• çərşənbə, 24 Aprel, 16:56
  • Baku Bakı 27°C

Kiçik və orta sahibkarlığın inkişafında motivasiya amili

16.07.18 10:50 1882
Kiçik və orta sahibkarlığın inkişafında motivasiya amili
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətini təmin etmək üçün bir sıra yeni mexanizmlər yaradılacaq”. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov "Caspian Europen Club”ın təşkilatçılığı ilə keçirilən "CEO Lunch”da çıxışı zamanı deyib. O.Məmmədov qeyd edib: "Bildiyiniz kimi, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması məqsədilə ötən ilin dekabr ayında Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” yaradılıb. Agentliyin yaradılmasını dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir göstəricisi kimi qiymətləndiririk.
Bir neçə gün öncə isə Agentliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı növbəti fərman imzalandı. Bu sənədlə Agentliyin fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsasları formalaşdırmaqla yanaşı, kiçik və orta biznes (KOB) sektorunun inkişafı ilə bağlı köklü dəyişikliklərə səbəb olacaq mühüm tapşırıqlar verildi. Bu tapşırıqların keyfiyyətli yerinə yetirilməsi üçün Agentlik sahibkarlarla həm fərdi, həm də onları təmsil edən birliklər, assosiasiyalar, qeyri-hökumət və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edəcək".
Agentliyin qarşısına qoyulmuş əsas vəzifələr və fəaliyyət istiqamətlərinə toxunan sədr bildirib ki, birinci istiqamət motivasiya tədbirləri ilə bağlı olacaq. Belə ki, Agentlik kiçik və orta biznes subyektlərinin fəaliyyətini stimullaşdıran mexanizmlər vasitəsilə bunu həyata keçirəcək. Bu isə öz növbəsində həm mövcud olan biznes subyektlərinin inkişafına, həm də yeni biznes subyektlərin yaranmasına, eləcə də yeni ideyaların biznesə inteqrasiya olunmasına təkan verəcək.
Kiçik və orta sahibkarlığı inkişaf etdirmək üçün hansı motivasiya elementlərindən istifadə etmək olar?
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, agentlik bir neçə istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçirməklə sahibkarlığın inkişafına təkan verə bilər: "Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sektorun inkişafı ilə bağlı müəyyən islahatlar və təkliflər planı hazırlayaraq dövlətə təqdim etmək hüququna malikdir. Agentlik bazarı dərindən təhlil edib zəif inkişaf edən sahələr üzrə yeni təkliflər irəli sürə bilər. Məsələn, bu gün ölkəmizdə kiçik və orta sahibkarlığın əsas problemlərindən biri məhz kapital çatışmazlığıdır. Belə ki, sahibkarların maliyyə imkanları məhduddur. Bu istiqamətdə maliyyə mənbələrini daha da gücləndirmək, yığım üçün şansları daha da artırmaq məqsədi ilə müəyyən qədər vergi yükləri azaldılsa, yaxşı olar. Belə bir təklifin irəli sürülməsi və hökumətin bunu qəbul etməsi sahibkarlar üçün əsl motivasiyadır. Kiçik və orta sahibkarlar üçün kredit zəmanət fondunun verdiyi və subsidiyalaşdırdığı kreditlərin minimum məbləği 30 min manatdan aşağı deyil. Amma, məncə, limitin 30 min qoyulması doğru deyil. Çünki söhbət kiçik və orta sahibkarlıqdan gedir. Orta sahibkarı kənara qoyub, kiçik sahibkarı düşünsək, ona 10-15 min pul lazım olur. Limitin 30 min olması onları bu işdən çəkindirir. Onu da qeyd edim ki, daha çox regionlarda təsərrüfatla məşğul olan sahibkarların kreditə çıxış imkanları məhduddur. Onların kredit götürməsində bəzi problemlər yaranır. Bu isə kiçik sahibkarlar kateqoriyasına daxil olanlar üçün əlverişli deyil. Mən belə bir təklif irəli sürərdim ki, limit 30 mindən aşağı salınsın və qanunvericiliyə, kreditlər üzrə zəmanətin və subsidiyaların verilməsi qaydalarına dəyişiklik edilsin. Bu, sahibkarlar üçün motivasiya xarakterli bir addım olar”.
Ekspert başqa bir təklif də irəli sürdü: "Motivasiyanı artırmaq üçün agentlik regionlar üzrə "ilin sahibkarı” nominasiyası tərtib edə bilər. Burada müxtəlif parametrlər üzrə qiymətləndirmələr aparılar. Yəni kim daha çox işini inkişaf etdirib, irəliyə aparıb, innovasiyanı daha çox tətbiq edib, daha yaradıcı elementlərdən istifadə edibsə, həmin adamı ilin sahibkarı seçmək olar. Qalib üçün də müəyyən məbləğdə mükafat ayrıla bilər. Bu addım, həm də sahibkarlar arasında sağlam rəqabətin formalaşmasına səbəb olacaq. Yəni istər-istəməz bütün sahibkarlar qalib gəlmək, inkişaf etmək üçün bəzi işlər görməyə başlayacaq. Bu, sadəcə, mənim təklif etdiyim bir variantdır. Bu istiqamətdə bir çox təşviqedici işlər görmək mümkündür”.
İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisiPərviz Heydərov təbliğat və təşviqat işi aparılmasını vacib sayır: "İlk olaraq onu qeyd edim ki, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafının zəruri olduğu artıq bir neçə il əvvəl anlaşılmışdı. Çünki hələ ki, kiçik və orta sahibkarlıq istənilən qədər inkişaf səviyyəsi əldə edə bilməyib. Çox təəssüf ki, bu, acı da olsa, reallıqdır. Bu reallığı nəzərə alaraq, dövlət başçısı ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün kiçik və orta sahibkarlıqla bağlı olan məsələləri ön plana çəkmişdir. Bunun nəticəsi olaraq da, keçən ilin dekabrında İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradıldı. Elə bu agentliyin yaradılmasının özü, sahibkarlığın inkişafı üçün stimulverici addım idi. Bu sahənin inkişafı üçün ilkin olaraq iqtisadi sferada ciddi kompleks tədbirlər planı həyata keçirilməlidir. Böyük inkişafa nail olmaq elə də asan deyil. Kompleks tədbirlər planından əlavə, təbliğat və təşviqat işi aparılması vacibdir. Yəni kiçik sahibkarlıq deyiləndə oradakı "kiçik” sözü bəsit mənada başa düşülməməlidir. Kiçik sahibkarlıq çox böyük bir anlayışdır. Əgər dünyanın bəzi inkişaf etmiş ölkələrinə diqqət etsək, kiçik və orta sahibkarlığın həmin ölkələrin iqtisadiyyatında əsas aparıcı qüvvə olduğunu görərik. Belə ki, bu sahibkarlıq növləri dövlət büdcəsinin təmin olunmasında, vergi yığımında və s. kimi məsələlərdə əhəmiyyətli rol oynayır. Həmin ölkələrdə ümumdaxili məhsulun demək olar ki, 50%-ə yaxın hissəsini məhz kiçik və orta sahibkarlar verirlər.
Günel Azadə
banner

Oxşar Xəbərlər