• şənbə, 20 Aprel, 01:59
  • Baku Bakı 15°C

Köhnə avtonəqliyyat vasitələrinin vurduğu zərər təkcə atmosferi çirkləndirməklə yekunlaşmır

21.05.19 14:45 419
Köhnə avtonəqliyyat vasitələrinin vurduğu zərər təkcə atmosferi çirkləndirməklə yekunlaşmır
Avtomobillərin atmosferi çirkləndirməsinin qarşısının almaq üçün ictimai şüurda formalaşan vətəndaş münasibəti olmalı, eyni zamanda dövlət tərəfindən qərarla tənzimlənən tədbirlər həyata keçirilməlidir.
Bu sözləriAZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib.
Nazirlik rəsmisi, həmçinin bildirib: "Dəfələrlə qeyd etdiyimiz kimi atmosferi çirkləndirən mənbələr arasında avtonəqliyyat vasitələri ön sıralarda yer alır. Məlumdur ki, atmosfer havasına atılan tullantıların 75 faizi nəqliyyat vasitələrinin payına düşür. Avtonəqliyyat vasitələrinin ətraf mühiti çirkləndirməsinə səbəb nədir? Bunun başlıca səbəbi ölkəyə köhnə avtomobillərin idxal edilməsidir. Təhlillər göstərir ki, idxal zamanı ekoloji faktorlar, demək olar ki, nəzərə alınmır. Başqa ölkədə ekoloji baxımdan istismarı qadağan olunan nəqliyyat vasitələri maneəsiz olaraq ölkəmizə gətirilir. Vətəndaşlar aldığı həmin avtonəqliyyat vasitələrinin ətraf mühiti çirkləndirdiyinin, özünün, ailəsinin sağlamlığına təhlükə törətdiyinin fərqinə varmırlar.
Köhnə avtomobillərin vurduğu zərər təkcə atmosfer havasını çirkləndirməklə yekunlaşmır. Həmin maşınlarda tez-tez texniki nasazlıqlar yaranır. Demək olar ki, hər gün ölkəmizdə baş verən avtomobil qəzalarının yarıdan çoxu həmin avtonəqliyyat vasitələrinin texniki cəhətdən nasaz olması ilə bağlıdır. Qəzalar nəticəsində neçə-neçə ailə gözüyaşlı qalır, insanlar ağır xəsarətlər alır. Bu tip avtomobillər can alır, sağlamlığa ağır zərər vurur, tez-tez nasazlıq yarandığı üçün əlavə xərclərə səbəb olur. Əslində qiyməti nisbətən ucuz olan belə avtomobillərin yaratdığı problemlər, vurduğu ziyanlar ölçüyəgəlməzdir. Onu da xüsusi qeyd edim ki, Azərbaycanda avtoqəzalarda ölənlərin sayı digər Avropa ölkələrinə nisbətən 4-5 dəfə çoxdur. Bununla yanaşı, həmin maşınlar bir neçə ildən sonra istifadəyə yararsız olur, tullantıya çevrilir və nəticədə utilizasiyaya ehtiyac yaranır”.
M.Qənbərov qeyd edib ki, avtonəqliyyat vasitələrinin atmosferi çirkləndirməsinin qarşısını almaq təkcə bir neçə qurumun işi deyil, problemin həlli üçün ictimaiyyətin birgə mübarizə aparması vacibdir: "Məsələnin həlli kompleks yanaşma tələb edir. Bu zaman ictimaiyyət nümayəndələri, dövlət qurumları, kütləvi informasiya vasitələrinin təmsilçiləri öz səylərini birləşdirməli, birgə addım atmalıdırlar. Belə ki, dünya təcrübəsindən yararlanmalı, problemi müzakirə mənbəyinə çevirməli, əhalinin məlumatlılığının artırılması istiqamətində ciddi tədbirlər görülməli, iqtisadi və ekoloji baxımdan tarazlılıq yaradılması üçün dövlətin qərarı və ya qaydaları olmalıdır.
Dünya təcrübəsində nəqliyyat vasitələrinin idxalı zamanı müvafiq göstəricilər müəyyənləşdirilir və nəticədə ölkəyə gətirilib-gətirilməməsinə qərar verilir. Ölkə daxilində istismar olunan nəqliyyat vasitələrinin şəhərin mərkəzinə, müəyyən yerlərə daxil olmasına məhdudiyyətlər qoyulur. Həmin avtonəqliyyat vasitələri ildə bir dəfə texniki baxışdan keçirilir və onun rüsumu digərlərindən yüksək olur.
Hazırda avtonəqliyyat vasitələrinə müvafiq Avro standartlarının tətbiqi, yanacağın keyfiyyətinin yüksəldilməsi, alternativ enerji ilə işləyən maşınların istismarı dünya gündəmindədir. Avro standartlar həm yanacağın tərkibi, həm də avtomobillərin texniki vəziyyəti ilə bağlı yüksək tələb qoyur. İstehsal olunan avtomobillərə elə zavodda tüstü qazlarını zərərsizləşdirmək üçün xüsusi təmizləyici qurğular - katalizatorlar quraşdırılır və bu qurğuların keyfiyyətinə mütəmadi nəzarət olunur. Təəssüf ki, yanacağın keyfiyyəti və digər səbəblərdən həmin katalizatorlar mühərrikin normal işləməsini əngəllədiyi üçün çıxardılır və nəticədə zəhərli tüstü qazları "yaylım” formada birbaşa atmosferə atılır. Burada məlumatlılıq, ictimai qınaq çox önəmlidir. Belə ki, köhnə avtomobillərin hansı fəsadları yaratması, mühərrikdə işlənmiş tüstü qazlarının insan sağlamlığına zərəri, əmələ gətirdiyi xəstəliklər təbliğ olunmalıdır. Əminəm ki, əhalinin müəyyən qismi bunu başa düşəcək və bu istiqamətdə ictimai qınaq da formalaşacaq. O zaman bu problemin həlli istiqamətində addımlar atılmış olacaq. Ona görə də bütün bunlar təhlil olunmalı, ekspertlər öz fikir və rəylərini formalaşdırmalı, cəmiyyətə çatdırmalıdırlar. Hesab edirəm ki, bunun üçün kütləvi informasiya vasitələrinin dəstəyi çox önəmlidir”.
Mütəxəssis bildirib ki, ekopostlar bu problemin həllində müəyyən dərəcədə kömək göstərir. Lakin köhnə avtomobillər ekopostlarda ekoloji baxışdan keçsələr də, yenə də ətraf mühit üçün bir yük olaraq qalmaqdadır. Həmin avtomobillərin ölkəyə daxil olmasına görə rüsumlar və mümkün müvafiq məhdudiyyətlər tətbiq edilməlidir. Nəfəs aldığımız havanın çirklənməsinin qarşısının alınması üçün tıxaclar aradan qaldırılmalı, alternativ enerji ilə işləyən maşınlara üstünlük verilməli, əhaliyə xidmət göstərən ictimai nəqliyyat vasitələri cəlbedici olmalıdır. Atmosferi çirkləndirməyən tramvay, trolleybusların istismarı, geniş yolların və yaşıllıqların salınması da problemin həlli istiqamətinə yönəlmiş tədbirlər sırasındadır.
banner

Oxşar Xəbərlər