• çərşənbə axşamı, 19 mart, 15:28
  • Baku Bakı 8°C

Kiçik emalatxanada rəssamlar yetişdirən gənc xanım - Reportaj

29.06.18 13:00 5421
Kiçik emalatxanada rəssamlar yetişdirən gənc xanım - Reportaj
Tarixən formalaşan milli sənətlərimiz arasındarəssamlıq özünəməxsus yer tutur. Sevindirici haldır ki, bu gün rəssamlıq sənətini inkişaf etdirmək üçün orta və ali təhsil ocaqlarımız fəaliyyət göstərir. Gənclərimizin rəssamlıq sənətinə marağı isə ürəkaçandır. Amma onlardan bəziləri dizayner, memarlıq və başqa istiqamətlərə yönəlirlər. Çünki bu sahələr daha çox qazanclıdır. Belə olan halda, rəngkarlıqla maraqlanan gənclər azlıq təşkil edir. Biz də məsələnin aktuallığını nəzərə alıb, gənc rəssam Nuray Allahverdiyeva ilə görüşdük.

Müsahibimiz bu sənətin tədris işi ilə məşğuldur. Belə ki, öz kiçik emalatxanasında rəssamlıq sənətinə həvəsi olan tələbələrə fərdi dərs deyir. N.Allahverdiyevanın bir çox yerli və xarici sərgilərdə əsərləri nümayiş olunub. Ötən il Ankara – türk-rus dostluq evində Sufi Art sərgisində iştirak edən rəssamla emalatxanasında görüşdük. Tələbələrinə rəngkarlığın sirlərini öyrədən və onlara bunu əyani şəkildə göstərən müəllim rəssamlıq sənətinin xırda nüanslarından danışdı.

Tələbələrin sevgisini qazanan və onların uğuruna sevinən müəllim

Dərs prosesini izlədikdən sonra Nuray xanımla söhbət etmək imkanımız oldu. 10 ildir ki, rəssamlıqla məşğul olan Nuray xanım Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət kollecinin "Dekorativ tətbiqi sənət” ixtisasını bitirsə də, hazırda rəngkarlıqla məşğuldur. Rəssamlıq Akademiyasına hazırlaşan tələbələrə fərdi dərslər keçir. Deyir ki, təhsilini daha da artırmaq və özünü təkmilləşdirmək üçün bu il sənədlərini Rəssamlıq Akademiyasına verəcək.

Uşaqlıqdan rəssamlığa çox böyük marağı olduğunu deyən gənc rəssam təhsil aldığı məktəbin divar qəzetini hazırladığını, bəzən isə sinif yoldaşlarının yerinə də rəsm işlərini özünün çəkdiyini bildirir: "Məktəbi bitirdikdən sonra özümü ancaq rəssamlıqda gördüm və bununla ciddi şəkildə məşğul oldum. Kollecə daxil olduqdan sonra fərdi şəkildə fəaliyyət göstərməyə başladım. Ümumiyyətlə, müəllimlik sənətini çox sevirəm. Öyrəndiklərini paylaşmaq, onu tədris etmək gözəldir. Hər zaman da deyirlər ki, müəllimlik müqəddəs sənətdir. Tələbələrin sevgisi, onların hər bir uğuru məni daha da həvəsləndirir. Tələbələrin arasında özlərini doğruldan, bu gün tanınan rəssamlar da az deyil. Elə tələbələrim olub ki, həvəskar olaraq müraciət etsələr də, 5-6 ay ərzində insan portretini işləməyi mükəmməl şəkildə öyrəniblər”.

Gənc rəssamla müasir dövrün tələblərindən, rəssamlığın digər qolu hesab edilən dizaynerlikdən danışdıq. Bu sahədə daha çox gəlir əldə edildiyi halda müsahibimizin nə üçün rəngkarlığa müraciət etməsinin səbəblərini öyrənməyə çalışdıq: "Müasir dövrün öz prinsipləri və dövr dəyişdikcə dəyişən avadanlıqları, qanunları var. İndi dizaynerlik əlinə fırça alıb, nəyisə zövqlü çəkmək hesab edilmir. İndiki dizaynerlik sənəti kompyuter vasitəsilə öz həllini tapır. Belə ki, bütün formlar, ölçülər məhz kompyuterdə yığılır, orada hazırlanır. Bu ixtisası bitirən tələbələr şirkətlərdə çalışarkən əllərinə fırça alıb nəsə işləmirlər. Onlar artıq hər şeyi kompyuterləşmiş şəkildə edirlər. Rəssam əlinə fırça alıb işləmirsə, o necə rəssam olur? Mənə gəlincə isə, boyalarla çalışıram və onlarda sakitlik tapıram. Rəssamlığın bu qolu mənim ruhuma daha yaxındır. Dizaynerliyi rəssamlığın bir qolu hesab etmirəm. Dizaynerlik mənim üçün rəssamlıqdan ayrı bir sənətdir. Ancaq rəngkarlıq elə bir sahədir ki, sırf boyalardan ibarətdir. Boya ilə yaratdığım əsərdən aldığım mənəvi zövqün yerini heç nə verə bilməz”.

"Emalatxana rəssamı məşhurlaşdırmır” fikrinə gəldikdə isə, müsahibimiz bununla razılaşmır. Bildirir ki, Azərbaycanın ən məşhur rəssamları emalatxanalardan çıxıb. Dahi rəssam Səttar Bəhlulzadəni misal gətirən Nuray xanım keçmişdə dizaynerliyin olmadığını, rəssamların məhz rəngkarlıqla, rəsmlə, rənglərlə tanındıqlarını bildirir: "Baxın, Azərbaycanda indiki dövrdə tanınmış dizayner yoxdur. Ancaq Səttar Bəhlulzadə deyəndə, azyaşlı uşaq belə deyəcək ki, o, rəssamdır”.


"Bu gün gənc rəssamlara dəstək azdır”

Rəssamla söhbətimizdə beynəlxalq sərgilərdən də söz açdı. Deyir ki, indiki dövrdə beynəlxalq sərgilərdə iştirak etmək həm asandır, həm də çətin: "Asandır ona görə ki, texnologiya sürətlə inkişaf edib və elektron vasitələrlə əsərləri dünyanın o başındakı rəssamlara göndərmək mümkündür. Çətindir ona görə ki, rəssamın özündən də maddi cəhətdən dəstək istəyirlər. Ödəniş etdikdən sonra əsərinin hansısa sərgidə iştirakına icazə verirlər. Ancaq bu gün gənc rəssamlara dəstək çox azdır”.

Gənc rəssamdan fərdi dərs alan tələbələrinin çoxunun Rəssamlıq Akademiyasına hazırlaşdığının şahidi olduq. Onların içərisində həvəskar tələbələr də var ki, məhz mənəvi zövq almaq üçün fərdi dərs almağa üstünlük verirlər. Akademiyaya hazırlaşan tələbələrin dərs proqramı isə tamamilə fərqlidir. Belə ki, onlar natürmort, gipslər, gips başlar və bu kimi işlər hazırlamaqla məşğul olurlar. Tələbələrinin çoxunun ali təhsil ocaqlarına qəbul olunduğunu deyən Nuray Allahverdiyeva onlarla fəxr etdiyini gizlətmir. Yaradıcılıqla gəlir əldə etmək üçün deyil, sənət göstərmək üçün məşğul olduğunu bildirir.


Tələbələrin dünyası

Dərs prosesində tələbələrlə də söhbət etmək imkanımız oldu. 2 ildir fərdi dərs alan Lalə Məmmədli Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecində təhsil alır. Dizayn fakültəsinin üçüncü kurs tələbəsidir. Deyir ki, kollecdə kompyuterlə deyil, daha çox təbii boyalarla çalışır və kompozisiyalar üzərində işləyirlər: "İxtisasıma uyğun olaraq dərslərimizi maket üzərində işləyirik. Kolleci bitirdikdən sonra mən də sənədlərimi Akademiyaya verəcəyəm. Hazırda daha çox ev dizaynı ilə maraqlanıram. Mən bunu kompyuter üzərində deyil, fırça ilə işləməyi daha çox sevirəm. Burada isə kollecdə öyrəndiklərimi tətbiq edirəm. Artıq iki ildir ki, fərdi dərs alıram”.

18 yaşlı Bədəlova Ruqiyyə deyir ki, noyabrdan fərdi dərs alır və bu müddət ərzində rəssamlıq sənətinin bir çox incəliklərinə yiyələnib: "Özümdə rəssamlıq sənətinə böyük həvəs hiss etdim. Bu sənəti çox sevirəm. Burada, rəssamlığın demək olar ki, ilk əlifbasının öyrəndim. Natürmort və portretlər çəkirəm. Rəssamlıq Akademiyasına qəbul olmaq üçün var gücümlə çalışıram. Rəngkarlıq ixtisasını qazanmaq istəyirəm. Gələcəkdə tanınmış rəssam olmaq istəyirəm. Demək olar ki, bütün proqramı öyrənmişəm. İki həftədən sonra imtahanlarım başlayır. İmtahanlara ciddi şəkildə hazırlaşmışıq. Akademiyaya qəbul olunduqdan sonra öyrəndiklərimi daha da təkmilləşdirəcəyəm”.

Kiçik bir emalatxanada tələbələrinə dərs deyən müəllim bizimlə söhbətində bu məkanı icarəyə götürdüyünü, qarşılaşdığı çətinlikləri qeyd etdi, bunun gənc rəssamları yaradıcılıqdan soyutduğunu vurğuladı: "Gənc rəssamlara diqqət qənaətbəxş deyil. Müvafiq qurumlar yaşlı rəssamlara daha çox dəstək olurlar, nəinki gənclərə. Rəssamlıq İttifaqında sərgilər olduqda, yaşı 60-dan yuxarı olan rəssamlara yer verirlər. Sərgilərə gəncləri çox nadir hallarda dəvət edirlər. Biz gənc rəssamlar üçün kirayə emalatxana tutmaq çətindir. Məcburuq ki, bu işlərlə özümüz məşğul olaq. Açığı, gəlirim yaxşı olsaydı, tələbə hazırlaşdırmazdım. Düzdür, tələbə yetişdirmək yaxşıdır, ancaq insanın fərdi şəkildə fəaliyyət göstərməsi daha gözəldir”.

Müəllimlə söhbətimizdən sonra əlimizə fırça alıb, biz də nələrsə çəkməyə çalışdıq. Doğrudan da duyğularını ağ kağız üzərinə köçürmək, ürəyindən keçənləri əks etdirmək insandan böyük bacarıq tələb edir. Kənardan bu nə qədər asan görünsə də...

Xəyalə Rəis




banner

Oxşar Xəbərlər