• çərşənbə axşamı, 19 mart, 15:48
  • Baku Bakı 8°C

Kiçik ölkənin dünya boyda barışı - Reportaj - Fotolar

25.07.17 13:30 8981
Kiçik ölkənin dünya boyda barışı - Reportaj - Fotolar
Təyyarədən baxanda belə bir mənzərə seyr etməli olursan: yarımsəhra landşaft, demək olar ki, çılpaq dağlar, az qala ağacın da xəsisliklə bitdiyi bir məkan. Təyyarədən çıxarkən, dəhşətli isti üz-gözünü qarsıyır, "Allah, belə yerdə də yaşamaq, belə yeri də sevmək olarmı” sualını verirsən.

Və cəmisi 4 gün kifayət edəcəkdi ki, ilk təəssüratın yaratdığı bu suala görə utanım. Belə yerdə yaşamaq, belə yeri sevmək üçün də min səbəb varmış sən demə. "Qürurlu, əzmkar, sülhsevər, insanpərvər, varlığını qorumaq üçün əsrlər boyu mübarizə aparan insanlar. Dillərini, mədəniyyətlərini qoruyan fədailər. Haqsızlıqla üzləşsələr də, ruhdan düşməyən, heç nədən şikayətlənməyən, pozitivliklərini itirməyən, daim gülümsəyən, qarışqa kimi çalışan adamlar. İlahi, bu ölkəni necə sevməmək olar?” Yox, buna qədər hələ var ey. Bu, ölkədən ayrıldığım anın təəssüratıdır. Bu zamana qayıdarıq, inşallah.
Türkün səhvi
Bu ölkə haqqında nə bilirik ki? Çoxumuzun bilgisi elə ümumi məlumatlardan ibarətdir. 60-cı illərdən başlayaraq Aralıq dənizdə yerləşən bu adanın yunan kəsimi türklərə qarşı qətliamlara başlayıblar. "Sivil” adlandırılan dünyanın tam biganə münasibəti fonunda. İstəyiblər ki, türkləri bu coğrafiyadan tamamilə silsinlər. Türkün varlığı, mədəniyyəti, qüruru həmişə qorxudub onları. Və qətliamlar başlayıb. Yalnız Türkiyənin özünü yetirməsindən sonra barbarların qarşısı alınıb. "Barbar” ifadəsi isə mənə məxsus deyil. Yunanların adada törətdiyi qətliamları araşdıran BMT təmsilçisi Lars Harkanson ifadəsidir. Tarixin daha dərin qatına getsək, görərik ki, türklər bu adaya təxminən 500 il əvvəl gəliblər. Həmin vaxt yaxınlıqdan keçən ticarət gəmilərinə ada sakinləri daim basqınlar edirmişlər. Osmanlı sultanı da bu basqınların qarşısını almaq üçün adanı tutur. Amma ada sakinlərinə toxunmur. Onlar kimliklərini də, dillərini də, mədəniyyətlərini də qoruyurlar, inkişaf etdirirlər. Baxmayaraq ki, yunanları məhv etmək üçün türklərə cəmisi 1-2 gün kifayət edərmiş. Amma etməyiblər.
Azərbaycanda qətlə yetirilən uşaqların yaşıdlarının taleyi
500 il əvvəl türklərin etmədiyini 500 il sonra "sivil dünya”da yunanlar etməyə cəhd göstərdilər. Türkləri adanın tarixindən və coğrafiyasından silməyə başladılar. Bütün dünya kar və kor oldu. Amma Türkiyə vardı. Yaxşı ki, vardı. Türk əsgərlərinin adaya daxil olması ilə qətliamların qarşısı alındı. Ada isə 2 yerə parçalandı. Cənubi Kipr (yunan kəsimi) və Şimali Kiprə (türk ). Və bundan sonra "sivil dünya”nın "ədalət” maşını işə düşdü. Qətliamın qarşısını alan Türkiyə işğalçı adlandırıldı, ikili standartların tətbiqinə başlanıldı.

"Qətliamlar, kütləvi məzarlıqlar, ikili standartlar " ifadələri hər bir azərbaycanlıya tanışdı. Ermənilərin Azərbaycanda törətdikləri qətliamların, vəhşiliklərin miqyası o qədər böyük olub ki... 20-ci əsrin sonlarında Xocalı dəhşəti törədilib. Vəhşi xislətlə, azğın düşüncə ilə. 20-ci əsrin əvvəllərində və sonlarında Azərbaycanda qətlə yetirilən uşaqların yaşıdları 60-70-ci illərdə də Kiprdə eyni taleyi yaşayıblar. Azərbaycanda da, Kiprdə də qətlə yetirilənlər türklər olublar. "Sivil” dünya Azərbaycanda da, Kiprdə də baş verən qətlimalara qarşı susub, seyr edib, həqiqəti deməmək üçün lal, görməmək üçün kor olub.

Amma bu xalq bütün haqsızlıqlara baxmayaraq, sülhpərvərliyini, insanpərvərliyini unutmayıb. Düz 43 ildir ki, Kiprin türk kəsimi böyük sülh mücadiləsi aparır, adanın türklər və yunanlar tərəfindən birgə idarə oluna biləcəyini deyir. Amma qarşı tərəf bu sülh çağırışına "hə” demir. Çünki niyyətindən qan damır.

Ancaq Şimali Kiprin insanları pozitivliklərini zərrə qədər də itirmir, mənliklərini, qürurlarını qoruyur, ədalət, sülh istəklərini daha qabarıq tərzdə göstərirlər. Gecə-gündüz çalışırlar. "Sivil” dünyanın yatmış vicdanını oyatmaq istəyirlər. Adanın birgə idarə edilməsi üçün keçirilən referendumda yunan tərəfi "yox” cavabını, türk tərəfi isə "hə” cavabını vermişdi. Gözləmək olardı ki, məhz bu cavablardan sonra dünya nəhayət ki, ədalətə növbəti dəfə tüpürməyəcək, adanın türk sakinlərinin də haqqını tanıyacaq, onlara qarşı tətbiq olunan embarqolar aradan qaldırılacaq. Amma nə fayda... Cənubi Kipr Şimali Kiprlə birgə yaşayışa "yox” deyib. Qarğa-quzğun səsi eşidilmir. Tam sükut. Bu yaxınlarda isə BMT-nin təşəbbüsü ilə Krans-Montana şəhərində keçirilən müzakirələr də nəticəsiz bitib. Yenə də yunan tərəfinin aqressivliyi, sülhə "yox” deməsi ucbatından. BMT-nin baş katibi Antonio Quterreşi də urvatsız ediblər yunanlar. Amma yenə də türklərin haqqını tanımaq istəmirlər ki, istəmirlər.
Türk olmamağın üstünlüyü
Bütün bunların fonunda isə Şimali Kiprdə 43-cü sülh və azadlıq bayramı baş tutdu. Şimali Kipr növbəti dəfə bütün dünyaya sülhpərvər niyyətini bəyan etdi. Növbəti dəfə varlığını qoruyacağını göstərdi. Bayram münasibətilə ölkəyə gələn əcnəbi jurnalistləri əvvəlcə Şimali Kiprin xarici işlər naziri Tahsin Ərtuğruloğlu qəbul etdi. Nazir konfliktin tarixi, son danışıqlar barədə məlumat verdi, yunan tərəfinin heç bir kompromisə hazır olmadığını bildirdi. Tahsin Ərtuğruloğlu ikili standartlardan danışarkən, Dağlıq Qarabağ probleminə də toxundu. Ermənistanın işğalçılıq siyasətinə göz yumulduğunu bildirdi. O, eyni standartların Kipr məsələsində də tətbiq edildiyini vurğuladı. Nazir bu münasibətin nədən qaynaqlandığını belə izah etdi: "Görünür, türk və müsəlman olmamaq, bir addım öndə olmaq deməkdir”. "Sivil” dünyanın ədalətsiz sifətinə vurulan tutarlı şapalaq idi bu sözlər.
Şimali Kipr Respublikasının prezidenti Mustafa Akınçı da jurnalistlərlə görüşdə, yunanların sülh çağırışlarına cavab vermədiyini qabartdı. O, Şimali Kiprin Türkiyəyə birləşdirilməsinin heç vaxt gündəmdə olmadığını deyərək, türk əsgərinin burda olmasının yalnız təhlükəsizlik baxımından təminat olduğunu bildirdi: "Yunanlar türk əsgərlərinin adadan çıxarılmasını tələb edirlər. Ancaq bunun müqabilində təhlükəsizlik üçün heç bir təminat vermirlər”.

Deməli, niyyət dəyişməyib. Yenə də barbar düşüncəsi, qan daman fikirlər hakimdir. Hadisələr başlayarkən, türklər kütləvi surətdə qətliama məruz qalarkən, Kipr yunanlarının baş yepiskopu Makarios törətdikləri vəhşiliklərə belə "ilham” vermişdi: "Türkiyə türkləri xilas etmək üçün adaya gələ bilər, amma gəlib xilas etməyə türk tapmamalıdır”.

Qaniçənliyin, vəhşiliyin bundan böyük idbarlığı varmı? Şimali Kiprdə türklərin qətlə yetirildiyi kütləvi məzarlıqlara baxmaq belə dəhşət yaradır. 8 günlük, 12, 15 aylıq körpələri qətlə yetirənlərin necə bir vəhşi olduqlarını təsəvvür etməyə də çətinlik çəkirsən. Təkcə bir məzarlıqda 129 türk basdırılıb. Müxtəlif yaşlarda olan türklər. Əksəriyyəti də uşaq və yeniyetmələr.
Türkiyə o səhvi buraxmaz

Türk əsgəri adaya gəlməsəydi, böyük ehtimalla türkün izi bir coğrafiyadan silinəcəkdi. İndi isə o qətli törədənlərin nəsli o əsgərin adadan çıxmasını tələb edir. Heç bir təhlükəsizlik təminatı vermədən. Məqsəd aydındır. Amma Türkiyə o səhvə yol verməz. Türki əsgəri o torpaqları qorumağa qadirdir. Şimali Kiprin prezidenti Musta Akınçının dediyi kimi: "Adadakı torpaqların hər qarışında türklərin də haqqı var”.

Türkiyənin Kipr probleminə həssaslıqla yanaşdığı da məlumdur. Başqa yol da yoxdur zatən. Dünyanın haqsız təzyiqinə rəğmən, planetin hər yerində olan türkü qorumağa məcbursan. Harada türk varsa, ora vətəndir, ora Türkiyədir. 43-cü sülh və azadlıq bayramında da Türkiyə ali səviyyədə təmsil olunmaqla, ada sakinlərini müdafiəsiz qoymayacağını bəyan etdi. Bayram tədbirinə qatılan Türkiyə nümayəndə heyətinə baş nazir Binəli Yıldırım rəhbərlik edirdi. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da nümayəndə heyətinin tərkibində idi. Törəndə çıxış edən Binəli Yıldırım türk əsgərinin adada olması səbəbləri barədə danışdı. Yalnız və yalnız sülh tərəfdarı olduqlarını, amma qarşı tərəfdən də adekvat addım gözlədiklərini bildirdi. Onu da qeyd edim ki, bayram tədbirində Azərbaycan parlamentinin üzvü Hikmət Babaoğlu da iştirak edirdi.
Adanın ən böyük silahı
Şimali Kiprin çox dəhşətli bir silahı da var. Amma bu silah od saçmır, insanpərvərik, ədalət yayır. Amma bu insanpərvərlik, ədalət düşməni mənən əridir, məhv edir, qorxudur. Bu ölkənin ən dəhşətli silahı onun bayrağıdır. Bayraq Şimali Kipr türklərinin mənliyi, qüruru, varlığını göstərən "silah”dır. Bayram törənində yeniyetmələr meydana gətirdikləri bayrağı prezident Mustafa Akınçıya verdilər. Qorumaq üçün. Prezident isə bayrağı öpərək, qəbul etdi, qoruyacağına and içdi. Şimali Kiprdə dağın döşünə böyük bir bayraq hörülüb. Bu bayraq gecələr işıqlandırılır. Və işıqlandırıldıqca da, qarşı tərəfdə - Cənubi Kiprdə görünür. Yunanlar bu bayrağın varlığından dəhşətə gəlirlər, qeyzlənirlər, aqressivləşirlər, başqasının varlığını qəbul etmək istəmirlər. Hələ bir neçə il əvvəl Avroliqanın pleyy-off mərhələsində Cənubi Kiprin APOEL klubu ilə qarşılaşmaq üçün Lefkoşaya gedən "Neftçi” ilə azərbaycanlı jurnalistlər də səfərə çıxmışdılar. Həmkarlarım qayıtdıqdan sonra yunanların onlara qarşı aqressiv münasibət bəslədiklərini deyirdilər. Səbəb də bayraqmış. Türkün bayrağı, Şimali Kiprdə dağın döşünə hörülmüş bayraq. Yunanlar gecələr işıqlandırılan bu bayrağı gördükcə, qəzəbdən içlərini yeyirmişlər, Azərbaycan jurnalistlərinə qarşı nifrətlərini aşkar şəkildə büruzə verirmişlər. Deyirlər ki, Lefkoşanın yunanlar yaşayan hissəsində ən ucuz evlər o bayrağın göründüyü evlərdir. Bundan dəhşətli silah ola bilməz. Bu silahın qarşısında istənilən düşmən gücsüzdür.
Bu əsgəri məğlub etmək olar?
Bayram törəninin ən təsirli anı isə türk əsgərinin tribunaların önündən keçməsi idi. Türklərin adadakı tək təminatçılarının. Əsgərlər tribuna önündən keçərkən prezident də, sadə vətəndaş da ayağa qalxdı. Əsgəri ayaqda salamlamaq lazımdır. Belə əsgəri məğlub etmək olar? Olmaz!!! Şimali Kiprin səmalarında türk şahinlərinin süzməsini görmək isə başqa bir aləm idi. Qırıcı təyyarələr səmada qıy vurarkən, ada sakinlərinin simasındakı qüruru və xoşbəxtliyi görməyə dəyərdi. Qırıcıların qulaq batıran uğultusu onlar üçün azan səsi qədər doğmadır. Qarşı tərəfdə isə bu səsdən təşviş keçirən, qulaqlarını tutanlar var. Bu səs "türk əsgəri burda, bu torpaqlarda haqqı olanların yanındadır” mesajıdır. Düşüncəsi sağlam olanlar, niyyətindən qan dammayanlar bu mesajdan çoxdan nəticə çıxarardılar. Çox təəssüf ki...
Turizm və təhsil – həyat mənbəyi
Elə bilirsiniz bu ölkənin problemi yoxdur? Var, özü də kifayət qədər. "Sivil” dünyanın embarqosu ilə üzləşən kiçik bir ölkənin problemləri niyə olmasın ki? Amma bu problemlərə hansı müstəvidən yanaşma tərzi çox önəmlidir. Problemlərin xirtdəkdən olmasına baxmayaraq, Şimali Kipr sakinləri heç vaxt pozitivliklərini, simalarındakı təbəssümü itirmədilər. Hərdən adama elə gəlirdi ki, bu adamları gülümsəmələri xoşbəxt edir. Həqiqət də elə budur. Bu insanlar bütün problemləri gülümsəyərək həll edirlər. Gülümsəyərək işləyirlər, mübarizə aparırlar, sülh istəklərini çatdırırlar, ölkələrini sevirlər. Ən əsası, insanlığı sevirlər. Şimali Kiprin yeganə yaşam mənbəyi turizmdir. Amma turizmlə bərabər təhsilin də inkişafı barədə düşünüblər.

Ölkədə turist əlindən tərpənmək mümkün deyil. Günün istənilən vaxtı küçədə ancaq turistlə qarşılaşacaqsınız. Hərdən adama elə gəlirdi ki, sanki bu ölkədə yerli əhali yoxdur. Amma var. Onlar isə işdə-gücdədirlər. Ölkəyə gələn turistlərə xidmət edirlər. Özü də necə xidmət edirlər... Sevgi ilə, məhəbbətlə. Bir sözü yüz dəfə soruş, hərə dəfə də simalarında təbəssümlə cavab verəcəklər. Yorulmadan, usanmadan xidmət edirlər. Vətənin inkişafı naminə, varlıqlarını qorumaq naminə. Aralıq dənizinin ağ suları səni 4 tərəfdən əhatə edibsə, başqa nə lazımdır? Təbii ki, infrastruktur. Yüksək səviyyəli infrastrukturu qurmağı bacarıblar. Və bunun da üzərinə yüksək səviyyəli xidməti əlavə ediblər. Mükəmməl tandem yaranıb. Bu gün turizm ölkənin bəlkə də həyat mənbəyidir.

Bir də gələcəyə hesablanmış təhsil sistemləri var. Ölkədə yüksək təhsil verən 15 universitet mövcuddur. Daha 15 universitetin isə açılması planlaşdırılır. Bu qədər universitet kiçik ölkənin nəyinə lazımdır? Bu universitetlər Şimali Kipr üçün yox, bütün dünya üçündür. Dünyanın soyuq ruhunu, lal baxışlarını bu universitetlər vasitəsilə əridir, oyadırlar. Bu universitetlərdə 105 ölkədən 100 minə yaxın tələbə təhsil alır. Doğu Akdeniz Universitetinin ərazisini gəzmək üçün avtobusdan istifadə etməli olduq. Yoxsa, universitetin ərazisini piyada gəzmək üçün bir gün vaxtımızı sərf etməli olardıq. Bu universitetdə 27 minə yaxın tələbə təhsil alır. Universitetin ərazisində bir tələbənin təhsil alması üçün bütün infrastruktur mövcuddur. Qalır, oxumaq.
Düşmənin də abidəsi qorunur
Şimali Kipr tarixi abidələr sarıdan da korluq çəkmir. Hansı şəhərə gedirsiniz gedin, orda mütləq qədimliklə baş-başa qalacaqsınız. Ölkədə həm türk, həm də yunan mədəniyyətinə aid xeyli tarixi abidələr mövcuddur. Bunu deməsəm, ürəyim dayanar... Şimali Kiprdə yunanlara aid tarixi abidələr də göz bəbəyi kimi qorunur, onların tarixi barədə turistlərə saxtalaşdırılmamış məlumatlar verilir. İnanmıram ki, yunan tərəfi türk abidələrinə qarşı belə lütfkarlıq göstərsin. Məni qınamayın, azərbaycanlılara məxsus tarixi abidələrin ermənilər tərəfindən barbarcasına dağıdılmasını görən bir insanam mən... Türk bu məqamda da böyük olduğunu göstərir.
Törətdikləri qətliamlara baxmayaraq, türklər yunanlar haqqında "düşmən” ifadəsini işlətmirlər. 43 ildir türklər sülh çağırışı edir, "gəlin adanı birlikdə idarə edək, birlikdə yaşayaq, birlikdə xoşbəxt olaq” mesajına cavab istəyirlər. Təəssüf ki, hələ də müsbət cavab ala bilmirlər. Şimallıların bu niyyəti dünya boyda sülh deməkdir. Bu, dünyanı gözəlləşdirmək, insanpərvərlik, ədalət yaymaq istəyidir. Hətta dünya bu ülvi istəklərə qarşı çıxsa belə, inadından dönməmək iradəsidir bu barış niyyəti.
"Qürurlu, əzmkar, sülhsevər, insanpərvər, varlığını qorumaq üçün əsrlər boyu mübarizə aparan insanlar. Dillərini, mədəniyyətlərini qoruyan fədailər. Haqsızlıqla üzləşsələr də, ruhdan düşməyən, heç nədən şikayətlənməyən, pozitivliklərini itirməyən, daim gülümsəyən, qarışqa kimi çalışan adamlar. İlahi, bu ölkəni necə sevməmək olar?” Yox ey, təkrarçılığa yol vermirəm. Dediyim zamana qayıtmışam. Ercan hava limanındayam. Şimali Kiprdən ayrılıram. Elə aeroportdaca reportajımın, bu ölkə ilə bağlı təəssüratımın süjet xəttini cızıram. Məni özümlə söhbətdən pasportumu yoxlayan əməkdaşın səsi ayırır: "Əfəndim, ölkəmizi sevdinizmi?” Nə cavab verə bilərdim ki? Sadəcə, gülümsədim.
P.S. Şimali Kiprin prezidenti Mustafa Akınçı əcnəbi jurnalistlərlə görüşdə belə dedi: "Bura dünyanın iki dövləti istisna olmaqla, bütün ölkələrindən rahatlıqla” gəlmək olar”. O ölkələrdən biri Ermənistandır.

P.P.S. Hə, onu da deyim ki, Dağlıq Qarabağ problemi ilə bağlı ədalətli mövqeyi ilə seçilən kanadalı jurnalist Skott Teylor da Şimali Kiprə gəlmişdi. Orda da Qarabağ həqiqətlərindən danışırdı. Nahar zamanı süfrəyə dolma gətirilərkən, Skottun "dolma Azərbaycanındır” deməsi də xoş ovqat yaratdı. Səfər boyunca bizi müşayiət edən, sevgi və məhəbbətlərini zərrə qədər də əskik etməyən Turqut Vəhbi ilə Hevva Hayrısevərə sonsuz ehtiramımı bildirməsəm, günah olar. Bu ölkəni həm də onların qonaqpərvərliyində, gülüşündə, səmimiyyətində sevdim. Dolmanın dadına baxdımmı? Baxdım. Dolma həqiqətən də bizimdir. Turqut Vəhbi, Havva Hayırsevər, Bakıda Azərbaycan dolmasının dadına baxmaq ümidi ilə.
Natiq Muxtarlı
Bakı-Lefkoşa-Bakı


banner

Oxşar Xəbərlər