• cümə axşamı, 25 aprel, 16:42
  • Baku Bakı 23°C

Köhnə mallara təzə bazar

07.06.13 11:01 4938
Köhnə mallara təzə bazar
Dünyanın bütün ölkələrində köhnə mallar satılan meydanlar fəaliyyət göstərir. Sosial vəziyyətindən asılı olmayaraq köhnə əşyaların həvəskarları həmin bazarlara böyük həvəslə üz tuturlar. Rusiyalı deputatlar da dünya təcrübəsini örnək gətirərək bu cür bazarların ildə bir dəfə öz ölkələrində təşkil olunması təklifi ilə çıxış ediblər. Belə ki, hər bir rusiyalı həmin meydanda istənilən bir əşyasını sata və ala bilər. Ekspertlər bu təklifə «hə» deyiblər. Amma bəzi düzəlişlər edilməsi şərtilə. Sənəddə qeyd olunub ki, bu ideyanın reallaşması həm də Rusiyanın aşağı təminatlı təbəqəsi üçün əlavə qazanc məqsədi daşıyır. Dövlət Dumasına təqdim olunan qanun layihəsi hər il avqust ayının sonuncu şənbə gününün azad ticarət günü elan edilməsi ilə bağlıdır. Həmin gün hər bir rusiyalı nə vaxtsa və ya hansı səbəbdənsə aldığı, amma hazırda onun üçün istifadəsiz olan hər hansı bir əşyanı sata bilər. Bir şərtlə ki, həmin əşya özünün istehsal keyfiyyətini saxlamış olsun. Fikirlər belədir ki, bu gün hər bir evdə kifayət qədər işlənməyən əşyalar var və onlar başqalarına lazım ola bilər.
Təkliflərə görə, bu cür satışların baş tutması üçün hökumət tərəfindən xüsusi meydanlar ayrılmalıdır. Üstəlik, ticarət yerləri pulsuz olmalı, qazanılan gəlirdən vergi tutulmamalıdır. Həmçinin satış bazarlarında ərzaq məhsulları, ev şəraitində hazırlanan turşular, mürəbbələrin də satışına icazə veriləcək. Sənədə görə, dövlət qeydiyyatında olan malları satışa çıxarmaq olmaz. Hökumət malların siyahısına nəzarət hüququna malikdir. “İstehlakçıların hüququnun qorunması haqqında” qanun bu mallara şamil edilmir. Bazarda alınan mala görə hər kəs özü məsuliyyət daşıyır.
Təminatsızlıq
Bir sıra ölkələrdə, o cümlədən Paris, Nyu-York, Pekin kimi böyük şəhərlərdə də bu cür “ikinci əl” meydanları fəaliyyət göstərir və insanlar bu bazarlara maraqla gəlirlər. Həmin meydanlarda qədim əşyalar, kitablar, incəsənət əsərləri, pal-paltar və s. satılır. Ekspertlərin fikrincə, bunu Rusiya kimi böyük ölkədə də başlamaq gözəl olar. «Amma bu o demək deyil ki, həmin bazarda plastinka, nişan və başqa maraqlı və qeyri-adi əşyalarla yanaşı, köhnə palto və corablar yanaşı satılmalıdır» - deyə Müstəqil Sosial Siyasət İnstitutunun regional proqram direktoru Natalya Zubareviç bildirib. Bundan əlavə, o, hesab edir ki, həmin bazarda pomidor və xiyarla dolu bankalar qəribə görünəcək. Xüsusən onların hansı sanitar şəraitdə hazırlanması da məlum deyil. «Nə üçün köhnə əşyalar bazarı ildə yalnız bir gün işləməlidir?» - deyə Konyuktur Tədqiqatlar Mərkəzinin rəhbəri Georgi Ostakoviç qeyd edib. Onun fikrincə, insanlara ilboyu istifadəsiz əşyalardan qurtulmağa ehtiyac var və əvəzində onları daha faydalı və lazımlı şeylərlə əvəz edə bilərlər. İnsanlar evlərindəki köhnə əşyalarını satıb əvəzində ürəklərindən keçən şeyləri ala bilərlər. “Prinsipcə, internet istifadəçilərinin hazırda belə imkanları var. Məsələn, bir çox internet portallarda keçmiş istifadədə olan əşyaların satış elanını vermək mümkündür. Amma bütün insanlar fəal internet istifadəçiləri deyillər. Alıcıların müdafiəsinə gəlincə, istehlakçıların Həmkarlar Cəmiyyətinin prezidenti Dmitri Yanin bildirib ki, istehlakçıların hüquqları haqqında qanun hazırda fərdi şəxslərin sövdələşməsinə şamil edilmir: “Əgər siz nəyisə başqa əldən alırsınızsa, məlumdur ki, heç kim sizə bununla bağlı təminat vermir». Köhnə malların satışı üçün meydanın təşkilini dəstəkləyən ekspert bununla belə, onun reallaşmasına şübhə ilə yanaşıb: «Ticarət üçün pulsuz yerlər hazırda vaxtaşırı olaraq yerli hökumət tərəfindən bölünür. Nəticədə vasitəçilər ortaya çıxır. Hansı ki, onlar həmin yerləri tutur, sonra isə əsl icarədar və ya satıcı kimi çıxış edirlər. Mən ehtiyat edirəm ki, bu da oxşar sxem kimi həyata keçirilsin”.
10 minlərlə ticarətçi və milyonlarla alıcı
Fransada köhnə əşyaların bazarının təşkili ciddi tənzimlənir. Bazarın iştirakçıları sadə adamlardan tutmuş sahibkarlara qədər hər kəs ola bilər. Belə ki, hər bir şəxsin ildə iki dəfə əvvəllər məişətində istifadə etdiyi, sonradan isə ondan yaxa qurtarmaq istədiyi istənilən əşyasını sərgiləmək hüququ var. Fransada ərzaq məhsulları, ev heyvanları, məişət kimyasının başqa əşyalarla yanaşı satılması qadağandır. Bunların satışı üçün də qaydalar mövcuddur. Bazara çıxmaq istəyən satıcı öz ünvanını, telefon nömrəsini, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməli, hətta, ərizəsində il ərzində küçə bazarında iki dəfə iştirak etməməsi faktını qeyd etməlidir. Sahibkarlar isə əsas satıcılar sayılırlar. Onlar saysız miqdarda əşyalarla ölkənin bir neçə şəhərində keçirilən bazarlara qatıla bilirlər. Düzdür, bunun üçün onlar satılan əşyaların – kitab, qab-qacaq, mebel və s. qeydiyyatını aparmağa məcburdurlar. Dövlət xidmətinin müfəttişləri, o cümlədən vergi, gömrük, rəqabət və dələduzluq üzrə mübarizə idarəsi müntəzəm olaraq onların mallarını yoxlayır. Vergi və sosial ödəmələr dövlət xəzinəsinə ödənilir. Satıcılar üçün yeri təşkilatçılar təyin edir və bunun üçün onlar 15-20 avro ödəyirlər. Təşkilatçılar həmçinin, günü 5-6 avroya 2 metr uzunluğunda qayıqlar da icarəyə verirlər. Bazarlarda nizam-intizamı polis nümayəndələri təmin edir. Qanunsuz ticarətə görə qaydalara uyğun olaraq 30 min avroya qədər cərimələr təyin edilib. Qəsdən pozuntu hallarına görə 6 aylıq həbs cəzaları da qaydalara daxildir.
Fransada ən məşhur satış bazarı hər il sentyabrın ilk istirahət həftəsində Lilldə keçirilir. Bu bazar şəhər küçəsinin 300 kilometr uzunluğunda təşkil edilir. Buraya 10 min ticarətçi və milyonlarla Avropa ölkələrindən gələn alıcılar üz tutur.
Köhnə malların bazarlarına Pekində də gözlənilməz yerlərdə rast gəlmək mümkündür. Xüsusilə bu bazarlar xarici turistlərin daha çox gəzişdiyi yerlərdə təşkil edilir. . Burada satılan malların cəlbedici görünməsinə və qədim məmulatları xatırlatmasına baxmayaraq, heç kəs təqdim olunan malın orijinallığına təminat vermir. Amma Çinin bütün kolleksionerlərinin yollandığı əsl bazar iki yerdə- Panszayn və Lyuliçanda yerləşir. Bu bazarlarda həqiqətən dəyərli mallar tapmaq olar. Amma yenə də onlara kifayət qədər ehtiyatlı olmaq məsləhət görülür. Çünki çinlilər hər şeyin qəlpini düzəldə bilirlər. Çindəki bu cür bazarların mühüm bir hissəsini rəsmi ticarət yerləri tutur. Satıcılara yerlərdən istifadə üçün lisenziya və başqa sənədlər də lazımdır. Belə vəziyyətdə aldanmış alıcılara pulunu geri almaq və malını geri qaytarmaq şansı yaranır. Digər tərəfdən, bu cür satıcılar çətin ki, maraqlı bir şey tapa bilsinlər. Hazırda ölkədə köhnə mallar ticarəti hər hansı ticarət administrasiyasının nəzarəti olmadan əldən-ələ keçir.
Bizə gəlincə, hələlik ölkəmizdə nə bu cür bazarlar var, nə də bu barədə qanunun müzakirəsi. Təkcə Sabunçu rayonunda yerləşən, el arasında “Rus bazarı” adlanan və hər həftənin şənbə günləri fəaliyyət göstərən bazarı nə alıcısı, nə də satıcısı baxımından həmin bazarlarla eyniləşdirmək doğru olmaz. Amma nəzərə alanda ki, bizim evlərdə də illərdən bəri yığılan və kifayət qədər işlənməyən mallar var və həmin əşyaların taleyini yalnız internet elanları ilə həll etmək mümkün deyil, onda düşünmək lazım gəlir...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər