• cümə, 29 Mart, 13:39
  • Baku Bakı 14°C

Kiçik sahibkarlığa böyük dəstək

18.05.16 11:49 2496
Kiçik sahibkarlığa böyük dəstək
Azərbaycan hökuməti kiçik sahibkarlıq subyektlərinə dəstəklə bağlı yeni proqram hazırlayır. Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev məlumat verib. Onun sözlərinə görə, proqram kiçik iş adamlarına mini-layihələrin təqdim olunmasını nəzərdə tutur. Bu növ dəstək İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə verilən güzəştli kreditlərə alternativ sayıla bilər: "Hökumət ekspertlərin iştirakı ilə ölkənin bütün regionlarında sahibkarların seçimini həyata keçirəcək. Məsələn, mütəxəssis rəyi əsasında 60 sahibkardan 30-40-ı seçiləcək. Bunlar o adamlar olacaq ki, öz işlərini bilirlər və müəyyən bacarıqlara sahibdirlər. Onlarla fərdi müqavilələr bağlanacaq. Dövlət bu insanlara maliyyə dəstəyi verməyəcək, yalnız bir neçə min manatdan on minlərlə manata qədər dəyəri olan hazır layihələr təqdim edəcək”.
Millət vəkilinin sözlərinə görə, məsələn, sahibkarlara dövlət mülkiyyətində qalacaq kiçikbuynuzlu mal-qara da verilə bilər. Bu heyvanları satmağa və yaxud kəsməyə icazə verilməyəcək. İş adamları onlardan yalnız bala ala bilərlər. R.Quliyev onu da qeyd edib ki, mini-layihələr bitkiçilik, tərəvəzçilik, bağçılıq, heyvandarlıq və digər sahələri əhatə edəcək. Amma bu, dövlətin biznesin inkişafına dəstək vermək üçün atmaq istədiyi yeganə addım deyil. Deputatın fikrincə, dövlətin ayırdığı güzəştli kreditlərdən sui-istifadə hallarına da yol verilə bilər. Mini-layihələrin icrasında isə belə bir ehtimal yoxdur. Hazır layihələr Azərbaycanda kiçik və orta biznesin inkişafı üçün lokomotiv rolunu oynayacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda kiçik və orta sahibkarlar güzəştli kreditləri SKMF, eləcə də Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin xətti ilə banklardan və bank olmayan kredit təşkilatlarından alır. 2002-ci ildən bəri Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi də daxil olmaqla bütün vergilərdən azad edilib. 2007-ci ildən bəri isə fermerlərə mineral gübrələri və yanacağı güzəştli qiymətlə əldə etmək imkanı yaradılıb.
İqtisadçı Pərviz Heydərov qəzetimizə açıqlamasInda bildirdi ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı qənaətbəxş hesab olunmur: "Ölkədə kiçik və orta sahibkarlığın inkişafı mühüm vəzifə təşkil etməlidir. Ümumiyyətlə, hesab edirəm ki, sahibkarlığa dəstək qeyri-neft sektorunun inkişafında əsas hədəf sayılmalıdır. İnkişaf etmiş ölkələrdə ÜDM istehsalında kiçik və orta sahibkarların böyük payı var. Azərbaycanda isə neçə illərdir ki, kənd təsərrüfatına dövlət tərəfindən mühüm güzəştlər tətbiq edilməsinə, müvafiq maliyyə dəstəyi göstərilməsinə və kreditləşdirmənin həyata keçirilməsinə baxmayaraq, kiçik və orta sahibkarlığın inkişaf səviyyəsi qənaətbəxş deyil”.
