərgi XX əsrin iki ən böyük siyasi "həqiqət”ini – addımbaşı səslənən yalanlara, saxta qəhrəman obrazlarına və qondarma metaforalara müraciət edən iki siyasi təcrübəni qarşı-qarşıya çıxarıb toqquşdurur. Kiçik yalanlar gündəlik həyatımızdan bəhs edir, sosial-siyasi gerçəkliyi necə dərk etməyimizi göstərir, tarixi məlumatımızı genişləndirir.
Bu sərgi iki rəssamın seçilmiş əsərləri vasitəsilə insanın fiziki reallıq hüdudlarını işıqlandırır, həmin reallığın təzahürlərində sosial müəmmaları təqdim etmək imkanlarını nümayiş etdirir.
Altı əsərin söhbətinə bənzəyən sərginin üç eksponatı qırılmayan bir dövrə yaradırlar. David Klaerboutun Nəfəs alan quş(Breathing Bird) (2012) adlı əsərinin poetik obrazı seyrçini xaincəsinə yanıldır və çaşdırır. Bu kiçik ölçülü əsərin qarşısında isə İşdən qayıdarkən leysan yağışa düşmüş neftçilər(Nigeriya, Shell şirkəti) adlı monumental əsər yerləşir (Oil Workers (from the Shell company of Nigeria) returning home from work, caught in torrential rain(2013)). Bu əsər adamı laqeyd qoymuş kimi olsa da, gözünü çəkməyə qoymur – xüsusi səhnə mizanı ilə seyrçini tələyə salır. O, neft sərvətlərinə əsaslanan iqtisadi gerçəkliyi və əhalinin bununla bağlı sosial ümidlərini sual altına alır. "Neftçilər”dəki ətalətlə üzbəüz Soren Tilo Funderin kortəbii həyat enerjisi ilə dolu Məhz bu an (Antuan) (In This Very Moment (Antoine))(2014) adlı əsərini görmək olar. Burada gənc bir oğlan ayağına diyircəkli konki keçirib ehtirasla rəqs edir, məkan isə Birinci Dünya Müharibəsinin şiddətli döyüş yeri kimi tarixdə qalan Verden çölüdür. Bu əsərlər zamanın və yaddaşın nəhayətsiz və silinməz olduğu barədə düşüncələr oyadır, seyrçilərin siyasi cəhətdən məlumatlı olmasını da artırır.
Sərgi məkanında ardıcıl təqdim olunan digər üç əsər isə dini inanclara toxunaraq seyrçidə tarixlə bağlı hisslər oyadırlar. Tarixi əhvalatları nəql etmək üçün Soren Tilo Funder öz işlərində kinematoqraf üsullarına müraciət edir. Onun Kosmonavt (burada-yuxarıda heç bir Tanrı görmürəm) (The Cosmonaut (I don’t see any God up here) (2013) adlı əsəri saxta kollektiv quruluşunun vizual təzahürlərini təqdim edərək, şüurlu surətdə onları dağıdır. Yoldansapmaq (sən orada-yuxarıda öləcəksən) (Swerve (You’re Gonna Die Up There) (2016) adlı əsərində həmin taktika daha mürəkkəb formada tətbiq olunmuşdur. Bu əsərdə Funderin nəql etdiyi əhvalatın arxa planında texniki mexanizmlər durur, üstəlik, populyar stereotiplər əlavə olunur, kino tarixi də cəlb olunmuşdur. Nəticə etibarilə, müəyyən qondarma qəhrəmanlar və tarixçələr yaratmaq naminə daim işlənən xoşniyyətli yalanlar həqiqət kimi qələmə verilirsə də, Funderin əsərləri bunların ağ yalan olmasını sezməyə seyrçini məcbur edir.
Funderdən tam fərqli olaraq, David Klaerbout özünün Səyahət 1996-2013 (Travel 1996-2013) adlı əsərində genişlənib-artan illüziyalara seyrçini "udmaq” şəraitini yaradır. On ildən artıq müddət ərzində başa gələn bu əsər durmadan qalınlaşıb-seyrəkləşən bir meşəliyin rəqəmsal rekonstruksiyasıdır. Seyrçi meşəlik obrazlarına tamamən uyuşur, lakin birdən-birə bu hisslər amansızcasına dağıdılır: kamera geriyə çəkilərək "meşəliyin” sırf sub-şəhər mənzərəsi olduğunu ortaya çıxarır. Buradakı tənqidin məğzi belədir: birmənalı yanaşma mütləq xəyanətlə üzləşəcək.
Kiçik yalanlar adamı heyran da qoyur, məyus da edir; bizim özünütəsdiq ehtiyacımızdan doğur, insani zəifliklərimizi isə üzə çıxarır. Bu sərgi hisslərimizə səslənir, gündəlik həyatımızda saxta anlayışlar cəmiyyətinin xoşniyyətli yalanlarını sezməyə bizi təşviq edir.
Qeyd edək ki, sərgi 9 oktyabradək davam edəcək.
banner

Oxşar Xəbərlər