• cümə, 26 Aprel, 11:36
  • Baku Bakı 12°C

“Kiçik akademiya”dan böyük gələcəyə

17.04.15 13:08 4125
“Kiçik akademiya”dan böyük gələcəyə
“Bu gün innovativ biliklərin geniş yayılmasına ehtiyac var. Şəxsiyyətyönümlü və tədqiqatyönümlü təhsilin həyata keçirilməsi çox mühümdür”. Akademik Zərifə Əliyeva adına liseydə elmi layihələrin sərgisi və təqdimatı mərasimində səslənən bu fikirlər təhsil ocağının tədris və tərbiyə istiqamətində həyata keçirdiyi işlərin məzmununun göstəricisinə çevrildi.
Təhsil Nazirliyi, SOCAR, Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənc Mühəndislər İctimai Birliyinin məsul şəxsləri, eləcə də özəl şirkətlərin rəhbərləri və nümayəndələrinin iştirak etdiyi tədbirdə liseyin nəzdində fəaliyyət göstərən “Kiçik akademiya”da şagirdlərin müxtəlif kateqoriyalar üzrə hazırladıqları layihələr nümayiş etdirildi.
Liseyin direktoru Mehriban Vəliyeva bildirdi ki, təqdimat və sərginin keçirilməsində məqsəd geniş ictimaiyyəti “Kiçik akademiya”da indiyə qədər görülmüş işlərlə taniş etmək və sərgiyə dəvət edilmiş nazirlik, şirkət və komitələrlə çoxşaxəli əməkdaşlıq etməkdir: “Məktəbdə təkcə layihələri sərgiləmirik. Həmçinin yeni layihəyə start veririk. “Biz layihələrimizi satmaq istəyirik” - deməkdən qorxmuruq. Düşünürəm ki, layihələrimizi satmadan da şagirdlərimizi daha məhsuldar işlər görməyə stimullaşdıracağıq. Ümid edirik ki, bu il də olmasa, bir neçə ildən sonra layihələrin sərgisi təşkil olunacaq”.
Direktor qeyd etdi ki, “Sabahın alimlərinin 4-cü respublika müsabiqəsi”ndə lisey şagirdlərinin təqdim etdiyi 15 layihədən 10-u qalib gəlib. Həmçinin layihələrin bir qismi bir sıra xarici ölkələrdə uğur qazanıb: “Düşünürəm ki, bu cür layihələr Azərbaycan təhsilinin beynəlxalq layihələrə qoşulması və dünya standartlarına yaxınlaşması deməkdir. Biz artıq bu istiqamətdə addımlar atmağa başlamışıq”.
Direktor qeyd etdi ki, məqsəd təkcə layihələri sərgiləməkdən ibarət deyil. Həmçinin bu, şagirdlərin dünyagörüşünü artırır, onlar öz intellektual səviyyələrini ortaya qoyurlar. Direktor ayrı-ayrı şirkətləri məktəbin “Kiçik akademiya”sı ilə müqavilələr bağlamağa dəvət etdi.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramlrı şöbəsinin müdir müavini Emin Əmrullayev məktəbin nailiyyətlərinə diqqət çəkərək, bunların Azərbaycan təhsili üçün uğurlu göstərici olduğunu qeyd etdi: “Şagirdlərin kiçik məkanda nümayiş etdirdiyi sərgi, həmçinin çıxışları bizim işıqlı gələcəyimizin olduğunu göstərir. Məktəb öz nailiyyətləri ilə qabaqcıldır. Bu liseyin olimpiadalarda iştirak edən şagirdləri var. Nazirliyin siyahısında da nailiyyəti olan məktəblərdən biri kimi yer alıb. Bu cür dinamikanı saxlamaq peşəkar idarəçilik tələb edir. Bizim vəzifəmiz isə şagirdlərin yaxşı oxuması üçün yaxşı mühit yaratmaqdan ibarətdir. Bu baxımdan biz liseyə hər bir dəstəyi göstərməyə hazırıq”.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov təcrübələrinin yayılmasının vacib olduğunu qeyd etdi: “Hazırki təcrübə və mütaliə mədəniyyəti ilə bağlı keçirilən tədbirlərin təcrübəsinin yayılmasına ehtiyac var”.
Qeyd edildi ki, bu gün start götürəcək Respublika fənn olimpiadasının final turunda liseyin 16 şagirdi iştirak edəcək: “Bu il olimpiadada iştirak edən şagirdlərin sayı daha da artıb. Olimpiadanın Bakı şəhəri üzrə turunda 50 şagird müxtəlif fənlər üzrə qalib olub. Onların 18-i isə son tura çıxıb. Biz onların olimpiadada müəyyən yerlər tutacağına əminik”.
Liseyin tarix müəllimi Zemfira Məhəmmədli “Kiçik akademiya”nın fəaliyyətindən danışaraq, burada uşaqların elmi işlərə, tədqiqatlara cəlb edildiyini qeyd etdi: “İstəyirik ki, onlar uşaqlıqdan gələcəyin alimləri kimi böyüsünlər. Onlar daha böyük tədqiqatlar aparmağa hazır olsunlar. Hazırda bu məktəbin şagirdləri 100 faiz ali məktəblərə daxil olurlar. Dəvət olunan alimlər şagirdlərin tədqiqatlarına qiymət verirlər. Zona olimpiadalarında qalib gələnlər beynəlxalq yarışlara çıxırlar”.
Liseyin şagirdləri ilə söhbətdən öyrəndik ki, Cəmil Əlizadə, Samir İbrahimzadə və Ələkbər Əsgərovun “Lövhə təmizləyən” aparatları bu günlərdə Çin Xalq Respublikasında keçiriləcək robot texnikası üzrə müsabiqəyə qatılacaq. Həmçinin “Böyük tutumlu kondensator” layihəsi ilə şagirdlər ABŞ-da keçiriləcək müsabiqədə iştirak edəcəklər. Məktəbin fizika müəllimi Adil Abdullayev “Böyük tutumlu kondensator”un superionika sahəsində nailiyyətli iş olduğunu qeyd etdi: “Maliyyə təkanı olsa, biz laborotoriya yarada və elmi işimizi daha da genişləndirə bilərik. Ancaq maliyyə olmadığından tətbiqə girişə bilmirik. Kondensatorun analoqu yoxdur”. Müəllimin fikrincə, bu sahədə işləri təkmilləşdirəndən sonra beynəlxalq patent üçün müraciət edəcəklər.
Sərgidə həmçinin “Distant təhsil”, “Biliyin əmtəəyə çevrilməsi”, “Ekologiya” və s. layihələr maraqla qarşılandı.
Tədbirdə “Kiçik akademiya“ həm də yeni ideyalarla çıxış etdi və bununla da gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan digər layihələrin əsası qoyuldu.
Layihələrin sərgisi başa çatdıqdan sonra şagirdlər qonaqlar üçün hazırladıqları kiçik konsert proqramı ilə çıxış etdilər.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər