• çərşənbə, 24 Aprel, 20:12
  • Baku Bakı 23°C

Köhnə məktəblilərin məkanı - Reportaj

03.04.15 08:26 2685
Köhnə məktəblilərin məkanı - Reportaj
“Old school- cafe and shop”. Bura gənclərin tez-tez toplaşdığı və onların sevimli məkanına çevrilən kafelərdən biridir. Bu kafe haqqında eşitdikdə adı məni düşündürdü. Nə üçün “Old school”? Kafenin xüsusiyyətlərini araşdırdıqca fərqli məkan olduğunun fərqinə vardım və mən də köhnə məktəbli kimi bu kafeyə yollanmaq qərarına gəldim. Düzdür, paytaxtda gənclərin toplaşması üçün müxtəlif qiymətlər və xidmətlər təklif edən kifayət qədər kafe, klub, restoran mövcuddur. Lakin bu kafe istər dizaynı, istərsə də göstərdiyi xidmətlərlə digərlərindən fərqlənir. Bəziləri buranı ağıllıların toplaşdığı, bəziləri nostalji hisslərin tüğyan etdiyi məkan, bəziləri də özlərinin köhnə evi, keçmişi adlandırır.
90-cı illərin məkanı
Məkana daxil olduqda buranın həqiqətən fərqli yer olduğunun fərqinə vardım. Məkan 3 otaqdan ibarətdir. İki otaq siqaret çəkənlər üçün nəzərdə tutulub. Otaqlardan birində isə siqaret çəkməyə icazə yoxdur. Kafenin girişində köhnə əşyaların kolleksiyası diqqətimizi çəkir. Xüsusilə köhnə fotoaparatlar, disklər, elektron qurğular insanı 90-cı illərə aparır. Kafenin müştəriləri də sanki məkana uyğun olaraq fərqli insanlardır. “Old school”da hər təbəqədən olan gəncə rast gəlmək mümkündür. Kimisi gitarası, kimisi dostları, kimisi də kitabı ilə məkanda vaxt keçirir. Burada intellektual oyunlar oynamaq da mümkündür. Qlamur və dəbdəbəli məkanlardan fərqli olaraq bu kafedə adınadan da göründüyü kimi, əşyaların əksəriyyəti köhnədir. Kafenin fərqliliyi və doğmalığı da məhz onun köhnə əşyalarla əhatələnməsindədir.
“Əsas məqsəd ticarət yox, səmimi ortam yaratmaqdır”
Kafe haqqında məlumat almaq üçün “Old school”un qurucularından olan Baba Əliyevlə söhbətləşirik. Müsahibimiz deyir ki, bu kafe kommersiya məqsədi güdmür. Sadəcə, özü öz pulunu ödəyir. Onun sözlərinə görə, əsas məqsəd ticarət deyil, gənclərin özlərini yaxşı hiss edə biləcəyi səmimi mühit yaratmaqdır: “Bura əyləncə yox, istirahət məkanıdır. Gənclər burada sakit əylənə bilirlər. Bizim məqsədimiz odur ki, bura gələn qonaq çay içib getməklə kifayətlənməsin, həm də nə isə öyrənsin. Bura gələcəkdə mədəniyyətin yenidən filizlənməsinə xidmət göstərən bir yerə çevriləcək. “Old school”un digər kafelərdən fərqi odur ki, burada səmimi ortam yaranıb. Kimlər ki, bu ortamda özünü tapa bilir kafenin müştəriləri də məhz həmin insanlardır”.
Kafedə fərqli dünyagörüşlü gənclərin toplaşmasına gəldikdə, həmsöhbətimiz olduqca maraqlı cavab verir: “Əslində biz hamımız səmimiyyətimizi ortaya qoyanda fərqli insanlarıq. Bizi eyniləşdirən qəliblərimizdir. İnsanlar burada maskalarını atırlar və olduqları kimi görünürlər. “Old school” müştərilərə uşaqlıqlarını xatırladır. Biz hər birimiz bu əşyalarla böyümüşük. Buna görə də onlar burada nostalji hisslər yaşayır və istirahət edirlər”.
“Qiymətlər münasibdir”
Şəhərin mərkəzində olmasına baxmayaraq, bu məkanda qiymətlər də münasibdir. Məsələn, 1 manat 50 qəpiyə çay verilir. Burada 4-5 manatdan baha heç bir qida yoxdur. Kafenin qurucularından ola Baba Əliyev deyir ki, məkanın gəlirləri ancaq öz xərcini qarşılayır: “Bəzi məkanlar var ki, insanın xoşuna gəlir, lakin qiymətlər çox bahadır, bəziləri də var ki, qiymətlər ucuzdur, məkan münasib deyil. Biz bu özəllikləri nəzərə aldıq və belə bir mühit yaratdıq. Burada əsas məqsədimiz keyfiyyətin və xidmətin yüksək səviyyədə olmasıdır”.
“Uşaqlığımı yaşayıram”
Gənclərin fikirlərini öyrənmək üçün onların stollarına yaxınlaşırıq. Buraya rəfiqəsi ilə gələn Nigar deyir ki, “Old school”un daimi müştərisidir. Onu bura cəlb edən əsas məqam isə səmimi mühitdir: “Həqiqətən fərqli və sevimli məkandır. Kafeyə daxil olan kimi keçmişə səyahət edirəm. Özümü başqa dünyada hiss edirəm. Mən bu kafedə uşaqlığımı yaşayıram və mənəvi istirahət edirəm”.
Kafeyə nəzər yetirərkən köhnə qəzet və jurnallar diqqətimizi çəkir. Maraqlı karikaturalar, ərəb hərfləri ilə yazılan yazılar insanı o dövrə aparır. Burada hətta 90-cı illərin müğənnilərinin disklərinə, köhnə televizorlara belə rast gəlmək mümkündür. Burada həm də antik əşyaların satışı həyata keçirilir.
Gənclərlə söhbətimizdən bəlli olur ki, kafedə müəyyən günlər gitara ilə konsertlər təşkil olunur. Facebook sosial şəbəkəsi vasitəsilə mini konsertin vaxtı elan edilir. Dinləmək istəyənlər məkana üz tuturlar. Hətta bəzən gənclər üçün partilər belə təşkil edilir.
“Heç kim özünü yüksəkdə tutmur”
Xəyal kafeyə tək gəlib. O deyir ki, günün yorğunluğunu atmaq üçün gəldiyi yeganə məkan buradır: “İstər dizaynı, istərsə də xidmət baxımından fərqli məkandır. Anlaya bilmirəm niyə belə hiss edirəm, amma burada ruhum dincəlir. Bura agır iş günündın sonra dincəldiyim yeganə məkandır”.
Kafenin daimi müştərilərindən olan Xanım buraya səmimi ortam olduğu üçün tez-tez gəlir: “İnsan burada özünü çox rahat hiss edir. Heç kim özünü yüksəkdə tutmur. Hətta kafenin qurucusu belə məkana daxil olanda bizimlə görüşür, müştəriləri qarşılayır və söhbətləşir. Bir halda ki, kafenin qurucusu özünü olduqca sadə aparır və səmimi ortam yarada bilirsə, bu məkanda istirahət etməyə dəyər”.
Reportajımızı bitirdikdən sonra biz də kafenin divarlarındakı portretlərə və bizimlə həmyaşıd olan əşyalara baxaraq çay içirik. Hesabı istədikdə isə maraqlı dizaynda hazırlanmış pul qabını gətirirlər. Bu qab köhnə diskləri xatırladır. Hər əşyada insanın hansısa xatirəsi canlanır. Uşaqlığımızı xatırladıqdan sonra köhnə məktəbli kimi bu fərqli dizaynlı məkandan uzaqlaşırıq.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər