• cümə, 19 Aprel, 13:38
  • Baku Bakı 25°C

Kiçik mükafatların böyük sevinci

20.07.17 09:30 2156
Kiçik mükafatların böyük sevinci
Artıq bir mövsümü də beləcə başa vurduq. Bu mövsüm də teatr aləmində bir-birindən maraqlı tamaşalar, premyeralar, qastrol səfərləri ilə yadda qaldı. Teatr canlı sənət növüdür. Burada çalışanlar isə sənət aləminin fədailəridir desək, yəqin ki, yanılmarıq. Çünki bu insanlar kiçik imkanlarla böyük işlər görür, insanların az da olsa könlünü oxşamağı və onları teatr kimi sehrli aləmə aparmağı bacarırlar. Xoş sözlər deməklə, bir az diqqət və qayğı göstərməklə onlara dünyaları bəxş etmək mümkündür.

Sevindirici haldır ki, aktyor və aktrisalara böyük qonorarlar verməyin mümkünsüz olduğunu söyləyən teatr rəhbərləri bir neçə ildir onların mövsüm ərzindəki fəaliyyətlərini qiymətləndirərək mükafatlandırma gecələri keçirirlər. Hansı ki, bu tədbirlərdə mövsüm ərzində ən çox çalışan və uğurlar qazanan zəhmətkeş teatr fədailəri diplomlarla təltif olunur və rəhbərlik tərəfindən mükafatlara layiq görüldülər. Təbii ki, bu da aktyor və aktrisalara böyük dəstəkdir. Teatrı canlı saxlamaq üçün bu mükafatların rolu əvəzsizdir. Hətta növbəti mövsüm üçün aktyorlara böyük stimul və enerji verir.
Artıq bir neçə ildir ki, bu tendensiya teatrlarda yayılmağa başlayıb. Keçən ay Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 89-cu teatr mövsümünün yekunlarına həsr olunmuş hesabat iclası keçirildi və əməkdaşlara ilin "Sima” teatr mükafatı təqdim edildi.

Mükafatlar "Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, "Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”, "Mövsümün ən işgüzar aktyoru”, "Mövsümün seçilən aktyoru”, "Mövsümün ən yaxşı texniki işçisi” "Mövsümün fərqlənən aktyoru”, "Teatrın dostu”, "Mövsümün ən işgüzar əməkdaşı”, "Mövsümün ən yaxşı epizodik rol ifaçısı” nominasiyaları üzrə olmaqla 12 adda müəyyənləşdirilmişdi. 2017-ci ilin "Sima”ları siyahısına Xəyalə Meydanova ("Uğurlu debüt”), Elşən Şıxəliyev ("Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı” (kişi)), Mehriban Abdullayeva ("Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı” (qadın)), Hüsniyyə Quliyeva ("Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”), Elnur Hüseynov ("Mövsümün seçilən aktyoru”), Müşfiq Əliyev ("Mövsümün ən işgüzar aktyoru”), İradə Mirişli ("Mövsümün ən yaxşı texniki işçisi”), Bəhram Həsənov ("Mövsümün fərqlənən aktyoru”), Ülviyyə Həsənqızı ("Teatrın dostu”), Ələsgər Muradxanlı ("Mövsümün ən işgüzar əməkdaşı”), Eyvaz İbrahimov ("Mövsümün ən yaxşı epizodik rol ifaçısı”), Xəyalə Rəis - "Kaspi” qəzeti ("Teatr və KİV”) adları yazıldı.
Məlumatınız olsun ki, 2015-ci ildən təqdim olunan "Sima” mükafatı teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanan ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların, mövsüm ərzində fəallığı ilə seçilən teatr əməkdaşlarının mükafatlandırılması məqsədilə təsis olunub.
İyulun 16-da isə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci teatr mövsümünü başa vurması münasibəti ilə tədbir keçirdi. Bayram tədbirində il ərzində Kukla Teatrı ilə yaxından əməkdaşlıq edən, onun fəaliyyətini mütəmadi və ətraflı şəkildə işıqlandırmağa yardımçı olan KİV nümayəndələri "Teatrın dostu” mükafatı ilə təltif olundular.

"Kaspi”nin əməkdaşı, teatrşünas Xəyalə Məmmədova, jurnalist Ülviyyə Həsənqızı, "Trend” İnformasiya agentliyinin əməkdaşı Vüqar İmanov fərqləndirildilər. Teatrın bir çox əməkdaşı isə müxtəlif nominasiyalar üzrə təltif olundular.

Maraqlısı da o idi ki, bəzən 20-30 il səhnədə olan və bu illər ərzində heç bir mükafat almayan, məhz mövsüm sonu tədbirlərində mükafatlandırılan aktyorlar səhnədə çıxış edərkən göz yaşlarına hakim ola bilmirdilər. Kiçik bir mükafatla sanki onlara dünyaları vermişdilər. Balaca uşaq kimi sevinməklərinin şahidi olmaq lazım idi. O hisslər, həyəcanlar sözlə ifadə edilməyəcək dərəcədə gözəl idi. Bu baxımdan, yeni tendensiyaya görə teatr rəhbərlərini alqışlamaq lazımdır. Heç olmasa ildə bir dəfə teatr fədailərinin əməyini qiymətləndirdikləri üçün onlara təşəkkür düşür. Bu mükafatlar aktyorlara stimul verməklə yanaşı, onların arasındakı rəqabəti artırır, daha məsuliyyətli olmağa vadar edir.
Növbəti sevindirici xəbər ondan ibarətdir ki, belə mükafatlandırma mərasimlərinin nəinki paytaxt teatrlarında, eyni zamanda bölgə teatrlarında da keçirilməsinə başlanılıb. Belə ki, iyulun 15-də qonağı olduğumuz Lənkəran Dövlət Dram Teatrının 126-cı mövsümünün yekununda teatrın əməkdaşlarına, eyni zamanda mətbuat nümayəndələrinə mükafatlar təqdim edildi.
Bölgə teatrı kimi qiymətləndirdiyimiz və daxilində maraqlı teatr mübadiləsi gedən Lənkəran Teatrında mövsüm ərzində bir-birindən maraqlı tamaşalar hazırlanıb. Hazırlanan tamaşalar beynəlxalq festivallarda nümayiş olunub. Teatrın mövsüm sonunda xalq artisti Qabil Quliyev, teatrın ədəbi-dram hissəsinin rəhbəri Ağaddin Babayev, baş rejissorun truppa üzrə köməkçisi, aktyor Səyad Əliyev diploma layiq görüldülər. Eyni zamanda "Kaspi” qəzetinin müxbiri, teatrşünas Xəyalə Rəis teatrla səmərəli əməkdaşlığa görə mükafatlandırıldı. Onlarla bərabər, teatrın sevilən aktyoru Sücəddin Mirzəyevə də 60 illik yubileyi münasibəti ilə mükafat təqdim olundu. Tədbirdə onun Lənkəran Teatrının sütunlarından, teatrın əvəzolunmaz aktyorlarından biri olduğu qeyd edildi.

Mükafata layiq görülən teatr nümayəndələrinin sevincinin həddi-hüdudu yox idi. Onlar çıxışlarında rəhbərliyin yaradıcı və texniki əməkdaşların əməyini qiymətləndirməsinə görə sevinc hissləri keçirdiklərini bildirirdilər. Bu proseslərə şahid olduqdan sonra anladım ki, aktyorun qəlbi heç də körpə uşaq qəlbindən seçilmir. Onlar kövrək olduqları qədər də həssas və duyğusaldırlar. Kiçik bir diqqət onları necə xoşbəxt və sevincli edirmiş. Onların gözlərindəki o xoşbəxtliyi sezməmək mümkün deyildi.

Madam ki, teatr nümayəndələrini belə mükafatlarla sevindirmək mümkündür, bu ənənəni nə üçün digər teatrlar da tətbiq etməsin?
Xəyalə Məmmədova

banner

Oxşar Xəbərlər