“Khazar” avtomobilləri xaricə ixrac olunacaq - Fotolar
Aprelin 5-də bir qrup iqtisadçı-ekspert və KİV
nümayəndəsi Neftçala Sənaye Məhəlləsində olub, burada görülən işlər və bu
yaxınlarda istifadəyə verilmiş "Khazar” Avtomobil Zavodunun fəaliyyəti ilə əyani
tanış olublar.
Ekspertlər və KİV nümayəndələri "Khazar” Avtomobil
Zavodunun istehsal prosesi və hazır avtomobilləri ilə tanış olub, onları
maraqlandıran suallar cavablandırılıb.
Məlumat verilib ki, martın 29-da Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının
Prezidenti cənab Həsən
Ruhani tərəfindən Azərbaycan-İran biznes forumu çərçivəsində açılışı edilmiş "Khazar”
Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsindəki ən iri müəssisədir. Zavod regionun inkişafında, yeni
iş yerlərinin yaradılmasında, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun
artmasında, eləcə də Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsində
əhəmiyyətlidir. "Azərmaş” ASC və "İran Khodro” şirkətlərinin
birgə yaratdığı zavodun ümumi dəyəri 15 milyon ABŞ dollarıdır. Zavodun səhmlərinin
75%-i "Azərmaş” ASC-yə, 25%-i isə "İran Khodro” şirkətinə məxsusdur. 10 hektar ərazidə
tikilmiş avtomobil zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda
İran İslam Respublikası və Avropanın aparıcı ölkələrinin müasir texnologiyalar,
avadanlıq və mexanizmləri əsasında "Runna", "Samand",
"Soren", "Dena", "Peugeot-206",
"Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup"
kimi avtomobil modelləri istehsal olunur. "Khazar” Avtomobil Zavodunda istehsal
edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam
uyğundur. Bu avtomobillər "Made in Azerbaijan” brendi altında
həm yerli, həm də xarici bazarlara çıxarılacaq. İldə 2
min avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və
Afrika ölkələrinə ixracı nəzərdə tutulur.
"Khazar” Avtomobil Zavodunun tikintisi məqsədilə Azərbaycan
dövləti tərəfindən xüsusi dəstək tədbirləri göstərilib,
müxtəlif vergi güzəştləri və azadolmaları tətbiq edilib, zəruri infrastruktur
yaradılıb. Bu dəstək tədbirləri nəticəsində zavodun tikintisi zamanı təqribən 5
milyon ABŞ dollarına qənaət edilib. Bütün bunlar isə avtomobillərin daha ucuz qiymətə
istehsalında və satışında önəmli göstəriciləridir. Zavodda
300 nəfər işlə təmin olunacaqdır.
Neftçala Sənaye Məhəlləsində Avtomobil Zavodunun
yaradılması bir sıra köməkçi istehsal və xidmət sahələrinin inkişafı üçün də əlverişli
imkan yaradır.
Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsi Azərbaycan
Respublikası Prezidentinin iştirakı ilə 24 sentyabr 2017-ci il tarixində
açılıb. Burada dövlət vəsaiti hesabına sahibkarlar üçün bütün infrastruktur
yaradılıb. Belə ki, sənaye məhəlləsində 5 MVt gücündə transformator, 25 m3/saat
sutəmizləyici qurğu, 100 m3/saat gücündə təbii qaz təchizatı, rabitə
və nəqliyyat infrastrukturu sahibkarların istifadəsinə verilib, abadlıq işləri
görülüb. Sənaye Məhəlləsinin ərazisində yüksək standartlara cavab verən 7
istehsal modulu (6922 m2), inzibati bina (1200 m2, 2 mərtəbə),
texniki və köməkçi binalar (1000 m2) tikilib.
Ümumilikdə,
hazırda Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar,
suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər
istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və
konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət
göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin
yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb, 500-ə yaxın daimi iş
yeri açılıb.
Sənaye Məhəlləsində
sahibkarlara ümumi mühasibatlıq, hüquqi məsləhətlər, sığorta, poçt, texniki
kitabxana, "Start-up”lar üçün ofis, yeməkxana və tibbi xidmətlər göstərilir.
Sahibkarların marağı nəzərə alınaraq yeni layihələrin icrası məqsədilə
Neftçala Sənaye Məhəlləsinin ərazisinin əlavə 10 ha genişləndirilməsi nəzərdə
tutulur və artıq müvafiq prosedurlara başlanılıb.