• cümə axşamı, 28 mart, 18:48
  • Baku Bakı 13°C

Kıbrıs probleminin həlli üçün şans

30.07.15 11:18 1190
Kıbrıs probleminin həlli üçün şans
Adanın türk icması prezident Mustafa Akınçıya böyük ümid bəsləyir
Müasir dünyanın ən ağrılı problemlərindən biri də, şübhəsiz ki, Kipr (türk icması onu Kıbrıs adlandırır) problemi, onun birləşdirilməsi məsələsidir. 40 ildən artıqdır ki, problemin həlli istiqamətində addımlar atılsa da, yunan icmasının güzəştə getməməsi üzündən məsələ həllini tapmır. Kıbrıs Yaxın Şərq və Avropa arasında strateji ticarət baxımından körpü rolunda çıxış edir və adanın türk hissəsində olduğum bir neçə gün ərzində əmin oldum ki, birləşmə tərəfdarı olan insanlar çoxluq təşkil edir. Onlar məsələnin tezliklə həllini istəyirlər. Bəlli olduğu kimi, BMT-nin keçmiş baş katibi Kofi Annan tərəfindən təklif edilmiş adanın birləşdirilməsi üzrə “Annan planı” mövcuddur. Plan o vaxtkı prezidentlər Rauf Denktaş və Qlafkos Kleridesə 11 noyabr 2002-ci ildə təqdim olunub. Plan bir tərəfdən türk tərəfinin bərabər dövlət tələblərini yerinə yetirərkən, digər tərəfdən, yunanlara torpaq güzəşti və müəyyən ölçülər çərçivəsində geri dönmək hüququ verməyi nəzərdə tuturdu.
2004-ci il aprelin 24-də Kıbrısda referendum keçirildi. Referendumun nəticələrinə görə, yunanların 75%-i birləşmənin əleyhinə, türklərin 66%-i isə lehinə səs verdilər. Ancaq adadakı problemin həlli üçün tərəflərin hər ikisinin də müsbət səs verməsi lazım idi.
Referendumdan sonra QKTC-nin (Quzey Kıbrıs Türk Cümhuriyyəti) durumunu yaxşılaşdıran bəzi uğurlar əldə edilib. Daha öncə “Kıbrıs Müsəlman Camaatı” olaraq İslam Konfransı Təşkilatında (İKT) tanınan QKTC İKT tərəfindən “Kipr Türk Dövləti” olaraq tanınıb. Avropa İttifaqı QKTC-yə 2004-cü ildə 6, 2005-ci ildə 114 və 2006-cı ildə isə 139 milyon avro maliyyə yardımı verib və bu da önəmli bir uğurdur.
Hal-hazırda türk qoşunlarının zəruri müdaxiləsi ilə parçalanan adanın ilk dəfə birləşdirilməsi şansı yaranıb. Bunu QKTC prezidenti Mustafa Akınçı da bizimlə söhbətində dolayısı ilə təsdiq etdi. Artıq QKTC birləşmə üçün real şans əldə edib. Onun sözlərinə görə, yunan Kiprinin rəhbəri Nikos Anastasiadusla vahid dövlətin parlamentinin strukturu, hətta onun adının gələcəkdə necə olması barədə razılıq əldə ediblər. Və gələcək dövlət belə adlana bilər - Birləşmiş Kipr Federasiyası. Qeyd edək ki, əvvəlki prezident Dərviş Əroğludan fərqli olaraq, indiki prezident M.Akınçı adanın birləşdirilməsi prosesində israrlı görünür. Bununla bağlı sualımızı cavablandıran M.Akınçı yaxın aylarda məsələnin tam şəkildə həllini tapacağına əmin olduqlarını söylədi. Adanın yunan hissəsində dünyaya göz açan M.Akınçı yunan dilində gözəl danışır və etiraf edir ki, yunan həmkarı N.Anastasiadusla ümumu dil tapa bilib. Hətta bəndənizin də iştirak etdiyi mətbuat konfransında yunan həmkarı haqqında zarafat da etdi və sanki çoxdankı bir dostu barədə danışırmış kimi, ona siqareti tərgitdirə bilmədiyini dedi: “O qədər siqaret çəkir ki, hətta söhbətlərimiz zamanı ondan bir qoruyucu sədd çəkmək istəyirəm”. M.Akınçı onu da bildirdi ki, may ayından etibarən iki icmanın rəhbəri mütəmadi olaraq görüşürlər və adanın vahid dövlətdə birləşməsi üçün aparılan danışıqlar prosesində xeyli irəliləməyə müvəffəq olublar.
Yeri gəlmişkən, bu gün ortaya qoyulan yeni “yol xəritəsi” planı “Annan planı”ndan mahiyyətcə o qədər də fərqlənmir. Bu dəfə əvvəlki dövrlərdən fərqli olaraq, tərəflər gələcək dövlətin parametrlərini müəyyən edə biliblər. Beləliklə, gələcək birləşmiş federativ dövlətin parlamenti ikipalatalı olacaq. Bu da əvvəlki dövrlərdə iki icma arasında mövcud olan fikir ayrılıqlarını aradan qaldırmağa kömək etmiş olacaq. Senatorlar Palatası proporsional qaydada müəyyən olunacaq. Yəni adanın hər iki hissəsində yaşayan əhalinin sayına müvafiq olaraq deputatlar müəyyən olunacaq. Nümayəndələr Palatasında isə hər iki icmanın nümayəndələri bərabər sayda təmsil olunacaq. Eləcə də ali məhkəmə orqanlarında da bərabərlik prinsipi qorunub saxlanılacaq. QKTC prezidentinin sözlərindən o da bəlli olur ki, tərəflər danışıqlar prosesinin özünə yanaşmanı də nizamlaya biliblər. M.Akınçı “Kaspi”yə bunun mahiyyətini da açıqladı. Onun sözlərinə görə, problemin həlli ilə bağlı yunan tərəfi ilə altı bəndlik məsələ ətrafında müzakirə aparır. Ən ağrılı məsələlərdən biri yunanların Türkiyədən gələn insanların öz vətənlərinə dönməsi tələbidir. Eləcə də türk müdaxiləsindən sonra yunanların burada qoyub getdikləri mülklərin geri qaytarılması mövzusudur. Bu hal yunan hissəsindən qovulan türklərə də aiddir. Qeyd olunan altı bəndlik plan müzakirə olunduqdan sonra tərəflər qarşılıqlı təminatlar və ərazilərin bölünməsi, yəni türklərə gələcək dövlətdə hansı torpaqların qalacağı məsələsini müzakirə edəcəklər. Türk icmasının liderinin də sözlərindən bəlli olur ki, bundan sonra qısa zaman kəsiyində problemi həll etmək olar.
Danışıqların iflasla nəticələnəcəyi təqdirdə türk tərəfinin hansı addımları atacağı barədə sualla QKTC-nin xarici işlər naziri Əminə Çolaka müraciət etdik. XİN rəhbəri bildirdi ki, o və həmkarları bu cür perspektivlər barədə düşünmək belə istəmirlər. “Bizim uzun müddətdən sonra danışıqlar prosesində uğurlu nəticə əldə etmək şansımız yaranıb” –deyə o bildirdi.
Ümumiyyətlə, adada olduğum müddət ərzində əmin oldum ki, şimali kiprlilər M.Akınçıya böyük ümid bəsləyirlər. Adanın birləşdirilməsini istəyənlər həm də ölkəni Türkiyənin təsirindən qurtarmaq istəyənlərdir. Yəni daha çox müstəqillik tərəfdarı olanlardır. M.Akınçı da bir daha Türkiyə ilə ana vətən-yavru vətən münasibəti yerinə qardaş münasibətinin olmasının zəruriliyini vurğuladı. Bu fikirləri biz Kıbrısda olduğumuz müddətdə Lefkoşada olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdğoğan da təsdiqlədi. Adanın birləşdirilməsi ilə bağlı gedən müzakirə prosesinə toxunan R.T.Ərdoğan prosesin ən qısa müddətdə yekunlaşaraq tərəflərin razılaşmasını arzuladığını, sülh və azadlığa uzanan bu yolda Türkiyənin QKTC-yə dəstəyinin davam edəcəyini bildirdi: “Çox vaxt itirmədən həll yolunda məsafə qət edilməsinə ümid edirik”. Siyasi bərabərlik nöqtəsində Kıbrısın cənub tərəfindən da eyni rəftarı gözlədiklərini qeyd edən R.T.Ərdoğan mövzunun daxili siyasət və taktiki manevrlərə qurban edilməyəcək qədər əhəmiyyətli olduğunu vurğuladı.
Azər NURİYEV
Bakı-Kıbrıs-Bakı

banner

Oxşar Xəbərlər