• cümə, 29 Mart, 17:12
  • Baku Bakı 14°C

Kiçik ölkənin nəhəng “gözətçi”si - Portret

12.05.18 11:00 1772
Kiçik ölkənin nəhəng “gözətçi”si  - Portret
Futbol üzrə dünya çempionatına sayılı günlər qalıb. Bütün futbol pərəstişkarları Rusiyada təşkil olunacaq dördilliyin futbol bayramını səbirsizliklə gözləyirlər. Zarafat deyil, top oyununun həvəskarları bu möhtəşəm turnirdə futbolun verdiyi bütün hissləri yaşamaq imkanı əldə edəcəklər - zəfər sevinci, məğlubiyyətin verdiyi kədər, təəssüf, gərginlik, gözəl oyundan alınan zövq, taktika savaşı, sensasiya və s. Sensasiya axtarışında olanlar İsveçrə, Braziliya və Serbiya ilə birgə E qrupunda yarışacaq Kosta-Rika millisinin oyununa köklənməlidirlər. Mərkəzi amerikalılar bir çox yığma kimi Avropanın top-komandalarında çıxış edən ulduzlara, şanlı tarixə sahib olmasa da, sensasiya etmək qabiliyyətinə malikdir. Bunu Oskar Ramiresin yetirmələri 4 il öncəki mundialda artıqlaması ilə sübut etdilər. Uruqvay, İtaliya və İngiltərə kimi futbol ölkələri ilə bir qrupda mübarizə aparan amerikalılar, dördqat dünya çempionları italyanları və bir dəfə bu sevinci yaşamış, futbolun yaradıcıları olan ingilisləri qrupda saxlayaraq, 1/8 finala vəsiqə qazandılar. Burda Yunanıstanı oyunsonrası penaltilər seriyasında yolundan kənarlaşdıran Kosta-Rika yığması, 1/4 finalda dünya çempionatının favoritlərindən olan, son mundialın (2010) finalçısı Hollandiya millisi ilə üz-üzə gəldi. Mərkəzi amerikalıların yolunu "narıncılar”la matçda "lotereya” kəsdi.

Ancaq Kosta-Rika millisi Braziliyadakı əzmkar, qorxmaz oyunu ilə futbol azarkeşlərinin könlündə taxt qurdu. Yuxarıda vurğuladığımız kimi, bu yığmanın heyətində dünya səviyyəli futbolçuların sayı azdı. Lakin 4 il öncə olduğu kimi, bu gün millinin qapısı əmin əllərdədir. Söhbət Avropa nəhəngi "Real”ın əsas qapıçısı olan Keylor Navasdan gedir. Bəs necə oldu ki, Kosta-Rika kimi ortabab yığmanın qolkiperi "köhnə qitə”ni lərzəyə salan top-komandanın əsas "çərçivə” qoruyucusu oldu? Bu yazıda sizə ulduz qapıçıların kölgəsində qalan, ancaq hətta Canluici Buffon kimi əfsanənin belə həsədlə baxdığı uğurlara imza atan Navasın keçdiyi yoldan bəhs edəcəyik.

Ata-ana Amerikada, özü...

Keylor Navas 1986-cı il dekabrın 15-də, Kosta-Rikanın Peres-Seledon rayonunun San İsidro şəhərində dünyaya gəlib. Onun valideynləri Freddi və Sandra Navas Keylor hələ çox kiçik ikən qazanc ardınca ABŞ-a yollanırlar. Maraqlıdır ki, Navaslar övladlarını özləri ilə götürməyi lazım bilmir və balaca oğullarını babası Xuana həvalə edirlər. Xuan nəvəsinin tərbiyəsi ilə yaxından məşğul olur. Elə Keylorun üzərində valideynlərindən çox, babasının əziyyəti olub desək, yəqin ki, yanılmarıq. Onu ilk dəfə futbola aparan da elə babası olub. Keylor 8 yaşında yerli "Pedreqoso” klubuna yazılır. O, düz 6 il bu komandada çıxış edir. Daha sonra isə vaxtilə atasının da çıxış etdiyi "Peres Seledon” klubuna baxışa yollanır. Burda onu qəbul etmirlər. Səbəb kimi isə boyunun qısa olmasını göstərirlər. Həvəsdən düşməyən gənc Navas, paytaxt San Xoseyə yollanır. "Deportivo Saprissa” klubunun məşqçiləri gənc Keylorda potensial görür və onu kluba götürürlər. Uzun müddət "Saprissa”nın aşağı yaş qruplarında çıxış edən qolkiper, 2005-ci ildə klubun əsas komandasına cəlb olunur. Tezliklə "Saprissa”nın əsas qolkiperinə çevrilən Navas, bu komanda ilə 6 ölkə çempionluğu ilə yanaşı, KONKAKAF Çempionlar Kubokunun da qalibi olur.

Mərkəzi Amerikadan Avropaya

Klubla qazandığı uğurlar Avropanın qapılarını Keylorun üzünə açır. İspaniya Sequnda təmsilçisi "Albasete” kosta-rikalı qolkiperi heyətinə cəlb edir. Keylor Prineydə ilk mövsümündə 42 oyunun 36-da şans qazanır. Lakin o, komandasını aşağı liqaya düşməkdən xilas edə bilmir. Deyirlər, bir komanda nə qədər zəif çıxış edirsə, qolkiperin bacarığı bir o qədər çox üzə çıxır. Elə "Albasete”nin arxa xəttinin zəif çıxışı da Navası meydanda daha çox tər tökməyə və öz bacarığını göstərməsinə səbəb olur. Nəticədə, La Liqa təmsilçisi "Levante”nin diqqət mərkəzinə düşür. "Yarasalar” kosta-rikalını bir illik icarəyə götürürlər. Navas La Liqadakı ilk mövsümündə cəmi 1 görüşdə şans qazanır. Çempionatın son turuna təsadüf edən bu oyun onun taleyini dəyişir. "Levante” son turda "Atletik”i 3:0 hesabı ilə məğlub edərək, tarixi ərzində ilk dəfə avrokuboklara vəsiqə qazanır. Bu görüşün iştirakçısı olan və qapısını toxunulmaz saxlayan Navasın klub rəhbərliyinin gözündə dəyəri artır və cəmi 150 min avro qarşılığında onun transfer hüququna yiyələnirlər. O, La Liqa təmsilçisi ilə 3 illik müqavilə bağlayır.
Növbəti mövsümdə Keylor La Liqada yenə əvəzedici rolu ilə barışmalı olur. Lakin Avropa Liqasında "çərçivə” ona həvalə olunur. Valensiya təmsilçisi Avroliqada qrup mərhələsini və 1/16 finalı adlasa da, 1/8 finalda "Rubin”ə uduzaraq mübarizəni dayandırır.

Əvəzedici kimi alınsa da...

Qitənin ikinci dərəcəli klub turnirindəki inamlı çıxışı növbəti mövsümdə La Liqada əsas qapıçı kimi çıxış etməsində əsas rol oynayır. 2013/14 mövsümü qolkiperin karyerasında dönüş nöqtəsi olur. Navas "Levante”nin əsas qapıçısına çevrilir. Qolkiperin həm La Liqada, həm də Kosta-Rika yığmasının heyətində dünya çempionatında sərgilədiyi inamlı oyun İspaniya nəhəngi "Real”ın diqqətindən yayınmır. "Kral klubu” kosta-rikalını transfer edir. Ancaq Madrid təmsilçisi Navası əsas yox, İker Kasilyasın əvəzedicisi kimi heyətə cəlb edir. Bu keçiddən əsas qazanan isə "Levante” olur. "Yarasalar” 2 il öncə cəmi 150 min avroya transfer etdikləri qolkiperin satışından 10 milyon avro qazanırlar.

"Real”ın alınmayan De Xea arzusu

Navas gözlənildiyi kimi "Real”dakı ilk mövsümündə Kasilyasın əvəzedicisi funksiyasını yerinə yetirir. Ancaq az-çox şans qazandığı oyunlarda inamlı çıxışı ilə yadda qalır. Mövsümün sonunda isə "kral klubu”nun rəhbərliyi gözlənilməz addım atır. Klubun əfsanələrindən sayılan İker Kasilyasla yollar ayrılır. "Kral klubu”nun İkerlə yolları ayırmasına əsas səbəb isə ənənəvi ulduz transferi "xəstəliyi” idi. Madrid təmsilçisinin başbilənləri "qoca” Kasilyasın əvəzinə ulduzu yeni-yeni parlamağa başlayan, "Mançester Yunayted”li David De Xeanı transfer edərək, yeni reklam qazancları əldə etmək istəyirdi. Maraqlıdır ki, "Real” rəhbərliyi Davidin transferi qarşılığında bir qədər pulla yanaşı, ikinci qapıçısı Keylor Navası da Mançesterə göndərməyi planlaşdırırdı.

Qolkiper bununla razı deyildi. Madriddən ayrılmaq istəmirdi. Ancaq... Navas daha sonra müsahibələrinin birində həmin vaxt yaşadığı hissləri belə ifadə etmişdi: "Transfer pəncərəsinin son günü karyeramın ən ağır günü oldu. Hər şey başa çatandan sonra həyat yoldaşımın yanında ağlamağa başladım. Mən insanam, ona görə də emosiyalarıma hakim ola bilmədim. Həmin vaxt aeroportda idim. Hətta özümlə zəruri əşyalar olan çanta da götürə bilməmişdim. Oturub, təyyarənin havaya qalxacağı vaxtı gözləyirdim. Situasiya ağır idi. Mən qalmaq istəyirdim. Ancaq bu məsələni mənim əvəzimə başqaları həll edirdi. Agentim mənə dedi ki, Londona uçmalısan. "Mançester Yunayted"dən müqaviləni çox gec aldıq. Agentim müqaviləyə baxıb "hər şey yaxşıdır" dedi. Ancaq heç hara getmək istəmirdim”.


Ortabab kosta-rikalının ümidinə qalan "qalaktikos”

Navasın dediyi kimi, hər şey hazır idi. Lakin son anda sənədləşmə işlərində yaranmış problem "Real”ın planlarını pozur. Transfer pəncərəsinin bağlanması isə problemi həll etməyə macal vermir. Bununla da, hər şey Navasın arzuladığı kimi yekunlaşır. Belədə, "kral klubu” Mançesterə göndərməyə hazırlaşdığı Keylorun ümidinə qalır. "Kral klubu”nun yeni "1 nömrə”si məhz kosta-rikalı olur.

"Qalakatikos”un qapısının ortabab futbol ölkəsi olan Kosta-Rikadan olan birinə tapşırılması bir qədər qeyri-adi səslənirdi. Lakin Keylor futbolda adların oynamadığını sübut edə bilir. O, Çempionlar Liqasının 2015/16 mövsümündə şans qazandığı ilk 6 görüşdə qapısını toxunulmaz saxlayır. Əvvəlki mövsümdən 2 "quru oyunu” da olan Keylor, bu nəticə ilə Edvin Van Der Sarın rekordunu qırır. Keylorun inamlı çıxışı "Real”ın dadına çatır. "Kral klubu” ÇL-in qalibi olur. Məhz bundan sonra Madrid təmsilçisinin rəhbərliyi Navasla bağlı qərar çıxarmaqda tələsdiklərini anlayırlar. Növbəti mövsümdə də kosta-rikalı "Real”ın əsas qapıçısı olur. "Kral klubu” bu mövsümdə son vaxtlar heç kimin bacarmadığını reallaşdıraraq, ardıcıl ikinci dəfə ÇL-in qalibi olur. Ancaq mövsüm sona yaxınlaşdıqca, yenidən De Xea ilə bağlı söz-söhbət yayılmağa başlayır. "Real”ın son iki mövsümdə komandanın əsas qolkiperi olan Navası satacağı barədə iddialar mətbuatın gündəmini zəbt edir. Bundan xəbərdar olan klubun sadiq fanatları "Real”ın prezidenti Florentino Peresdən qolkiperin satılmamasını xahiş edirlər. Bəlkə də, Peres doğrudan azarkeşlərin təzyiqlərinə məhəl qoyur, kosta-rikalını komandada saxlayır və... "Real” artıq ardıcıl 3-cü il ÇL-in finalındadır.

Tarixi uğurun əsas memarı

Keylor millidə 2008-ci ildə, DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində keçirilmiş Surinamla oyunda (4:1) debüt edib. Həmin vaxtdan indiyə kimi 76 dəfə milli formanı geyinən qolkiper, hazırda yığmanın əsas üzvü, lideridir. DÇ-2014-də bütün futbol dünyasını yaxşı mənada təəccübləndirən Kosta-Rika millisinin əsas simalarından biri məhz Navas idi. Keylor Kosta-Rikanın qrupda keçirdiyi oyunlarda cəmi 1 qol buraxır. Yığma isə qrup mərhələsini birinci kimi başa vurur. Yunanıstanla 1/8 final oyununda (1:1) oyunsonrası penaltilər seriyasında Teofanis Gekasın zərbəsini zərərsizləşdirərək, Kosta-Rika yığmasının tarixi ərzində ən böyük uğuruna imza atmasında, DÇ-də 1/4 finala adlamasında həlledici rol oynadı.


Dar gündə Allaha sığınan Keylor

Keylor "Real”da legioner sayılmır. Belə ki, o, 2014-cü ildə İspaniya vətəndaşlığı da alıb. Navas evlidir. O, 2009-cu ildə Andrea Salasla ailə həyatı qurub. Cütlüyün Daniela adında qızı, Mateo adında oğlu var. Keylor ailəsinə çox bağlıdır. Qolkiper çox sakit təbiətlidir və demək olar, heç vaxt şəxsi həyatı ilə mətbuatda gündəm olmur.

Öz dünyasında yaşayan bir çox qolkiper kimi Navasın da inancları var. Keylor hər matçdan öncə xristianarın dini kitabı olan "İncil”dən ayə oxuyur. O, ən çətin vaxtlarında Allaha sığınır. Bunu qolkiper özü mətbuata açıqlamasında da etiraf edib.

Portret

Sakit təbiətli olan Keylor, həm də, səbirlidir. Məhz bu amil ona öz vaxtını gözləməkdə kömək edib. Vaxtı çatan kimi isə etimadı qazanmağı bacarıb. Vaxtilə "Levante”də ikinci qapıçı olan Navas, məhz bu səbri və əzmkarlığı sayəsində bu gün Avropanın ən titullu klubunun əsas qolkiperidir. İndi onu qarşıda ÇL-in finalı gözləyir. Yayda isə Rusiyadakı mundialda vətəni üçün savaşmalı olacaq. Onun əsl gücü məhz mundialda bilinəcək. Bu dəfə qapıya gələn zərbə sayı çox olacaq. Ancaq Kosta-Rika rahat ola bilər. Çünki "çərçivə”də bu zərbələri qarşılayacaq "gözətçi” var.
Elnur

banner

Oxşar Xəbərlər