İqtisadçının sözlərinə görə, son 12 il ərzində sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manatdan çox kredit verilib. Bu, əslində dövlət tərəfindən sahibkarlara və sahibkarlığa böyük dəstəkdir: "Ümumiyyətlə, ölkədə dövlətin qeyd olunanlara uyğun olaraq həyata keçirdiyi maliyyə dəstəyi nəticəsində sahibkarlıq xeyli inkişaf edib və bu sahədə əhəmiyyətli nəticələr əldə edilib. Həmçinin bu gün bu proses yenə davam etdirilməkdədir. Lakin təəssüf ki, tam müsbət effekt əldə edildiyi haqda danışmaq çətindir. Regionların mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrini və kənd təsərrüfatının inkişafını sürətləndirmək və bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək hökumətin neçə illərdir əsas vəzifəsi sayılsa da, bölgələrimizin 80-90 faizi hələ də dövlət büdcəsindən, yəni mərkəzdən asılı vəziyyətdədir. Bütün bunlar da onu göstərir ki, sahibkarlığa dəstək və onun inkişafı təkcə maliyyədən asılı hesab edilməməlidir. Ona görə də, eyni zamanda, əlavə tədbirlərin görülməsi də vacibdir. Ümumiyyətlə, ölkədə sahibkarlığa maliyyə dəstəyi göstərilməsində getdikcə kəmiyyətə deyil, keyfiyyətə daha çox diqqət yetirilməlidir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Tahir Mirkişili qeyd etdi ki, belə kiçik layihələr sonradan böyük layihələrin inkişafına dəstək olur: "Kiçik sahibkarlığın inkişafı iqtisadiyyatın dayanıqlı inkişafı üçün çox vacibdir. Ona görə də dünyanın bir çox ölkələrində kiçik sahibkarlığa müxtəlif formada dəstək proqramları mövcuddur. Təbii ki, bu kimi dəstək formalarının effektiv olması hər kəsi düşündürür. Effektiv üsullardan biri isə sahibkarlara hazır layihələrin təklif olunmasıdır. Əslində bu, sahibkarları bir çox xərclərdən azad edir. Beləliklə də layihə əlavə dəstək formasına çevrilir. Hər bir belə kiçik layihə potensial olaraq iri layihələrin bünövrəsi ola bilir. Layihənin effektiv olması üçün təklif olunan mexanizm mütərəqqidir və sınanmış uğurları var”.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyir ki, əgər layihə qanunvericilikdə öz təsdiqini taparsa, bu, dərhal öz müsbət təsirini göstərəcək: "Bu gün kiçik sahibkarların dövlət dəstəyinə böyük ehtiyacı var. Hazırda banklar sahibkarlara kredit vermirlər. Ona görə də layihənin təsdiqlənməsi Azərbaycanda kiçik sahibkarlığın inkişafına çox böyük təkan verəcək. Belə kiçik layihələr sahibkarlara müxtəlif formada təqdim edilə bilər. Layihənin maddi deyil, texniki dəstək formasında olması isə şəffaflığın təmin olunması məqsədi daşıyır. Bu baxımdan dövlət sahibkara avadanlıq, kiçikbuynuzlu heyvan, bitki toxumu, ağac tingləri kimi yardım edə bilər. Bu gün sahibkarların belə yardıma çox böyük ehtiyacı var. Onların sadaladığımız bu kimi texniki vəsaiti almağa imkanı olmur. Odur ki, bunu təqdirəlayiq addım kimi qəbul edirəm”.
Müsahibimiz beynəlxalq təcrübədə belə layihələrin geniş şəkildə tətbiq olunduğunu vurğuladı: "Dünya praktikasında belə proqramlardan geniş istifadə olunur. Nümunə üçün çox uzağa getmək lazım deyil, elə qonşu ölkə Türkiyədə kiçik sahibkarlara müxtəlif formada belə dövlət dəstəyi göstərilir. Türkiyədə sahibkarlara təkcə kənd təsərrüfatı sahəsində deyil, sənaye, xidmət və digər sahələrdə nəzərdə tutulmuş qrantlar və sadələşdirilmiş şəkildə verilən güzəştli kreditlər nəzərdə tutulub. Dünyanın bir çox ölkələrində belə layihələr tətbiq olunur”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər